Azərbaycan təhsilində inqilabi yenilik: 32 illik qayda dəyişdirilir?
19:08 SosialSosial şəbəkələrdə Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesində test imtahanlarının ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb.
Bu məsələ ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəzi ekspertlərin fikrincə, belə bir qərar universitetlərə qəbul prosesinin daha ədalətli şəkildə həyata keçirilməsini təmin edəcək. Lakin bunun mövcud təhsil sistemində bir sıra problemlərə yol aça biləcəyini deyənlər də var.
Qəbul prosesində test üsulu tamamilə ləğv edilə bilərmi? Bu halda hansı metodun həyata keçirilməsi gözləniləndir?
Globalinfo.az-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov hesab edir ki, test üsulunun ləğvi əvəzinə imtahanların məzmununun yenilənməsi və qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılmalıdır:
"Test imtahanları Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesində 1992-ci ildən etibarən tətbiq olunur. Bu sistem əvvəlki subyektiv qiymətləndirmə üsulunu əvəz edərək, daha şəffaf və obyektiv seçim imkanı yaradıb. Statistikaya görə, hər il təxminən 100 mindən çox abituriyent test imtahanlarında iştirak edir. Bu üsul məzmun baxımından müxtəlif mərhələlərdən keçib. 2008-ci ildən etibarən isə kurikulumun tətbiqi ilə sualların tərtib olunması üsulu dəyişdirilib. Son illərdə açıq tipli tapşırıqların sayının artırılması və fənlər üzrə biliklərin daha dərindən yoxlanılması üçün müəyyən yeniliklər edilib.
Dünya təcrübəsinə nəzər saldıqda, test üsulu əksər inkişaf etmiş ölkələrdə geniş tətbiq edilir. ABŞ-da SAT və ACT kimi standart testlər universitetlərə qəbulda əsas qiymətləndirmə vasitəsi kimi qalmaqdadır. Böyük Britaniyada "A-level" imtahanları subyektiv qiymətləndirmə ilə yanaşı, test suallarını da əhatə edir. Finlandiya kimi ölkələrdə isə məktəbdaxili qiymətləndirmə daha çox əhəmiyyət kəsb edir və qəbul prosesində abituriyentin akademik göstəriciləri əsas rol oynayır. Lakin bu ölkələrdə təhsil sisteminin uzun illər ərzində formalaşmış və sabit olduğu nəzərə alınmalıdır. Azərbaycanda isə hələ də test imtahanları şəffaflığın və obyektivliyin təmin olunmasında əsas vasitə sayılır".
Ekspert bildirib ki, qanunvericiliyə əsasən, test imtahanlarının tətbiqi və qəbul prosesi "Təhsil haqqında" Qanun və Nazirlər Kabinetinin qəbul qaydaları ilə tənzimlənir:
"Dövlət İmtahan Mərkəzi haqqında Əsasnamə"nin müvafiq bəndlərində imtahanların keçirilməsi proseduru və qiymətləndirmə metodlarının təkmilləşdirilməsi məsələləri əks olunub. Bu sənədlərə əsasən, imtahanların keçirilməsində obyektivlik və şəffaflıq təmin edilməlidir. Test imtahanlarının ləğvi mümkün olarsa, əvəzində insan faktoru təsirli metod gətiriləcək ki, bu da rüşvətə, kənar müdaxilə imkanına yol açacaq.
Alternativlərdən biri məktəbdaxili qiymətləndirmənin artırılması ola bilər. Lakin Azərbaycan məktəblərində obyektiv qiymətləndirmə mexanizminin zəif olduğu, bəzi hallarda subyektiv yanaşmaların mövcudluğu nəzərə alınmalıdır. Digər bir alternativ isə abituriyentlərin müsahibə və portfolio əsasında qəbul edilməsidir. Bu isə böyük maliyyə və infrastruktur dəyişikliyi tələb edir".
K.Əsədovun fikrincə, hazırda test imtahanlarının tam ləğvi real görünmür:
"Ölkədə yeganə şəffaf, əlçatan proses budur, əvəzində qiymətləndirmə sisteminin təkmilləşdirilməsi və imtahanlarda müxtəlif tipli tapşırıqların tətbiqi istiqamətində addımlar atılacağı gözlənilir. Azərbaycanın təhsil sistemində dəyişikliklər edilməsi üçün beynəlxalq təcrübənin təhlili və yerli reallıqlara uyğunlaşdırılması əsas faktor olaraq qalır".