Ailə institutunun zəifləməsi: Müasir cəmiyyətin yeni çağırışları nələrdir?
1 Avqust 17:23 SosialAilə - cəmiyyətin əsası, fərdin ilk məktəbi, mənəvi dəyərlərin yaşadığı və yaşadıldığı məkandır. Tarix boyu ailə yalnız bioloji və hüquqi birlik deyil, həm də sevgi, dayaq, paylaşım və məsuliyyət məkanı olub. Amma son onilliklərdə bütün dünyada, o cümlədən Azərbaycanda da bu institutun ciddi sarsıntılar keçirdiyi müşahidə olunur. Boşanmaların artması, evlilik yaşının gecikməsi, nikahdan kənar doğulan uşaqların sayının çoxalması, birgəyaşama (konkibinat) modelinin yayılması və ailə dəyərlərinə münasibətdəki laqeydlik bu prosesi göstərən əsas əlamətlərdəndir.
Bugünkü dövrdə ailə anlayışı köklü dəyişikliklərə məruz qalıb. Əvvəllər ailə əsasən, iqtisadi və bioloji davamlılıq üzərində qurulurdusa, bu gün daha çox emosional və psixoloji ehtiyacların qarşılanmasına yönəlib. Bu da ailənin təməlinin daha zəif və kövrək olmasına səbəb olur.
Ənənəvi cəmiyyətlərdə ailə valideynlərin razılığı, qohumluq münasibətləri, dəyərlər və sosial məsuliyyət əsasında qurulurdu. Bu modeldə fərd ailə üçün mövcud idi. Müasir dövrdə isə fərd ailənin üzərində dayanır: şəxsiyyətin rahatlığı, seçimi, inkişafı daha önə çəkilir. Beləliklə, əvvəlki kimi fədakarlıq, səbir, güzəşt kimi anlayışlar arxa planda qalır.
Azərbaycanda da son illərdə boşanma hallarında artım müşahidə olunur. Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ildə hər beş evlilikdən biri boşanma ilə nəticələnib. Bu göstərici təkcə ailə institutunun sarsıldığını deyil, həm də ailənin dayanıqlığının azaldığını göstərir.
Boşanmanın başlıca səbəbləri əsasən sosial-psixoloji uyğunsuzluq, maddi problemlər və işsizlik, şiddət və zorakılıq halları, kütləvi informasiya vasitələrinin ailə modelini təhrif edən təsiri, xəyanət və güvən pozuntusu kimi hallardır. Bu amillər birləşərək ailəni sarsıdır və bəzən bərpası mümkün olmayan zədələr buraxır.
Postmodern dövrdə "mən" anlayışı güclənib. İnsanlar öz xoşbəxtliyini əsas meyar kimi qəbul edirlər. Əgər bir münasibət onları xoşbəxt etmirsə, dərhal ondan imtina etməyə hazırdırlar. Bu isə ailə quruculuğunun klassik anlayışlarına - səbir, fədakarlıq, mübarizə - ziddir.
Sosial şəbəkələrdə yayılan "ideal həyat tərzi" təsvirləri də insanlarda real olmayan gözləntilər yaradır. İki insan bir yerdə yaşamaq üçün əmək sərf etməli olduqları halda, hazır modelləri kopyalamağa çalışırlar. Bu isə tez bir zamanda ruh düşkünlüyü və ayrılığa səbəb olur.
Xüsusilə gənclər arasında "öncə təhsil, sonra iş, sonra karyera, sonra bəlkə də evlilik" modeli üstünlük qazanır. Bu da evlilik yaşının xeyli gecikməsinə səbəb olur. Yaş artdıqca insanın fərdi sərhədləri möhkəmlənir, bir başqasını bu çərçivəyə daxil etmək daha çətinləşir. Digər tərəfdən, qadınların iqtisadi və sosial müstəqilliyi də ailə qurmağa əvvəlki qədər ehtiyac yaratmır. Qadınlar artıq yalnız "ailə qurmaqla" cəmiyyətə daxil olmurlar, onlar iş yerlərində, ictimai həyatda, mədəniyyətdə aktivdirlər və bu, müstəqil seçimləri artırır.
Texnologiyanın həyatımıza sürətlə daxil olması ünsiyyət tərzini dəyişdirib. Artıq insanlar bir-birilə üz-üzə söhbət etməkdənsə, mesajlaşma ilə yetinir. Bu da dərin emosional əlaqələrin yaranmasına mane olur. Sosial şəbəkələrdəki virtual münasibətlər real münasibətləri kölgədə qoyur. Ailə içində telefon asılılığı səbəbindən birgə vaxt keçirilməməsi, diqqətsizlik və soyuqluq artıb.
Virtual dünya real ailə münasibətlərini təhdid edir. "İnstagram həyatı" ilə real həyat arasındakı fərq insanlar arasında narazılıq və müqayisə hissi yaradır. Bu isə münasibətləri zəiflədir.
Qloballaşma prosesi ilə ənənəvi ailə modelləri qərb dəyərləri ilə toqquşur. Qərb ailə modelində fərd azaddır, bəzən bu azadlıq ailəni qorumaqdan imtina etmək anlamına da gəlir. Ənənəvi Azərbaycan ailə modeli isə ailəni ön planda tutan, fərdi ailəyə qurban verən model idi.
Bu iki dəyər sisteminin toqquşması yeni nəsil üçün seçim dilemması yaradır. Onlar həm müasir olmaq, həm də dəyərlərə sadiq qalmaq istəyirlər, amma çox zaman bu balans pozulur.
Ailə institutunun sıradan çıxması yalnız fərdlərə deyil, cəmiyyətə də ağır nəticələr doğurur: Tənha və depressiyaya meyilli fərdlər, tərbiyəsiz və nəzarətsiz uşaqlar, sosial təhlükələrin artması (narkomaniya, aqressiya, cinayət), əxlaqi və psixoloji boşluq, milli-mənəvi dəyərlərin kölgədə qalması, əhalinin artım templərinin azalması və s.
Məsələ ilə bağlı təkcə fərdi deyil, dövlət və ictimai səviyyədə də tədbirlər görülməlidir. Ailə psixologiyası və ailə məsləhətxidmətlərinin inkişaf etdirilməsi, gənc ailələrə mənəvi və maddi dəstəyin artırılması, ailə dəyərlərini təbliğ edən filmlər, verilişlər, kitablar, məktəblərdə və ali təhsil müəssisələrində "ailə və sosial məsuliyyət" dərslərinin keçirilməsi, boşanma riskini azaldan hüquqi və sosial mexanizmlər, kütləvi informasiya vasitələrində ailə modelini möhkəmləndirən örnəklərin yayılması kimi addımlar buna nümunə ola bilər.
Mövzu ilə bağlı Müstəqil Hənkarlar Birliyinin həmtəsisçi, sosioloq Əhməd Rəhmanov Olaylar.az-a bildirib ki, ailə institutunun zəifləməsinin iki əsas faktoru var: birincisi psixoloji, ikincisi isə iqtisadi amillərdir:
"Psixoloji amil birinci yerə qoyulmalıdır, çünki insanların düşüncə və dünyagörüşləri bu məsələdə əsas rol oynayır.
Məsələyə bir misalla aydınlıq gətirək. İkinci Dünya müharibəsindən sonra Azərbaycan kimi ölkələrdə, o cümlədən Azərbaycanda çox çətin dövrlər yaşanırdı. İnsanlar böyük sıxıntılarla üzləşirdi, aclıq çəkirdi, lakin buna baxmayaraq, ailələr daha möhkəm idi. Bu da göstərir ki, həmin dövrdə insanlar yaşadıqları zamanın reallıqlarını dərk edirdilər. Onlar bilirdilər ki, çətinliklər müvəqqətidir və gələcəyə ümidləri vardı. Rus publisisti Belinskinin bir sözü var: "Əsl qəhrəman yaşadığı dövrü dərk edən və onu sevən insandır." O dövrdə insanlar yaşadıqları dövrün çətinliklərini anlayaraq, gələcəyə ümidlə baxırdılar. Bu, məsələnin psixoloji tərəfidir.
İkinci - iqtisadi tərəfə gəldikdə isə, bu gün ailə quran insanlar əslində ailə qurmağa tam hazır deyillər. Bu "hazır olmamaq" həm psixoloji, həm də iqtisadi baxımdandır. Gənclər düşünürlər ki, ailə qurduqdan sonra həyatları avtomatik olaraq yaxşılaşacaq, maddi baxımdan yüksələcəklər. Amma reallıqda bu belə olmur. Bu zaman insan özünə sual verməlidir: "Mənim 50-60 yaşına çatmış atam nəyə nail olub ki, mən öz yoldaşımdan onu tələb edim?" Əgər atamızın iki maşını, Türkiyədə villası, Nabranda evi yoxdursa, onda gənc ailə qurduğu insanla bu tələbləri qoyması nə dərəcədə doğrudur? Bu da göstərir ki, insanlar ailə qurmazdan əvvəl psixoloji baxımdan yetkin olmurlar.
Burada valideynlərin rolu da mühümdür. Valideyn uşağa ilk gündən başa salmalıdır ki, o hansı sosial sinfə aiddir. Bu gün biz sinfi fərqləri görmək istəmirik, amma reallıq budur ki, bu fərqlər mövcuddur. Karl Marks deyirdi ki, bütün insanlıq tarixi sinfi mübarizələrdən ibarətdir. Əgər bir insan ziyalı ailəsində, məsələn, həkim ailəsində böyüyübsə, o, bir anda özünü milyarder səviyyəsində təsəvvür etməməlidir. Bu, real deyil və belə düşüncə psixoloji zədəyə səbəb olur".
Sosioloqun sözlərinə görə, indi insanların sabaha ümidi yoxdur: "Yenə də keçmişə qayıdaq - müharibədən sonrakı dövrdə çoxuşaqlı ailələr geniş yayılmışdı. Bu gün isə bu hal yoxa çıxıb. Niyə? Çünki insanlar gələcəyə ümidlə baxmır. Bu gün gənclər universitetə daxil olur, amma əmin deyillər ki, universiteti bitirdikdən sonra iş tapa biləcəklər. Sadəcə boş qalmasınlar, avarə olmasınlar deyə oxuyurlar. Bu da ailə institutunun dayaqlarından birinin sarsılması deməkdir. Əgər bu institutun bir dayağı qırılıbsa, digəri də çat verib, artıq ailə dörd ayaq üstə duran bir masa kimi deyil, üçayaqlı və qeyri-sabit bir dayaq üzərində durur. Sadə dillə desək: bu gün ailə institutu sadəcə Allaha pənahla durur".
Əhməd Rəhmanov qeyd edib ki, qloballaşma da ailə institutuna mənfi təsir göstərir:
"Vaxtilə cəmiyyətimiz daha qapalı idi. Bəli, biz Sovet ailəsinin bir üzvü idik, amma bununla yanaşı, Azərbaycan cəmiyyəti özü-özlüyündə daha bağlı, məhdud bir cəmiyyət idi. Məsələn, rayonlarda insanlar əsasən öz rayonundan olanlarla ailə qururdular və bir-birini tanıyırdılar. Bu da münasibətlərin daha möhkəm və dayanıqlı olmasına səbəb olurdu. Əgər bir ailədə münaqişə yaranırdısa, kişi qadına səsini qaldıranda deyirdilər: "Axı o filankəsin qızıdır", yəni milli-mənəvi dəyərlər öz sözünü deyirdi. Bugünkü qloballaşma isə bizə xeyir deyil. Əvvəllər Bakı kiçik, bir-birini tanıyan insanların şəhəri idi, indi isə Bakı böyük bir avtovağzala çevrilib. Dünyada belədir ki, vağzal ətrafında sosial cəhətdən zəif təbəqədən olan, yönünü itirmiş insanlar toplanır. Təəssüf ki, bu gün Azərbaycan da bu cür cəmiyyətə çevrilməkdədir.
Böyüyə, yaşlıya hörmət itir. Halbuki böyüyə hörmət edilməlidir, amma əvvəlcə böyük özü hörmətə layiq olmalıdır ki, cəmiyyət ona hörmət etsin. Bu gün bu zəncir qırılıb.
Qloballaşma bizdə hörmət və dəyər sistemini sarsıdıb. Əvvəllər ailə qurarkən atanın, babanın kim olduğu nəzərə alınırdı. İndi isə insanlar sosial şəbəkələrdə tanış olur, ailə qurur. Düzdür, sosial şəbəkədə tanış olub uğurlu ailə quranlar da var, bəzən bu ailələr ənənəvi yollarla qurulanlardan daha möhkəm olur. Amma ümumilikdə ailə institutunun dayaqları zəifləyib.
Bu gün ailə institutu Azərbaycanda çox zəif vəziyyətdədir və bu zəifləmənin əsas səbəbləri psixoloji hazırlıqsızlıq, iqtisadi qeyri-sabitlik, dəyərlərin aşınması və qloballaşmanın təsiridir".
Mövzu ilə bağlı psixoloq Aygül Məlikova da suallarımızı cavablandırıb. Psixoloq bildirib ki, ailə institutunun zəifləməsinin kökündə uşaqlıqda yaşanan təcrübələr, sosial təsirlər və müasir cəmiyyətin yaratdığı qorxular dayanır:
"Ümumiyyətlə, biz münasibət qurmağı ilk olaraq ailəmizdə öyrənirik. Ata-anamızın bir-birinə qarşı davranışı, münasibəti bizim gələcəkdə insanlarla quracağımız ünsiyyətə ciddi təsir göstərir. Lakin yalnız ailədən yox, böyüyüb yeniyetməlik yaşına çatdıqdan sonra biz artıq tərbiyəni və davranış modellərini cəmiyyətdən də almağa başlayırıq. Beləliklə, formalaşan müəyyən düşüncələrimiz və davranışlarımız sosial mühitdə daha da inkişaf edir. Məhz bu səbəbdən insanlar ailə həyatı qurarkən ilk növbədə öz doğma ailələrinin iç dünyasına nəzər yetirirlər. Onlar ailə mühitini necə formalaşdıracaqlarını, münasibətlərə necə yanaşacaqlarını çox zaman valideynlərindən öyrənirlər. Əgər insan uğursuz və ya travmalı bir ailədə böyüyübsə, evlilik onun üçün artıq qorxulu, riskli bir anlayışa çevrilə bilər. Təbii ki, bu zaman maddi faktorlar da nəzərə alınır. İnsanlar düşünürlər ki, ailə qurduqda artıq müəyyən məsuliyyətləri daşımalı, maddi ehtiyacları qarşılamalı olacaqlar. Müasir dövrdə texnologiya və cəmiyyət elə bir səviyyədə inkişaf edib ki, insanlar artıq yalnız öz evlərinə və ailələrinə deyil, eyni zamanda başqalarının həyat tərzinə, ailədaxili münasibətlərinə, sosial imkanlarına da baxırlar. Bu da təbii olaraq gənclərdə müqayisə hissi və gözlənti yaradır. Nəticədə, bəzi gənclər evlilikdən yayınmağa başlayırlar. Onlar düşünürlər ki, evlənsələr, azadlıqları məhdudlaşa bilər, şəxsi sərbəstliklərini itirərlər. Bu da evliliyin gözlərində qorxulu və ağır bir məsuliyyətə çevrilməsinə səbəb olur. Amma əlbəttə ki, sağlam düşüncəli gənclər də var. Onlar bu məsələyə daha fərqli yanaşırlar. Məsələn, ətraflarında uğurlu ailə nümunələri gördükdə, bu nümunələrə istinad edərək ailə qurmağa daha pozitiv baxırlar. Hətta bəzi gənclər uşaqlıqlarında yaşadıqları çətinlikləri təkrar etməməyə çalışırlar. Valideynlərində gördükləri boğucu münasibətləri öz həyatlarına daşımamaq üçün xüsusi səy göstərirlər. Belə insanlar artıq ailə və cütlük münasibətləri haqqında daha sağlam düşüncəyə malik olurlar. Onlar anlayırlar ki, hər münasibət alınmaya da bilər, amma əsas odur ki, belə hallardan zərərsiz və mədəni şəkildə çıxmağı bacarsınlar".
Ailə institutu təkcə şəxsi bir məsələ deyil - bu, milli kimliyin, mənəvi dayağın, cəmiyyətin özülüdür. Onun zəifləməsi, dağılıb getməsi bütöv bir millətin gələcəyini riskə ata bilər. Bəli, zaman dəyişir, dəyərlər yenilənir, amma ailə - insanın ilk dayaq nöqtəsi olaraq qalır. Onu qorumaq isə təkcə dövlətin, psixoloqların, müəllimlərin yox - hər bir valideynin, gəncin vətəndaşlıq borcudur.
SƏİDƏ RAMAZANOVA