Qan, saç və məzar torpağı: Sosial medianın yeni və qorxulu "sevgi" trendi!
17:03 SosialSosial şəbəkələr artıq çoxdan sadəcə ünsiyyət platforması olmaqdan çıxıb - burada duyğular nümayiş etdirilir, münasibətlər sərgilənir, sədaqət sübut olunur, hətta yas və xatirə anlayışı belə yeni formaya salınır. "Paylaşılmayan hiss yaşanmayıb" kimi səssiz bir qayda formalaşıb. Məhz bu mühitdə son dövrlər olduqca mübahisəli və bir o qədər də düşündürücü yeni bir dəb geniş yayılmağa başlayıb: insanlar sevdikləri şəxslərə sədaqət və bağlılıqlarını göstərmək üçün öz saçlarından, qanlarından, hətta vəfat etmiş yaxınlarının məzar torpağından hazırlanmış aksesuarlar, təsbehlər, boyunbağılar hədiyyə edirlər. İlk baxışda bu addımlar romantik fədakarlıq, mistik bağlılıq və ya emosional dərinlik kimi təqdim olunur. Videolarda göz yaşları, dramatik musiqi və "əbədi sevgi" mesajları ilə müşayiət olunan bu hədiyyələr minlərlə bəyənmə və şərh toplayır. Lakin görüntünün arxasında daha mürəkkəb suallar dayanır: Sevgi və sədaqət doğrudanmı fiziki qurban tələb edir? Hisslərin sübuta ehtiyacı varmı? İnsan bədəninə və müqəddəs sayılan məzar anlayışına bu cür yanaşma hansı mənəvi və dini sərhədləri aşır?
Tarix boyu insanlar xatirəni maddiləşdirməyə çalışıblar. Saç telinin xatirə kimi saxlanılması, döyüşdən qalan əşyaların qorunması, yaxud yas mərasimlərində müəyyən ritualların icrası yeni deyil. Ancaq fərq ondadır ki, bu gün həmin davranışlar fərdi və sakit bir yaddaş aktı olmaqdan çıxaraq sosial media nümayişinə çevrilir. Şəxsi və intim olan ictimailəşdirilir, müqəddəs sayılan isə trendə çevrilir. Nəticədə emosional jest ilə estetikləşdirilmiş şok effekti arasındakı sərhəd bulanıqlaşır.

Mövzunu Olaylar.az-a şərh edən sosioloq Naib Niftəliyev bildirib ki, belə davranışlar müvəqqəti və keçicidir. Ola bilər ki, kimlərsə müəyyən təsir altında qalır və ya, məsələn, Afrikanın hansısa qəbiləsinin ekzotik adət və davranışları kimin üçünsə nümunəyə çevrilir. Doğrudur, keçmişdə buna bənzər nümunələrə mifologiyada, dastanlarda, ədəbiyyatda rast gəlinib. Lakin hər bir halda bunun dəbə çevrilməsi arzuedilən və məqsədəuyğun hesab oluna bilməz. Bu tendensiyanın şərti və keçici olduğu qənaətindəyəm.
Sosioloq qeyd edib ki, bəzi ifrat hallara gəldikdə isə, əlbəttə ki, bu davranışları müəyyən əqli və ya psixoloji çatışmazlığın təzahürü kimi qiymətləndirənlər də tapıla bilər. Bu, bəlkə də sərt və kəskin yanaşmadır. Amma hər halda, yaxın zamanlarda vəfat etmiş bir insanın məzar torpağını götürüb ondan hansısa aksesuar hazırlamaq həm mərhumun ruhuna hörmətsizlik kimi qəbul edilə bilər, həm də ölüm mühitinin ictimai həyata daşınması anlamı verə bilər. Kimin nə hazırlaması, bunu necə və hansı niyyətlə etməsi fərdi seçimdir. Hər kəs bunu öz dünyagörüşünə uyğun şəkildə qəbul edir. Lakin mən belə bir məsələnin kütləviləşməsinin, ictimailəşməsinin və adət halını almasının tərəfdarı deyiləm. Eyni zamanda, buna qarşı çıxmaq da problemin köklü həlli demək deyil. Mövzu özü-özlüyündə mürəkkəbdir və müxtəlif aspektləri var.
"Hər bir halda hesab edirəm ki, bu, sədaqətin özü deyil və sədaqət hissini ifadə etməyin doğru yolu da bu deyil. Gerçək sədaqəti sübut etməyə ehtiyac yoxdur - onu insan əməli ilə, davranışı ilə göstərir. Qan verməklə, saç kəsib hədiyyə etməklə və ya müxtəlif mistik jestlərlə sədaqəti sübut etmək mümkün deyil. Əksinə, bu cür addımlar bəzən sübutdan çox sual doğurur: insan nəyi kompensasiya etməyə çalışır, hansı günahın və ya boşluğun əvəzini ödəmək istəyir?
Hazırda bu davranışın kollektiv düşüncə və geniş ictimai davranış modelinə çevrildiyini demək çətindir. Lakin artıq bu barədə müzakirələrin artması müəyyən qədər dəbə çevrilmə meylindən xəbər verir. Bununla belə, Azərbaycan cəmiyyətinin mental xüsusiyyətlərini nəzərə alsaq, belə bir tendensiyanın yaxın onilliklərdə kütləvi xarakter alacağı inandırıcı görünmür. Çünki Azərbaycan cəmiyyəti ənənələrinə bağlı, dəyərlərini qoruyan, eyni zamanda yeniliyə açıq olsa da, bu yenilikləri ənənəvi çərçivədən tam kənara çıxarmayan bir cəmiyyətdir. Bu baxımdan, düşünürəm ki, belə addımlar atmadan əvvəl insanlar ən azı yüz dəfə düşünüb-daşınmalıdırlar. Çünki söhbət təkcə fərdi zövqdən yox, həm də mənəvi və ictimai məsuliyyətdən gedir. Məncə, bu cür davranışlardan çəkinmək daha məqsədəuyğundur və daha sağlam yanaşmadır", - deyə N. Niftəliyev əlavə edib.

İlahiyyatçı Rüfət Qarayev də mövzu ilə bağlı açıqlama verib. İlahiyyatçı bildirib ki, İslam dininə görə hədiyyələşmək sünnətdir. Hədiyyə vermək Peyğəmbərimizin tövsiyə etdiyi gözəl əməllərdəndir. Bir müsəlmanın digər müsəlmana hədiyyə verməsi, onu sevindirməsi savab sayılır. Hətta insan heç bir maddi hədiyyə verə bilmədikdə belə, xoş bir təbəssüm göstərməsi də savab əməl kimi qəbul olunur. Yəni dinimizdə əsas olan niyyət, səmimiyyət və qarşı tərəfi sevindirməkdir. Lakin kimsənin öz qanını axıdaraq onu yazıya tökməsi, şüşədə saxlayıb hədiyyə etməsi, saçından, bədən üzvlərindən və ya məzar torpağından istifadə edərək müxtəlif suvenirlər hazırlaması İslamda əsası olmayan əməllərdir və məqbul sayılmır. Bu cür davranışlar bidət, yəni dinə sonradan əlavə edilmiş yeniliklər hesab olunur. Üstəlik, bunlar "xoş bidət" kimi də qiymətləndirilə bilməz.
İlahiyyatçı əlavə edib ki, əgər bu cür hərəkətlər normal qəbul olunsa, o zaman insanlar bir-birinə xatirə hədiyyəsi vermək üçün məzarlardan torpaq götürməyi adi hala çevirər, yaxud cahiliyyət dövründə olduğu kimi fərqli formada öz qanlarını axıtmağa başlayardılar. Kiminsə qanla yazı yazması, həmin qanı xüsusi qabda saxlayıb hədiyyə etməsi və ya müxtəlif əşyaların içinə yerləşdirərək təqdim etməsi doğru hesab edilmir. Əksinə, bu kimi əməllər dini baxımdan qəbuledilməzdir və hətta haram sayılır. İnsan bədəni bizə əmanətdir. Can Allahın verdiyi nemət və əmanətdir. Heç bir zəruri səbəb olmadan, özümüzə ziyan vuraraq, qan axıdaraq və ya bədənimizə xəsarət yetirərək bunu "sədaqət" və ya "xatirə" adı ilə təqdim etmək doğru deyil. Dinimiz insanın özünə qəsdən zərər verməsini qəbul etmir. Bu səbəbdən belə məsələlərdə insanları maksimum dərəcədə ehtiyatlı olmağa çağırırıq. Hədiyyə vermək müstəhəb və gözəl əməldir. İnsanlar bir-birilərinə xoş, faydalı və mənəvi dəyəri olan hədiyyələr təqdim edə, bir-birilərini gözəl xatirələrlə yad edə bilərlər. Lakin cana və bədənə zərər vuraraq edilən jestlər nə dini baxımdan əsaslıdır, nə də doğru yanaşma hesab olunur.
Lamiyə Cəbrayılova