Azərbaycan dilinin gələcəyi: Məcburi ibtidai təhsil çıxış yoludurmu?

"Hər bir uşaq ibtidai təhsilini Azərbaycan dilində alsın."

Bu fikri Milli Məclisin iclasında çıxışı zamanı millət vəkili Hikmət Babaoğlu səsləndirib. Deputat bildirib ki, ölkədə hansı dildə təhsil almasından asılı olmayaraq - istər rus, istərsə də ingilis bölməsində oxuyan şagirdlər üçün ibtidai təhsil mərhələsi mütləq şəkildə Azərbaycan dilində təşkil olunmalıdır.
Onun sözlərinə görə, söhbət xarici dillərin tədrisinin məhdudlaşdırılmasından deyil, ilkin təhsil bazasının ana dilində formalaşdırılmasından gedir. Hikmət Babaoğlu vurğulayıb ki, məhz ibtidai siniflərdə uşağın dünyagörüşü, düşüncə tərzi və fundamental bilikləri formalaşır və bu prosesin dövlət dilində aparılması həm pedaqoji, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır.
Millət vəkili hesab edir ki, bu yanaşma Azərbaycan dilinin qorunması və inkişafı üçün vacib addımlardan biri ola bilər. Onun fikrincə, dövlət dilinin mövqeyinin möhkəmləndirilməsi gələcək nəsillərin milli-mədəni dəyərlərə bağlılığının gücləndirilməsinə də xidmət edəcək.
Deputat qeyd edib ki, xarici dillərin öyrənilməsi zəruridir və bu istiqamətdə tədris davam etdirilməlidir. Lakin ibtidai təhsilin əsasının Azərbaycan dilində qurulması həm hüquqi baxımdan dövlət dilinin statusuna uyğundur, həm də uşaqların ana dilində sağlam akademik təməl əldə etməsinə şərait yaradır.

Azərbaycan dilində tətbiqi mümkündürmü? Bu proses necə aparıla bilər?

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Olaylar.az-a danışıb. Ekspert bildirib ki, millət vəkilinin səsləndirdiyi fikir əslində strateji məsələdir. Lakin belə qərarların həm hüquqi, həm pedaqoji, həm də sosial tərəfləri var. Məsələyə həddindən artıq emosional yox, realist yanaşmaq lazımdır. Ümumiyyətlə, bu məsələ praktik baxımdan mümkündürmü? Əslində mümkündür, amma birdən-birə yox. Azərbaycan Konstitusiyasına görə dövlət dili Azərbaycan dilidir - bu, 21-ci maddədə qeyd olunub. Eyni zamanda ölkədə rus və ingilis bölmələri fəaliyyət göstərir və valideynlərin seçim hüququ var. Əgər hər hansı qərar tətbiq ediləcəksə, bu mərhələli şəkildə həyata keçirilməlidir. Məsələn, keçid dövrü üçün 3-5 il vaxt lazım ola bilər. Hazırda şagirdlərin təhsil aldıqları dilə qəfil müdaxilə etmək düzgün olmaz. Yəni bir anda rus bölmələrinin ləğvi mümkün deyil. İbtidai mərhələdə əsas fənlər Azərbaycan dilində tədris oluna bilər, digər dillər isə intensiv xarici dil kimi öyrədilə bilər. Qərar birdən-birə tətbiq edilsə, valideyn narazılığı yarana, özəl məktəblər müqavimət göstərə, müəllim çatışmazlığı kimi problemlər ortaya çıxa bilər. Ona görə də proses sistemli şəkildə aparılmalıdır. Burada iki model təklif etmək olar. Birinci model: I-IV siniflərdə tədris dili Azərbaycan dili olsun, rus dili isə intensiv xarici dil kimi keçilsin. Yəni ayrıca "rus bölməsi" anlayışı olmasın, amma rus dili gücləndirilmiş formada tədris edilsin.
İkinci model: İbtidai siniflərdə əsas tədris dili Azərbaycan dili olsun, rus və ingilis dilləri isə gücləndirilmiş xarici dil kimi - məsələn, həftədə 6-8 saat olmaqla - tədris edilsin. Eyni zamanda Azərbaycan dili, ədəbiyyat, tarix, mədəniyyət və həyat bilgisi kimi fənlərin mütləq şəkildə Azərbaycan dilində keçirilməsi təmin oluna bilər.

Bəs belə bir qərar ana dilini qoruyarmı? 

Məncə, təkcə məktəblə dil qorunmur. Əgər mediada dil zəifdirsə, elmi məqalələr əsasən xarici dildə yazılırsa, valideynlər evdə rus dilində danışırsa, yalnız ibtidai təhsilin dili problemi tam həll etməyəcək. Amma bu qərar dövlət dilinin prestijini artıra, şəhər mərkəzlərində yaranan dil elitizminin qarşısını qismən ala və uşağın ana dilində düşünmə bazasını möhkəmləndirə bilər. Psixolinqvistik araşdırmalar göstərir ki, uşaqlar ilk akademik biliklərini ana dilində aldıqda daha sağlam təməl formalaşır. Bu baxımdan üstünlüklər çoxdur, lakin paralel olaraq risklər də mövcuddur. Rus bölmələrinin tədricən sıradan çıxması, xariciyönümlü valideynlərin narazılığı, özəl məktəblərin alternativ modellər yaratması, dilin keyfiyyət yox, formal tətbiq səviyyəsində qalması kimi ehtimallar var. Əgər Azərbaycan dilində təhsilin keyfiyyəti artırılmasa, sadəcə məcburiyyət istənilən effekti verməyə bilər. Burada rus bölməsində oxuyanlara qarşı hər hansı mənfi münasibət olmamalıdır. Məqsəd ana dilinin qorunması və gücləndirilməsidir. Ümumilikdə, ibtidai təhsilin əsasının Azərbaycan dilində olması müsbət addımdır. Lakin paralel şəkildə yüksək səviyyədə xarici dil tədrisi də təmin edilməlidir. Əks halda, qapalı sistem formalaşa bilər. Dil məsələsi yalnız kommunikasiya vasitəsi deyil. Bu, özünüifadə, özünüdərk və vətənpərvərlik məsələsidir. Düzgün yanaşma ilə dilin nüfuzunu və keyfiyyətini artırmaq mümkündür.

Mövzunu "ELM" İctimai birliyinin sədri, təhsil eksperti Səbuhi Abdullayev də şərh edib.

Ekspert bildirib ki, Azərbaycan dilinə bağlılıq və onun qorunması məsələsi xüsusilə ölkə başçısı cənab Prezidentin daim diqqət mərkəzindədir. Müxtəlif çıxışlarında dövlət dili məsələsinə xüsusi həssaslıqla yanaşılması, Azərbaycan dilinin həm hüquqi, həm də mənəvi baxımdan qorunmasının vacibliyinin vurğulanması bunu bir daha təsdiqləyir. Son media görüşü zamanı dövlət dilinin cəmiyyət həyatındakı rolundan bəhs edilmiş, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası-nın 75 illik yubileyində ana dilinin qorunması, inkişaf etdirilməsi və elmi müstəvidə daha dərindən araşdırılması ilə bağlı mühüm tapşırıqlar verilmişdir. Bu yanaşma göstərir ki, Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin və mədəni irsimizin əsas sütunlarından biridir. Ana dilinin qorunması istiqamətində ən vacib addımlardan biri məhz təhsil sahəsində atılmalıdır. Çünki insan dili ən çox ibtidai təhsil dövründə mənimsəyir. Uşağın düşüncə tərzi, dünyagörüşü, ifadə bacarığı və nitq mədəniyyəti məhz bu mərhələdə formalaşır. Əgər ibtidai siniflərdə Azərbaycan dilinin tədrisinə xüsusi diqqət ayrılarsa, onun qrammatik qaydaları sistemli şəkildə öyrədilərsə, söz ehtiyatı zənginləşdirilərsə və düzgün yazı-oxu bacarıqları möhkəmləndirilərsə, gələcəkdə daha savadlı və ana dilində sərbəst düşünə bilən nəsil formalaşar. Dil yalnız qrammatika qaydalarından ibarət deyil. Dil eyni zamanda düşüncədir, mədəniyyətdir, ədəbiyyatdır, tarixdir. Uşaq ibtidai sinifdə dili necə öyrənirsə, sonrakı illərdə də həmin baza üzərində inkişaf edir. Əgər bu baza zəif qurularsa, sonradan onu bərpa etmək çətinləşir. Buna görə də məhz ibtidai təhsil mərhələsində Azərbaycan dilinin həm nəzəri, həm də praktik aspektlərinə geniş yer verilməsi vacibdir. Şagirdlərin oxu mədəniyyətinin formalaşdırılması, klassik və müasir ədəbiyyat nümunələri ilə tanışlığı, düzgün tələffüz və yazı qaydalarına əməl etməsi xüsusi önəm daşıyır.

Ekspert əlavə edib ki, ölkəmizdə yaşayan hər bir vətəndaşın Azərbaycan dilini mükəmməl bilməsi dövlət dili siyasətinin əsas məqsədlərindən biridir. Çünki ortaq dil cəmiyyət daxilində birlik və həmrəyliyi gücləndirir. Müxtəlif dillərdə təhsil alan vətəndaşlar üçün də ibtidai mərhələdə Azərbaycan dilinin güclü şəkildə mənimsənilməsi gələcəkdə onların ictimai həyata daha fəal inteqrasiyasına imkan yarada bilər. Bu, həm sosial, həm də mədəni baxımdan əhəmiyyətli faktordur. Təbii ki, bu qayda dövlət məktəblərində icbari şəkildə tətbiq oluna bilər. Dövlət təhsil müəssisələrində Azərbaycan dilinin əsas prioritet kimi müəyyənləşdirilməsi və ibtidai siniflərdə onun intensiv şəkildə tədrisi daha sistemli nəticələr verə bilər. Özəl təhsil sistemində isə məsələ bir qədər fərqli yanaşma tələb edə bilər. Çünki özəl məktəblərin tədris proqramları və dil siyasəti fərqli prinsiplərə əsaslana bilər. Lakin bununla belə, dövlət dili kimi Azərbaycan dilinin müəyyən minimum standartlar çərçivəsində bütün təhsil müəssisələrində yüksək səviyyədə öyrədilməsi vacibdir.

"Ana dilinin qorunması yalnız təhsil müəssisələrinin üzərinə düşən vəzifə deyil. Bu proses ailədən başlayır. Valideynlərin övladları ilə Azərbaycan dilində ünsiyyət qurması, uşaqların düzgün nitqə alışdırılması, kitab oxumağa təşviq edilməsi mühüm rol oynayır. Media, sosial şəbəkələr, televiziya proqramları və digər informasiya vasitələri də dilin saf və düzgün formada təqdim olunmasına məsuliyyətlə yanaşmalıdır. Çünki müasir dövrdə uşaqların və gənclərin dil vərdişlərinə təsir edən əsas amillərdən biri məhz informasiya mühitidir.
Qloballaşma dövründə xarici dillərin öyrənilməsi təbii və zəruridir. Lakin bu, ana dilinin arxa plana keçməsi anlamına gəlməməlidir. Əksinə, möhkəm ana dili bazası üzərində digər dillərin öyrənilməsi daha sağlam nəticə verir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi də göstərir ki, milli dilə bağlılıq və onun qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır. Hesab edirəm ki, atılacaq bu addım, yəni ibtidai təhsil mərhələsində Azərbaycan dilinin daha sistemli və güclü şəkildə tədrisi - dilimizin qorunması üçün ən mühüm təşəbbüslərdən biri ola bilər. Bu siyasət davamlı və ardıcıl şəkildə həyata keçirilərsə, uzunmüddətli perspektivdə cəmiyyətin nitq mədəniyyətində, yazı savadında və ümumi düşüncə səviyyəsində müsbət dəyişikliklər müşahidə olunar", - deyə Səbuhi Abdullayev vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan dili bizim milli kimliyimizin ayrılmaz hissəsidir. Onun qorunması və inkişafı yalnız bir qurumun və ya bir sahənin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Təhsildə atılacaq düzgün və məqsədyönlü addımlar isə bu istiqamətdə ən təsirli və dayanıqlı nəticələri verə bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31