Regionu gözləyən təhlükə Azərbaycana da yaxınlaşır – Həyəcan təbili çalındı
10:43 SosialAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, hazırda su anbarlarımızda təxminən 16-17 milyard kubmetr su ehtiyatı mövcuddur. İllik su istehlakı isə 11-12 milyard kubmetr təşkil edir.
Azərbaycanda su tükənir? Bu istiqamətdə hansı tədbirlər görülür?
Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, həm Azərbaycanda, həm də dünyada su ehtiyatlarının azalması birbaşa və dolayısı ilə iqlim dəyişiklikləri ilə bağlıdır:
"Azərbaycan su baxımından riskli ölkələr sırasındadır. Bunun əsas səbəbi su ehtiyatlarının təxminən 70 faizinin sərhədlərimizdən kənarda formalaşmasıdır. Kür və Araz çaylarının hövzələri başlanğıcını qonşu ölkələrdən götürdüyü üçün su təminatımız xarici amillərdən asılıdır və bu da risk yaradır. Yağıntıların ölkə və region üzrə qeyri-bərabər paylanması, temperaturun artması və buxarlanmanın güclənməsi su ehtiyatlarının azalmasına təsir edir. Qlobal istiləşmə nəticəsində quraqlıq dövrləri uzanır. Əvvəllər qısa müddət davam edən mövsümi quraqlıqlar indi xüsusilə kənd təsərrüfatında suya tələbatın artdığı dövrlərə təsadüf edir və bu, su çatışmazlığını daha da kəskinləşdirir. Quraqlıqdan sonra yağıntıların qeyri-bərabər, intensiv düşməsi isə sellər və daşqınlarla nəticələnir. Bu suların böyük hissəsi toplanmadan axıb getdiyi üçün su ehtiyatlarının formalaşmasına ciddi töhfə vermir.
Eyni zamanda, artan temperatur su anbarlarında buxarlanma itkilərini çoxaldır. Son illərdə bəzi çaylarda orta illik axımın azalması da müşahidə olunur. Temperatur artımı davam edər və yağıntı rejimi dəyişməzsə, uzunmüddətli perspektivdə su balansı daha da gərginləşə bilər. Hazırda anbarlarda 16-17 milyard kubmetr su ehtiyatının olması illik istehlakdan bir qədər çoxdur. Bu, formal olaraq bir ildən bir az artıq müddət üçün kifayət edə bilər. Lakin bu o demək deyil ki, su istifadə olunduqca ehtiyat tam tükənəcək. Su ehtiyatları dinamik xarakter daşıyır və hər il çay axınlarından asılı olaraq yenilənir. Quraq illərdə daxilolmalar azalır, yağıntılı illərdə isə artır".
Ekoloq bildirib ki, Azərbaycanda su qıtlığı daha çox kənd təsərrüfatı sahəsində hiss olunur:
"İçməli sudan çox suvarma suyu ilə bağlı problemlər ön plana çıxır. Ehtiyatlar azaldıqca bu sahədə çətinliklər daha qabarıq görünə bilər. Mövcud su anbarlarının və kanalların bir hissəsi sovet dövründə inşa edilib və yenilənməyə ehtiyac duyur. Kanallarda su itkiləri yüksəkdir. Su qıtlığı ilə mübarizə planlarında bu infrastrukturun modernləşdirilməsi mühüm yer tutmalıdır. Problem suyun tam tükənməsi deyil, su çatışmazlığının regional və mövsümi xarakter almasıdır. Məsələyə bu şəkildə yanaşmaq daha düzgün olar.
Bu istiqamətdə müəyyən tədbirlər görülür. Yeni su anbarlarının və hidrotexniki qurğuların tikilməsi, o cümlədən Taxtakörpü və Şəmkirçay su anbarlarının inşası son illərin mühüm layihələrindəndir. Suvarma sistemlərinin yenilənməsi, beton kanalların qurulması bəzi regionlarda həyata keçirilir. Damcılı suvarma texnologiyalarının təşviqi və rəqəmsal su idarəetmə sistemlərinə keçid xüsusi əhəmiyyət daşıyır. Kür-Araz hövzəsi üzrə transsərhəd su əməkdaşlığı da vacib istiqamətdir".
Ekspertin sözlərinə görə, hazırda su itkilərinin azaldılması proqramları hazırlanır:
"Həmçinin Azərbaycan iqlim dəyişikliklərinə uyğunlaşma ilə bağlı beynəlxalq öhdəliklər çərçivəsində adaptasiya strategiyası hazırlayır. Bu istiqamətdə atılan addımlar qabaqlayıcı tədbir kimi əhəmiyyətlidir. Gələcək üçün ən real risk tam su tükənməsi deyil. Əsas təhlükə regional su qıtlığıdır. Bu, kənd təsərrüfatında məhsuldarlığın azalmasına və bəzi ərazilərdə mövsümi içməli su problemlərinə səbəb ola bilər. Lakin mövcud ehtiyatlar ölkə üzrə tam iflic vəziyyəti yaradacaq səviyyədə deyil. Buna baxmayaraq, indidən həyəcan siqnalı vermək və qabaqlayıcı tədbirləri gücləndirmək vacibdir".