Fitrə zəkatının məbləği ilə bağlı narazılıq: QMİ ilahiyyatçısı AYDINLIQ GƏTİRDİ
16:36 SosialMüqəddəs Ramazan ayını yaşayırıq. Bu müqəddəs ay müsəlmanlar üçün yalnız oruc tutmaqdan ibarət deyil - o, həm də mənəvi təmizlənmə, özünü islah və Allaha yaxınlaşmaq dövrüdür. Hər bir oruc tutan insan bu ayda ibadət və dualarla ruhunu təmizləyir, xeyirxah işlər görməyə çalışır.
Eyni zamanda, bu il təqvimdə maraqlı bir uyğunluq yaranıb: həm müqəddəs Ramazan ayı, həm də xalqımızın qədim və əziz bayramı Novruz eyni günlərə təsadüf edir. Ramazanda Novruzun qeyd olunması dini baxımdan doğru sayılıb-sayılmaması müzakirə edilir.
Daha bir müzakirə olunan məsələ yas məclislərində gündüz vaxtı ehsan süfrələrinin təşkili ilə bağlıdır. Bu ayda bu cür süfrələr açmaq nə dərəcədə məqsədəuyğundur? Bütün bunlarla bağlı ilahiyyatçı-alim, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev Musavat.com-un suallarını cavablayıb.
-Samid bəy, bu il Novruz bayramı ilə Ramazan ayı eyni günlərə təsadüf edir. Bəziləri qeyd edir ki, Ramazanda Novruz bayramı keçirmək günahdır. Sizin fikriniz necədir?
-Ramazan ayı ibadət, mənəvi saflaşma və özünü islah ayıdır. Ramazan müsəlman üçün xüsusi dəyərə malikdir. Novruz isə milli dəyərlərmizi özündə əks etdirən və hər bir azərbaycanlı üçün əziz bir bayramdır. Əgər Novruz və Ramazan bayramları üst-üstə düşərsə bunların birlikdə qeyd olunmasının heç bir qəbahəti yoxdur. Çünki İslamda hər hansınsa bir əməlin dinin əsas prinsiplərinə zidd elementlər ehtiva etmirsə və haram sayılan davranışlarla müşayiət olunmursa, o zaman onun icrası şəri baxımdan qadağan edilmir. Bu baxımdan Novruz daha çox mövsümi və milli-mədəni bayram kimi qiymətləndirilir, onun mahiyyəti təbiətin oyanışı, yeni ilin başlanğıcı, ailə birliyi və sosial həmrəylik kimi dəyərlərlə bağlıdır.
- Bəzən biz müşahidə edirik, Ramazan ayında yas məclislərində gündüz vaxtı ehsan süfrələri açılır. Bəs ehsan süfrələrinin açılması vəfat edən şəxsə savabdır, yoxsa günah?
-Ramazan ayı sübh azanından şam azanına kimi oruc tutan şəxslərin yemək və içməkdən çəkinməsi deməkdir. Ehsan süfrəsi də öz növbəsində dini və mənəvi dəyərləri ehtiva etdiyindən, bu ayda gündüz vaxtı ehsan verilməsi məqsədəuyğun hesab olunmur.
Bununla yanaşı, fiqhi ədəb baxımından Ramazanın hörmətini qorumaq mühümdür. Oruc tutan insanların qarşısında nümayişkaranə şəkildə yemək-içmək təşkil etmək uyğun davranış sayılmır.
Vəfat edən şəxs üçün yaxınları tərəfindən ehsan vermək onun üçün sədəqə savabı yazar. Bu ehsanı qeyd etdiyimiz kimi Ramazan ayında iftar vaxtı vermək daha məqbuldur.
- Yas məclislərindən söz düşmüşkən, dəbdəbəli məclislər bir çox bölgələrdə artıq ləğv edilir. Bakıda və ya digər şəhərlərdə niyə bu təbliğat zəifdir? Ümumiyyətlə, dinimizdə ehsan verilməsi məcburiyyəti varmı?
-Dəbdəbəli məclislər, israf və borca düşmək dinin ruhuna ziddir. Son illər bir çox bölgələrdə bu israfın azaldılması ilə bağlı atılan addımıar müsbət hal kimi qiymətləndirilir. Şəhərlərdə təbliğatın zəif görünməsi isə daha çox sosial vərdişlərlə bağlıdır. Dinimizdə dünyasını dəyişmiş şəxs üçün ehsan vermək məcburi deyil, bəyənilən əməllərdəndir.
- Bir neçə gün sonra ilk Qədr gecəsi olacaq. Qədr gecələrinin əhəmiyyəti nədir?
-Qədr gecələri Qurani-Kərimdə "min aydan xeyirli" gecə kimi qeyd olunur. Bu gecədə edilən ibadət, dua və tövbənin savabı qat-qat artıqdır. Qədr gecələri insanın mənəvi dönüş nöqtəsi ola bilər. Ona görə də müsəlmanlar bu gecələri ibadətlə keçirməyə xüsusi əhəmiyyət verirlər. Bu il Azərbaycan məscidlərində Qədr gecələri 8,10,12, 16 mart tarixlərində qeyd olunacaq.
- Bu il fitr zəkatının 10-15 manat müəyyən edilməsi müzakirələrə səbəb olub. Qeyd edilir ki, məbləğ çoxdur. Məbləğ nə qədər olmalıdır?
-Fitrə zəkatı hər bir imkanı çatan müsəlmanın Ramazan ayının sonunda verməli olduğu vacib əməldir. Onun miqdarı klassik fiqh qaynaqlarında əsas ərzaq məhsullarının (buğda, xurma və s.) müəyyən çəkisinə uyğun hesablanır. Müasir dövrdə isə bu bazar qiymətinə uyğun pul ekvivalenti ilə müəyyən edilir. Fitrə zəkatının bu il təyin olunan məbləği orta statistik ərzaq qiymətlərinə əsasən hesablanıb. Burada məqsəd kimisə çətin vəziyyətə salmaq deyil, sosial ədaləti və paylaşmanı təmin etməkdir. İmkanı az olan şəxslər göstərilən məbləğdən az, imkanı geniş olanlar daha çox verə bilər.