Mərkəzdən qaçış: Sosial-iqtisadi təzyiqlər miqrasiya marşrutunu dəyişə bilərmi?
18:07 SosialSon illərdə urbanizasiya prosesinin sürətlənməsi ilə böyük şəhərlər, xüsusilə Bakı, ölkədaxili miqrasiyanın əsas mərkəzinə çevrilmişdi. Lakin indi müşahidə olunan yeni tendensiya bu axının istiqamətinin dəyişə biləcəyini göstərir. Getdikcə artan yaşayış xərcləri, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş nəqliyyat sıxlığı və intensiv şəhər ritminin yaratdığı psixoloji gərginlik artıq bir çox insan üçün şəhər həyatını əvvəlki qədər cəlbedici etmir. Bu reallıqlar fonunda kənd həyatına marağın yenidən artması təsadüfi deyil. Daha sakit mühit, təbii şəraitə yaxınlıq və nisbətən aşağı yaşayış xərcləri kəndləri alternativ yaşam məkanı kimi yenidən aktuallaşdırır. Ekspertlər hesab edir ki, əgər mövcud sosial-iqtisadi və ekoloji problemlər davam edərsə, yaxın illərdə böyük şəhərlərdən kəndlərə doğru müəyyən kütləvi qayıdış dalğası müşahidə oluna bilər. Bu isə təkcə yaşayış yerlərinin dəyişməsi deyil, həm də ölkənin demoqrafik, iqtisadi və sosial strukturunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Olaylar.az-a danışıb. Ekspert bildirib ki, hazırda insanların şəhərlərdən eyni intensivliklə kəndlərə qayıtması bir qədər çətin görünür və bu tendensiyanın qarşısında duran səbəblər həm iqtisadi, həm sosial, həm də infrastruktur xarakterlidir. Əsas səbəblərdən biri kənd yerlərində iş imkanlarının məhdud olmasıdır. Şəhərlərdə geniş yayılmış ofis işləri, sənaye müəssisələri, xidmət sektoru, texnologiya sahələri və müxtəlif peşə istiqamətləri kəndlərdə ya ümumiyyətlə yoxdur, ya da çox zəif inkişaf edib. Bu isə xüsusilə gənclərin və peşəkar kadrların kəndə qayıtmaq qərarını çətinləşdirir. İnsanlar yalnız yaşayış üçün deyil, həm də sabit gəlir, karyera inkişafı və sosial təminat üçün şəhərlərə üz tutur və bu ehtiyaclar kənd yerlərində tam şəkildə qarşılanmadığı üçün geri dönüş kütləvi xarakter almır. Bununla yanaşı, kənd infrastrukturu da mühüm məhdudlaşdırıcı faktorlardan biridir. Yol şəbəkəsinin keyfiyyəti, ictimai nəqliyyatın əlçatanlığı, internet və kommunikasiya imkanları, səhiyyə və təhsil xidmətlərinin səviyyəsi hələ də bir çox hallarda şəhərlərlə müqayisədə geri qalır. Xüsusilə təhsil və tibb sahəsində fərq daha qabarıq hiss olunur - valideynlər uşaqlarının keyfiyyətli təhsil almasını, ailə üzvlərinin isə operativ və peşəkar tibbi xidmətə çıxışını təmin etmək üçün şəhərdə qalmağa üstünlük verirlər. Bu faktorlar kəndə qayıdışı yalnız iqtisadi deyil, həm də sosial baxımdan riskli və qeyri-cəlbedici edir.
İqtisadçı əlavə edib ki, müəyyən qrup insanlar üçün kəndə qayıdış yenə də alternativ kimi qalır. Xüsusilə ailəli şəxslər, şəhər həyatının yüksək xərclərindən yorulanlar, daha sakit və təhlükəsiz mühit axtaranlar, eləcə də kənddə torpaq və ya evə sahib olanlar üçün bu seçim daha real görünə bilər. Şəhərlərdə mənzil qiymətlərinin bahalaşması, gündəlik həyat xərclərinin artması, sıxlıq, ekoloji problemlər və bəzən təbii fəlakətlər (məsələn, subasmalar) insanları alternativ yaşayış məkanları haqqında düşünməyə vadar edir. Bu baxımdan kəndlər müəyyən dərəcədə "təhlükəsiz zona" və ya daha sadə həyat modeli kimi qəbul edilə bilər. Lakin bu qayıdışın miqyası məhdud qalır və ümumi daxili miqrasiya balansını köklü şəkildə dəyişmək üçün kifayət etmir. Yəni kəndlərə qayıdanların sayı artsa belə, bu proses şəhərlərdə əhali sayının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmır. Əksinə, şəhərlər hələ də iqtisadi və sosial cazibə mərkəzi olaraq qalır və yeni iş imkanları, təhsil perspektivləri və həyat standartları baxımından üstün mövqedədir. İqtisadi baxımdan isə belə qismən qayıdışın təsirləri daha çox qarışıq və çoxşaxəlidir. Bir tərəfdən, kəndlərdə əhalinin artması yerli bazarlarda tələbatı yüksəldir. Bu, kənd təsərrüfatı məhsullarına marağın artmasına, yerli istehsalın genişlənməsinə və kiçik bizneslərin yaranmasına təkan verə bilər. Məsələn, ailə tipli təsərrüfatlar, kənd turizmi, kiçik emal müəssisələri və xidmət sahələri inkişaf edə bilər. Bu da kənd iqtisadiyyatının canlanmasına və müəyyən qədər dayanıqlı gəlir mənbələrinin formalaşmasına səbəb ola bilər. Digər tərəfdən, şəhərlərdə əmək bazasında müəyyən dəyişikliklər yarana bilər. Əgər müəyyən sayda işçi qüvvəsi kəndlərə yönələrsə, bəzi sahələrdə - xüsusilə xidmət sektorunda - işçi çatışmazlığı yarana bilər. Bu isə əməkhaqlarının artmasına, xidmətlərin bahalaşmasına və ümumi qiymət səviyyəsinin yüksəlməsinə təsir göstərə bilər. Eyni zamanda, şəhərlərdə bəzi sahələrdə iş yükü artaraq mövcud işçilər üzərində əlavə təzyiq yarada bilər. Kəndlərə qayıdan insanlar üçün isə yeni problemlər də ortaya çıxa bilər. İnfrastrukturun yetərli səviyyədə olmaması səbəbindən əlavə xərclər qaçılmaz olur - məsələn, fərdi nəqliyyat vasitəsinə ehtiyac, alternativ enerji və ya su təminatı, təhsil və səhiyyə üçün əlavə məsrəflər və s. Bu isə bəzi hallarda kənd həyatının gözlənildiyi qədər ucuz olmadığını göstərir. Üstəlik, şəhər həyatına öyrəşmiş insanlar üçün kənd mühitinə adaptasiya prosesi də psixoloji və sosial baxımdan çətinliklər yarada bilər.
"Bütün bu amilləri nəzərə alaraq demək olar ki, kəndlərə qayıdış prosesi müəyyən sosial və iqtisadi dəyişikliklər yaratsa da, bu dəyişikliklər daha çox lokal və məhdud xarakter daşıyır. Bu tendensiya kəndlərin müəyyən qədər dirçəldilməsinə və regional inkişafın stimullaşdırılmasına töhfə verə bilər, lakin kütləvi miqrasiyanı tam tərsinə çevirmək, şəhərlərin dominant rolunu zəiflətmək və əhali strukturunda ciddi dəyişikliklər yaratmaq baxımından real görünmür. Şəhərlər yaxın gələcəkdə də əsas iqtisadi və sosial mərkəz olaraq qalacaq, kəndlər isə daha çox alternativ və tamamlayıcı yaşayış məkanı funksiyasını daşıyacaq", - deyə iqtisadçı ekspert vurğulayıb.
Mövzunu sosioloq Naib Niftəliyev də şərh edib. Sosioloq bildirib ki, böyük şəhərlərdən, xüsusən Bakıdan kəndlərə kütləvi qayıdış məsələsi hər zaman aktual problemlər sırasındadır. Təbii ki, belə qayıdış təkcə Bakı ilə məhdudlaşmır, müəyyən dərəcədə Gəncə və Sumqayıt kimi şəhərlərdən də bölgələrə doğru hərəkət müşahidə oluna bilər. Bu prosesin həm müsbət, həm də mənfi tərəfləri var. Bir tərəfdən, sənaye işçilərinin və ümumilikdə əhalinin böyük şəhərlərə axını urbanizasiyanın təbii və ayrılmaz hissəsidir. Şəhərlər ətrafında mərkəzləşmə iqtisadi inkişafın və sənaye fəaliyyətinin nəticəsi kimi formalaşır. Digər tərəfdən isə nəqliyyat sıxlığı məsələsi də əhalinin çoxluğu və şəhərlərdə mərkəzləşmə ilə qismən əlaqəlidir. Lakin düzgün planlaşdırma aparıldıqda, nəqliyyat infrastrukturu effektiv şəkildə qurulduqda bu problemin əhəmiyyətli dərəcədə həlli mümkündür. Yəni mövcud gərginliyin əsas səbəbi əhalinin çoxluğu deyil, daha çox nəqliyyat sisteminin düzgün qurulmaması və şəhər planlaşdırmasında yol verilən çatışmazlıqlardır. Eyni zamanda, şəhər infrastrukturu üçün ayrılan vəsaitlərin səmərəli istifadə olunmaması, bəzi hallarda korrupsiya səbəbindən itirilməsi də bu problemləri dərinləşdirir. Bu istiqamətdə müəyyən dövlət qurumlarında və vəzifəli şəxslər arasında məsuliyyət tədbirlərinin görüldüyü hallar da olmuşdur. Bu da göstərir ki, məsələ yalnız texniki deyil, eyni zamanda idarəetmə ilə bağlıdır. Subasma və digər fövqəladə hallar məsələsinə gəldikdə isə, bu problemlərin birbaşa əhali sıxlığı ilə əlaqəsi yoxdur. Məsələn, Bakı əhalisini nəzəri olaraq daha kiçik bir əraziyə toplamaq mümkün olardı, halbuki şəhərin ümumi sahəsi kifayət qədər genişdir. Bu baxımdan subasma problemlərinin səbəbi yağışın özü deyil, yağış sularına qarşı infrastrukturun düzgün qurulmaması və işlək vəziyyətdə olmamasıdır. Yəni problem təbii hadisədə deyil, həmin hadisələrə qarşı hazırlığın zəifliyindədir. Bu səbəbdən, əhali kəndlərə qayıtsa belə, infrastruktur problemləri avtomatik olaraq aradan qalxmayacaq. Hazırda doğrudan da bəzi insanlar kəndlərə qayıtmaq və ya orada əlavə yaşayış sahəsi əldə etmək istəyirlər. Şəhər əhalisinin bir hissəsi kəndlərdə ev tikir, torpaq alır və müəyyən mənada təbiətə yaxınlaşmağa, daha sağlam həyat tərzi qurmağa çalışır. Lakin bu, hələ kütləvi və davamlı köç demək deyil. Əsas məsələ ondan ibarətdir ki, kənddə insanların dolanışığı, iş imkanları, əmək fəaliyyəti və gündəlik həyat şəraiti təmin olunmalıdır. Bu şərtlər olmadan kütləvi qayıdış mümkün deyil. Məhz bu problemlər hələ də tam həll olunmadığı üçün kəndlərə genişmiqyaslı köç ehtimalı aşağı olaraq qalır.
Sosioloq əlavə edib ki, şəhər mühiti isə yalnız stress və sıxlıqdan ibarət deyil. Şəhər eyni zamanda sosial, mədəni və iqtisadi imkanların cəmləşdiyi məkandır. Şəhər həyatı özündə müəyyən mədəni yük daşıyır və bu baxımdan kənddən şəhərə gələn insanlar adətən şəhər mühitinə uyğunlaşa bilirlər. Kənd və şəhər mədəniyyətləri bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan sosial sistemlərdir. Hər iki mühitin özünəməxsus adət-ənənələri və yaşam tərzi mövcuddur. Məsələn, "Köhnə Bakı" və "Yeni Bakı" anlayışları da şəhər daxilində müxtəlif sosial və mədəni qatların mövcudluğunu göstərir. Sumqayıt isə nisbətən yeni və proqressiv şəhər kimi formalaşıb, özünəməxsus xüsusiyyətlərə malikdir və eyni zamanda ölkənin əsas sənaye mərkəzlərindən biridir. Gəncə də bu baxımdan mühüm əhəmiyyət kəsb edir - böyük şəhər olmaqla yanaşı, sənaye və iqtisadi fəaliyyətin cəmləşdiyi əsas bölgələrdən biridir və Azərbaycanın iqtisadiyyatında mühüm rol oynayır. Bu baxımdan şəhərlərdən kəndlərə qayıdış nə Azərbaycanın sosial-iqtisadi problemlərini köklü şəkildə həll edə bilər, nə də subasma kimi fövqəladə halların qarşısını ala bilər. Eyni zamanda, bu proses nəqliyyat sıxlığını və tıxacları da tam aradan qaldırmayacaq. Çünki avtomobil istifadəçilərinin böyük hissəsi orta və ya yüksək gəlirli təbəqəyə aiddir. Daha aşağı gəlirli insanların isə avtomobil imkanları məhduddur. Kəndlərdə yaşayan əhali isə ümumilikdə daha məhdud imkanlara malikdir. Onların bir hissəsi iş və təhsil məqsədilə şəhərlərə üz tutur və bu, urbanizasiyanın təbii nəticəsidir. Bu prosesi gerilik kimi qiymətləndirmək düzgün deyil. Eyni zamanda kənddə yaşamaq və işləmək də gerilik göstəricisi deyil. Azərbaycanın əhalisinin əhəmiyyətli hissəsi regionlarda yaşayır və bu, ölkənin sosial strukturunun normal tərkib hissəsidir.
"Rəsmi və qeyri-rəsmi məlumatlara görə, əhalinin təxminən 35-40 faizi Bakı və ətraf ərazilərdə cəmləşib. Bu da təbiidir, çünki ölkə iqtisadiyyatının əsas lokomotivi məhz Bakı və Abşeron yarımadasıdır. Burada yerləşən neft və enerji ehtiyatları tarix boyu Azərbaycanın iqtisadi inkişafında həlledici rol oynayıb. Bakı həm rəsmi paytaxt, həm də qeyri-rəsmi olaraq ölkənin əsas iqtisadi və infrastruktur mərkəzidir. Bu səbəbdən gənclərin kəndə gedərək daha rahat həyat quracağı və ya kənd həyatının şəhərdən daha üstün olduğu kimi yanaşmalar tam obyektiv deyil. Bu gün texnologiyanın inkişafı nəticəsində kənd və şəhər arasındakı fərqlər müəyyən qədər azalsa da, iş və karyera imkanları baxımından şəhərlər hələ də daha cəlbedicidir. Əgər kəndlərdə də eyni səviyyədə iqtisadi və sosial şərait yaradılsa, insanlar öz bizneslərini qura bilsə, müəyyən dərəcədə əks miqrasiya müşahidə oluna bilər. Lakin bunu genişmiqyaslı və davamlı proses kimi qiymətləndirmək düzgün deyil. Çünki mərkəzləşmənin üstünlükləri onun çatışmazlıqlarından daha çoxdur", - deyə sosioloq qeyd edib.
Ekspertin sözlərinə görə, bu problemlərin həlli əhalinin köçü ilə deyil, sosial və infrastruktur siyasətinin düzgün qurulması ilə bağlıdır. Sosial-proqnostik və profilaktik tədbirlərin həyata keçirilməsi, şəhər və kənd infrastrukturunun balanslı inkişafı, kanalizasiya və drenaj sistemlərinin düzgün qurulması, eləcə də fövqəladə hallara qarşı risklərin minimuma endirilməsi əsas prioritetlər olmalıdır. Yəni əsas məsələ istiqaməti düzgün müəyyənləşdirməkdir. Fövqəladə halların, yağışın və ya digər təbii hadisələrin kəndə və ya şəhərə miqrasiya ilə birbaşa əlaqəsi yoxdur. Bu amillər yalnız dolayı təsir göstərə bilər. Problemin həlli isə düzgün planlaşdırma, şəffaf idarəetmə və effektiv infrastruktur siyasətindən keçir.
Səidə Ramazanova