HƏSRƏT KÖNLÜMÜ ALDI
21:20 Sosial(Nəsibə İsrafilqızının Cənub həsrətli şeirləri )
Ayrılıq deyincə Arazı canlı görməyənlərimizin də yaddaşından bir axar çay səsi gəlir. Elə bu səsdə gizlənən həsrət sızıltısının təlqini ilə də Araza təkcə çay kimi baxa bilmirik. Ən böyük ayrılığımız- Cənubi və Şimali Azərbaycanın siyasi səbəblər nəticəsində parçalanması xalqımızın taleyində dərin izlər buraxmışdır. Bu ayrılıq təkcə coğrafi deyil, eyni zamanda mədəni, mənəvi və psixoloji bölünməyə də səbəb olmuşdur.
İki əsrdən çox olan bir zamanın hüdudlarında vaxtilə vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim , zəngin ədəbiyyata və tarixə malik bir xalqın ruhuna ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu heç vaxt sındıra bilməmişdir. Bu gün həmin qadağanların çoxu aradan qalxsa da, ikiyə bölünmüş vətən torpaqlarının tən ortasından axan Araza hələ də qanlımız kimi baxırıq. Hələ də onu qumla doyurmaq keçir könlümüzdən...
Ədəbiyyatımızda ikiyə bölünmüş Vətən faciəsinin təsirli poetik ifadələri saysız-hesabsızdır. Bu saysız-hesabsız şeirlərin içində Nəsibə İsrafilqızının da Cənub həsrətli, Vətən nisgilli şeirləri var. Azərbaycan xalqının tarixi-siyasi səbəblərlə iki yerə parçalanmasının minlərlə insanın taleyində yaratdığı dərin mənəvi ağrı ona çox tanışdır. Çünki şairə özü də yurd yeri nisgili ilə yaşayır. Nə vaxt bu özləm qəlbinə dolsa, o tək təsəllisi olan şeirlə dərdləşir . Bir zamanlar yurddaşları ilə bərabər məcburi tərk etdiyi Vedinin həsrətini cənublu soydaşlarımızın həsrətinə "qarışdırıb" ağ vərəqlərə köçürür. Ayrı düşmüş soydaşlarının taleyindən doğan mübariz əhvallı həmin şeirlərlə də müəllifin ikili taleyindən gələn mövzu rəngarəngliyi; sevinclə göz yaşının, görüşlə ayrılığın, xoşbəxtliklə ömrünə yazılmış dərdin sıx-sıx qovuşması, bir-birini izləməsi və tamamlaması var. Nəsibə İsrafilqızı bu tarixi faciəni ideoloji şüar səviyyəsində deyil, poetik düşüncə və lirizm kontekstində ifadə edir. Vətən anlayışı Nəsibənin poeziyasında coğrafi sərhədlərlə məhdudlaşmır. Onun üçün vətən dil, yaddaş, tarix və mənəvi bütövlük deməkdir.
Şairin yaradıcılığında Cənub nisgilli şeirləri milli yaddaşın qorunması, tarixi həqiqətlərin bədii dildə yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. Onun əsərləri təkcə ədəbi fakt deyil, həm də ictimai-mənəvi hadisə kimi qiymətlidir:
Bir dastan yazıram, ay ellər, duyun,
Adını "qardaşlıq dastanı" qoyun,
Qolumu bağlayın, gözümü oyun.
Görməyim qəriblik çəkən Təbrizi,
Könlümə ələmlər əkən Təbrizi.
Şairin poeziyası yalnız fərdi duyğuların deyil, bütöv bir xalqın tarixi taleyinin, ayrılıq ağrısının və milli yaddaşının poetik ifadəsidir. Təbriz - xəritədə bir şəhər adı olsa da, şairin yaddaşında o, yarım qalan taledir, bölünmüş hafizədir, içimizdəki sönməyən atəşdir. Bu ad çəkiləndə təkcə bir məkan yox, həm də ayrılıq, həsrət, qürur və ümid bir-birinə qarışır. Təbriz həsrəti xalqımızın tarixindən süzülüb gələn, nəsildən-nəslə ötürülən mənəvi ağrıdır. Nəsibə İsrafilqızının şeirlərində Cənub həsrəti fərdi kədərdən çox, ümummilli ağrı kimi təqdim olunur və bu xüsusiyyət onun poeziyasının ictimai-mənəvi dəyərini yüksəldir:
Sussam, inciməzmi Şəhriyar məndən?
Səhənd ah yağdırar qəmli köksündən,
Gül çəməndən ayrı, Söhrab vətəndən,
Sinəmə dağları çəkən Təbrizim,
Könlümə ələmlər əkən Təbrizim.
Tarix sübut edib ki, süni sərhədlər qəlblərdəki bütövlüyü parçalaya bilmir. Təbrizi düşünmək özünü düşünməkdir; onun dərdini duymaq xalqının taleyini duymaqdır. Bu gün Təbriz həsrəti həm də ümiddir, ayrılıqdan doğan, amma birliyə çağıran müqəddəs bir duyğudur.
Təbriz Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və azadlıq düşüncəsinin beşiyidir. Şəhriyarın "Heydərbabaya salam"ında, Söhrab Tahirin, Balaş Azəroğlunun, Hökümə Billurinin, Güney həsrətli onlarla sənətkarın misralarında Təbriz təkcə bir şəhər kimi deyil, bir Vətən parçası kimi yaşayır. Onlar əsərlərində Təbriz həsrətini susdurulmuş dilin, yasaqlanmış kimliyin, bölünmüş xalqın fəryadına çevirir. Odur ki, Nəsibə İsrafilqızının yazdığı:
Sənə quban olsun yaralı canım,
Gün gələr birləşər Azərbaycanım,
Araztək çağlayar damarda qanım,
Çıxar ürəyimdən tikan, Təbrizim,
Könlümə ələmlər əkən Təbrizim,
-misraları Mədinə Gülgünün 54 il əvvəl yazdığı misralarla səsləşir, hətta onların davamı kimi görünür:
Sənin öz adın var, öz ehtişamın.
Yenə də doğacaq aylı axşamın,
İnanma, desələr istəyin , kamın
Qalacaq gözündə , Təbrizim mənim.
Hər ikisi sanki bir nəfəsə yazılmış bu şeirlər eyni ruhun qüdrətinin poetik tərcümanıdır. Onlar qara-qara hərflərlə həsrətin ümid çalarını yaradıb , güzgü kimi şeirlər yaradıblar. Bu qara-qara hərflər bəlkə də ağappaq ümidin toxumlarıdır.
Vətən mövzusu qəlbi qübarlı Araz kimi şairə Nəsibənin ürəyinin başından yol salıb. Genetik yaddaşdan axıb gələn , irsən ulu nənə-babalardan keçən vətənpərvərlik hissləri şairin lirik mənində dinamikləşir və həzin bir şəkildə dil açır. Müdriklərimizin yolunu seçən Nəsibə xanım öz yaradıcılığında yalnız dərdimizi dilə gətirməklə, ifadə etməklə kifayətlənmir, o, bu dərdləri yaşaya-yaşaya, qəlbində bəsləyə-bəsləyə doğmalaşdırır, qanından, canından keçirib müqəddəsləşdirir. "Sən ey üzüyümün laxlayan qaşı, Səni duya bilməz, anlamaz naşı",- deyən şair dərdi ovxarda saxlamağa çalışır:
Bəzən onun adına Ağrı çayı deyirlər,
Ayrılığın çəpəri, həsrət payı deyirlər.
Çox yarıbdı köksünü qanlı, qadalı illər,
Məftillərdən boylanır həsrət qoxulu güllər.
Düşüncələri Arazdan nəm çəkincə sətirlər ürəyinə yağış kimi yağan şairin son dövrlərdə yazdığı həsrət yüklü şeirləri daha mübariz, daha ötkəm tərz almağa başladı. "Həsrət könlümü aldı, Gözüm yollarda qaldı" ,-deyən şairin hər sözü zərrə olan bu şeirlərində zərrələr birləşib Arazın üstündən uçan durna qatarına dönür . Bu durnalar qədim bir xalqın tarixinin solğun vərəqlərinə qonaraq mənəvi körpülər inşa etməkdədir:
Qanad olub durnaya,
Uçam, gedəm Urmuya,
Tarixdən şeirə axan həsrət qoxulu bu misralar fiziki hüdudları aradan qaldırıb
bir bütün olaraq o taylı bu taylı vətən torpaqlarını xəyalən birləşdirir:
Makulu qızım gözəl,
Çörəyim ,duzum gözəl,
Bir gün qovuşacayıq
Niyyətim, arzum gözəl.
Həsrət könlünü alsa da, hicran ürəyinə yol salsa da, Nəsibə İsrafilqızının poetik ruhuna uyğun nikbin ovqat oxucusuna hər sətrində təlqin edir ki, nisgillə yoğrulan VƏTƏN sevgisi bir gün qovuşmanın mənəvi zəminidir.
MƏHRUX DÖVLƏTZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
ADPU-nun müəllimi