Orta məktəbə hicabla göndərilən azyaşlılar, qanun nə deyir? - ARAŞDIRMA

 

Son illər müzakirə olunan mövzulardan biri orta ümumtəhsil məktəblərində vahid geyim qaydalarının tətbiqindəki boşluqlardır.

Teleqraf İnformasiya Agentliyi bildirir ki, məktəbli geyiminin əsas məqsədi şagirdlər arasında sosial fərqlərin aradan qaldırılması, təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın təmin olunmasıdır.

Eyni zamanda, bu cür geyim ümumi etik və estetik cəhətdən xoşagələn görüntünü önə çıxarır. Bu sahədəki müəyyən boşluqlar təhsil müəssisələrində vahid geyim formasının tətbiqində problemlərə yol açır.

Məktəbli geyimi ilə bağlı yanaşma təhsil hüququnun, uşağın azad inkişafının və dünyəvi dövlət modelinin qorunmasına, bərabərlik isə uşağın psixoloji təhlükəsizliyinə xidmət edir.

Araşdırmalar göstərir ki, dini və ideoloji təbliğat bu prosesə zərərli təsir göstərir. Zaman-zaman hicabla bağlı manipulyativ mövqe sərgilənir, baş örtüyü ilə məktəbə buraxılmama "qadın hüquqlarının pozulması", "təhsil hüququnun əlindən alınması" kimi təqdim olunur...

Əslində isə hicabın məktəbli geyimi ilə uyğun gəlməməsi sırf qayda məsələsidir, inancın yasaqlanması deyil. Yetkinlik yaşına çatmayan qız uşağı valideynlərinin tələbi ilə başını örtməyə məcbur edilirsə, bu artıq, qadın hüququ yox, uşaq hüququnun pozulmasıdır.

Bu baxımdan Milli Məclisdə "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsinə başlanılması təqdirəlayiq haldır. Qanun layihəsində uşaqların dinə etiqad etməyə məcbur edilməsinin qadağan olunması müasir dövrün hüquqi çərçivələri baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

"Valideynlər övladlarının dünyagörüşünün formalaşmasında mühüm rol oynayırlar"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, valideynlər övladlarının tərbiyəsinə görə məsuliyyət daşıyır və onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayırlar:

"Eyni zamanda, Konstitusiya hər kəsin, o cümlədən uşaqların vicdan və dini etiqad azadlığını təmin edir. Bu iki prinsipin kəsişdiyi nöqtədə isə həssas bir balans yaranır: valideynin dini baxışları uşağın fərdi hüquqlarını hansı həddə qədər müəyyən edə bilər?

Erkən yaşlarda uşağın öz iradəsini sərbəst şəkildə ifadə etməsi psixoloji və sosial baxımdan məhdud olduğundan, dini geyim və davranışların "şəxsi seçim" kimi təqdim edilməsi birmənalı qəbul edilmir. Bu baxımdan, hicabın azyaşlı uşaqlara valideyn iradəsi ilə məcburi şəkildə tətbiqi uşağın hüquqlarının pozulması ehtimalını gündəmə gətirir".

Deputatın sözlərinə görə, yeni qanun layihəsi məhz bu cür halların qarşısının alınmasına yönəlmiş preventiv mexanizm kimi çıxış edir:

"Məktəb təhsil sistemi təkcə bilik ötürən deyil, həm də dünyəvi dəyərləri, hüquq və azadlıqları aşılayan mühüm ictimai institutdur. Bu səbəbdən, məktəblərdə dini simvolların və geyimlərin tətbiqi məsələsi həmişə xüsusi həssaslıqla yanaşılmalı olan sahə hesab olunur. Ayrı-ayrı hallarda hicablı şagirdlərə rast gəlinməsi isə təhsil müəssisələrinin qarşısında yeni hüquqi və etik dilemmalar yaradır", - deyə o, qeyd edib.

Yeni qanunvericilik uşağın gələcəkdə şüurlu seçim etmək hüququnu qorumağa yönəlib

Deputat vurğulayıb ki, dövlət və təhsil sistemi burada cəzaedici deyil, maarifləndirici və qoruyucu mövqedən çıxış etməlidir. Əsas məqsəd valideynlə qarşıdurma yaratmaq deyil, uşağın hüquqlarının təmin olunmasını prioritetə çevirməkdir:

"Təhsil müəssisələrinin rəhbərliyi, məktəb psixoloqları və sosial pedaqoqlar vasitəsilə valideynlərlə fərdi qaydada dialoq qurulması, uşağın məcburiyyətə məruz qalıb-qalmadığının incə və peşəkar şəkildə araşdırılması vacibdir. Əsas suallardan biri məhz budur: məcburiyyətlə şəxsi seçim arasındakı sərhədlər necə müəyyən edilməlidir? Beynəlxalq uşaq hüquqları praktikasında bu məsələ uşağın yaşına, psixoloji yetkinliyinə və öz mövqeyini ifadə etmə qabiliyyətinə əsaslanaraq qiymətləndirilir. Erkən yaş dövründə uşağın dini geyimə dair "şəxsi qərar" verməsi hüquqi baxımdan şübhəli hesab olunur və daha çox valideyn iradəsinin təzahürü kimi dəyərləndirilir. Bu səbəbdən, yeni qanunvericilik yanaşması uşağın gələcəkdə şüurlu seçim etmək hüququnu qorumağa yönəlib".

"Məqsəd uşaqların dini baxımdan psixoloji təzyiqə məruz qalmasının qarşısını almaqdır"

Mehriban Vəliyevə əlavə edib ki, burada məqsəd dini inancların inkarı deyil, onların uşağın psixoloji inkişafına zərər vermədən, yetkinlik dövründə könüllü seçimə çevrilməsini təmin etməkdir.

Məktəblərdə bu sahədə monitorinqlərin aparılması məsələsinin ictimai müzakirələrdə ön plana çıxdığını deyən deputat hesab edir ki, monitorinqlər nəzarət və təzyiq aləti kimi deyil, risklərin erkən aşkarlanması mexanizmi kimi nəzərdən keçirilməlidir:

"Əsas məqsəd uşaqların dini baxımdan istismara və ya psixoloji təzyiqə məruz qalmasının qarşısını almaqdır. Monitorinq ehtiyacını yaradan əsas amillər sırasında dini radikallaşma riskləri, uşaqların sosial adaptasiyasına mənfi təsirlər və təhsil mühitində bərabərliyin pozulması təhlükəsi dayanır. Bu proseslərin şəffaf, hüquqi əsaslara söykənən və insan hüquqlarına hörmət prinsipi ilə aparılması isə dövlətin üzərinə düşən əsas vəzifələrdəndir".

Onun qənaətinə görə, "Uşaq hüquqları haqqında" yeni qanun layihəsində uşaqların dinə etiqad etməyə məcbur edilməsinin qadağan olunması Azərbaycan dövlətinin dünyəvilik, hüquqi dövlət və uşaq hüquqlarının qorunması prinsiplərinə sadiqliyinin göstəricisidir:

"Bu yanaşma nə dini dəyərlərə qarşı yönəlib, nə də valideyn institutunu zəiflətməyi hədəfləyir. Əsas məqsəd uşağın şəxsiyyət kimi azad və sağlam formalaşmasını təmin etmək, onun gələcəkdə şüurlu və könüllü seçim etmək hüququnu qorumaqdır. Bu məsələdə hüquqi mexanizmlərlə yanaşı, ictimai dialoq, maarifləndirmə və balanslı dövlət siyasəti həlledici rol oynayacaq".

"Vahid məktəbli formasını hamı geyinməlidir"

Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitələrinin üzvü, deputat Ceyhun Məmmədov Teleqraf-a bildirib ki, Azərbaycanda dünyəvi dövlət kimi hər kəsə dini etiqad üçün bərabər şərait yaradılır:

"Azərbaycan tolerant və multikultural ölkə kimi dünya üçün örnəkdir. Dövlətimiz bunu unikal nümunə kimi qoruyur və gələcək nəsillərə çatdırılması üçün davamlı olaraq addımlar atır. Bu gün orta məktəblərdə vahid məktəbli formasını hamı geyinməlidir. İnanc azadlığı hüquq pozuntusuna aparıb çıxarmamalıdır. Hamı din və etiqadından asılı olmayaraq qanunların tələblərinə əməl etməlidir. İnanc hər həsin hüququdur. Amma insanlar dini inancını əsas gətirərək qanunları pozmamalıdır. Dini davranış məcbur edilə bilməz", - deyə qeyd edib.

"Valideynlər 11-ci sinfədək övladlarını hicaba məcbur etməməlidir"

Dünyanın əksər ölkələrində təhsil müəssisələrində vahid geyim formasının tətbiq olunduğunu deyən təhsil eksperti Etibar Əliyev vurğulayıb ki, bu, əsasən xarici görünüş baxımından ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət edir:

"Mən vahid məktəbli geyiminin tərəfdarıyam. Sosial bərabərlik baxımından da bu, olduqca vacib məsələdir. Hərə istədiyini geyinəndə şagird geyimində fərqlər yaranır. Vahid geyim həm də piyada yol keçidində məktəblini ayıra bilir.

Şagirdlər məktəbdə həmyaşıdları ilə eyni geyimə malik olmalı, fərqlənməməlidirlər. Bununla sosial statusa görə təzyiq olmaz, uşaqlar zahiri fərqlərə görə hədəfə çevrilməzlər".

Etibar Əliyev həmçinin, hesab edir ki, valideynlər 11-ci sinfədək övladlarını hicaba məcbur etməməlidir:

"Bu, təhsilin keyfiyyətinə təsir edəcək hərəkət deyil. Vahid məktəbli forması tətbiq olunursa, siniflərdə bir neçə uşağın hicab taxması simmetriyanı dəyişir.

Hesab edirəm ki, ölkəmizdə valideynlər övladlarının təhsilinə çox diqqətlə yanaşırlar. Hicabın təhsilalma prosesinə hansı dərəcədə təsir etdiyini nəzərə alıb özləri addım atmalıdırlar. Məcburiyyət və yaxud tələb mənfi effekt verir. Bu baxımdan düşünürəm ki, problemin həlli qadağalarda deyil, maarifçilikdədir. Valideynlərə hicabın dini məcburiyyət olmadığı izah edilməlidir".

"Təhsili dindən və ideologiyadan kənar saxlayırıq"

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi də suallarımızı cavablandırarkən məktəblərdə vahid geyim formasının vacibliyini ön plana çəkib:

"Vahid geyim formasının tətbiqi ilk növbədə, insanlar arasında sosial bərabərliyi özündə təzahür etdirir. Hər kəs vahid geyim formasından istifadə edir və sosial-bərabər mühitin olduğu təlqin edilir. Həmçinin, vahid geyim gələcəkdə geyimə görə bir şagird və ya bir neçə şagird tərəfindən bullinqə məruzə qalmanın qarşısını almaq məqsədi daşıyır. Vahid geyim formasının olması ümumi etik və estetik cəhətdən xoşagələn görüntünü də önə çıxarır. Bu səbəbdən vahid məktəbli geyiminin olması zərurəti yaranır.

Təhsili dindən və ideologiyadan kənar saxlayırıq. Təhsil bunlar üçün uyğun istiqamət deyil. Bizim kimi çoxmillətli və tolerant ölkədə insanların dini inancına hörmətlə yanaşılır. Buna görə də hər hansı şəxsin dini ideologiyasından asılı olmayaraq, hamıya bərabər təhsil mühiti və imkanları yaradılıb".

"Kişilərdən fərqli olaraq qadınlar hansı dinə aid olduğunun elementlərini geyimində daşıyırlar"

Uşaqların hüquqlarının pozulmasının yolverilməz olduğunu bildirən Elçin Əfəndi hesab edir ki, bu istiqamətdə dövlət tərəfindən müəyyən qanunvericilik və hüquqi normativ aktlar işlənib hazırlanmalıdır:

"Həmin sənədə istinadən təhsil müəssisələri və qurumları qabaqlayıcı tədbirlər görməlidirlər. Hazırda bu istiqamətdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı da müəyyən məsələlərə toxunulub.

Qanunvericilikdə müasir dövrün tələblərinə və çağırışlarına uyğun hər hansı qərar qəbul olunarsa və qanunvericiliyə əsasən, təhsil müəssisələrində bəzi məsələlərə tolerant yanaşmaq uyğun gəlməzsə, nazirlik tərəfindən müəyyən məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi mümkün ola bilər. Valideyn və ya başqaları tərəfindən azyaşlılar, yəni 16-18 yaşdan aşağı şəxslər öz iradələrindən asılı olmayaraq müvafiq ideoloji təsir altına düşürsə, onlara təsir edən şəxslər hüquqi müstəvidə qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunmalıdır.

Ölkəmizdə gender bərabərliyi qorunub saxlanır. Kişinin geyimində hər hansı ideologiyanın təsiri altında olduğu və ya dini etiqadını bildirəcək əlamətlər hiss olunmur. İslam coğrafiyasına baxsaq, qadınlar isə hansı dinə aid olduğunun elementlərini hicab və s. ilə daşıyırlar. Xristian dininə mənsub olan şəxsin baş örtüyü və ya geyimi xüsusi deyil. Birmənalı olaraq onların təhsilləri geyim formasına görə əllərindən alınmır".

"5 yaşında uşağı nəyəsə məcbur etmək olmaz"

Mütəxəssis həmçinin, valideynlərə müraciət etmək istədiyini bildirib: "İmkan verin övladlarınız şəxsiyyət kimi formalaşsınlar. Yəni onlar özləri öz hüquqlarını dərk edərək müvafiq məsələdə səmimi qərar versinlər. 5, 10 yaşında uşağı nəyəsə məcbur etmək, vadar etmək olmaz, onlara şəxsiyyət kimi yanaşmaq lazımdır".

O, bildirib ki, bu istiqamətdə maarifləndirmə işinin həyata keçirilməsi üçün hər hansı qurum, struktur deyil, birbaşa cəmiyyət də maraqlı olmalıdır:

"Cəmiyyət nəyi hansı formada istədiyini bilməlidir. Bizim üçün vacib olan dünyəvi təhsil ala bilməyimizdir. İmkan verək ki, dövlətimiz, cəmiyyətimiz inkişaf etsin. Valideynləri bu şəkildə maarifləndirmək lazımdır ki, onlar daha çox təhsilə meyl etsinlər, nəinki dini cərəyanlara... Maarifləndirmə bütün dinlər üzrə aparılmalıdır, sadəcə islam dininə aid deyil. Dünyaya gələrkən üzərimizdə hər hansı dinə mənsubluq simvolu daşımırıq. İmkan yaradılmalıdır ki, insanlar yalnız dərk etdikdən sonra müvafiq qərarların qəbuluna özləri qərar versinlər", - Elçin Əfəndi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31