Haqdan gələn nəfəs
21:50 Sosial(Qəndab Haqverdinin şeirləri)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizi tanınmış şair-ədəbiyyatşünas alim, hər sözündən, əməlindən bütöv Azərbaycan boylanan Qəndab (Qəndab Haqverdi - Əliyeva Qəndab Əjdər qızı) xanımın "Ətirli güllər" kitabından seçdiyim nümunələr əsasında qurmağa çalışacağam ("Qanun" nəşriyyatı, Bakı - 2020, 136 səh.)
Kitabı əlimizə alanda diqqəti ilk cəlb edən üz qabığındakı rəsm və müəllifin və ya redaktorun önə çıxartdığı"Qızıl gül deyib keçməyin, dünyada genləri dəyişdirilməyən, yəni, gerçək güllərdən biridir bu gül!" cümləsidir. Bu qatmanlı cümlənin ifadə etdiyi məna çalarları hər bir oxucunu öz dünyasına götürür. Üz qabığında yaşıl yarpaqların fonunda açan çəhrayı güllər həyatın, saflığın və təbiətin əzəli ahəngini, tamlığı, bütövlüyü xatırladır. Rəng seçimi də təsadüfi deyil. Yaşıl rəng ümidin, yenilənmənin və həyatın rəngidir. Çəhrayı isə zəriflik, sevgi, həssaslıq və yetkinlik deməkdir. Qara-ağ qadın portreti (müəllifin öz şəkli) isə bu rənglərin fonunda daha da qabarır və insanın daxili aləmi ilə xarici dünyanın rəngarəngliyi arasında kontrast yaradır. Bu kontrast bizə xatırladır ki, insanın daxilində bəzən sükut, bəzən sual, bəzən də cavabsızlıq hökm sürür, amma ətraf aləm öz axarı ilə çiçəkləməyə davam edir.
Kitabı açırıq və ilk səhifədəcə belə bir bəndlə qarşılaşırıq:
Saralmış yarpaqlarda
Quru nəfəsdir şeir!
İnsanların səsində
İlahi səsdir şeir!
Üz qabığındakı cümlə və girişdəki bu bir bənd artıq kitab barədə kifayət qədər müsbət fikir formalaşdıra bilir. "Yaxşı kənd yolundan, yaxşı ev qapısından bəlli olar" deyib atalar. Bu bir bəndin təsirində növbəti vərəqləri çevirirəm, ancaq hələ də beynimdə analiz gedir. Min cür xəyallarla uğraşan beyin bu qısa, lakin dərin məna qatlarına malik misraları Azərbaycan poeziyasının fəlsəfi-estetik gücünü bir daha nümayiş etdirən poetik nümunə kimi qəbul edir. Şeir zahirən sadədir, lakin məzmun etibarilə insan ruhunun, sözün və ilahi nəfəsin təmas nöqtəsində dayanır. Bu misralar oxucunu təkcə ədəbi zövqə deyil, həm də düşüncəyə, daxili səssizliyə və mənəvi oyanışa dəvət edir.
"Saralmış yarpaqlarda / Quru nəfəsdir şeir!" - deyə başlayan şeir üz qabığında xoş rayihəsinə qapıldığımız qızıl güllərin əhatəsində qəfildən peyda olan payız obrazı üzərindən həyatın keçiciliyini, zamanın amansız axarını və insan ömrünün faniliyini simvolizə edir. Saralmış yarpaq burada təkcə təbiət detalı deyil, həm də yaşanmış duyğuların, itkilərin, yorulmuş ruhun rəmzidir. "Quru nəfəs" ifadəsi isə sözün bəzən mexaniki şəkildə, ruhsuz səsləndirilməsinə işarədir. Şair bu misralarla oxucuya xatırladır ki, söz yalnız forma ilə kifayətlənəndə, daxili yanğıdan, ruhdan qopanda öz canlılığını itirir.
Lakin Qəndab xanım poeziyanı bu səviyyədə saxlamır. Şeir ikinci misra cütlüyündə yeni bir məna mərhələsinə yüksəlir:
"İnsanların səsində / İLAHİ səsdir şeir!"
Burada şair sözün və şeirin həqiqi missiyasını ortaya qoyur. İnsan səsi - ağrı, sevinc, ümid, dua və etirazın cəmləndiyi məkan kimi təqdim olunur. Məhz bu səsdə şeir ilahiləşir, yəni adi ifadə vasitəsindən çıxaraq mənəvi bir gücə çevrilir. Şairə görə poeziya yalnız estetik zövq üçün deyil, insan ruhunu Tanrıya, həqiqətə, işığa yaxınlaşdırmaq üçündür.
Bu yanaşma Qəndab xanımın alim təfəkkürü ilə şair duyumunun vəhdətindən qaynaqlanır. Onun poeziyasında söz təsadüfi deyil, məsuliyyətlidir; emosional deyil, dərin düşüncə ilə yoğrulub. Şeir burada həm sosial, həm mənəvi, həm də fəlsəfi məna daşıyır. Şair cəmiyyətə mesaj verir: əgər söz insanın səsində, dərdində, vicdanında yoxdursa, o, yalnız "quru nəfəs" olaraq qalacaq.
Qəndab xanım üçün ana obrazı poeziyanın mərkəzində dayanır. Şair duyğularını ifadə edərkən tez-tez anasının obrazına sığınır, onunla dərdləşir. Ana burada təkcə valideyn deyil - sığınacaqdır, təsəllidir, ən böyük qorxuda, ən ağır ağrıda insanın qeyri-iradi çağırdığı müqəddəs ünvandır. Qəndab xanım giley-güzarını da ona edir. Hətta bitməyən yuxusuz gecələrin sona çatması üçün belə ana nəfəsinə ümid bağlayır. Bu, fitri bir instinktin poeziyadakı təzahürüdür.
![]()
Qəndab poeziyasının əsas motivlərindən biri də müasir şəhər həyatının doğurduğu mənəvi ziddiyyətlərdir. İnsan ailədə, məktəbdə əziz-xələf kimi böyüyür, lakin çoxmərtəbəli binaların beton hücrələrində böyük dünyanın nəbzini itirir. Məktəbdən həyata atılanda isə şəhərin qəddar üzü ilə qarşılaşır: kobudluq, eqoizm, tamahkarlıq - bunlar təbiətin saf çiçəyini solmağa məcbur edir. Bu çiçəklər şəhərin boz simasına alışa bilmir və Qəndab xanımın şair kimi yaratdığı lirik qəhrəmanı da məhz bu solan çiçəklərdəndir.
Qəndab xanımın şeirləri milyonluq şəhərdə tənhalıqda boğulan insanın mənəvi tarixçəsidir. Gecə ilə gündüzün bir-birinə qarışdığı, səs-küy içində səssizliyin hökm sürdüyü bir ekzistensial təkliyin poeziyasıdır bu. Bu təkliyin səbəbi təkcə tərbiyə və mühit deyil - bu, anadangəlmə bir həyat qavrayışıdır. Böyük Azərbaycan şairi Füzulinin dediyi kimi, insan dünyaya ağlayaraq gəlir və Qəndab bir şair kimi bu ağrını ömür boyu içində daşıyanlardandır.
Bütün bu iztirabların içində şairin dözümlülüyü heyrət doğurur. Daş-qaya kimi lal şəhərdə insanın bu qədər əzaba necə tab gətirdiyi sualı ortaya çıxır. Bəlkə də Qəndabın şair kimi gücü elə onun alim kimi agah olduğu həqiqətlərdən qaçıb sığındığı poeziyada, ana obrazında, xəyallarında gizlidir. O, həqiqətlərin olmadığı yerdə rahatlıq tapır - çünki o məkanda insan hələ özüdür, hələ safdır, hələ sınmayıb.
Haqqdan gələn Qəndab Haqverdi poeziyası bizə bir həqiqəti xatırladır: bəzən insanı yaşadan gerçəkliyin özü yox, ondan qaçmaq cəsarətidir. Və poeziya məhz bu qaçışın ən dürüst, ən saf ünvanıdır. Qəndab xanım cəsarətli və səmimi şairdir. Bu xüsusiyyət onun alim kimi bir çox elmlərə vaqif olmasından qaynaqlanır.
"Hər yer başqa, Vətən başqa!" (səh. 15)
Bəşər övladının mənəvi yaddaşında Vətən anlayışı hər zaman xüsusi, toxunulmaz bir mövqedə dayanıb. Bu anlayış təkcə coğrafi məkan deyil, ana südü kimi halal, ilk söz kimi müqəddəs, məzar daşı kimi əbədi bir dəyərdir. Tanınmış şair və alim Qəndab xanımın "Hər yer başqa, Vətən başqa!" adlı şeiri məhz bu ali dəyərin poetik-fəlsəfi təcəssümüdür.
Şairin şeirə başlıq formasında təqdim etdiyi bu fikir oxucunu qəti bir həqiqətlə üz-üzə qoyur:
"Hər yer başqa, Vətən başqa!"
Şair bu ifadə ilə dünyanın nə qədər rəngarəng, cazibədar olmasına baxmayaraq, Vətənin yeri heç nə ilə əvəz olunmayan mənəvi zirvə olduğunu vurğulayır.
Qəndab Vətəni ulduzla, işıqla, yol göstərən mənəvi mayakla eyniləşdirir:
"Göylərində ulduz olan,
Yollarıma işıq salan..."
Burada Vətən insan taleyinin istiqamətverici qüvvəsi kimi təqdim olunur. O, insanı həm fiziki, həm də mənəvi zülmətdən çıxaran işıqdır. Şair üçün Vətən - bu dünyadan insana qalan ən qiymətli mirasdır, "cananın gözü", yəni sevgilinin baxışı qədər əzizdir.
Şeirin ən təsirli qatlarından biri Vətən-Ana obrazıdır:
"İlk dil açıb söylədiyim,
O ANA sözüdür VƏTƏN!"
Bu misralar Vətənin ana ilə eyniləşdirildiyi klassik, lakin heç vaxt köhnəlməyən milli düşüncə modelini əks etdirir. Burada Vətən bioloji yox, mənəvi ana kimi təqdim olunur. İnsan dil açanda ilk dəfə "ana" dediyi kimi, Vətəni də şüurunun ən ilkin, ən saf qatında daşıyır.
Qəndabın poetik dünyasında Vətən həm həyatın başlanğıcı, həm də son nöqtəsidir. Qəbir daşı obrazı bu mənada xüsusi simvolik yük daşıyır:
"Qəbir daşım ağac ola,
Çiçək aça, bir gün sola..."
Bu misralar Vətənin insan ömrünü doğumdan ölümə qədər əhatə etdiyini göstərir. Ölüm belə Vətəndə bir gözəlliyə çevrilir; qəbir daşı ağac olur, çiçək açır. Bu, torpaqla insan arasında müqəddəs bir dövriyyənin poetik ifadəsidir.
Şair Vətəni körpənin üzündəki təbəssümə, saflığa, gələcəyə bağlayır. Körpə obrazı Vətənin sabahı, davamı və ümididir. Bu yanaşma Qəndabın Vətəni yalnız keçmişin xatirəsi kimi deyil, gələcəyin məsuliyyəti kimi də dərk etdiyini göstərir.
Şeirin digər qatında Vətən artıq passiv sevgi obyekti deyil, aktiv qoruyucu, mübariz ruhdur:
"Ocaqlara alov çatan,
Bəd gözlərə ox tək batan..."
Burada Vətən həm istilik verən ocaq, həm də düşmənə qarşı sipərdir. Qəndab xanım Vətəni sevgi ilə yanaşı, müqavimət, qeyrət və mənəvi güc rəmzi kimi təqdim edir. Bu, xüsusilə müasir Azərbaycan tarixinin yaşadığı sınaqlar fonunda son dərəcə aktual və təsirlidir.
Şeirin sonluğa doğru artan emosional gərginliyi Vətənin adının çəkilməsi ilə yerin-göyün titrəməsi obrazında kulminasiya nöqtəsinə çatır. Bu, Vətənin təkcə bir anlayış deyil, kosmik miqyasda mənəvi güc olduğunu ifadə edir.
Qəndab xanımın "Hər yer başqa, Vətən başqa!" şeiri sadəcə poetik nümunə deyil, bu şeir oxucunu təkcə duyğulandırmır, onu düşünməyə, dəyərləri yenidən ölçməyə vadar edir. Qəndab bir daha sübut edir ki, əsl poeziya yalnız söz oyunu deyil, xalqın ruhunun səsidir.
Yekun olaraq demək olar ki, "Ətirli güllər" Qəndab xanımın yaradıcılığının mənəvi-estetik xülasəsi, onun sözə, insana və zamana münasibətinin bədii ifadəsidir. Bu kitab müəllifin yalnız şair və alim kimi deyil, həm də vətəndaş mövqeyi olan ziyalı kimi obrazını tamamlayır. "Ətirli güllər" oxucu yaddaşında uzun müddət qalan, düşüncədə iz salan və ədəbiyyatımızın mənəvi xəzinəsinə dəyər qatan bir əsər kimi xüsusi əhəmiyyət daşıyır:
QƏNDAB
Oxudum, ağladım, hər bir sözündə
Hər kəlmə min məna daşıyır, Qəndab!
Sözü yaşadıqca yaşayır sair,
Nəsillər deyəcək: - "Yaşayır Qəndab!".
Tomrisin ruhudur coşar sözündə,
Nüşabə əməli yaşar sözündə,
Natəvan sərhədlər aşar sözündə,
Hər kəlmən butaya oxşayır, Qəndab!
Ustac da nəsibin alıb butadan,
Söz demək mirasdır ona atadan,
Tanrım, bu Qəndabı qoru xatadan;
El üçün, xalq üçün yaşayır Qəndab!
Bu mənada Qəndab xanımın "Ətirli güllər" kitabı o taylı, bu taylı bütün müasir Azərbaycan publisistik-ədəbi düşüncəsinin parlaq nümunələrindən biri olaraq, həm bu günün, həm də gələcək oxucuların müraciət edəcəyi sanballı yaradıcılıq nümunəsi kimi dəyərləndirilə bilər. Bu silsilə yazımın (monoqrafiyamın) əvvəlki bölmələrində də dəfələrlə qeyd etmişəm; janrından asılı olmayaraq Qəndab xanımın bütün mətnləri öz poetikliyi, axıcılığı ilə seçilir. Onun folklorumuza, öz söy-kokümüzə bağlılığı hər kəlməsindən boylanır. Qəndab xanım o taylı, bu taylı bütöv Azərbaycanın tanınan, sevilən, seçilən qələm adamıdır. Şairlik ona Tanrı vergisi olsa da, alimliyi özünün yuxusuz gecələrin, bitib-tükənməyən ardıcıl və gərgin zəhmətin hesabına qazandığı uğurudur. Yolunuz daim açıq və gül-çiçək olsun, Qəndab xanım! Uğurlarınız bol olsun!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun!
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.