Müasir insan niyə bu qədər tələsir?
14 Fevral 21:41 SosialMüasir dövrdə insanın əsas məşğuliyyəti tələsməkdir. Səhərlər işə tələsirik, axşamlar planlarımızı yerinə yetirmək üçün qaçırıq, həftəsonlarını isə "görməli" olduğumuz işlər siyahısı ilə yükləyirik. Sosial mediada başqalarının uğurlarını görüb özümüzü daha çox çalışmağa məcbur hiss edirik. Həyatımızı daha məhsuldar keçirmək üçün yeni strategiyalar axtarır, hər dəqiqəmizi səmərəli keçirmək istəyirik. Amma bu yarışın sonu varmı?
Nə qədər sürətli qaçsaq da, sanki heç bir yerə çata bilmirik. Bu paradoksun səbəbləri çoxdur. Kapitalist sistem insan həyatını fasiləsiz işləməyə və daha çox qazanca əsaslanan bir modelə çevirib. Gündəlik sosial media paylaşımları isə sanki bir mesaj verir: hər kəs uğur qazanıb, yalnız sən yerində sayırsan. Bu təzyiq bizi heç dayanmadan çalışmağa, özümüzü daim inkişaf etdirməyə məcbur edir. Ancaq həqiqət başqadır - bu yarışda olanların əksəriyyəti psixoloji tükənmə ilə üzləşir, ya da istədiklərinə çata bilmədikləri üçün özlərini uğursuz hiss edirlər.
Bəs, biz həqiqətən çalışmağı sevdiyimiz üçün bu qədər qaçırıq? Yoxsa cəmiyyətin yaratdığı təzyiqin təsiri altındayıq?
Həddindən artıq işləmək yeni normaya çevrilib. Son illərdə xüsusilə gənclər arasında "hustle culture" - yəni həddindən artıq işləmə və daim məşğul olma mədəniyyəti dəbə minib. İnsanlar səhərlər erkən oyanır, gün ərzində bir neçə işlə məşğul olur, axşam isə əlavə biliklər əldə etməyə çalışırlar. Boş vaxt keçirmək artıq "dəbdən düşüb". Çünki uğur qazanmaq istəyən hər kəs daha çox işləməli, daha çox öyrənməli və daim irəliləməlidir.
Bu düşüncə Qərb dünyasında, xüsusilə Silikon Vadisində formalaşıb. İlon Mask, Jeff Bezos və Mark Zukerberq kimi milyarderlər gecə-gündüz işlədiklərini vurğulayaraq, bunun uğurun əsas açarı olduğunu bildiriblər. Nəticədə gənclər üçün belə bir düstur yaranıb: çox işləmək = uğur. Amma bu yanaşma insan psixologiyası üçün təhlükəlidir. Daim tələsən insan hər zaman stress içində olur. Bir işi bitirir, digərinə keçir, amma heç vaxt tam məmnun olmur. Çünki bu sistemdə nə qədər çalışsan da, heç vaxt "kifayət qədər" olmur. İnsanlar inanırlar ki, daha çox işləsələr, həyatları daha yaxşı olacaq, amma reallıq tam fərqlidir. Əksər hallarda bu, tükənməyə və həyatdan zövq ala bilməməyə gətirib çıxarır.
Bu tələskənlik sindromunun bir neçə mühüm səbəbini qeyd edə bilərik:
İqtisadi faktorlar: Böyük şəhərlərdə yaşamaq üçün daha çox qazanmaq lazımdır. Kirayə qiymətləri artır, gündəlik xərclər yüksəlir və insanlar istəsə də, istəməsə də daha çox işləməyə məcbur olur.
Artan rəqabət: İş dünyasında rəqabət sərtləşdikcə insanlar daim daha çox çalışmalı olduqlarını hiss edirlər.
Texnologiyanın inkişafı: İş mesajları günün istənilən saatında gəlir, sosial media daim xəbərdarlıq edir ki, kimlərsə uğur qazanır, kimlərsə yeni layihələrə başlayır. İnsan dayansa da, dincələ bilmir, çünki zehni daim məşğuldur.
Sosial media və illüziya: İnsanlar yalnız uğurlarını paylaşır, amma çətinliklərini gizlədirlər. Sosial media insanı daim başqaları ilə müqayisə etməyə vadar edir.
Bunlar nəticəsində insanlar öz həyat tempini yox, başqalarının temposunu izləməyə başlayırlar. Nəticə isə daim tələsmək, stress və tükənmişlik sindromudur. Həqiqi uğur isə çox işləmək deyil, balansı tapmaqdır.
Bəs bu tələskənlik sindromundan necə qurtulmaq olar?
İlk olaraq prioritetləri düzgün müəyyənləşdirmək lazımdır. Hər işə "hə" demək əvəzinə, yalnız ən vacib və dəyərli olanları seçək. Unutmayaq ki, daha çox işləmək uğurun açarı deyil. Əksinə, insan nə qədər dincələ bilirsə, bir o qədər məhsuldar olur.
Boş vaxt keçirməkdən qorxmamaq lazımdır. Leonardo da Vinçi iş zamanı fasilələr verirdi, Stiv Cobs isə ideyalarını inkişaf etdirmək üçün uzun gəzintilərə çıxırdı. Beyin ancaq istirahət etdikdə yenilənir və kreativ düşünə bilir.
özünüzü başqaları ilə müqayisə etməyin. Unutmayın ki, orada gördükləriniz həyatın tam mənzərəsi deyil, sadəcə filtrdən keçmiş, seçilmiş anlardan ibarətdir. Hər kəsin çətinlikləri var, sadəcə onları paylaşmırıq.
Texnologiyanı idarə etməyi öyrənmək lazımdr, o insanları idarə etməməlidir. İş saatlarından sonra e-poçt və iş mesajlarını yoxlamamaq, sosial mediadan istifadəni məhdudlaşdırmaq kimi vərdişlər insanı həm psixoloji, həm də emosional olaraq daha sağlam edər.
Daha yavaş yaşamağı öyrənmək lazımdır. "Slow living" və ya "minimalizm" kimi həyat tərzləri göstərir ki, həqiqətən dəyərli olan şeylər sadəlikdə və rahatlıqda gizlidir. Daha az amma keyfiyyətli iş görmək, daha çox dincəlmək, sevdiyiniz insanlarla vaxt keçirmək və həyatın dadını çıxarmaq tələskənliyi azaltmağa kömək edir.
İnsan daim yorğun və stresli hiss edirsə, bu, artıq siqnaldır. Bədənin və zehnin verdiyi bu siqnalları görməməzlikdən gəlmək olmaz.
Həyat tələsərək keçirdiyimiz bir yarış deyil. Biz ona nə qədər çox mənalı anlar, dəyərli təcrübələr və rahatlıq qata bilsək, o qədər də dolğun və xoşbəxt olacaq. Uğur sadəcə çox işləmək deyil, həm də özümüzü yaxşı hiss etmək və yaşadığımız anlardan zövq almaqdır.
Qiymət Mahir