Allahşükür Paşazadənin qızının absurd iddiası “dirildi”– hakim 10 il sonra qərardadla qərarı ləğv etdi

Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə Allahşükür Paşazadənin qızı, keçmiş deputat Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Salahzadənin tərəf olduğu məhkəmə prosesi keçirilir.

İş üzrə iddiaçı Azərbaycan vətəndaşı Seymur Quliyev, cavabdeh isə Xatirə Salahzadədir. Mübahisə obyekti olan 20 sot torpaq sahəsi Bakının Bilgəh qəsəbəsində, Kardioloji Sanatoriya ilə sərhəddə yerləşir.

Seymur Quliyev bildirir ki, torpaq sahəsini 2004-cü ilin mayında alqı-satqı yolu ilə əldə edib və ərazidə 2 və 3 mərtəbəli villa tikib. 2013-cü ildən başlayaraq isə Xatirə Allahşükür qızı Salahzadə həmin torpaq sahəsinə iddia irəli sürməyə başlayıb.

Sabunçu Rayon Məhkəməsində, daha sonra Bakı Apellyasiya Məhkəməsində və ardınca Ali Məhkəmədə Xatirə Salahzadənin iddialarının əsassız olduğu qətnamə və qərarlarla təsdiqlənib. Bununla belə, Xatirə Salahzadə 2014-cü ildə Konstitusiya Məhkəməsinə müraciət edib və 2015-ci ildə onun şikayəti təmin olunmayıb.

Məhkəmə çəkişmələri davam etdiyi dövrdə, o zaman deputat olan Xatirə Salahzadənin qaynatası Hacı Qalib Salahzadə Seymur Quliyevin ərazidəki iki villasını sökərək yerlə bir edib. Həmin vaxtdan sonra Seymur Quliyev özəl mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq daxil ola bilmədiyini bildirir. Onun sözlərinə görə, əraziyə getdiyi zaman Hacı Qalib Salahzadə tərəfindən daşqalaq edilərək oradan uzaqlaşdırılıb.

2025-ci ildə Xatirə Salahzadə növbəti dəfə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Bu dəfə iddia Bilgəh qəsəbə nümayəndəliyinin torpaqayırma sənədi verməsinin əsassız olması ilə bağlı olub.

Hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Seymur Quliyev çıxış edərək bildirib ki, Xatirə Salahzadə 2013-cü ildə eyni tələblə 2 saylı İnzibati Məhkəməyə müraciət edib və həmin iddia təmin olunmayıb. O, 2013-cü ildə çıxarılmış məhkəmə qərarını hakimə təqdim etdikdən sonra Xatirə Salahzadə iddiasını geri çəkməyə məcbur qalıb.

2025-ci ilin oktyabrında Xatirə Salahzadə Bakı İnzibati Məhkəməsinə verdiyi və geri çəkdiyi iddianı "yeni açılmış hal" kimi Ali Məhkəməyə təqdim edib. 2025-ci ilin dekabrında Ali Məhkəmədə hakim Əhliman Xıdırovun sədrliyi ilə bu müraciətə baxılıb və iddianın qəbuledilməzliyi barədə qərardad çıxarılıb.

2026-cı ilin yanvarında isə məlum olub ki, Xatirə Salahzadə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edib. Bu dəfə o iddia edib ki, Seymur Quliyev 2015-ci ildə torpağa mülkiyyət hüququ əldə etmək üçün müraciət edərkən guya Xatirə Salahzadənin həmin əraziyə dair çıxarışı olub.

Faktiki vəziyyət isə fərqlidir. Belə ki, Xatirə Salahzadənin həmin əraziyə dair çıxarışı 2014-cü ildə Ali Məhkəmənin yekun qərarı ilə ləğv edilib. Həmin iş üzrə Xatirə Salahzadə birbaşa cavabdeh tərəf kimi iştirak edib.

Seymur Quliyev bildirir ki, bütün bunlara baxmayaraq, Xatirə Salahzadə əsassız iddialarla çıxış edir və Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva iddianı icraata qəbul edib. Hakim Ləman Musayeva 15 yanvar 2026-cı il tarixli qərardadla 2 saylı İnzibati Məhkəmənin 15.11.2015-ci il tarixli qərarını ləğv edib və işə mahiyyəti üzrə baxılmasını "təzələyib". Səbəb kimi isə Xatirə Salahzadənin üçüncü şəxs qismində prosesə cəlb edilməməsi göstərilib.

Üçüncü şəxs - amma hansı əsasla?

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, üçüncü şəxs yalnız o halda prosesə cəlb edilə bilər ki, məhkəmə qərarı onun hüquq və vəzifələrinə birbaşa təsir göstərsin.

Bu işdə isə belə bir təsirin mövcud olub-olmadığı sual doğurur. Cavabı tapmaq üçün əvvəlki məhkəmə qərarlarına baxmaq kifayətdir.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 avqust 2014-cü il tarixli, 2-1(82)-2084/2014 saylı qərarı ilə "İnşaat Servisez" MMC-yə verilmiş dövlət reyestrindən çıxarışın bir hissəsi ləğv edilib və torpaq sahəsinin Seymur Quliyev və Nurid Əliyevin mülkiyyətində olan yaşayış evlərinin həyətyanı sahələrinə aid olduğu təsdiqlənib.

Həmin iş üzrə üçüncü şəxs olan Xatirə Allahşükür qızı Salahzadə apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarı ilə şikayət təmin edilməyib və qərar qanuni qüvvəyə minib.

Beləliklə, məhkəmə artıq bir dəfə və qəti şəkildə müəyyən edib ki, bu torpaq sahəsi Xatirə Salahzadənin hüquq və mənafelərinə aid deyil.

Bu halda sual yaranır: Xatirə Salahzadənin torpağa subyektiv hüququ yoxdursa, əvvəlki iddiaları məhkəmələr tərəfindən əsassız sayılıbsa və bu faktlar qanuni qüvvəyə minmiş qərarlarla təsdiqlənibsə, onda 10 ildən sonra onun bu işə üçüncü şəxs kimi cəlb edilməsinin hüquqi əsası nədir?

Daha da önəmlisi, "cəlbetmə" adı altında qanuni qüvvəyə minmiş məhkəmə qərarı necə ləğv edilə bilər?

Qeyd olunur ki, İnzibati Məhkəmənin hakimi Ləman Musayeva Ali Məhkəmənin hüquqi mövqeyini də nəzərə almayıb. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərardadında açıq şəkildə bildirilib ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə yenidən baxılması yalnız zəruri cəlbetmə hallarında mümkündür. Adi cəlbetmə bu nəticəni doğura bilməz.

Bu işdə isə nəinki zəruri, ümumiyyətlə, hər hansı cəlbetmə üçün hüquqi əsas görünmür.

Baş verənlər artıq texniki səhv təsiri bağışlamır. Burada Konstitusiyanın 60 və 129-cu maddələri, "Məhkəmələr və hakimlər haqqında" Qanunun 99-cu maddəsi, eləcə də Banqlor prinsipləri ilə təsbit olunmuş qərəzsizlik və müstəqillik tələbləri ciddi sual altına düşür.

İddiaçı bildirir ki, hakimin bu qərarı nəticəsində onun əmlak hüquqları pozulub, qanuni gözləntiləri puça çıxıb və hüquqi müəyyənlik prinsipi faktiki olaraq tapdanıb.

Seymur Quliyev artıq Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədrinə rəsmi müraciət edərək işin nəzarətə götürülməsini xahiş edib. O qeyd edib ki, baş verənlər qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, hakimin səlahiyyət hədlərinə və ədalət mühakiməsinin etibarlılığına dair ciddi siqnaldır.

İddiaçının fikrincə, əgər bu praktika norma halına çevrilərsə, sabah istənilən məhkəmə qərarı istənilən vaxt, istənilən "üçüncü şəxs" adı altında yenidən açılıb ləğv edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31