Andı qısas, sevdası Vətən!

 

Milli Qəhrəmanın şəhadət yolu

Rövşən Hüseynov kəndimizin ilk şəhidlərindən biri və yeganə Milli Qəhrəmanıdır. Ömür kitabını vərəqləyəndə onun elə "ilklərin adamı" olduğunu anlayırsan. Hər şeydə öndə idi Rövşən. Adam sanki birinci olmaq üçün doğulmuşdu. İlk cəsur addımı atanların, sonu naməlum yola ilk çıxanların önündə addımladı Rövşən hər zaman.

Rəsmi məlumat: Rövşən Şəmil oğlu Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub.

11 may 1992-ci il tarixdə Tərtər rayonunun Marquşavan kəndi uğrunda döyüşdə şəhid olub. Nəşi 22 gündən sonra 1 iyun 1992-ildə düşməndən alınaraq Quzanlıya gətirilib və kənd qəbristanlığında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 17 fevral 1994-cü il 202 saylı fərmanı ilə Rövşən Hüseynov Milli Qəhrəman adına layiq görülüb.

*** *** ***

Rövşəngilin ailəsi geniş idi. Ailədə 4 qardaş və 4 bacı idilər. Ataları Şəmil kişi mənim yadımda qalmayıb. Rövşənin anası Mehrəngiz xala isə hündürboylu, amiranə səsli, kübar duruşlu, nəcib xarakterli bu qadın idi. Ailələrimiz arasında kirvəlik münasibətləri vardı. Doğmalar arasında əlaqələrin sıx, münasibətlərin qaynar, qohum-qardaşın gediş-gəlişli vaxtlarından danışıram. Onlar bizə qonaq gələr, biz də onlara gedərdik.

Mərhum Şəmil kişi Quzanlıda təsərrüfat başçılarından olmuş, qısa müddət kolxoz sədri də işləmişdi. Böyük oğlu Mehdiyə liderlik, rəhbərlik qabiliyyəti də yəqin ki, ondan keçmişdi. O da Quzanlıdakı kollektiv təsərrüfatda uzun müddət baş aqronom, bir müddət isə sədr işlədi. Rövşən şəhid olandan sonra da uzun yaşamadı. İstər tələbə vaxtı, istərsə də nəşi düşmən tərəfdə qalanda çox əziyyətlər çəkmişdi Mehdi kişi.

"Özü kimi yüzlərlə gənc yetişdirə bilərdi"

Rövşəngilin qapıbir qonşusu olmuş Qarabağ qazisi Fuad danışır ki, Rövşən çox şən, həyatsevər bir gənc idi: "Uca səslə danışar, bərkdən gülərdi. Şaqraq gülüşləri indi də qulağımdadır. Çox pozitiv insan idi. Həmişə dərslərimizlə maraqlanar, məsləhətlərini verərdi. Bizdən 7 yaş böyük olsa da, çox sadə insan idi. Bizimlə birlikdə futbol oynayardı. Çox da zəhmətkeş bir insan idi. Onlar barama qurdu bəsləyirdilər, may-iyun aylarında şax qırmağa, yarpaq gətirməyə gedərdik birlikdə".

Bacısı oğlu, sinif yoldaşım Cavidin də xatirələri var Rövşənlə bağlı.

-Dayım çox sadə insan idi. Uşaqla uşaq idi, böyüklə böyük. Mən onun yekəxana hərəkətini görməmişəm. Vətənpərvər insan idi. Qəlbi düşmənə nifrətlə döyünürdü. Tətillərə gələndə bizi başına yığardı. Son vaxtlar Qarabağdakı terrorçulardan bəhs edər, Xocalı faciəsi haqqında yanğı ilə danışardı. Deyirdi ki, Xocalının qisasını almasaq, yaşamağa haqqımız yoxdur. Deyirdim ki, dayı, ali məktəbi bitirməyinə az qalıb, sən vətənə mütəxəssis kimi daha çox fayda verə bilərsən. Deyirdi ki,  torpaqlarımız işğalda qalırkən sonra kimə lazımdır bizim diplomumuz, sənətimiz. Sözü ilə bizi sehrinə salırdı. O gedəndən sonra uzun müddət onun nitqinin təsirində qalırdıq. İndi düşünürəm ki, o ruhla, o şövqlə Rövşən yüzlərlə gənc yetişdirə bilərdi.

Rövşənin sinif yoldaşı, Qarabağ qazisi, könüllülərdən ibarət "Qərvənd taboru"nun keçmiş döyüşçüsü Hidayət Səfərov da onun qaynar ruhlu, dinamik və çevik bir gənc olduğunu deyir: "İdman, hərbi hazırlıq dərslərində çox fəal idi. Sinifdə mən Füzuli ilə otururdum, o Qabillə. Qabil də, o da idmana həvəsli idi. Qabil sonradan karate müəllimi oldu".

"Bəzən çox qorxurdum onun bu xarakterindən"

Bacısı Yeganə xanımdan Rövşənlə bağlı xatirələrini soruşuram. Səsində həm illərin ağır nisgili, həm də qardaşı ilə duyduğu sonsuz qürur hissi duyulur Yeganə xanımın:

"Rövşən uşaqlıqda tamam başqa bir uşaq idi. Məndən 7 yaş kiçik idi o. Uşaqlıqda hər hərəkəti ilə seçilirdi. Quzanlı kənd orta məktəbində ona dərs deyən bütün müəllimləri təsdiq edər, çox  yaxşı oxuyurdu. Mütaliəyə meylli idi. 4-cü sinifdə məktəbin kitabxanaçısı anamın çağırıb demişdi ki, Rövşən burda nə qədər bədii ədəbiyyat varsa hamısını oxuyub bitirib. Ona diqqət  edin, çox yüklənməsin...Arzusu hüquqşünas olmaq idi. İmtahan da vermişdi, müsabiqəyə düşmüşdü. O dövrlər əmək təcrübəsi tələb olunurdu deyə, Ağdamda Mədəniyyət evində işlədi 2 il. Sonra sənədlərini universitetin fizika fakültəsinə verdi və qəbul olundu".

-Rövşən ayrı bir oğul idi, qardaş, qənimət bir insan idi -Yeganə xanım kövrək səslə davam edir.

-Qadan alım, bəzi insanlar birdən düzgün başa düşməz e, elə bilərlər ki, Yeganə qardaşını tərifləyir. Amma həqiqətən Rövşən çox fərqli insan idi. Onun mənəvi ucalığını, qəlbinin təmizliyini təsvir etməyə söz acizdir. Bütün bacılar onun kimi qardaş arzulayar. Çox sadə, qayğıkeş, insanpərvər, diqqətcil idi. Böyüyün, kiçiyin hamının hörmətini qazanmışdı. Bəzən çox qorxurdum onun bu xarakterindən. Bacıyam da, ehtiyat edirdim ki, bu cür gözəl xasiyyət insan pis gözə, nəzərə tuş gələr...

Hərbi xidmətdən sonra bizimlə yaşadı. Tələbə yoldaşlarına belə qayğı ilə yanaşırdı. Qarabağ müharibəsi təzəcə alovlanmağa başlamış, Bakıya məcburi köçkünlər gəlmişdi. Bir gün Rövşən dilxor halda gəldi evə. Soruşdum nə olub, niyə kefsizsən. Dedi ki, insanlar öz evlərindən-eşiklərindən didərgin düşüb gəliblər. Evdə artıq nə varsa ver, aparım onlara. Pal-paltar, yorğan-döşək, məişət əşyaları, pul. Bir xeyli şey apardı. Aradan xeyli keçəndən sonra mənə dedi ki, Moskvaya gedirəm. Mən də arxayınam ki, yəqin səfəri var. 2-3 gün keçəndən sonra telefon danışıq məntəqəsindən evə zəng elədi. Dedi ki, Moskvadayam, sabah gələcəm. Sonra anam zəng edib dedi ki, nə Moskva, Şuşada görüblər onu avtobusda. Sən demə Şuşaya yardım aparıbmış...

Qarabağdan gələndə çox dilxor idi. O cür baxımlı, tər-təmiz geyinən, hər şeyin gözəlini əldə etməyə çalışan, deyib-gülən insandan əsər əlamət qalmamışdı. Bir gün sonra xanım tələbə yoldaşlarından eşitdim ki, bəs 2 aydan artıqdır ki, Rövşəngilin tələbələrdən ibarət tağımı xüsusi təyinatlılar kimi hərbi təlimə gedirmiş. Əslində onun hərəkətləri məni də şübhəyə salmışdı. Çünki evə yorğun gəlir, çox vaxt paltarlarını evə gətirmirdi. Xocalı soyqırımı baş verəndə gecə səhərə qədər yatmadı, Rövşən, ağladı. Səhər durdum ki, balışı suyun içindədir. Sən demə, bir müddət əvvəl Qarakəndə gedibmişlər, Xocalıda bir ailənin evində qalıblar. Televizorda evində qaldığı ailənin qətlə yetirilmiş oğlunun şəklini görübmüş. Stressdən appendisiti tutdu. Sonra əməliyyat olundu. Əməliyyatdan 11 gün sonra geyinib evdən çıxdı. Hərbi təlimə gedirmiş. Təlimdə hətta yarası da qanayıb. 2 gün sonra axşamçağı evə gədli, dedi ki, Qarabağa gedirəm. Döyüşçülərin siyahısını da göstərdi bizə. Bacılarım, gəlinimiz də bizdə idi. Nə qədər dilə tutduq ki, heç olmasa yaran sağalsın, sonra gedərsən. Sözə baxmadı...

Qapıdan çıxanda "Quran"ın altından keçirdik, seyidlərin adını tutub nəzir dedik. Bizi arxayın edirdi ki, hələ bölgəni öyrənməyə gedirik. Aradan bir müddət keçdi, televiziyada Bakıdan Qarabağa gələn tələbələr haqqında danışdırdlar. Biz elə bilirdik ki, Rövşəngil Gəncədədir. Sən demə, bizə yalan deyirmiş. Elə ilk gündən ön xəttə imiş. Mayın 5-də evə gəldi. Elə bil Rövşənin yerinə başqa adam gəlmişdi...(kövrəlir)

...Çox sınıxmış, qapqara qaralmış, üzünü tük basmışdı. Bizə xeyli cəbhədən danışdı. Riyaziyyat fakültəsinin 1-ci kursunda oxuyan Fərhad adlı döyüşçü yoldaşı var idi-deyəsən, Laçından idi-xüsusən ondan danışmaqdan doymurdu. Deyirdi ki, elə qeyrətli, vətənpərvər, cəsur oğlandır ki, ona həsəd aparıram. Həmin gün sən demə yaralıları hospitala gətiribmiş Rövşən. Özü də kürəyindən yara almışdı, amma bizdən gizlədirdi. Qardaşım Mehdi də bizdə idi. Bizə dönə-dönə tapşırırdı ki, anama heç nə deməyin. Deyirdi ki, cəbhəyə televiziyadan, qəzetlərdən jurnalistlər gəlir. Fotoya, videoya özüm düşmürəm ki, anam görməsin.

"Şuşa işğal olunanda hönkür-hönkür ağladı"

Yeganə xanım deyir ki, Rövşənin mayın 15-də diplom müdafiəsi olmalı idi. Mayın 8-də, o məşum gün bacısına zəng edib Rövşən.

"Şuşa alınan gün idi. Hönkür-hönkür ağladı telefonda. Sonuncu dəfə isə ayın 10-da zəng elədi, düz yarım saat danışdıq. Dedi ki səhər bir işim var, onu həll edim, sonra gedəcəm anamla  görüşə. Mayın 12-də Bakıda olmalı idi, diplom müdafiəsində. Döyüşə girəcəyini demədi mənə. Mayın 12-də həyat yoldaşım mənə dedi ki, kəndə gedirik. Mənim də heç nədən xəbərim yox. Sən demə Rövşənin itkin düşdüyü xəbərini alıbmış. Həyat yoldaşım da gizlədirmiş məndən. Deyirdi ki, guya atasının vəziyyəti ağırdı, ona görə gedirik kəndə. Rayona gedəndə Marquşavan tərəfdə qızğın döyüşlər gedirdi. Dördyola-Köçərliyə çatanda məni möhkəm ağlamaq tutdu. Bilirdim ki, Rövşən bu istiqamətdə döyüşür. Elə bil ürəyimə dammışdı ki, nəsə pis bir şey var. Kəndə çatanda maşını qardaşım Mehdigilə sürdük, orda bildim ki, Rövşən itkin düşüb. Düz 22 gün nə anam, nə bacılarım Rövşənin şəhid olduğunu bilməmişik. Elə bilirdik ki, əsir düşüb. Sən demə, qardaşlarım xəbəri gerçəyi bizdən gizlədirmiş".

"Ətrafda onun kimi oğul görmürəm"

Yeganə xanım deyir ki, evin kiçiyi olduğundan Rövşən çox istəkli idi: "Hərdən soruşurdu ki, Yegiş, ən çox hansı qardaşını çox istəyirsən. Deyirdim hamısını, amma Mehdi ilə səni daha fərqli. Deyirdim Mehdini ata kimi çox istəyirəm. Mən 8-ci sinifdə oxuyanda atam rəhmətə getmiş, Mehdi bizə atalıq etmişdi. Onu ata kimi, böyük kimi çox sevirdik. Rövşən məndən 7 yaş kiçik idi. Ona görə çox əzizləyərdik onu. Oğlum kimi sevirdim Rövşəni. O qədər həyat dolu insan idi ki. Düşüncəli, hər şeyin yerini bilən. İki oğlum var, bacı-qardaş uşaqları var, hamısı sağ olsun, amma ətrafda Rövşən kimi oğul görmürəm".

Yeganə xanım əziz qardaşı ilə bağlı acılı-şirinli xatirələri danışmaqdan doymur. Aradan 34 il keçsə də, elə bil hadisə dünən baş verib. Həyatdan nakam getmiş şəhid qardaşının yoxluğu indi də göynədir onu. Amma şəhidlik zirvəsindən boylanan qardaşının mənəvi ucalığından doğan qüruru da gizlədə bilmir gözləri.

"Rövşən kimi oğul haqsızlığa, zülmə dözə bilməzdi. O, öz yolunu özü seçmişdi. Yeganə təsəllimiz odur ki, Rövşən canından artıq sevdigi Vətən uğrunda mərdliklə vuruşdu və qəhrəmanlıqla şəhid oldu. Şəhid olana qədər bizim oğlumuz idi, indi artıq bütün Azərbaycanın dəyəridir Rövşən. Şəhid olan bütün balalar hamımızın qürur yeridir"-deyə, söhbətini bitirir Yeganə xanım.

"Dedi ki, gecə rus tankını ələ keçirək"

Rövşənin ali məktəbə daxil olduğu illəri xatırlayıram. Bakı Dövlət Univerirsiteti hər kəs üçün əlçatmaz hesab olunur, xəyal kimi görünürdü. Rövşən BDU-nun fizika fakültəsini qazanmışdı. BDU-da tələbə yoldaşı, həmkəndlimiz Nəsimi Məmmədli Rövşənlə bağlı maraqlı xatirələrini bölüşür mənimlə:

"20 Yanvar şəhidlərinin dəfnindən 1-2 gün keçmişdi. Rövşən yataqxanada mənim qaldığım otağa gəldi. Bacısıgildə qalırdı o. Rövşən orta məktəbdə məndən bir sinif yuxarıda, ali məktəbdə isə bizdən 1 kurs aşağıda oxuyurdu. Yanıma gələndə çox gərgin idi. Gözləri qıpqırmızı qızarmışdı. Gecə yataqxanada qalacağını dedi. Gecə yarısına qədər söhbət etdik. Fikir verdim ki, sanki hansısa əməliyyata hazırlıqlı gəlmişdi, idman üslubunda geyinmişdi, üstündə bıçaq da vardı. Dedi ki, bu gecə səninlə rus tanklarından birini qənimət götürəcəyik. Yataqxananın qarşısında tank dayanırdı, yanında da 2 əsgər.

-Nəsimi bəy, tələbə yoldaşlarımızdan biri də bizə qoşulacaq, tankı idarə edəcək. Biz də əsgərləri zərərsizləşdirək, nə qədər mümkündürsə döyüşək, şəhidlərimizin qisasını alaq-dedi.

Planında çox israrlı idi. Mən onu bu fikrindən daşındırmaq üçün nə qədər əziyyət çəkdim. Gecə yarısına qədər yalvardım ki, bu hərəkət əks-effekt verə bilər, yataqxanada yaşayan və ətrafdakı insanları təhlükəyə atarıq. Fikrindən dönmək istəmir, deyirdi ki, bəs bu mənəvi ləkə ilə necə yaşayacağıq, şəhidlərin qisasını necə alacağıq? Plan qurmuşdu beynində. Bıçaqla əsgərləri vurub avtomatı almaq, sonra tankı ələ keçirmək istəyirdi. İnan ki yoldaşlarla birgə onu fikrindən daşındırmasaydıq, beyninə saldığı planı həyata keçirməyə cəhd edəcəkdi. Çox qızğın, emosional xarakter sahibi idi.

"İndi düşünürəm ki, adam necə şövqlə şəhadətə can atırmış..."

Qarabağda döyüşlər başlayanda mən tələbə yoldaşlarımla Laçın, Qubadlı istiqamətinə getmişdik. Tələbə taborunun kəşfiyyat bölüyünə rəhbərlik edirdim. Ordan qayıdandan sonra Rövşən irad tutdu ki, bəs mənə niyə demədin gedəcəyini. Aradan bir müddət keçmişdi ki, yenə onu gördüm. Çox fərəhli idi. Sanki həyatında, karyerasında mühüm bir yüksəliş var vermişdi. Dedim, nə baş verib, Rövşən, niyə belə həyəcanlısan.

-Sabah orduya gedirəm. Uşaqlarla Tərtər istiqamətinə gedirik, qisasımızı düşməndən alacağıq-sevincək dedi. Fərəhdən gözünün içi parlayırdı. İndi düşünürəm ki, adam necə şövqlə şəhadətə can atırmış...

Sözləri qədər də əməli varmış Rövşənin. Marquşavanda döyüşçü yoldaşlarını mühasirədən xilas edəndə qəhrəmanlıqla şəhid olmuşdu".

Nəsimi Məmmədli deyir ki, R.Hüseynov vətənpərvərlik duyğularında çox səmimi idi: "Çılğın təbiətli olsa da, odlu-alovlu danışsa da, vətənsevərliyi içdən gələn idi. Mən onda saxta bir hiss görmədim. Bulaq kimi saf bir insan idi. Özü də haqsızlığa dözümü yox idi, gördüyü ədalətsizliyə tez reaksiya verərdi. Çox mütaliəli idi. Yanında deyəndə filan əsəri oxumuşam, oxumamışdısa tezliklə o kitabı əldə edib oxuyurdu. İctimai mövqeyi vardı. Hansısa bir proses olurdusa onun liderliyi ortaya çıxırdı. Xalq Hərəkatının iştirakçısı idi, sonradan Sosial Demokrat Partiyasına (ASDP) da qoşulmuşdu".

Nəsiminin bu sözləri yadıma bir əhvalatı saldı. 2003-cü il idi, çalışdığım "Olaylar" qəzetinin siyasət müxbiri kimi ASDP həmsədri Zərdüşt Əlizadə ilə müsahibəyə getmişdim. Müsahibə bitdi, sağollaşıb ayrılanda divardakı hərbçi portreti diqqətimi çəkdi. Diqqətlə baxanda gördüm ki, bu Rövşənin şəklidir. Marağımı hiss edib soruşdu ki, niyə elə diqqətlə baxdın. Dedim bu oğlan mənim həmkəndlimdir, eyni məktəbdə oxumuşuq. Dedi ki, gəl, otur. Oturdum, başladı Rövşən haqqında xatirələrini danışmağa: "Elman bəy, Rövşən Hüseynov bu xalqın ən qeyrətli oğullarından biri idi. Bir təşkilatda olsaq da, o bir partiyaya sığan adam deyildi. Bütöv şəxsiyyət idi, geniş düşünən, ictimai maraqları şəxsi istəklərindən üstün tutan bir insan idi. Bax, sənə bir şey deyim. O zaman çoxları deyirdi "Qarabağa gedirəm", amma gedib döyüşmürdü bəziləri. Qayıdıb Bakıya gəlir, siyasi proseslərə qoşulurdular. Amma Rövşən təhsilini yarımçıq qoydu, Qarabağa yollandı, özü də ən qaynar nöqtəyə. İndi çoxlarına asan gəlir ölkənin müstəqilliyi. Bax, müstəqilliyi bu cür oğulların sayəsində qazandıq biz".

Qeyd edək ki, R. Hüseynov 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdu. 1985-1987-ci illərdə Sovet ordusunda hərbi xidmət keçmişdi.

Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçib, ən qaynar cəıbhə xətti olan Goranboy bölgəsinə yollanırlar.

Rövşəngili "N" saylı batalyona təhkim etmişdilər. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqamətində hücuma keçir. Rövşənin rəhbərlik etdiyi tağım erməni terrorçularının iki zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edir.  

1992-ci il mayın 11-də Şıxarx uğrunda gedən qanlı döyüşlərdə "Mingəçevir alayı"nın 27 əsgəri mühasirəyə düşür. Tələbə tağımına onları xilas etmək əmri gəlir. Rövşənin başçılıq etdiyi tağım döyüşə atılır. Qəhrəman əsgərlər mühasirəyə düşən 27 döyüşçünü xilas edə bilir. Bu dəfə tələbələr özləri mühasirəyə düşür. Atəş nöqtəsini öz üzərinə çəkən Rövşən döyüşçülərinə  "təhlükəsiz yerə çəkilin" əmrini verir. Döyüşdə tələbələrdən ikisi düşmən gülləsinə tuş gəlib şəhid olur, digərləri isə mühasirədən çıxa bilirlər. Pulemyotla işğalçıların xeyli hissəsini məhv edən Rövşən döyüş meydanında qəhrəmancasına şəhid olur.

Beləcə, gələcəyin fizika müəlliminin, bəlkə də Azərbaycan elminə töhfələr verəcək bir alimin ömrü yarıda qırılır.

Hələ həyatın başlanğıcında idi Rövşən. Subay idi, sinif yoldaşı Hidayətin dediyinə görə, sevdiyi də varmış... Qarşıda onu gözləyən neçə fərəhli anlar, sevincli günlər var idi. Bəlkə də universiteti bitirdikdən sonra zəkası, dərin düşüncəsi, zəngin dünyagörüşü və elmə sonsuz məhəbbəti ilə fərqlənən bu yaraşıqlı gənc Quzanlı məktəbinin fizika kabinetində şagirdlərə təbiətdə baş verən hadisələrin qanunauyğunluqlarını izah edəcəkdi. Bəlkə də laboratoriyalarda yeni kəşflər edəcəkdi. Amma taleyin onun üçün yazdığı yol başqa imiş-çoxdan arzuladığı şəhadət. Onu bu yola isə VƏTƏN SEVGİSİ çəkdi.

Rövşən karyera qura bilmədi, amma vətən eşqi ilə çırpınan cəsur ürəyi ilə savaş tariximizin ən parlaq səhifələrindən birini yazdı.

Ruhun şad, Şəhadətin mübarək olsun, nakam qəhrəman!

Elman Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31