“Yaşıl təhsil”in hədəfləri: “Sağlam düşüncəli yeni nəsil yetişdirməliyik”

Qlobal iqlim dəyişikliyinin fəsadları hər il dünya iqtisadiyyatına ciddi ziyanlar vurur. Beynəlxalq ekpertlərin hesablamalarına görə, ötən il Yer kürəsində ən isti il olub. Temperaturun artması dünyanın şirin su mənbələrini azaldır. Qütb buzlaqları əriyir, quraqlıq sahələri genişlənir, meşə yanğınları artır. Meşələrin azalması havada istixana effekti yaradan tullantıların miqdarını çoxaldır. Elə bir dövrdə yaşayırıq ki, artıq insanlar hər bir ağacı belə qorumalı, içməli suya qənaət etməli, yaşıllıq zolaqlarının yaradılmasına dəstək verməlidir. Ətraf mühitin qorunması artıq hər kəs üçün həyati əhəmiyyət daşıyan bir missiyaya çevrilib. Hesab edilir ki, ekoloji şüuru yüksək olan nümunəvi vətəndaş yetişdirmək üçün aşağı yaş qruplarından işə başlamaq lazımdır.

Mövzu ilə bağlı müsahibimiz "Məktəbəqədər və ibtidai təhsil" elmi-metodik jurnalının baş redaktoru, təhsil tədqiqatçısı, tanınmış jurnalist Böyükağa Mikayıllıdır.

-Böyükağa müəllim, təbiətin mühafizəsi, ətraf mühitin qorunması ilə bağlı məsələ son illər xeyli aktuallaşıb. Təhsillə bağlı nəzəriyyələrə "yaşıl təhsil", "ekoloji maarifləndirmə" kimi ifadələr daxil olub. Bunun əsas səbəbi nədir?
- Əvvəla, bu suala cavab verək ki, məsələ indi niyə bu qədər aktualdır. Məgər 30 il qabaq ekoloji böhran yox idimi? Var idi. Biz məktəbli olanda Azərbaycanda, keçmiş SSRİ-də, bütövlükdə dünyada sənaye müəssisələrinin, kimya zavodlarının ekoloji çirklənmə yaratması haqqında informasiyalar yayılır, mütəxəssislər müzakirə aparırdı. O zaman bilirdik ki, neftayırma müəsissələri, ağır metallurgiya zavodları yerləşən şəhərlər atmosfer çirkliliyinə görə ilk sırada yer alır. O zamanlar daxiliyanma mühərrikləri ilə işləyən avtomobillər indiki kimi çox deyildi. Ümumiyyətlə, bəşəriyyəti, insanlığı sənaye inqilabları irəli aparıb. Bu inqilablar İnsan övladının həyat tərzini, işini asanlaşdırıb. Lakin buna paralel olaraq atmosfer də çirklənib. Elmi texniki tərəqqi özü ilə ekoloji problemləri də gətirib. Hətta kosmik tədqiqatlar belə ekoloji problemlərə yol açır. Son 35 ildə insanlıq təbiətə daha çox zərər vurub. Təbii sərvətlər amansızlıqla istismar edilib. Geniş meşə sahələri şəhərləşməyə, sənayeləşməyə, mebel və kağız sənayesinə qurban verilib. İri miqyaslı və lokal müharibələr nəticəsində ətraf mühit ciddi şəkildə zərər görüb. Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində 30 il ərzində ekoloji terror həyata keçirib. Əkinə yararlı torpaqlar minalarla, hərbi sursatlarla çirkləndirilib. Meşələr qırılıb, qiymətli təbii resurslar amansızlıqla istismar edilib. Hərbi texnikanın hərəkəti, manevrlər, təlimlər torpağın yararlı qatını sıradan çıxarıb, ekosistemi korlayıb. Təbiətin özünübərpasına uzun illər lazımdır. Bəzən də bu, heç mümkün də olmur. Azərbaycan qlobal ekoloji problemlərin aradan qaldırılmasına zaman-zaman öz töhfəsini verib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasının Bakıda yüksək səviyyədə təşkil olunması da bu töhfənin daha bir halqası kimi göstərilə bilər. 
Ümumiyyətlə, sənayeləşmə, urbanizasiya, təbii sərvətlərdən tamahkarcasına istifadə Yer kürəsini məhvə aparır. İnsan fəaliyyətinin nəticəsində atmosferdə karbon emissiyasının miqdarı artıb. Son 30 ildə dünyanın beyin mərkəzləri vəziyyətdən çıxış yolları aramağa başlayıblar. Hesab edilir ki, ilk növbədə təbiətə, canlı aləmə insan övladının münasibəti dəyişməlidir. Limitimiz getdikcə azalır, belə getsə yaxın 100 ildə planetimizdə həyat daha da çətinləşəcək. Məşhur fizik Stiven Hokinqin təbrincə desək, insanlıq özünə başqa planetlərdə yaşayış yeri axtarmalı olacaq. Bəs bunun qarşısını almaq olarmı? Əlbəttə olar. Bu durumu insan övladı yaradıbsa, vəziyyətdən çıxış imkanları da var. İlk növbədə ətraf mühiti öz evi qədər sevən, təmiz saxlayan, hər ağacı, canlını öz doğması hesab edən nəsil yetişdirməli, planetimizi sağlam düşüncəli yeni nəsilə təslim etməliyik ki, onlar yaralı vəziyyətə saldığımız Yer planetini bizdən təhvil alsınlar və yaşatsınlar. 
-Təcrübəli jurnalist, eyni zamanda təhsil tədqiqatçısı kimi fikirləriniz maraqlıdır: ekologiyanı məktəblilərə necə sevdirmək olar?
- Təhsil proqramları dövlətimizin önə sürdüyü prioritetlərə uyğundur.  Ölkəmiz qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə beynəlxalq təşəbbüslərə qoşulub. Azərbaycan iqlim fəsadları ilə mübarizə işinə öz töhfələrini verir. Karbohidrogen ehtiyatları ilə zəngin olsa da, ölkəmiz qalıq yanacağından tədricən imtina, bərpa olunan enerjiyə keçid istiqamətində mühüm addımlar atır. Azərbaycan 2015-ci ildə imzalanmış Paris razılaşmasına uyğun olaraq karbon emissiyasının azaldılmasını öhdəsinə götürüb. 2050-ci ilə qədər ölkəmiz 1990-cı baza ili ilə müqayisədə karbon emissiyasını 40 faizə qədər azaltmalıdır. Ölkəmizdə günəş və külək enerjisi resursları öyrənilir. Günəş elektrik stansiyaları qurulur. Bu sahədə hətta region ölkələrini qabaqlayan iri layihələr icra edilib. Ölkəboyu yaşıllıqlar salınır. Ətraf mühitin qorunmasına yönəlik çəkindirici alətlər tətbiq edilir. Lakin əsas iş fikrimcə, düşüncələrin dəyişməsi olmalıdır. Bunun yolu isə "yaşıl təhsil"dən keçir. Mən dəfələrlə bu mövzuda beynəlxalq konfranslarda iştirak etmişəm. Beynəlxalq ekspertlərin yekdil qənaəti budur ki, ekoloji düşüncənin formalaşdırılması erkən yaşlarından başlanlmalıdır. Təhsilalanlarda ekoloji düşüncənin, ekoloji mədəniyyətin, bilik, bacarıq və vərdişlərin formalaşmasında və inkişafında məktəbin, məktəbdənkənar işlərin təşkili böyük əhəmiyyət daşıyır. İnsanın ekologiyaya baxışı dəyişməlidir ki, yanaşması da dəyişsin. Ekoloji biliklərin şagirdlərə ciddi şəkildə öyrədilməsinə zəruri ehtiyac var. Məktəblərdə dərs ili boyu müxtəlif ekoloji yönümlü fəaliyyətlər həyata keçirməlidir. Ekoloji fəaliyyət dedikdə, müsabiqələrin, ekskursiyaların, canlı təbiət guşələrində məşğələlərin, ekoloji oyunların və s. təşkil olunması nəzərdə tutulur. Məktəblərdə ekoloji nəşrlərin yaradılması, şagirdlərin təbiət mövzusunda araşdırma və yazı qabiliyyətinin formalaşdırılması, tələbə gənclər üçün ölkəmizin dilbər guşələrinə ekspedisiyaların təşkili yaxşı olardı. Yuxarı sinif şagirdləri üçün ekoloji olimpiadaların təşkili, şagirdlərin təmizlik, ağacəkmə aksiyalarında müntəzəm iştirakı təhsilalanlarda müəyyən vərdişlərin formalaşmasına səbəb olacaq. Bundan başqa məktəblərdə könüllü "Təbiətsevərlər", "Heyvanların dostları" klublarının yaradılmasını təklif edirəm. Həyəti, torpaq sahəsi olan məktəblərdə bu işləri görmək daha asandır. Olmasa belə bələdiyyələr məktəblərə xüsusi torpaq sahələri ayırmalıdır. Ooy, şagirdlər orada ağaclar, gül kolları əksinlər, onlara qulluq göstərsinlər. Məktəbin torpaq sahəsində əmək təlimi məşğələlərində şagirdlər quş yuvaları düzəltsin, onları ağacdan assınlar. Sahibsiz heyvanlara qayğı hissi də erkən yaşlarından formalaşmalıdır. Amma bu tərbiyə prosesində məktəblə yanaşı ailənin də rolu böyükdür. Uşaqlar daha çox valideynlərini örnək alırlar, onlara bənzəməyə çalışırlar. Valideynin ətraf mühitə münasibəti uşağın tərbiyəsində mütləq özünü göstərir. Şagirdlərdə ekoloji şüurun formalaşmasında, şübhəsiz ki, müəllimlər mühüm rol oynayır. Məktəblərdə, xüsusilə uşaq-gənclər inkişaf mərkəzlərində ekologiya sahəsi üzrə çalışan metodist və dərnək rəhbərləri üçün təlimlərin keçirilməsi zəruridir.  Fikrimcə, ekoloji təhsil fasiləsiz olmalıdır və hər kəs üçün vacibdir. Əvvəllər televiziyada "Təbiəti sevənlər" verilişi var idi. Hamımız bu verilişə böyük maraqla baxırdıq. Bu veriliş sözün həqiqi mənasında böyük maarifçilk işi aparırdı. Televiziyalar bu təcrübədən bəhrələnsələr çox yaxşı olar. Bir sözlə, ekoloji maarifçilik işi bütün səviyyələrdə aparılmalı, xüsusilə ictimai təşkilatlar bu məsələdə daha çox fəallıq göstərməlidirlər. 
Cavid Şahverdiyev
"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Ətraf mühiti qoru: maarifləndirmə aksiyaları" layihəsi çərçivəsində hazırlanmışdır və bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31