İrəvan Quberniyasının Aleksandropol qəzasının Birinci Polis sahəsinin “Saral kənd icması”nın Arçut (Ardıc) kəndi-XIX əsrdə
10:41 SosialArçutun (Ardıcın) tarixi, ictimai-sosial vəziyyəti haqqında bəzi faktlar
Birinci yazı
Hadisələr mahiyyətinə görə təsir etmək gücünə malikdir. Sosial və siyasi proseslər sosial və mədəni, həm də ictimai davranışların əsaslarını özündə daşıyır. Arçut kəndinin tarixini bilmək gənclər üçün də bir örnəkdir, yaddaşdır. Həmçinin özünüdərkin tərkibidir. Gələcəyə yönəliş fəaliyyətin, yaradıcılığın və quruculuğun əsaslarını, baza ideoloji elementlərini özündə daşıyır. Tarixdən məlumatlı olmaq, irsi ardıcıllığı bilmək etno-mədəni kimliyin əsasını özündə ehtiva edir. Kəndin tarixi irsən ötürülüb və hadisələr zənciri etno kimliyin formalaşmasında əhəmiyət kəsb edib. Kəndin tarixini özündə ehtiva edən hadisələr kəndin identifikasiyasını formalaşadırıb. Sosial-siyasi və ictimai-mədəni həyat rəvan olmaqla bərabər, enişli və yoxuşlu yolları özündə ifadə edib.
Hər bir yaşayış məskəni kimi Arçut kəndi də öz mövcudluğunu inzibati və coğrafi mənada və formada əks etdirir. Bu yöndə kənd Pəmbək mahalı, Pəmbək sancaqlığı, Lori vilayəti, Pəmbək Sultanlığı, Pəmbək nahiyyəsi, Aleksandropol qəzası, Lori-Pəmbək qəzası, Lori qəzası, Qarakilsə, Kirovakan, Quqark adlanan rayonların inzibati ərazisində olub. Hal-hazırda Ermənistanın Lori vilayətinin Vanadzor şəhərinin (mərzənin mərkəzinin) 12 km. şimal -qərbində yerləşir. Həmçinin fiziki anlamda Bazum dağlarının cənub yamacında, Arçut çayının Pəmbək çayına tökülən hissəsinin iki kilometrliyində qərar tutur.
Qeyd: Sovetlərin son dövründə Arçut kəndi Quqark rayonunun inzibati ərazisində yerləşirdi. Quqark rayonunun inzibati mərkəzi Meğrut (Yaqublu) qəsəbəsi idi. Ermənistan Respublikasında 1995-ci ilin noyabr- dekabr aylarında "Ermənistan Respublikasında İnzibati-ərazi bölgüsü haqqında" qanun qəbul olunub və təsdiqlənib. Ölkə üzrə 10 ədəd vilayət (mərz) və həmin statusa malik olan İrəvan mərzliyi yaranıb. Mərzləri (Mərzlikləri) qubernatorlar idarə edirlər. Mərzliklər də öz növbəsində özünü sərbəst idarə edən inzibati vahidliklər olan şəhər və kənd icmalarından ibarətdir. Arçut kəndi yaşayış məskəni olaraq hal-hazırda Lori vilayətinin Pəmbək kənd icmalığında (Pəmbək bələdiyyəsində) təmsil olunur. Açıq ensiklopediya bu barədə müvafiq qanuna istinadən məlumat verir.
Tarixi qaynaqlar, üzərə çıxan faktlar kəndin sakinlərinin bir qayda olaraq türklərdən (tatarlardan, azərbaycan türklərindən) ibarət olmasını sübuta yetirir. Kəndin mübariz olması da tarixi mənbələrdə öz əksini tapır. Məsələn, 1801-1805ci illərdə Pəmbək bəylərinin (ağalarının) mübarizliyindən yadellilərə qarşı qiyamlarından bəhs edən yazılara rast gəlinir. Pəmbək bəyləri olaraq Rəhim bəyin, Səid bəyin və digərlərinin adları çəkilir. Arçutda "Xan Vəlinin çökəyi" deyilən toponim var. Çox güman ki, bu ad Pəmbək bəylərindən birinin adını daşıyır.
Açıq ensiklopedik məlumata görə, kənd sovetliyi 1995-ci ilə qədər Quqark rayonunun tərkibində olub. Hal-hazırda eyniadlı dəmiryol stansiyası qəsəbəsinin də daxil olduğu bələdiyyəni formalaşdırır.
Kəndin mövcudluğu zəngin tarixə söykənir və bu baxımdan da oxşar və fərqli tarixi hadisələri özündə ifadə edir. Tarixi hadisələrin çalarlı xassələri kəndin tarixinin zənginliyindən, həyatın keşməkeşli olmasından xəbər verir.
Rusiya imperiyası dövründə Arçut kənd icması qonşu "Saral kənd icması"nda təmsil olunub. Məsələn, 1886-cı ilin məlumatına görə, tərtib olunmuş cədvəl göstəricilərinə əsasən, İrəvan Quberniyasının Aleksandropol qəzasının Birinci Polis sahəsinin "Saral İcması"nın kəndlərinə aid olub: Saral, Hallavar, Heydərli, Xancığaz, Darbaz, Arçut, Əfəndi, Qızıl-Örən, Qursalı. 1886-cı ilin məlumatına əsasən, Arçut kəndində 52 təsərrüfat olub. (Bax. Памятная книжка Эриванской губернии на 1906 года. Отдель III. www.anl.az). "Saral icması"na bir müddət İbrahim İsmayıloğlu rəhbərlik edib.
Ermənistanda Sovet hökuməti qurulanda Arçut kəndi Qarakilsə (Sonradan Kirovakan və Quqark adlanan rayon mərkəzlərinə tabe olub).
Arçut kəndinin toponimi ardıc ağacına bağlıdır. Kənd camaatı öz kəndlərini həm də Ardıc adı ilə tanıyır. Arçut-Arçayurt (ardıc ağacının məskəni), yaxud da Arçarut (Ardıc çayı) mənasını verir. Kənd Böyük Qarakilsə -Hamamlı (Spitak) yolunun sağ tərəfində ana yola yaxındır. Bu baxımdan da regional hadisələrinin mərkəzində qərarlaşan kənd olub. Məsələn, birinci Rus-Fars (1804-1813) müharibəsi, eləcə də İkinci Fars-Rus (1826-1828) müharibəsi zamanı qoşunların yürüşlərinin əhatə olunduğu, keçid kənd rolunu oynayıb. Hadisələrə, döyüşlərə şahidlik edib. Kənddə təbiət hadisələri, o cümlədən dağıdıcı zəlzələlər (məsələn, 1827-ci ilin 8 oktyabr "Dərəçiçək (Çaxkadzor) zəlzələsi, 1988-ci ilin 7 dekabr tarixli Hamamlı (Spitak) zəlzələsi) və döyüşlər, etnik təmizləmə müharibələr kəndin zaman-zaman miqrasiyasına (məsələn, bölgə əhalisinin 1800-cü illərin başlanğıcında) İrəvan xanlığına və Qars paşalığına köç etməsi, eləcə də Birinci Dünya Müharibəsi zamanı kəndin yen də Türkiyəyə köç etməsi, 1988-ci ilin deportasiyası kimi hadisələri qeyd etmək olar), həmçinin xarabalığına, dağıdılmasına əsas verib. Arçut hadisələr fonunda xarabalığa, yeni-yeni nəsillərin gəlişinə (məsələn, Qazax bölgəsindən kəndə köçün olması), döyüşlərə şahidlik edib.
Kəndin tarixi qədimdir və "dərə sivilizasiyası"nın (dərə boyu salınmış komlar bunu sübuta yetirir) xarakterik cəhətlərini özündə ifadə edir. Bölgənin digər kəndləri ilə yanaşı, Arçut kəndi də orta əsrlərdə Osmanlı-Səfəvi müharibələrinin şahidi olub. Gah Səfəvilərin, gah da Osmanlıların nəzarətində olub. 1800-cü illərin əvvəllərindən (Kartli-Kaxetiya çarlığınınm tərkibi olaraq) Rusiya imperiyasının tərkibində qərarlaşıb. Gürcü çarlığı Pənbək bölgəsindən vergilər yığıb.
1880-ci ildə Tiflisdə nəşr olunan "Сборникъ сведенiй о Кавказь. Том V. Списки населленныхъ местъ Кавказскаго края. Часть I" kitabda qeyd olunur ki, Arçut kəndində 40 həyət olub. 191 nəfər kişi, 166 nəfər qadın olmaqla, cəmi 357 nəfər yaşayıb. Əhali tatar şiələrdən ibarətdir.
1914-cü ildə İrəvanda Quberniya İdarəçiliyinin nəşriyyatı tərəfindən buraxılan "Памятная книжка эриванской губернiи на 1914 год" adlanan kitabda (səh.76) qeyd olunur ki, Qafqaz sünni ruhani idarəçiliyində, Aleksandropol qəzasının Saral prixodunda Məhəmməd Əfəndi Molla Yusif oğlu və Ardıclı Molla Abdulla Nəbi Əfəndi oğlu təmsil olunurlar. Qeyd: kənd müəllimi olmuş, elmlər doktoru və tarixçi, Arçutlu Xıdır Yusif oğlu Qazıyevin məlumatına əsasən, Ardıc mollası Abdulla Nəbi Əfəndi əslən Saral kəndindən olub və bir müddət Ardıc kəndində mollalıq edib və Sarala geri dönüb.
XIX və XX əsrin araşdırmaları göstərir ki, Arçutun əhalisi azərbaycan türklərindən ( tatarlardan) ibarət olub. Məsələn, 1910-cu ildə rus dilində nəşr olunan "Qafqaz təqvimi" kitabında qeyd olunur ki, 1908-ci il üçün Arçut kəndinin əhalisi 651 nəfərdən ibarətdir və təmiz tatarlardır.
Kənd Lori -Pəmbək bölgəsində qərarlaşıb. Qeyd: 1917-ci ilin statistikası və digər göstəriciləri üçün nəşr olunmuş "Кавказский календарь на 1917 год" kitabında qeyd olunur ki, İrəvan Quberniyasının Aleksandropol qəzasının Birinci polis sahəsinin "Saral icması"nın kəndləri bunlardan ibarətdir. Arçut, Hacıqara, Heydərli, Hallavar, Darbaz, Qızıl-Örən, Qursalı, Saral, Xancığaz, Əfəndi.
Lorı-Pəmbək bölgəsi haqqında bəzi məlumatlar bunlardan ibarətdir:
Lori coğrafi və inzibati anlamda Taşir kimi də qeyd olunur. İndiki Ermənistanın şimal hissəsini əhatə edir. İndiki inzibati mərkəzi Vanadzordur. Tarixi Böyük Qarakilsə kəndidir. Böyük Qarakilsə kəndi Pəmbək bölgəsinin inzibati mərkəzi rolunu oynayıb. Hətta İrəvan xanlığı dönəmində həm sərhəd mərkəzi kimi məxsusi strateji mövqeyə malik olub. Sonrakı İrəvan Quberniyası dövründə də Aleksandropol qəzasının idarəçilik strukturunu təşkil edən Birinci Polis sahəsinin mərkəzi idarəsi də Böyük Qarakilsə şəhərində yerləşib. Lori vilayətində Pəmbək adında kənd bu gün də mövcuddur. Məlumata görə Arçut kəndi hal-hazırda Pəmbək inzibati bölgüsünün tərkibindədir.
Tarix yazır ki, XVI yüzilin sonunda konkret inzibati vahid olan Lori vilayəti və ya bəylərbəyliyi osmanlı icmal dəftərinə görə əsasən bu günki Ermənistanın şimal hissəsindəki torpaqları təşkil edirdi. Tarixən bu ərazilər Borçalının cənub-qərb bölgələri olub bəzən "Dağ Borçalı" kimi də tanınırdı. XVIII yüzilin 20-ci illərində Osmanlı dövlətinin Güney Qafqaz və Azərbaycan torpaqlarını ikinci dəfə fəth etdikləri dövrlərdə (Birinci dövr Sultan III Muradın dövrüdür. 1570-ci illəri və sonrakı tarixi əhatə edir) Lori liva (sancaq) statusu ilə Gəncə-Qarabağ əyalətinin tərkibinə daxil edilmişdir. (Bax. Azərbaycan Milli Elmlər Akademiyası Akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. Ön sözün, mətnin tərtibinin, tərcümə və qeydlərin müəllifi tarix elmlər namizədi Şahin Mustafayev olan "Lori Vilayətinin icmal dəftəri" Bakı "Nurlan" nəşriyyatı-2004, 87 səh)
XVI yüzilin sonunda, osmanlıların idarəsi altında olmuş Lori vilayəti beş livadan (sancaqdan) ibarət idi: Lori, Axtala, Pəmbək (Pənbək), Taşır və Arpalı livaları. Pəmbək livası-Güney Pəmbək, Quzey Pəmbək, Həmzəçəməni (Həmzəçiməni); Ulabertə tabe olan Sarıyar nahiyyəsi və Güney Alabert nahiyyələrindən ibarət idi. (Bax. Azərbaycan Milli Elmlər Akademiyası Akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. Ön sözün, mətnin tərtibinin, tərcümə və qeydlərin müəllifi tarix elmlər namizədi Şahin Mustafayev olan "Lori Vilayətinin icmal dəftəri" Bakı "Nurlan" nəşriyyatı-2004, 87 səh)
Pəmbək-Qazaxdan Böyük Qarakilsəyə gedən yol. Dilican şəhərindən sonra ayrılaraq dərə boyu sola burulur. Bu dərə Pəmbək dərəsi adlanır. Gümrü şəhərindən Göyçə gölünün Şimal-Qərb hissəsinə qədər uzanan Pəmbək silsiləsi ilə, Bazum dağ silsiləsi arasındakı ərazilər Pəmbək mahalı adlanır. (Qərbi Azərbaycan: maddi və mədəni irsimiz. Pəmbək. Western-azerbaijan.az)
XX əsrin əvvəllərində Pəmbəyin coğrafi əsasları bu şəkildə qeyd olunurdu: Pəmbək dərəsi Pəmbək və Bozabdal dağ sıralarının arasında yerləşir. Ərazi Ağbulaqdan başlayır və Pəmbək çayı, Tanzuta-cura və Həmzəçimən boyunca uzanır. Hamamlı və Topanlı kəndləri arasında Gün Görməzin qayalı, sıldırımlı, vəhşi, dar dərəsinə doğru daralır. Dərənin eni 11 verstdən 26 verstə qədər, uzunluğu isə təxminən 65 verstə qədərdir. (Bax. Памятная книжка Эриванской губернии на 1906 года. Отдель III. www.anl.az) Qeyd: Verst-keçmiş rus uzunluq ölçü vahididir və təxminən 1066 metrə bərabərdir.
Belə bir fikir mövcuddur ki, "Pənbək" sözü "Uca bəy" sözünə uyğun gəlir. Pəmbək mahalı 18-ci əsrin əvvəllərində Gəncə bəylərbəyliyinin tərkibində olub. 1736-cı ildə Gəncə bəylərbəyi Ziyadoğlu Nadirin Muğanda şah elan olunmasının əleyhinə çıxdığı üçün O, şah seçiləndən sonra Borçalı və Qazax mahallarını Gəncə bəylərbəyliyindən alıb Kartli-Kaxetiya çarlığının tabeliyinə verdi. Azərbaycan ərazisində xanlıqlar yaranarkən İrəvan xanlığı bu ərazilərin cənub hissəsini gürcülərdən geri alsa da mahalın ərazisinə tam nəzarət edə bilmədi. (Qərbi Azərbaycan: maddi və mədəni irsimiz. Pəmbək. Western-azerbaijan.az)
Qeyd: 1845-ci ildə Tiflisdə, Zaqafqaziya əyalətinin Baş İdarəsinin Tipoqrafiyasında nəşr olunan "Кавказский календарь на 1846 год, изданный оть канцелярıй кафказскаго наместника" adlanan kitabın 54-cü səhifəsində yazılır: Aleksandropol - Gürcüstan İmeretiya Quberniyasının qəza şəhəridir. İndiki şəhərin yerində keçmiş Pəmbək - Şurayel nahiyyəsinin tərkibində olmuş Gümrü adlanan kiçik bir yaşayış məskəni olub. 1830-cu ildə orada Türkiyədən köçürülümüş xristian əhalinin hesabına böyük əhəmiyyətli yaşayış məskəni formalaşmışdır. 1837-ci ildə, İmperator Nikolay Pavloviçin əyalətə səfəri zamanı qalanın əsası qoyulmuşdur və əlahəzrətin şərəfinə şəhərə də həmçinin Aleksandropol adı verilmişdir.
Ermənistanda Sovet Hökumətinin ilk illərində respublika üzrə inzibati baxımdan formalaşmış qəzalar içərisində (məsələn, 1926-cı ilin məlumatı) Leninakan qəzası və Pəmbək-Lori qəzasının adları da qeyd olunur. Açıq internet ensiklopediyasının məlumatına görə, Ermənistan SSR-nin tərkibində Aleksandropol qəzası 1924-cü ildə Leninakan qəzası adlanmağa başlayıb və 1929-cu ildə ləğv olunub. Aleksandropol qəzası (Leninakan qəzası adlanan vaxt) ləğv edildikdən, adı dəyişdirildikdən sonra onun bazasında Leninakan qəzası və Pəmbək-Lori qəzası formalaşdırılıb. Həmçinin qeyd etmək yerinə düşər ki, 1926-cı ilin yanvar ayının 1-ə olan məlumata görə, Ermənistan ərazisi qəzalara və sahələrə bölünür. Qəzalardan biri də mərkəzi Qarakilsə şəhəri olan Pəmbək-Lori qəzası adlanır.
Ermənistan Sovet Ensiklopediyasının 1976-cı ildə erməni dilində nəşr olunan ikinci cildində (səh.113) Arçut haqqında qısa məlumat verilir. Belə yazılır: Arçut kəndi Ermənistan SSR Quqark rayonunda, Bazum dağ silsiləsinin cənub yamacında, rayon mərkəzindən 12 km. şimal-qərbdə yerləşir. Sovet iqtisadiyyatı heyvandarlıqla və meyvəçiliklə məşğul idi. Kənddə orta məktəb, klub, kitabxana, tibbi mərkəz var. Kənd ərazisində qədim qəbirlər və xaçqarlar saxlanılır.
Araşdırma nəticəsində kəndin tarixində bu kimi hadisələrin baş verməsi müəyyən olunub. Eləcə də araşdırma istiqamətində sosial-ictimai vəziyyətə dair müəyyən statistik məlumatlar və inzibati göstəricilər öz əksini tapıb:
-On ikinci Osmanlı padşahı III Muradın (doğum tarixi 1546-ölüm tarixi-1595) dövründə Lorı Bəylərbəyliyi üç sancağa ayrılıb. Pəmbək sancağının kədlərindən biri də Güneyli Arçut Yenicə olub. (Bax. Elşən Nəsibov. Qərbi Azərbaycanın tarixi Pəmbək Mahalının Arçut kəndi haqqında nə bilirik? 525-ci qəzet. www 525.az 10.01.2025)
Qeyd: Kənd haqqında xülasə (süni intellektin məlumatı) bu kimi fikirləri ortaya qoyur: XVI əsrdə Arçut kəndinin də içərisində yerləşdiyi Pəmbək də daxil olmaqla, İrəvan bəylərbəyliyinin ərazisinə fəal surətdə türk tayfaları (Qızılbaşlar) köçürülüblər. Hesab olunur ki, bu ana qədər regionda məhsəti türkləri də yaşayırmış. Qızılbaş tayfalarının (xüsusilə Qacarların) Pəmbək bölgəsinə köçürülməsi əsasən XVII əsrin əvəllərində, I Şah Abbasın hakimiyyəti dövründə strateji məqsədlərlə həyata keçirilmişdir. Qacar tayfaları Pəmbək, Loru və Şorayel bölgələrinə köçürülmüş və hərbi-inzibati idarəçiliyi ələ almışdır. Onların buralara yerləşdirilməsi sərhədlərin təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyırdı.
-Azərbaycan Milli Elmlər Akademiyası Akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu 2004-cü ildə (Bakıda "Nurlan" nəşriyyatı tərəfindən), ön sözün, mətnin tərtibinin, tərcümə və qeydlərin müəllifi tarix elmlər namizədi Şahin Mustafayev olan "Lori Vilayətinin icmal dəftəri" adlanan kitab buraxmışdır. 1590-cı il tarixli Lori Vilayətinin icmal dəftərinin əlyazması İstanbul Başbakanlıq Osmanlı Arxivində saxlanılır. Həmin kitabın 63-cü səhifəsində qeyd olunur ki, Güney Pəmbək nahiyyəsinə tabe olan Erçud kəndinin gəliri 9000 ağça olmuşdur. Qasım Abdullaoğlunun timarına aid olan hissə 7000 ağça təşkil etmişdir. Qeyd: Timar -Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti olub. Bir timardan əldə edilən illik gəlir 20 min ağçadan az idi. Hərbi-inzibati xidmət müqabilində əsgər və məmurlara verilən şərti feodal torpaq mülkiyyətidir.

Ardı var....
Elşən Misir oğlu Nəsibov (Elşən Ardıc)-siyasətşünas -alim, yazıçı -publisist
22 aprel 2026-cı il