26 dekabr, 2024-cü il...
26 Dekabr 13:50 SosialHəyat nə qədər uzun görünsə də, bir göz qırpımında sona çata bilər. Ölüm elə bir qonaqdır ki, qapını nə vaxt döyəcəyini heç vaxt bilə bilməzsən. Dünən göy üzündə baş verən faciə, ölümün necə anidən həyatımıza girib hər şeyi alt-üst edə biləcəyini bir daha xatırlatdı.
İnsan hər zaman sabaha inanır. Sabah işə gedəcəyinə, sevdiyi ilə danışacağına, ailəsi ilə yenidən deyib-güləcəyinə inanır. Amma ölümün aniliyi bu inamı qırır, xəyallarımızı yarımçıq qoyur. Elə bir an gəlir ki, saniyələr öncə nəfəs alan, ümidlərlə dolu olan bir insan, birdən yox olur. O yoxluq o qədər ani, o qədər qəfildəndir ki, insan gerçəkliyi qəbul etməyə belə hazır olmur.
Hər uçuş yeni başlanğıc deməkdir. Hər bilet bir ümidin qapısını açır - biri ailəsinə qovuşmaq üçün, digəri yeni həyat qurmaq üçün, bəlkə də başqası illərdir arzusunda olduğu yerə ayaq basmaq üçün. Amma bu dəfə göy üzü onlara arzuladıqları sabahı bəxş etmədi. Dünən göy üzündə qanad açan o təyyarə yalnız sərnişinləri ilə yox, həm də arzular, xəyallar və sevinclərlə uçurdu. Ölümün qəfil zərbəsi bütün o arzuları havada dondurdu. Bəlkə də bir ana öz körpəsi ilə yeni bir həyata başlamağa gedirdi. Bəlkə bir ata övladına daha yaxşı gələcək qurmaq üçün uzun bir yol keçirdi. O anlar, o hekayələr sükutun içində boğulub qaldı.
Ölüm hər zaman xəbərsiz gəlir. Gələndə nə vidalaşmağa, nə son dəfə bir "sevirəm" deməyə imkan verir. Bəlkə də təyyarəyə minənlər yaxınlarına ən adi sözləri demişdilər: "Gecikməyim, sağ ol." O adi sözlər indi bir daha deyilməyəcək, bir daha eşidilməyəcək. Bu sözlər sevdiklərinin qulağında əbədi bir əks-səda kimi qalacaq. Eynilə "hər şey yaxşı olacaq" kimi...
Təyyarənin ekipaj üzvləri üçün etdikləri təkcə bir peşə borcu deyildi; bu, insanlığın ən yüksək dəyərlərinin - şəfqət, cəsarət və fədakarlığın təcəssümü idi.
Stüardessanın son sözləri - "Hər şey yaxşı olacaq" - indi sükutun içində səslənir, o an isə sərnişinlərin ürəklərində bir ümid çırağı kimi yanırdı. Pilotun son nəfəsinə qədər olan mübarizəsi, səmadakı ən yüksək fədakarlıq hekayələrindən biri kimi yadda qalacaq.
Həyatın aniliyi bizə bir şeyi öyrədir: heç bir günü, heç bir sözü təxirə salma. İnsan sevdiyi ilə danışmaq üçün, onu qucaqlamaq üçün sabaha güvənməməlidir. Çünki bəzən sabah olmur. Çünki bəzən hər şey heç də yaxşı olmur.
Bu qəza, ölümün soyuq və qəfil üzünü göstərən bir xatırlatmadır. Göylərdə yarımçıq qalan uçuşlar bizə göstərir ki, hər nəfəsimiz, hər saniyəmiz qiymətlidir.
Onlar indi bir ulduza çevrilib, yəqin ki, bizə baxır. Həyatları qısa olsa da, izləri böyükdür. Bizdən soruşurlar sanki: "Sevdiklərinizi bu gün qucaqladınızmı? Özünüzə həyatın gözəlliklərini xatırlatdınızmı?"
Kaş bu sətirləri yaza bilməyəydim. Kaş barmaqlarım bu kədəri sözlərə çevirmək üçün qələm tutmayaydı. Bu günün ağırlığı bir anlıq ürəyimdə dayanıb sükutun səsində əks-səda verir. Qəzetin arxivinə, altından imzam olan belə bir yazı heç vaxt düşməyəydi. Kaş ki, bu tarix matəm deyil, sadəcə başqa bir adi gün olaraq qalaydı.
26 dekabr... İllər sonra bu tarixdən danışarkən, insanlar onu ağrıyla deyil, xatirələrlə yad etsəydi. Kaş bu tarix qışın soyuq bir günü kimi xatırlansaydı. Kaş ki, bu tarix keçmişə faciə deyil, insanların bir-birinə daha yaxın olduğu, ümidlərin hələ də göylərdə qanad açdığı bir gün kimi keçəydi.
Amma indi, bu tarix ürəyimizdə daşıdığımız bir yara, itirdiklərimizin ağrılı nişanəsidir.
Allah onların ruhlarını səmaların ən yüksək, ən parlaq qatlarında qərar versin. Hər birini göy üzünün ən sakit və ilahi sükutunda dinclik tapmış qanadlı mələklərə çevirsin. O ruhlar ki, artıq bu dünyanın ağrısından uzaqda, sonsuz bir ucalıqda uçurlar. Allah onları öz mərhəməti ilə qucaqlasın, göylərdə açılmamış ümidlərə yer ayırıb, o arzuları cənnət bağlarında çiçəkləndirsin, geridə qalanlara isə sabahlarını yenidən qurmaq gücü bəxş etsin...
26 dekabr, 2024-cü il...təyyarə qəzası ilə bağlı xəbərlər, Qroznıya yeni ili qeyd etməyə gedən 13 yaşlı Məhəmmədəlinin ürək dağlayan fotosu, "hər şey yaxşı olacaq" deyən Hökümənin toy şəkilləri, endirilmiş bayraqlar, işıqları söndürülmüş yolkalar, boynubükük qərənfillər... və Azərbaycan matəm içində..
Zeynəb Rzayeva