Putin Qarabağ kartını yenidən açır: Ermənistanda seçkilər niyə təhlükəlidir?- ÖZƏL

Siyasi şərhçilərin qənaətinə görə, iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin Avrointeqrasiya siyasətini davam etdirəcəyi, yoxsa Rusiyanın təsir dairəsinə qayıdacağı ilə bağlı mühüm mərhələni müəyyən edəcək. Siyasi şərhçi Vüqar Dadaşov "Olaylar"a bildirib ki, seçki ərəfəsində Ermənistan-Avropa İttifaqı (Aİ) sammitinin keçirilməsi, Fransa ilə strateji tərəfdaşlıq sazişinin imzalanması, eləcə də Fransanın Ermənistana hərbi yardım və təlimləri, hətta Ermənistanın hücum silahları istehsalına başlaması Paşinyan hakimiyyətinə siyasi dəstək kimi görünür. Lakin Ermənistanın hərbi və təhlükəsizlik sisteminin hələ də ciddi şəkildə Rusiyadan asılı olması fonunda bunu Rusiyaya qarşı real hərbi hazırlıq saymaq olmaz. Ancaq bu, regionda yeni qarşıdurma risklərini artıra bilər:
"Qənaət budur ki, Aİ, Fransa və Rusiya Ermənistanda rəqib kimi fərqli məqsədlər güdsələr də, regionun yenidən konflikt ocağına çevrilməsində eyni siyasi kursu bölüşürlər. Ermənistan-Azərbaycan arasında yeni müharibədə İranın marağının Fransa və Rusiyadan daha yüksək olduğu şübhəsizdir. İran hələ 2020-ci ildən Zəngəzur dəhlizini özünün dəyişməz "qırmızı xətti" elan edib. Bu günlərdə isə SEPAH dəhlizin açılmasına imkan verməyəcəyini yenidən bəyan edib.
Son dövrlərdə Rusiyanın Qarabağ məsələsini diriltmək cəhdi diqqət çəkir. Hətta "Birinci Kanal" kimi federal kanalların Azərbaycan xəritəsində Qarabağı fərqli rəngdə təqdim etməsi göstərir ki, Moskva seçkilər ərəfəsində yenidən "Qarabağ kartı"ndan istifadə edərək Rusiyaya yaxın revanşist qüvvələrin hakimiyyətə qayıdışına çalışır.
Əlbəttə ki, Rusiya yönümlü revanşist qüvvələrin hakimiyyətə qaytarılması Ermənistan-Azərbaycan sülh gündəliyinin bağlanması, Zəngəzur dəhlizi-TRIPP-in təxirə salınması, sərhədlərin delimitasiyasının dayandırılması, Azərbaycan və Türkiyə ilə yenicə bərpa olunan kommunikasiya və iqtisadi əlaqələrin dondurulması ilə yeni müharibə riskini önə çıxarır. Yeri gəlmişkən, Rusiyaya sədaqəti ilə seçilən keçmiş prezident Robert Koçaryan seçiləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında razılaşmalara yenidən baxılacağını vəd edir.
Rusiya Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsinə baxmayaraq, Rusiya rəsmilərinin Azərbaycana qarşı informasiya təzyiqi Moskvanın məqsədinin yalnız Ermənistanda rusiyapərəst hakimiyyət formalaşdırmaq deyil, regionda uzunmüddətli qeyri-sabitlik və müharibə ocağı yaratmaq niyyətini göstərir.
Aİ-nin Azərbaycana qarşı ittihamedici mövqeyi ilə paralel Rusiyanın informasiya təzyiqləri onu göstərir ki, Ermənistanda gedən siyasi proseslərin hədəflərindən biri də Ermənistanı müharibəyə sürükləməkdir, yəni hədəfdə Azərbaycandır.
Azərbaycanla sülh gündəliyi, kommunikasiya və iqtisadi əlaqələrin bərpası, Türkiyə ilə sərhədlərin açılması və Avrointeqrasiya xətti baş nazir Paşinyanın seçkilərdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.
Belə bir vəziyyətdə Rusiya Ermənistandakı hərbi bazalarından istifadə edərək seçki prosesinə daha sərt müdaxilə ehtimalını artırır. Nəzərə alaq ki, Rusiyanın Ermənistandakı hərbi bazalarında xidmət edənlər və köməkçi sahələrdə çalışanlar əsasən erməni əsilli Rusiya vətəndaşlarıdır və bu halda Rusiyanın Ermənistana "Rusiya vətəndaşlarının qorunması" adı altında müdaxilə etməsi ehtimallar sırasındadır. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin də vətəndaşların qorunması üçün xarici ölkələrə müdaxiləyə imkan verən qanunu imzalayıb.
Ancaq Rusiya-Ukrayna müharibəsi strateji geosiyasi nəticələr baxımından ən vacib cəbhədir. Hazırda təşəbbüs Ukrayna tərəfinə keçib və Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib. Xatırladaq ki, Putin müharibənin ilk günlərindən Zelenskini aşağılayır, onu legitim saymırdı.
Rusiya üçün əsas narahatlıq Zəngəzur dəhlizi-TRIPP-in onun iştirakı olmadan fəaliyyət göstərməsidir. Rusiya Zəngəzur dəhlizinin açılmasının 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyanatı ilə tənzimləndiyini və həmin razılaşmanın qüvvədə qaldığına israr edir. Yeri gəlmişkən, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olarsa, Trampın TRIPP layihəsinə münasibətinin dəyişəcəyi ehtimalı var.
Nəticə etibarilə, Ermənistanda keçiriləcək parlament seçkiləri yalnız ölkənin daxili siyasi məsələsi deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi xəritəsini və təhlükəsizlik konturlarını müəyyənləşdirən geosiyasi prosesdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31