Səhiyyəyə girişin ilk qapısı: ailə həkimləri nə qədər əlçatandır?

Sağlamlıq insan həyatının ən böyük sərvətidir. İnsan doğulduğu gündən etibarən bütün həyatı boyu bu sərvəti qorumağa çalışır. Amma maraqlısı odur ki, sağlamlıq çox vaxt yalnız itirilməyə başladıqda dəyər qazanır. Yəni insan bədəni bir problem siqnalı verdiyi anda səhiyyə sisteminə müraciət edir və məhz həmin an sağlamlığın nə qədər həssas bir anlayış olduğu daha aydın görünür. Məncə, sağlamlıq təkcə xəstə olmamaq deyil, həm də fiziki, psixoloji və sosial baxımdan tarazlı bir həyat yaşamaqdır. Sağlamlığın qorunmasında tibb elmi əsas dayaq sütunudur. Müasir tibb artıq təkcə müalicə ilə kifayətlənmir, eyni zamanda profilaktika, erkən diaqnostika və reabilitasiya kimi mərhələləri də əhatə edir. Düşünürəm ki, tibb elminin ən böyük üstünlüyü onun daim yenilənməsi və insan həyatına uyğunlaşmasıdır. Bu gün bir çox xəstəliklər keçmişdə ölüm hökmü sayıldığı halda, indi vaxtında müdaxilə ilə idarə oluna bilir. Tibb sisteminin mərkəzində isə həkim anlayışı dayanır. Həkim sadəcə müalicə edən şəxs deyil, həm də insan həyatına birbaşa təsir edən qərar verən peşə sahibidir. Həkimlik böyük məsuliyyət tələb edən bir sənətdir, çünki burada hər qərar bir insanın sağlamlığı, bəzən isə həyatı ilə bağlı olur. Məncə, həkim olmaq yalnız biliklə deyil, həm də vicdan, diqqət və empatiya ilə mümkündür.  Lakin hər həkim hər pasiyent üçün doğru seçim olmaya bilər. Bu məqamda doğru həkim seçimi anlayışı ön plana çıxır. İnsanlar çox vaxt xəstəlik zamanı tələsik qərar verir, ilk rast gəldikləri həkimə müraciət edirlər. Amma tibbdə düzgün diaqnoz və düzgün yanaşma son dərəcə vacibdir. Düşünürəm ki, doğru həkim seçimi yalnız peşəkarlıqla yox, həm də həkim-pasiyent ünsiyyəti ilə ölçülür. Pasiyent özünü rahat hiss etmədiyi bir həkimlə tam açıq danışa bilmir və bu da diaqnozun dəqiqliyinə təsir edə bilər.
Burada sistemin ən vacib hissələrindən biri olan ailə həkimi anlayışı ortaya çıxır. Ailə həkimi səhiyyə sistemində ilkin müraciət nöqtəsi kimi fəaliyyət göstərir və insanın sağlamlıq vəziyyətini ümumi şəkildə qiymətləndirir. O, pasiyentin tarixçəsini bilir, uzunmüddətli müşahidə aparır və lazım gəldikdə onu dar ixtisaslı həkimlərə yönləndirir. Məncə, ailə həkimi modeli düzgün qurulduqda səhiyyə sisteminin yükünü azaldır və daha effektiv xidmət göstərilməsinə şərait yaradır. Çünki hər kiçik narahatlıq üçün birbaşa xəstəxanalara müraciət etmək əvəzinə, ilkin mərhələdə ailə həkimi ilə əlaqə saxlamaq daha sistemli yanaşmadır. Amma burada vacib bir sual ortaya çıxır- ailə həkimləri real həyatda nə qədər əlçatandır? Yəni insanlar ehtiyac duyduqları anda bu sistemdən rahat istifadə edə bilirlərmi? Bəzi hallarda pasiyentlərin çoxluğu, vaxt məhdudiyyəti və ya sistemdəki təşkilati çətinliklər əlçatanlığı azalda bilir. Bu isə səhiyyənin ən ilkin və ən vacib qapısında müəyyən boşluqlar yaradır. Digər tərəfdən, şəhər və regionlar arasında da fərqlər müşahidə olunur. Böyük şəhərlərdə pasiyent sıxlığı daha yüksək olduğu üçün həkimlərin hər bir insana ayırdığı vaxt azalır. Bu da bəzən səthi müayinə və ya gecikmiş yönləndirmə kimi problemlərə səbəb ola bilir. 
Mövzu ilə bağlı daha ətraflı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim Aydın Əliyev Olaylar.az-a açıqlama verib:
"Təbii ki, aktual sualdır. Amma burada bir məsələ var. Keçmiş sovet hökumətindən, sovet quruluşundan ailə həkimi anlayışı yox idi. Kim hansı həkimi tanıyırdısa, onunla əlaqə saxlayırdı. Bu proses hələ də davam edir.
Ailə həkimi odur ki, o, həkimliyi və həmin ailədəki situasiyanı çox yaxşı bilir. Prosesləri yaxından izləyir və onun verdiyi tibbi məsləhətlər, o cümlədən ailənin sağlamlıq məsələlərində mühüm rol oynayır. Ailə həkimi həmin ailədə xəstəliklərin, patoloji proseslərin başlanmasını, kökünü, genetikasını və səbəblərini bilir. Bütün bunların fonunda cəmiyyətin özündə bir inkişaf mərhələsinə çatmaq lazımdır ki, ailə və həkim məsələsi birlikdə həll olunsun və cəmiyyətimizdə ailə həkiminə ehtiyac yaransın. Bu ehtiyac artıq bu gün formalaşır. Bunun səbəblərindən biri də xəstəxanalarda müşahidə olunan sıxlıqdır. Həmin sıxlıq probleminin həlli yollarından biri də ailə həkiminin cəmiyyətimizdə müvafiq status qazanmasıdır. Yəni insanlar ailə həkimi funksiyasına ciddi yanaşmalı, sağlamlıq problemlərini ilk növbədə ailə həkimi ilə həll edə biləcəkləri modeli qəbul etməli və bunu tələb etməlidirlər. Bu xidmətin bəzən aşağı səviyyədə istifadə olunmasının səbəbi də artıq qeyd olundu. Yəni biz vətəndaş olaraq hələlik ailə həkimindən kifayət qədər istifadə etmirik. Eyni zamanda rayon səhiyyəsində də problemlər mövcuddur. Əsas problemlərdən biri odur ki, rayonlarda və kəndlərdə əhali azalır. Bu zaman səhiyyə xidmətlərinin təşkili də çətinləşir. Bu, artıq təkcə səhiyyənin deyil, ümumi sosial məsələlərin bir hissəsinə çevrilir. Əhali yaşadığı yerlərdə qaldıqca və işlədikcə, həmin ərazilərdə səhiyyənin inkişafı da mümkün olur. Hazırda isə görürük ki, səhiyyə xidmətlərindən əsasən iri şəhərlərdə daha çox istifadə olunur. Dövlət və özəl xəstəxanaların imkanları daha çox bu ərazilərdə cəmlənib. Hesab edirəm ki, Azərbaycan olaraq torpaqlarımızın azad olunmasından sonra bu problemlər də tədricən həllini tapacaq. Bu prosesdə hər bir vətəndaşın da rolu var. İnsanlar öz sağlamlıq mədəniyyəti barədə düşünməli, maariflənməli, xəstələnməmək üçün düzgün həyat tərzi seçməli, təbiətdən və tibbin imkanlarından düzgün istifadə etməlidir. O cümlədən ailə həkimi imkanlarından faydalandıqca, bu sahə daha da inkişaf edəcək və nəticədə mövcud sıxlıq və çatışmazlıqlar aradan qalxacaq".
Nəticə etibarilə, ailə həkimi səhiyyə sisteminin sadəcə ilkin müraciət nöqtəsi deyil, onun dayanıqlığını və səmərəliliyini müəyyən edən əsas dayaqlardan biridir. Sağlamlıqdan başlayaraq doğru həkim seçiminə, ordan isə ailə həkimi modelinə qədər uzanan bu sistem yalnız formal struktur deyil, eyni zamanda cəmiyyətin səhiyyəyə münasibətinin göstəricisidir.
Ailə həkimi sisteminin effektiv işləməsi üçün yalnız tibb işçilərinin deyil, cəmiyyətin də bu sistemə uyğunlaşması vacibdir. Əgər vətəndaş ilk narahatlıqda ailə həkiminə müraciət etməyi vərdiş halına çevirmirsə, sistem nə qədər inkişaf etmiş olsa belə, onun real təsiri məhdud qalır. Əgər ailə həkimi hər bir vətəndaş üçün ilk və əsas müraciət nöqtəsinə çevrilərsə, o zaman səhiyyə sistemində həm yük azalacaq, həm də xidmət keyfiyyəti daha yüksək səviyyəyə qalxacaq. 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31