Xəzərdə "seysmik fırtına": Ardıcıl təkanlar nəyin göstəricisidir?

Qulam Babayev: "Kiçik təkanlar böyük zəlzələ ehtimalını azalda bilər".

Xəzər dənizi hövzəsi tarixən geodinamik baxımdan aktiv zonalardan biri kimi tanınıb və bu regionda vaxtaşırı baş verən seysmik hadisələr həm elmi dairələrin, həm də ictimaiyyətin diqqət mərkəzində olub. Son günlərdə isə Xəzərdə cəmi bir sutka ərzində ardıcıl şəkildə baş verən zəlzələlər bu mövzuya marağı daha da artırıb və müəyyən suallar doğurub. Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata əsasən, gün ərzində qeydə alınan dörd yeraltı təkanın maqnitudası 3.1-3.8 arasında dəyişib, ocaqları isə 5 kilometrdən 29 kilometrədək dərinlikdə yerləşib. Bu faktlar göstərir ki, söhbət təkcə təsadüfi bir seysmik hadisədən deyil, müəyyən geoloji proseslərin dinamikası çərçivəsində baş verən ardıcıl aktivlikdən gedir. Mütəxəssislərin fikrincə, bu cür ardıcıl zəlzələlər adətən yer qabığında yığılan gərginliyin tədricən boşalması ilə bağlı olur. Xəzər dənizi ətrafı region, xüsusilə də Cənubi Qafqaz tektonik baxımdan mürəkkəb quruluşa malikdir. Burada müxtəlif tektonik plitələrin qarşılıqlı təsiri, qırılma xətlərinin mövcudluğu və geoloji qatların hərəkəti seysmik aktivliyin əsas səbəblərindən hesab olunur. Bu baxımdan bir gün ərzində bir neçə zəlzələnin qeydə alınması qeyri-adi görünsə də, əslində regionun təbii geodinamik xüsusiyyətlərinin təzahürü kimi qiymətləndirilir. Bununla belə, ardıcıl yeraltı təkanlar cəmiyyətdə müəyyən narahatlıq yaradır. İnsanlar belə halların daha güclü zəlzələlərin xəbərçisi olub-olmaması ilə maraqlanır, mümkün risklər və təhlükəsizlik məsələləri gündəmə gəlir. Xüsusilə sahilyanı ərazilərdə yaşayan əhali üçün bu cür xəbərlər həssaslıqla qarşılanır. Bu isə bir daha göstərir ki, seysmik hadisələrin yalnız elmi deyil, həm də sosial-psixoloji tərəfi mövcuddur. Digər tərəfdən, qeyd olunan zəlzələlərin maqnitudasının nisbətən aşağı olması onların dağıdıcı xarakter daşımadığını göstərir. Lakin bu cür zəif və orta güclü təkanların belə ardıcıl şəkildə baş verməsi alimlər üçün mühüm müşahidə materialı hesab olunur. Bu məlumatlar yer qabığının davranışını öyrənmək, gələcək riskləri qiymətləndirmək və seysmik xəritələşdirməni daha dəqiq aparmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev Olaylar.az-a bildirib ki, Xəzərin səviyyəsinin enməsi ilə seysmik aktivlik arasında birbaşa və güclü elmi əlaqə sübut olunmayıb. Lakin müəyyən təsir ehtimalı nəzəri baxımdan mövcuddur:

"Bu məsələ elmi dairələrdə tam inkar edilmir, lakin hazırkı mərhələdə onu təsdiqləyəcək kifayət qədər empirik və uzunmüddətli müşahidələrə əsaslanan nəticələr də mövcud deyil. Yəni, burada söhbət daha çox ehtimal və nəzəri modellərdən gedir, praktik olaraq isə bu əlaqə hələ də mübahisəli olaraq qalır. Belə ki, Xəzər dənizinin səviyyəsi əsasən iqlim amilləri və çay axınları ilə tənzimlənir. Xüsusilə Volqa, Ural və digər böyük çayların gətirdiyi su həcmi, həmçinin buxarlanma səviyyəsi və yağıntı rejimi Xəzərin səviyyəsinə birbaşa təsir edən əsas faktorlar hesab olunur. İqlim dəyişiklikləri fonunda bu göstəricilərdə baş verən dəyişikliklər dənizin səviyyəsinin qalxması və ya enməsi ilə nəticələnir. Seysmik aktivlik isə əsasən tektonik proseslərlə, yəni yer qabığının hərəkəti ilə bağlıdır. Yer qabığında baş verən gərginliklərin yığılması və boşalması nəticəsində zəlzələlər meydana gəlir və bu proseslər daha çox dərin geodinamik mexanizmlərlə bağlıdır. Buna baxmayaraq, nəzəri yanaşmaya görə, su kütləsinin azalması dəniz dibinə düşən təzyiqi azaldır. Bu isə qırılma zonalarında gərginlik balansına çox cüzi təsir göstərə bilər. Yəni, suyun çəkisi azaldıqca yer qabığının üzərindəki yük bir qədər azalır və bu da müəyyən hallarda tektonik blokların davranışına mikro səviyyədə təsir edə bilər. Bu proses elmdə izostatik tənzimlənmə kimi tanınır. İzostaziya prinsipi Yer qabığının müxtəlif hissələrinin yüklənmə və boşalma şəraitinə uyğun olaraq tarazlıq vəziyyətini dəyişməsini izah edir. Məsələn, buzlaqların əriməsi və ya böyük su hövzələrinin səviyyəsinin dəyişməsi nəticəsində yer qabığında müəyyən yüksəlmə və ya çökmə prosesləri müşahidə oluna bilər. Xəzər dənizi kimi iri su hövzələrində də nəzəri olaraq bu cür mexanizmlərin zəif formada təsiri mümkündür. Bu təsirin miqyası isə olduqca kiçik hesab olunur və birbaşa zəlzələ yaradan əsas faktor kimi qiymətləndirilmir. Daha çox əlavə, ikinci dərəcəli təsir kimi nəzərdən keçirilir. Yəni, əgər bir qırılma zonasında onsuz da yüksək gərginlik yığılmışsa, bu cür əlavə amillər həmin gərginliyin boşalma vaxtına çox kiçik təsir göstərə bilər, lakin müstəqil şəkildə zəlzələ yaratmaq gücündə deyil.

Seysmoloq qeyd edib ki, 3.1-3.8 maqnitudalı zəlzələlər üçün dəniz dibinin relyefində ciddi dəyişiklik gözlənilmir. Yəni bu təkanlar o qədər güclü deyil ki, dəniz dibinin quruluşuna əhəmiyyətli təsir etsin. Bu tip zəif və orta zəif zəlzələlər əsasən lokal səviyyədə enerjinin boşalması ilə nəticələnir və genişmiqyaslı geoloji dəyişikliklər yaratmır. Lakin ardıcıl zəlzələlərin baş verməsi geodinamik baxımdan müəyyən aktivliyin göstəricisidir. Bu, həmin ərazidə tektonik gərginliyin mövcud olduğunu və müəyyən mərhələlərlə boşaldığını göstərir. Bu hal seysmologiyada bəzən "seysmik fırtına" kimi də xarakterizə olunur. Yəni müəyyən zaman kəsiyində eyni və ya yaxın ərazilərdə çoxsaylı kiçik və orta güclü zəlzələlərin qeydə alınması bu terminlə izah olunur. Bu, klassik mənada yalnız bir əsas zəlzələnin və onun ardınca gələn afterşokların olması modelindən fərqlənir. Burada müxtəlif ocaqlarda paralel və ya ardıcıl şəkildə baş verən təkanlar müşahidə olunur.

"Dəniz cərəyanlarına gəldikdə isə, bu cür zəif təkanlar onların istiqamətini prinsipial şəkildə dəyişmir. Xəzər dənizində cərəyanların formalaşması əsasən külək rejimi, temperatur fərqləri, suyun duzluluq səviyyəsi və ümumi hidrodinamik proseslərlə bağlıdır. Zəif zəlzələlər bu sistemə ciddi təsir göstərə bilmir. Yalnız çox güclü zəlzələlər və ya sualtı sürüşmələr hidrodinamik proseslərə təsir göstərə bilər. Belə hallarda lokal dalğalanmalar, suyun kütləvi hərəkəti və hətta bəzi ekstremal hallarda sualtı sürüşmələr nəticəsində mini sunami tipli hadisələr baş verə bilər. Lakin qeyd olunan maqnitudalı zəlzələlər üçün bu cür ssenarilər real hesab olunmur", - deyə Q. Babayev əlavə edib.

Bəs ardıcıl baş verən yeraltı təkanlar Xəzərin flora və faunasına necə təsir edir? Bu cür zəlzələlərin ətraf mühit və insanlar üçün dolayı və ya birbaşa təsirləri varmı?

Belə hallarda qısa müddətli stres reaksiyası müşahidə oluna bilər. Məsələn, bəzi balıq növlərinin və ya digər su canlılarının davranışında müvəqqəti dəyişikliklər qeydə alına bilər. Bu, daha çox vibrasiya və akustik təsirlərlə bağlı ola bilər. Lakin uzunmüddətli və ya genişmiqyaslı ekoloji təsirlər üçün daha güclü və davamlı geofiziki hadisələr tələb olunur. İnsanlar və ətraf mühit üçün isə bu tip zəlzələlər birbaşa təhlükə yaratmır. Çünki maqnitudaları aşağıdır və əsasən 25-35 km dərinlikdə baş verir. Dərinlik amili burada mühüm rol oynayır, çünki daha dərin ocaqlarda baş verən zəlzələlərin yer səthinə təsiri xeyli zəifləyir. Bununla belə, psixoloji təsirlər mümkündür - xüsusilə də media və sosial şəbəkələrdə yayılan məlumatların təsiri ilə insanlar arasında narahatlıq yarana bilər. İnformasiya axınının sürətli olduğu müasir dövrdə bəzən kiçik təkanlar belə şişirdilərək təqdim oluna bilər və bu da cəmiyyətdə əsassız təşviş yarada bilər. Amma panikaya ehtiyac yoxdur, bu, normal geodinamik prosesdir.  Azərbaycanda dağıdıcı zəlzələlər nadir hallarda baş verir. Regionun seysmikliyi mövcud olsa da, bu, daha çox orta və zəif maqnitudalı təkanlarla xarakterizə olunur. Neft-qaz infrastrukturu baxımından risk daha çox yüksək maqnitudalı zəlzələlər zamanı artır. Xəzər hövzəsində yerləşən platformalar, boru xətləri və digər mühəndis qurğular layihələndirilərkən seysmik risklər nəzərə alınır və müəyyən təhlükəsizlik standartlarına uyğun inşa edilir. Hazırda müşahidə olunan zəif təkanlarda əsas diqqət çəkən məqam onların ardıcıl baş verməsidir.

Seysmoloqun sözlərinə görə, ardıcıl zəlzələlər onu göstərir ki, aktiv qırılma zonasında yığılan gərginlik tədricən boşalır. Bu, bəzən müsbət hal kimi də qiymətləndirilir, çünki enerjinin tədricən boşalması daha güclü və dağıdıcı zəlzələnin ehtimalını azalda bilər. Lakin bu, hər zaman belə olacaq demək deyil və hər bir seysmik zona özünəməxsus xüsusiyyətlərə malikdir. Xəzər dənizi regionu geoloji və tektonik baxımdan çox mürəkkəbdir. Bu ərazi Alp-Himalay seysmik qurşağının bir hissəsi hesab olunur və burada müxtəlif tektonik plitələrin qarşılıqlı təsiri müşahidə olunur. Burada müxtəlif dərinliklərdə yerləşən çoxsaylı qırılma zonaları və seysmik ocaqlar mövcuddur. Bu qırılmaların bəziləri aktiv, bəziləri isə nisbətən passiv vəziyyətdədir, lakin ümumi geodinamik mühit kifayət qədər mürəkkəbdir. Bu səbəbdən, əgər bir neçə ocaq eyni vaxtda aktivləşirsə, qonşu qırılma zonalarında da hərəkətlənmə baş verə bilər. Bu, bir növ zəncirvari reaksiya kimi izah oluna bilər, lakin bu proses də tam şəkildə öyrənilmiş və bütün hallarda eyni cür işləyən mexanizm deyil. Nəticədə bu proses "seysmik fırtına" xarakteri ala bilər. Qeyd edək ki, afterşoklar (əsas zəlzələdən sonra baş verən təkanlar) bəzən yüzlərlə sayda ola bilər. Bu, tamamilə normal haldır və seysmik proseslərin təbii davamı hesab olunur. Eyni zamanda, paralel olaraq başqa bir ocaqda baş verən təkan isə müstəqil seysmik hadisə hesab olunur. Yəni bütün ardıcıl təkanlar mütləq şəkildə bir əsas zəlzələnin davamı deyil. Bütün bu proseslər birlikdə müşahidə edildikdə, ümumi mənzərə sanki "seysmik fırtına" kimi görünə bilər. Bu isə həm elmi baxımdan maraqlı tədqiqat mövzusu, həm də ictimaiyyət üçün diqqət çəkən bir hadisə olaraq qalır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31