İmthanlar məqsədli şəkildə çətin təşkil edilir
14:41 SosialTəhsil niyə imtahana xidmət etməlidir?
Məktəbdə təhsil ona görə verilir ki, gənc nəsil nəsə öyrənsin, bilik əldə etsin, düşünmə bacarıqları formalaşsın, savadlı və mədəni insan kimi yetişsin. Lakin bu gün ölkəmizdə elə bir vəziyyət yaranıb ki, sanki məktəbdə təhsil ona görə verilir ki, şagird 11 ilin sonunda Dövlət İmtahan Mərkəzinin qəbul imtahanından keçə bilsin. Başqa sözlə, biz həyati bacarıqlar qazanan, biliyi əldə edən, özümüzü ifadə edən, dünyaya faydalı olan insan yetişdirmək üçün yox, imtahan etmək üçün dərs keçirik.
Bu yanaşma nəticəsində müasir kurikulumun əsas fəlsəfəsi olan təfəkkür yönümlü, yəni bacarıq və səriştə əsaslı təhsil modeli faktiki olaraq arxa plana keçir və onun yerini yenidən informasiya yüklü, yaddaş yönümlü təhsil alır. Beləliklə, təhsilin məqsədi şagirdin intellektual inkişafı deyil, 700 ballıq qəbul yarışında nəticə göstərmək olur. Nəticədə bir məktəbin, bir müəllimin fəaliyyətinin əsas göstəricisi də məhz bu bal sistemi ilə ölçülməyə başlayır.
Kurikulum fəlsəfəsi və 700 ballıq yarış
Əslində isə institusional baxımdan funksiyalar aydındır. Elm və Təhsil Nazirliyinin əsas vəzifəsi "Təhsil haqqında" qanuna və təsdiqlənmiş kurikulum sənədlərinə əsaslanaraq ümumi təhsilin məzmununu formalaşdırmaq və məktəblərdə tədrisin həyata keçirilməsini təmin etməkdir. Dövlət İmtahan Mərkəzinin funksiyası isə ali məktəblərə və dövlət qurumlarına qəbul üçün zəruri olan akademik bilik və kompetensiyaların ölçülməsi, yəni qiymətləndirmə prosesinin təşkili, imtahan verənlərin bilik və bacarıqlarına uyğun olaraq ədalətli qəbul prosesinin təşkili olmalıdır.
Lakin müşahidə olunan odur ki, Dövlət İmtahan Mərkəzi yalnız qiymətləndirmə institutu kimi fəaliyyət göstərməklə kifayətlənmir. İmtahanlara hazırlaşan abituriyentlər üçün müxtəlif dərs vəsaitləri, test topluları, siniflər üzrə iş dəftərləri və qiymətləndirmə materialları hazırlayıb çap edir və faktiki olaraq bu sahədə təhsil siyasətinə təsir edən yeni bir təhsilverən struktur kimi çıxış edir, həmçinin nəşriyyat fəaliyyəti də həyata keçirir. Bu isə təhsil sistemində funksional sərhədlərin qarışmasına və institusional ikitirəliyin yaranmasına səbəb olur. Bu da DİM-in uzun illər qazandığı nüfuza xələl gətirir, çünki DİM öz maraqlarını güdən tərəf kimi görünməyə başlayır.
Təhsildə funksional sərhədlərin qarışması
Belə bir şəraitdə məktəbdə çalışan müəllim də kurikulumda əsas istiqamət kimi müəyyən edilən həyati bacarıqlara və kompetensiyalara yönəlmiş dərs modelindən uzaqlaşaraq daha çox qəbul imtahanında istifadə olunan ölçmə formatına uyğun dərs keçməyə məcbur qalır. Sinifdə analitik düşüncə və problem həlli bacarıqlarını inkişaf etdirən fəaliyyətlər əvəzinə test tapşırıqları yazdırmaq və imtahan modellərini məşq etdirmək prioritetə çevrilir.
Digər tərəfdən, Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər, dərsliklərdəki tapşırıqlar bu imtahan formatına tam uyğun gəlmir. Çünki qəbul imtahanlarını keçirən qurum, yəni Dövlət İmtahan Mərkəzi hər il müxtəlif metodik jurnallar, proqramlar nəşr edir və həmin sənədlərdə imtahana düşəcək mövzular və sual modelləri elan edilir. Müəllimlər də dərslikləri kənara qoyub bu prosesi izləməli olur. Bu praktika hələ 1990-cı illərdən formalaşıb və bu gün də faktiki olaraq qəbul imtahanı təhsilin istiqamətini müəyyən edən əsas faktora çevrilib. Ki bu çox yanlışdır, təhsilin istiqamətini qiymətləndirmə yox, məzmun formalaşdırmalıdır!
Burada xüsusi qeyd etmək lazımdır ki, imtahan suallarının məzmunu dərsliklərdən kənar deyil, suallarda soruşulan faktların hər biri tədris olunur, sadəcə suala yanaşma, problem həll etmə forması, analitik düşünmə, mətn təhlili və s. kimi proseslər təhsildə bir cür, imtahanda başqa cür qarşımıza çıxır.
Repetitorluğun genişlənməsinin səbəbi
Məhz buna görə də ölkədə əlavə hazırlıq sistemi, repetitorluq bu qədər geniş yayılıb. Çünki kimsə hər il DİM-in proqramlarını izləməli, hansı mövzuların əlavə edildiyini və ya çıxarıldığını bilməli, hansı tip sualların düşəcəyini təhlil etməli və bunu şagirdə öyrətməlidir. Məktəbdə çalışan müəllimin isə buna əlavə vaxt ayırmaq imkanı məhduddur. Onun onsuz da ağır tədris proqramı, qiymətləndirmə öhdəlikləri və gündəlik pedaqoji fəaliyyəti var. Bu səbəbdən müəllim əlavə sərf etdiyi vaxtı ayrıca xidmət kimi təqdim edir ki, bu gün biz buna repetitorluq deyirik. Bunun nəticəsi isə cəmiyyət üçün əlavə maliyyə yükü, şagird və valideynlər üçün isə stress və psixoloji gərginlik yaradır.
Bu vəziyyət dövlət üçün də müəyyən mənada ikiqat maliyyə yükü yaradır və həmçinin dövlətin vətəndaş üçün gördüyü işlərin effektivliyinə kölgə sala bilir. Xüsusən, 10-11-ci sinif dərslikləri təəssüf ki, "hər zaman təzə kimi görünür", yəni bu dərsliklər hazırlıq proqramının ağırlığı altında istifadədən kənar qalır. Dövlətimiz öz vətəndaşına ödənişsiz təhsil və dərslik təqdim edir, lakin sonda həmin dərsliklər qəbul imtahanına tam uyğun gəlmədiyi üçün şagird yenidən vəsait xərcləyərək Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi kitabları alır və məktəblərdən yayınıb əlavə hazırlıq kurslarına, repetitorlara müraciət edir. Bu da belə bir mənzərə yaradır ki, dövlət bir qurumunda ödənişsiz yaratdığı şəraiti digər qurumunun əli ilə ödənişli hala gətirir. Yaxşı olardı ki, DİM-in abituriyentlər üçün vəsaitləri 10-11-ci sinif dərslikləri kimi nəşr edilib hazırkı dərsliklər əvəzinə məktəblilərə ödənişsiz verilsin. Burda dövlət də qazanır, vətəndaş da!
Digər tərəfdən, universitetlərə qəbul imtahanlarının yüksək çətinlik səviyyəsi bəzən belə bir təsəvvür yaradır ki, guya məktəblərdə verilən təhsil yetərli deyil. Buna görə də universitetlərə qəbul balı aşağı salınır və nəticədə 2-dən də aşağı qiymət səviyyəsinə uyğun nəticə göstərən şagirdlər (150 bal toplayanlar) universitetə qəbul edilir. Bu isə vətəndaşlarda təhsil sisteminin ümumi məntiqi ilə bağlı suallar doğurur və dövlətin səmimi niyyətinə kölgə salmış olur.
Təhsil sistemi gənclər üçünmü, imtahan üçünmü?
Əgər məqsəd yalnız obyektiv seçimdirsə, o zaman haqlı olaraq belə suallar yaranır: niyə hər il yeni sual modelləri elan olunur? Niyə qəbul proqramlarında tez-tez dəyişikliklər edilir və yeni jurnallar dərc olunur? Niyə qiymətləndirmə materiallarının nəşri qapalı bir institutun inhisarında olur? Dünyada belə bir praktikanın geniş yayılmış nümunəsini tapmaq çətindir ki, bu qədər önəmli funksiyanı həyata keçirən dövlət qurumu eyni zamanda bu sahənin nəşr biznesi ilə məşğul olsun. Bilmirəm, bəlkə də bu DİM-in publik hüquqi şəxs olmasından irəli gəlir, amma hər bir halda, yanlışdır. DİM üçün lazımi büdcə ayrılmalı, orada çalışan müəllimlər belə cəmiyyətlə bu qədər təmasda olmamalı, maraqlı tərəfə çevrilməməlidir.
Bu nəşrlər sistemi elə bir vəziyyət yaradıb ki, bir şagird ötən il istifadə etdiyi qəbul vəsaitlərini növbəti ilin məzunu olan bacı və ya qardaşına ötürə bilmir. Çünki hər il dəyişiklik edilir və "təkmilləşdirilmiş nəşr" adı ilə yeni kitablar çap olunur, valideyn də bunu almaq məcburiyyətində olur. Bütün bunlar isə bəzən qəbul imtahanının sanki təhsil sisteminin yeganə xilaskarı olduğu kimi təqdim edilməsinə gətirib çıxarır. Guya bu sistem olmasa, təhsil sistemi çökər, rüşvət və korrupsiya artar. Halbuki bu gün artıq 1990-cı illərin reallığında yaşamırıq. O dövr üçün bu model müəyyən mənada effektiv idi. Bu gün isə daha balanslı və təhsilin məntiqinə uyğun yeni modellər üzərində düşünməyə ehtiyac var.
Məncə, məktəbə bir qədər nəfəs almaq imkanı verilməlidir. Təhsil sistemi sadə, anlaşılan və funksional olmalıdır. Hazırkı model o qədər mürəkkəbləşib ki, bəzən onu izah etmək üçün belə əlavə izaha ehtiyac yaranır. Hətta bəzən belə bir təsəvvür yaranır ki, təhsil sistemində "izahsız variantı" Elm və Təhsil Nazirliyi, "izahlı variantı" isə Dövlət İmtahan Mərkəzi təqdim edir. Filmdə deyildiyi kimi, izahsız iki manat, izahlı üç manat...
Ən əsası isə bu sistemin əsas subyekti olan gəncləri düşünmək lazımdır. Onlar bu ölkənin gələcəyidir. Qəbul imtahanı ilə biz fövqəladə istedadlı "vunderkindlər" seçmirik. Biz sadəcə müəyyən peşələri öyrənmək istəyən gəncləri seçirik ki, onlar universitetdə oxusun, peşə qazansın və gələcəkdə həkim, müəllim, mühəndis kimi cəmiyyətə xidmət etsinlər. Bu gün isə bəzən elə bir vəziyyət yaranıb ki, tibb fakültəsinə hazırlaşan bir şagird kəllə sümüklərinin sayını travmatoloqdan daha dəqiq bilir, Azərbaycan dili üzrə hazırlaşan şagird isə bəzi hallarda qrammatik detalları müəllimdən daha dərindən əzbərləyir. Bu isə real bilik deyil, imtahan yönümlü memorativ öyrənmənin nəticəsidir.
Elə son buraxılış imtahandan sonra gənclərin narazılığı da müəyyən mənada bununla bağlıdır. Həyatın sürəti artır, insanlar daha rahat və stresssiz yaşamağa ehtiyac duyur. Bunun üzərinə təhsilin də əlavə stress mənbəyinə çevrilməsi həm şagirdləri, həm də valideynləri yorur.
Əslində isə məsələnin həlli o qədər də mürəkkəb deyil
Əgər bir şagird oxuyub-anlama bacarığına malikdirsə, məntiqi düşünə bilir və əsas akademik bilikləri ibtidai səviyyədə mənimsəyibsə, o zaman çox mürəkkəb və ağır imtahan mexanizminə ehtiyac qalmadan da şagirdləri fərqləndirib universitetlərə qəbul etmək mümkündür.
Məsələn, sualları sadələşdirib sistemi 3-5 il sabit saxlasaq və keçid balı 150 deyil, 300-400 olsa, nə dəyişər? Otuz ildir ki, bu sahədə çalışıram, abituriyentlər üçün ən çox oxunan kitabların müəlliflərindən biriyəm. Çox yaxşı bilirəm ki, istənilən sualı elə hazırlamaq olar ki, ən güclü şagird belə 3-5 sualı yaza bilməsin və ya əksəriyyət 50 faizdən yuxarı nəticə göstərsin. Kitabı qaza-qaza ən xırda detala qədər mübahisəli suallar hazırlamaqla biz gənclərin real potensialını ortaya çıxara bilmərik.
Şəmil Sadiq
filologiya üzrə fəlsəfə doktoru, dosent