Ailə sabitliyinin sirri: qarşılıqlı hörmət və yardım

Ailə nədir? Məncə, ailə sadəcə bir evin içində yaşayan insanların toplusu deyil. Ailə insanın ilk məktəbi, ilk güvən yeridir. İnsan dünyaya göz açdığı andan etibarən sevgini, hörməti, məhz ailədə öyrənir. Cəmiyyətimizin təməli də elə buradan başlayır. Sağlam ailə sağlam cəmiyyət deməkdir-bu fikir artıq adiləşmiş kimi görünsə də, düşünürəm ki, öz aktuallığını heç vaxt itirmir. Ailə münasibətləri qarşılıqlı anlayış, səbr və dəstək üzərində qurulmalıdır. Ər-arvad arasında hörmət yoxdursa, o evdə sevgi də uzunömürlü olmur. Hörmət olmayan yerdə sözlər sərtləşir, münasibətlər soyuyur. Fiziki zorakılıq qədər təhlükəli olan məhz psixoloji təzyiqdir. Bir kəlmə ilə insanın ləyaqətini alçaltmaq, onu davamlı şəkildə təhqir etmək, dəyərsiz hiss etdirmək də zorakılığın formasıdır.
Məişət zorakılığı bəzən qışqırıqda, bəzən laqeyd baxışda, bəzən də "sən bacarmırsan", "sən heç nəyə yaramırsan" kimi cümlələrdə gizlənir. İnsan ruhuna dəyən zərbə bəzən bədəndəki yaradan daha dərin olur. Düşünürəm ki, cəmiyyət olaraq biz uzun illər bu cür davranışları "ailə məsələsidir" deyib normallaşdırmışıq. Halbuki ailə daxilində baş verən hər haqsızlıq gələcək nəsillərin psixologiyasına da təsir göstərir. Ailə qorxu ilə deyil, anlayışla qorunur. Əgər bir ailədə tərəflər bir-birini alçaldırsa, incidirsə, orada anlayışdan danışmaq çətindir. Məncə, ailənin əsas sirri sevgi qədər hörmətə də yer ayırmaqdır. 
Məhz buna görə son günlər ailədaxili münasibətlər və qarşılıqlı davranış məsələsi yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Ailədə deyilən sözün, göstərilən münasibətin, sərgilənən davranışın hüquqi müstəvidə də qiymətləndirilməsi artıq təsadüfi deyil. Çünki ailə təkcə iki insanın şəxsi məkanı deyil, həm də cəmiyyətin formalaşdığı ən həssas yerdir. Son qəbul edilən qərar da məhz bu həssas nöqtəyə toxunur. Qərara əsasən, ailə daxilində tərəflərdən birinin digərini mütəmadi və ya kobud şəkildə alçaltması, şərəf və ləyaqətini təhqir etməsi, şəxsi sirrini yayması hüquqazidd davranış kimi qiymətləndiriləcək. Bu, bir çoxlarına ilk baxışda sərt və ya mübahisəli görünə bilər. Amma məncə, məsələ qadağada deyil, mesajdadır. Verilən mesaj isə aydındır- ailədə hörmət hüquqi norma səviyyəsində qorunmalıdır. Düşünürəm ki, illərlə "ailə içindədir", "öz aralarında həll edərlər" deyə gözardı etdiyimiz psixoloji təzyiq halları əslində münasibətlərin əsasını sarsıdan faktorlardan biridir. Bir insana davamlı şəkildə "sən gözəl deyilsən", "sən köksən", "sən bacarıqsızsan" demək sadəcə fikir bildirmək deyil, onun ləyaqətinə toxunmaqdır. Bu isə artıq şəxsi münasibət çərçivəsindən çıxaraq hüquqi məsuliyyət müstəvisinə keçir. Eyni zamanda qərarda açıq şəkildə göstərilir ki, boşanmaq istəyi, əmlak bölgüsü ilə bağlı iddia qaldırılması və ya nikah müqaviləsi təklif olunması kimi qanuni addımlar hüquqazidd sayılmır. Bu da onu göstərir ki, məqsəd ailəni zorla qorumaq deyil, ailə daxilində sağlam münasibətləri təşviq etməkdir. 


Mövzu ilə bağlı "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Olaylar.az-a açıqlama verib:
" Ailə cəmiyyətin ən kiçik, lakin ən mühüm sosial institutudur. Sağlam ailə modeli yalnız iki insanın birgə yaşaması deyil, həm də qarşılıqlı məsuliyyət, hörmət və mənəvi dəstək üzərində qurulan bir birlikdir. Müasir dövrdə ailədaxili münasibətlərin qorunması və zorakılıq hallarının qarşısının alınması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli "Şəxsiyyət hüquqlarının müdafiəsi" qərarı ailə münasibətlərində hüquqi və mənəvi çərçivənin daha da möhkəmləndirilməsinə xidmət edəcək. 
Hüquq bərabərliyi- ailənin əsas təməl prinsipidir. Qərarda xüsusi olaraq vurğulanır ki, ər və arvad ailədə hüquq bərabərliyinə malikdir. Bu, yalnız formal hüquqi norma deyil, həm də ailə münasibətlərinin mahiyyətini müəyyən edən əsas prinsipdir. Hüquq bərabərliyi tərəflərin bir-birinə qarşı üstünlük iddiası ilə deyil, qarşılıqlı anlayış və əməkdaşlıqla davranmasını tələb edir. Ailədə qərarların birgə qəbul olunması, maddi və mənəvi məsuliyyətin bölüşdürülməsi, uşaqların tərbiyəsində ortaq mövqe-bütün bunlar hüquq bərabərliyinin praktik təzahürləridir. Əgər tərəflərdən biri özünü digərindən üstün hesab edirsə və ya qarşı tərəfi daim alçaldırsa, bu artıq ailə münasibətlərinin pozulmasına gətirib çıxaran əsas amillərdəndir. Qeyd edim ki, psixoloji zorakılıq- görünməyən, amma ən böyük dağıdıcı təsirə malikdir. Uzun illər ailədaxili zorakılıq dedikdə daha çox fiziki şiddət nəzərdə tutulurdu. Halbuki, psixoloji zorakılıq da ən az fiziki zorakılıq qədər təhlükəlidir. Qadına və ya həyat yoldaşına "köksən", "gözəl deyilsən", "heç nəyə yaramırsan" kimi təhqiramiz ifadələr işlətmək, onu davamlı şəkildə alçaltmaq və dəyərsizləşdirmək insanın ləyaqətinə birbaşa müdaxilə hesab olunur. Belə davranışlar zamanla şəxsdə özünə inamsızlıq, depressiya, sosial təcrid və psixoloji travma yarada bilər. Məhz bu psixoloji təzyiq altında yaşayan insan ailə mühitində özünü təhlükəsiz hiss etmir. Bu isə ailənin əsas funksiyası olan qoruyucu və dəstəkləyici mühit rolunu zəiflədir. Yeni qərarda məhz bu cür hallar hüquqazidd davranış kimi qiymətləndirilir. Bu, cəmiyyət üçün mühüm mesajdır: təhqir və alçaltma "adi söz atışması" deyil, hüquqi məsuliyyət doğura bilən hərəkətdir.
Digər əsas məsələlərdən hesab olunan məişət zorakılığı və onun sosial nəticələri də diqqətçəkəndir. Qərarda məişət zorakılığı, psixi və fiziki şiddət, təzyiq, laqeydlik, evdən qovma və digər oxşar hallar qanunazidd sayılır. Məişət zorakılığı yalnız iki insan arasında baş verən münaqişə deyil, onun sosial nəticələri daha genişdir. Belə ki, bu tipli ailələrdə böyüyən uşaqlar zorakılığı "normal münasibət modeli" kimi qəbul edə bilər. Bu isə gələcəkdə zorakılıq dövriyyəsinin davam etməsinə səbəb olur. Uşaqlar ya zorakılıq tətbiq edən tərəfi, ya da zərərçəkəni model kimi mənimsəyə bilirlər. Nəticədə cəmiyyətdə aqressiya, dözümsüzlük və empatiya çatışmazlığı güclənir və nəticədə boşanma halları baş verir. Boşanmaların artması da çox vaxt qarşılıqlı hörmətin və dəstəyin olmaması ilə bağlıdır. Ailə yalnız maddi təminat üzərində deyil, emosional bağ və mənəvi yaxınlıq üzərində dayanır. Hörmətin itdiyi yerdə sevgi də zamanla zəifləyir. Belə demək mümkündürsə, qarşılıqlı hörmət və yardım- sabitliyin açarıdır. Daha dəqiq ifadə etsək, ailə sabitliyinin sirri məhz qarşılıqlı hörmət və yardımdadır. Hörmət o deməkdir ki, tərəflər bir-birinin şəxsiyyətini, hisslərini və fikirlərini dəyərli hesab edir. Yardım isə çətin anlarda bir-birinin yanında olmaq, problemləri birlikdə həll etmək deməkdir. Sağlam ailədə tənqid alçaltma formasında deyil, konstruktiv şəkildə ifadə olunur, mübahisələr təhqirlə deyil, dialoqla həll edilir, maddi və mənəvi yük paylaşılır, tərəflər bir-birinin inkişafını dəstəkləyir. Bütün bu  prinsiplər ailədə güvən mühitini gücləndirir. Təbii ki, güvən olan yerdə isə qorxu və təzyiqə yer qalmır. Qeyd etdiyimiz prinsiplərin təməlində hüquqi mexanizmlərin böyük rolu var. Yəni qanun ailəni məcburi şəkildə xoşbəxt edə bilməz. Lakin qanun zorakılığın və alçaldıcı davranışların qarşısını almaqla sağlam münasibətlər üçün hüquqi çərçivə yarada bilər. Hüquqi mexanizmlər zərərçəkən tərəfi qorumaq, zorakılıq edən şəxsi məsuliyyətə cəlb etmək və cəmiyyətdə preventiv təsir formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qərar eyni zamanda ailə münasibətlərinə dair ictimai şüurun formalaşmasına da xidmət edəcək. Belə ki, ailə daxilində hörmətsizlik və zorakılıq "şəxsi məsələ" deyil, hüquqi və sosial problem kimi qəbul olunacaq. Ailədaxili sabitlik təsadüf nəticəsində yaranmır. O, gündəlik davranışların, sözlərin və münasibətin nəticəsində özünü göstərir. Qarşılıqlı hörmət, empatiya, anlayış və yardım ailənin dayanıqlığını təmin edən əsas dəyərlərdir. Əlbəttə ki, hüquqi qərarlar bu dəyərləri qorumağa və möhkəmləndirməyə xidmət edir. Cəmiyyətin sağlam gələcəyi sağlam ailələrdən başlayır. Sağlam ailə isə yalnız sevgi ilə deyil, həm də hörmət və məsuliyyətlə qurulur. Bir sözlə, sağlam ailə-sağlam mühit deməkdir".
Keçmişdən bu günə kimi bir çoxları ailəni qorumağın yolunu səssizlikdə, susmaqda, "dözməkdə" axtarır. Halbuki ailə susaraq deyil, danışaraq, dinləyərək, anlayaraq ayaqda qalır. Hər deyilən sözün, hər göstərilən münasibətin bir iz buraxdığını unutmamalıyıq. 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31