Virtual oyunlar və real risklər: uşaqlar haraya gedir?
18:11 SosialOyun insan həyatının ən qədim və təbii fəaliyyət formalarından biridir. Uşaq dünyaya gəldiyi andan etibarən ətraf mühiti məhz oyun vasitəsilə tanıyır, öyrənir və özünü ifadə etməyə başlayır. Məncə, oyun sadəcə vaxt keçirmək üçün bir vasitə deyil, eyni zamanda uşağın fiziki, emosional və sosial inkişafında mühüm rol oynayan bir mexanizmdir. Tarix boyu oyunlar uşaqların təxəyyülünü genişləndirib, onların ünsiyyət bacarıqlarını formalaşdırıb və cəmiyyətə uyğunlaşmasına yardım edib. Ənənəvi olaraq oyun anlayışı daha çox açıq havada, fiziki hərəkət və birbaşa ünsiyyət üzərində qurulurdu. Küçə oyunları, komanda şəklində oynanan fəaliyyətlər uşaqlara həm rəqabət, həm də əməkdaşlıq hissini öyrədirdi. Düşünürəm ki, bu tip oyunlar uşağın sosiallaşması baxımından əvəzolunmaz idi. Çünki uşaq bu prosesdə yalnız qalib gəlməyi deyil, eyni zamanda uduzmağı qəbul etməyi, paylaşmağı və başqaları ilə münasibət qurmağı öyrənirdi. Lakin zaman dəyişdikcə oyun anlayışı da dəyişdi. Texnologiyanın sürətli inkişafı ilə birlikdə oyunlar fiziki məkandan çıxaraq rəqəmsal platformalara daşındı. Bu gün uşaqların böyük bir hissəsi vaxtını planşet, telefon və kompüter ekranı qarşısında keçirir. Məncə, bu, müasir dövrün qaçılmaz reallığıdır. Çünki rəqəmsallaşma təkcə böyüklərin deyil, uşaqların da həyat tərzinə birbaşa təsir göstərir.
Müasir dövrdə oyunlar artıq təkcə əyləncə vasitəsi deyil. Onlar həm də öyrədici, inkişaf etdirici və bəzən də sosial mühit funksiyasını daşıyır. Bir çox rəqəmsal oyunlar uşaqlarda strateji düşüncə, problem həll etmə bacarığı və sürətli qərarvermə kimi qabiliyyətlərin formalaşmasına kömək edir. Düşünürəm ki, düzgün seçilmiş və nəzarətli şəkildə istifadə olunan oyunlar hətta təhsilə dəstək verən bir alətə çevrilə bilər. Eyni zamanda, son illərdə xüsusilə diqqət çəkən məqamlardan biri oyunların ünsiyyət platformasına çevrilməsidir. Artıq bir çox onlayn oyunlar istifadəçilərə yalnız oynamaq deyil, həm də digər insanlarla canlı səsli və yazılı şəkildə əlaqə qurmaq imkanı yaradır. Bu isə oyunu fərdi fəaliyyət çərçivəsindən çıxararaq kollektiv və sosial bir mühitə çevirir. Məncə, məhz bu dəyişiklik oyunların təsir dairəsini daha da genişləndirib. Bugünkü yeniyetmə üçün oyun sadəcə bir əyləncə vasitəsi deyil, həm də dostluqların qurulduğu, fikirlərin bölüşüldüyü, bəzən isə özünü ifadə etdiyi bir platformadır. Lakin bu məqamda suallar da yaranır: virtual mühitdə qurulan bu ünsiyyət nə dərəcədə təhlükəsizdir? Uşaqların virtual oyunlarda sosiallaşması cəmiyyət baxımından hansı dəyişikliklərə səbəb olur? Bu platformalar real ünsiyyət mədəniyyətini zəiflədir, yoxsa yeni bir forma yaradır? Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Olaylar.az-a açıqlama verib:
" Çox təəssüf ki, son dövrlərin ən təhlükəli tendensiyalarından biri budur. Bu, qlobal bir problemdir və nəticələri özünü daha çox göstərir, mənfi tərəfdən təbii ki. Son 20 ilə yaxındır ki, biz bu barədə danışırıq, yazırıq, həyəcan təbili çalırıq ki, bu, uşaqların psixologiyasına çox sarsıdıcı təsir göstərir. Kompüter oyunları, virtual oyunlar-bunların çox böyük əksəriyyəti həddən artıq aqressiv, vəhşiləşmiş formada olur. Uşaqlar fərqinə varmadan oyunda məqsədə nail olmaq üçün adam öldürür, qan tökür, şəhərləri dağıdır, hər cür vəhşilik törədirlər. Eyni zamanda bu, psixoloji narkomaniyadır. Bu kimi oyunlar elə proqramlaşdırılır ki, alqoritmlərlə uşaqları daimi asılı vəziyyətdə saxlayır. Növbəti mərhələlər, maraqlı proseslər uşaqları daim oyunda saxlamaq üçün təşkil olunub. Beləcə, uşaqların psixologiyasını tamamilə mənfi istiqamətdə formalaşdırır, gözlərini zədələyir, real ünsiyyətdən uzaqlaşdırır. Bu, tərbiyəni pozur, dərslərdən, fiziki fəaliyyətlərdən, idmandan uzaqlaşdırır. Qısaca desək, bu oyunlar və sistemlər insanları zombiyə çevirmək üçün uşaqlıqdan tətbiq olunan xüsusi proqramlardır. Artıq bir çox ölkələrdə bunun fərqinə varıblar və buna qarşı mübarizə aparılır. Bəzi ölkələrdə 18 yaşa qədər şəxslərin sosial şəbəkələrə girişi tamamilə qadağan edilib, internetdə məhdudiyyətlər tətbiq olunub. Bir çox ölkələrdə zərərli oyunlar dövriyyədən çıxarılıb. Yalnız müsbət ruhlu, öyrədici, inkişaf etdirici, konstruktor və intellektual oyunlardan istifadə edilə bilər. Onların da zaman məhdudiyyəti olmalıdır. Çox təəssüf ki, bizim cəmiyyətdə bu məsələyə yanaşma sıfır səviyyəsindədir. Heç kim buna ciddi münasibət göstərmir. Valideynlər öz rahatlıqları üçün uşaqları saatlarla, günlərlə kompüter və televizor qarşısında buraxırlar. Kompüter klublarda da bu proses uzun illərdir davam edir. Nəticə ortadadır: uşaqların psixologiyası və sağlamlığı pozulur, tərbiyəsi, təhsilə marağı, insanlarla ünsiyyəti və mədəni səviyyəsi zəifləyir. Bu, məktəblərdə, evlərdə, həyatda açıq görünür. Belə bir təhlükə mövcud ikən, heç kimin maraq göstərməməsi çox təəssüf doğurur. Elmi fakt olaraq sübut olunub ki, uşaqlar üçün nəzərdə tutulmuş oyunlar, multfilmlər və videomateriallar subliminal mesajlarla doludur. Bu, məqsədli şəkildə insanların psixologiyasını dəyişdirmək və yönləndirmək üçün tətbiq edilir. Sosioloji tədqiqatlar bunu da təsdiqləyir. Amma bizim cəmiyyətdə heç kimin marağı yoxdur-nə valideynlər, nə müvafiq qurumlar bu barədə ciddi tədbir görmür. Prosesin nəticəsi açıqdır və yaxın 5-10 ildə faciəli vəziyyət yarana bilər. Bu səbəbdən xüsusi bir təşkilat və ya dövlət orqanı yaradılmalı, məsələyə ciddi nəzarət tətbiq olunmalıdır. Qadağalar və məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Konstitusiyasında və qanunlarda açıq göstərilir ki, uşaqların mənəvi, psixi və fiziki sağlamlığına zərər vuran fəaliyyətlər aradan qaldırılmalıdır. Valideynlər bunun təminatçısıdır, əgər yerinə yetirmirlərsə, sərt şəkildə məsuliyyətə cəlb olunmalıdır. Öz uşağını məqsədli şəkildə məhv etməyə çalışan valideyn gələcək cəmiyyətə terrorçu, cinayətkar və qatil yetişdirir.
Cəmiyyətin özü bu məsələdə çox şey edə bilməz, dövlətə etibar olunmalıdır. Son vaxtlar bu istiqamətdə ciddi işlər görülür: televiziyadakı verilişlərin nəzarət altına alınması, zərərli yayımların dayandırılması, sosial şəbəkələrdə məhdudiyyətlər və bəzi şəxslərin məsuliyyətə cəlb olunması. Bunlar təqdirəlayiq addımlardır, lakin kifayət deyil, daha ciddi nəzarət olmalıdır. Əks halda, biz təhlükəli bir gələcək gözləyirik. Dünyada aparılan sosial tədqiqatlar, kriminal statistika göstərir ki, uşaq kriminalı artır, uşaqlar aqressivləşir, intiharlar və qətillər çoxalır. Bu, həm psixoloji, həm də fiziki problemlər yaradır. Həkimlər də bunun nəticələrini təsdiqləyir. Bu qədər böyük təhlükənin qarşısında təəssüf ki, ciddi yanaşma yoxdur. Mən inanıram ki, Azərbaycan dövləti sağlam cəmiyyətin qurulması üçün fəaliyyətini artıracaq. Daha ciddi tədbirlər görülməlidir: həm evlərdə, həm məktəblərdə uşaqların mənəvi və fiziki sağlamlığı qorunmalıdır. Valideynlər buna borcludur və onları zərərli təsirlərdən qorumaq vacibdir.
Eyni zamanda internet məkanı üzərində texniki üsullarla platformaların bloklanması, kompüter qruplarındakı oyunların analizi və zərərli oyunların dövriyyədən çıxarılması vacibdir. Bu kimi üsullar bir çox ölkələrdə artıq tətbiq olunur və bizdə də buna ehtiyac var. Bu, mütləq zəruridir. Biz artıq gecikmişik, amma bu gün tədbir görməsək, yaxın gələcəkdə çox təhlükəli vəziyyətlə üzləşəcəyik".
Beləliklə, virtual oyunların uşaqların həyatında rolu getdikcə artır və bu sahədə yaranan risklər də paralel şəkildə diqqət mərkəzinə çıxır. Mütəxəssislərin fikirləri göstərir ki, rəqəmsal mühitin nəzarətsiz istifadəsi uşaqların psixoloji, sosial və fiziki inkişafına mənfi təsir göstərə bilər. Eyni zamanda, düzgün seçilmiş və məhdud şəkildə istifadə olunan oyunların müəyyən müsbət tərəfləri də mövcuddur. Məsələ ilə bağlı əsas məsuliyyət həm valideynlərin, həm təhsil mühitinin, həm də müvafiq qurumların üzərinə düşür. Uşaqların rəqəmsal platformalarda keçirdiyi vaxtın tənzimlənməsi, məzmunun nəzarətdə saxlanılması və alternativ fəaliyyətlərin təşviqi bu istiqamətdə vacib amillər kimi qeyd olunur. Bu istiqamətdə atılacaq addımlar cəmiyyətin gələcək sosial və psixoloji mənzərəsinin formalaşmasında mühüm rol oynayacaq.
Zeynəb Mustafazadə