Siniflərin sıxlığı, təhsilin nəfəsi: məktəbdə keyfiyyət haradan başlayır?
17 Aprel 20:25 SosialTəhsil hər bir cəmiyyətin gələcəyini müəyyənləşdirən ən mühüm sütunlardan biridir. Bu, sadəcə biliklərin ötürülməsi prosesi deyil, eyni zamanda fərdin şəxsiyyət kimi formalaşması, dünyagörüşünün genişlənməsi və sosial bacarıqlarının inkişafı deməkdir. Məncə, məktəb yalnız dərs keçilən məkan deyil o, uşağın ilk sosial mühiti, ilk məsuliyyət dərsi, ilk uğur və uğursuzluq təcrübəsidir. Burada əldə olunan biliklər qədər, formalaşan münasibətlər, qazanılan vərdişlər və yaranan psixoloji mühit də gələcək həyatın istiqamətini müəyyən edir. Müasir dövrdə təhsilə yanaşma artıq köklü şəkildə dəyişir. Artıq əsas məqsəd yalnız informasiyanı ötürmək deyil, onu anlamaq, tətbiq etmək və təhlil edə bilən fərdlər yetişdirməkdir. Düşünürəm ki, bu dəyişən yanaşma məktəblərin üzərinə daha böyük məsuliyyət qoyur. Çünki bu günün şagirdi sabahın vətəndaşıdır və onun necə formalaşacağı birbaşa təhsil mühitindən asılıdır. Bu baxımdan məktəbdə yaradılan şərait, müəllim-şagird münasibətləri, dərs prosesinin təşkili və sinif mühiti həlledici rol oynayır. Lakin reallıq hər zaman nəzəri yanaşmalar qədər ideal olmur. Son illərdə xüsusilə böyük şəhərlərdə və ətraf ərazilərdə məktəblərdə siniflərin normadan artıq dolu olması ciddi müzakirə mövzusuna çevrilib. Məncə, bu problem təkcə fiziki sıxlıq məsələsi deyil, həm də təhsilin keyfiyyətinə birbaşa təsir edən amildir. Çünki bir müəllimin eyni anda çoxsaylı şagirdə fərdi yanaşma göstərməsi praktiki olaraq çətinləşir. Nəticədə bəzi şagirdlər diqqətdən kənarda qala, dərs prosesində aktiv iştirak edə bilməyə bilər.
Düşünürəm ki, sinifdə şagird sayının çox olması yalnız akademik nəticələrə deyil, həm də uşaqların psixoloji vəziyyətinə təsir edir. Sıxlıq, səs-küy, diqqət yayınıqlığı kimi faktorlar şagirdin dərsə fokuslanmasını çətinləşdirir. Eyni zamanda müəllim üçün də bu vəziyyət əlavə yük deməkdir. O, həm dərsi çatdırmalı, həm sinfi idarə etməli, həm də hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almağa çalışmalıdır. Bu isə bəzən mümkün olmayan bir missiyaya çevrilir. Belə bir şəraitdə alternativ yanaşmaların gündəmə gəlməsi tamamilə təbiidir. Son dövrlərdə təhsil ictimaiyyətində "müəllim köməkçisi" modelinin tətbiqi ilə bağlı fikirlərin daha çox səslənməsi də məhz bu ehtiyacdan qaynaqlanır. Məncə, bu modelin müzakirə olunması artıq problemin ciddiliyini göstərir. Çünki təhsil sistemi daim dəyişən cəmiyyətin tələblərinə uyğunlaşmalıdır və mövcud çətinliklərə yeni həll yolları tapılmalıdır.
Düşünürəm ki, müəllim köməkçisi anlayışı yalnız texniki dəstək kimi qiymətləndirilməməlidir. Bu model düzgün tətbiq olunduğu halda həm müəllimin iş yükünü azalda, həm də şagirdlərə daha fərdi yanaşmanı mümkün edə bilər. Xüsusilə böyük siniflərdə müəllimin hər bir şagirdə kifayət qədər vaxt ayıra bilmədiyi hallarda köməkçi müəllim mühüm rol oynaya bilər.
Bu gün təhsil sahəsində aparılan müzakirələr bir daha göstərir ki, cəmiyyət artıq keyfiyyətli təhsilə daha həssas yanaşır. Məncə, bu, müsbət tendensiyadır. Çünki problemlərin açıq şəkildə müzakirə olunması onların həlli üçün ilk addımdır. Siniflərdə sıxlıq problemi və onun yaratdığı çətinliklər fonunda müəllim köməkçisi modelinin gündəmə gəlməsi də bu axtarışların bir parçasıdır. Əsas məsələ yalnız problemi qeyd etmək deyil, onun arxasında duran səbəbləri düzgün analiz etmək və real, tətbiq oluna bilən həll yolları tapmaqdır. Təhsil sistemində atılan hər bir addım gələcək nəsillərin formalaşmasına təsir edir və bu baxımdan hər bir qərar böyük məsuliyyət tələb edir. Məhz bu səbəbdən, son dövrlərdə daha çox müzakirə olunan "müəllim köməkçisi" modelinin nə dərəcədə effektiv ola biləcəyi, bu yanaşmanın mövcud problemlərin həllinə necə töhfə verə biləcəyi və ümumilikdə təhsil sistemində hansı dəyişikliklərə səbəb ola biləcəyi sualları aktuallığını qoruyur. Bu mövzu ətrafında müxtəlif fikirlər səslənsə də, əsas məqsəd eynidir: daha keyfiyyətli, daha əlçatan və daha effektiv təhsil mühiti yaratmaq. Elə bu suallar fonunda mövzu ilə bağlı təhsil ekspertinin fikirlərini öyrənmək isə məsələyə daha dərindən yanaşmağa imkan yaradır
Təhsil eksperti Elmin Nuri bu barədə Olaylar.az-a açıqlama verib:
"İllərdir ki, orta ümumtəhsil müəssisələrində şagird sıxlığı ciddi problem kimi müzakirə olunur və bu məlumdur. Xüsusən də paytaxt Bakı və ona yaxın olan ərazilərdə-Abşeron və Sumqayıtda yerləşən məktəblərdə analoji hallar yaşanır. Üstəlik, bəzi rayonlarda, mərkəzi məktəblərdə də şagird sıxlığının Bakı-Sumqayıt qədər olmasa da, müşahidə edilir. Amma gəlin etiraf edək ki, biz şagird sıxlığı deyəndə daha çox paytaxt Bakını nəzərdə tuturuq. Faktın özü də təsadüfi deyil, çünki bu problemlə ən çox üzləşən də məhz paytaxt məktəbləridir. Lakin əminliklə deyə bilərəm ki, xüsusilə son illərdə Abşeron rayonu, xüsusən də Xırdalan şəhəri üzrə məktəblərdə bu problem daha ciddi xarakter alıb. Bəli, müəyyən normalar var. Bir sinif otağında hər şagirdə iki kvadratmetr sahə düşməsi kimi qaydalar mövcuddur. Bunlar beynəlxalq pedaqoji normalardır. Bu qaydalar kağız üzərində qaldıqda, açığı, vəziyyət barədə o qədər də müsbət danışmaq mümkün olmur. Qayda və qanun hər zaman birinci yerdədir və biz bunu dəstəkləyirik. Bunun alternativi yoxdur. Amma reallığa baxaq-reallıq tamam fərqlidir. Xüsusilə son illərdə paytaxta və Abşeron rayonuna əhalinin axını buradakı məktəblərə də ciddi təsir göstərib. Əlbəttə, bir ailə Bakıya və ya Abşerona işləmək üçün gəlirsə, uşaqlarını da özü ilə gətirir. Hər bir valideyn burada övladının təhsil alacağı məktəbi də nəzərə alır. Yəni urbanizasiya artıq məktəblərdə ciddi sıxlığa səbəb olub. Düzdür, biz bu məsələyə daha çox təhsil prizmasından yanaşırıq, digər sosial detalların isə öz mütəxəssisləri var. Belə olan halda "nə edə bilərik?" sualı ətrafında düşünmək daha məqsədəuyğundur. Siz də məsələyə məhz bu istiqamətdən yanaşırsınız və bu, təqdirəlayiqdir. Şagird sayının normadan artıq olması fərdi yanaşmanı çətinləşdirir və alternativ yolları gündəmə gətirir. Bu zaman müəllim-köməkçisi modelinin tətbiqi məsələsi ortaya çıxır. Məsələn, bu model tətbiq olundu və bunun üçün əlavə ştatlar yaradıldı. Açığı, mən buna çox da inanmıram. Amma olsa, çox yaxşı olar. Mövcud rəqabətə baxmayaraq iş tapa bilməyən müəllimlər üçün də bir imkan yaranar. Müəllim ola bilməyən şəxs, əgər özü istəsə, heç olmasa müəllim-köməkçisi kimi fəaliyyət göstərə bilər. Bu, təqdirəlayiq addım olardı və mən bunu dəstəkləyirəm. Amma, bunun praktik tətbiqini yaxın zamanda real görmürəm. Çünki bizdə bu modelin təcrübəsi yoxdur. Beynəlxalq təcrübədə, xüsusilə ali təhsil səviyyəsində "assistent" modeli mövcuddur. Lakin ümumtəhsil məktəblərində bunun tətbiqi üçün sistemli hazırlıq lazımdır.
Digər məsələ isə təhsilin keyfiyyətidir. Şagird sıxlığı tədrisin keyfiyyətinə ciddi şəkildə təsir edir. Bu, problemin görünən tərəfidir. Əslində isə məsələ daha dərindir: sağlamlıqdan tutmuş, sinif otağında oksigenin bölünməsinə, şagirdlərin psixoloji durumuna, əsəb sisteminə qədər bir çox amilə təsir edir. Elə şagirdlər var ki, diqqət yayğınlığı yaşayır. Bu, uşaqlar üçün normal haldır. Amma sıx sinif mühiti həmin şagirdlər üçün vəziyyəti daha da çətinləşdirir. Nəticədə biz onlardan yüksək təhsil nəticələri gözləyə bilmirik.
Əsas həll yollarından biri məktəblərin yeni korpuslarının tikilməsidir. Eyni zamanda sinif sayının artırılması vacibdir. Məsələn, əgər dörd paralel yeddinci sinif varsa, onların sayı ən azı altıya çatdırılmalıdır. Mən xatırlayıram, oxuduğum illərdə məktəbdə altı, bəzən isə yeddi paralel sinif olurdu. Bu, siniflərdə yüklənmənin qarşısını alırdı. Amma bir neçə il əvvəl həmin məktəbə getdim və gördüm ki, artıq cəmi üç paralel sinif var. Sinif sayının artırılması vacibdir ".
Zeynəb Mustafazadə