İran hədəfdə – Şimal–Cənub dəhlizi təhlükədədirmi? – Ekspert ŞƏRHİ – ÖZƏL

"Dünyada baş verən hərbi xaos, əslində, Birləşmiş Ştatların strateji planının tərkib hissəsidir. Yəni, ABŞ dünyada hərbi xaos yaradır və bu xaos fonunda öz maraqlarını həyata keçirir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçinin sözlərinə görə, ABŞ dünya üzrə hərbi-siyasi xaos yaradaraq öz imperiyasını qorumağa, xüsusilə Rusiya, Çin və Avropaya qarşı strateji üstünlük əldə etməyə çalışır:

"ABŞ-nin məqsədi "Amerikan imperatorluğu"nu qorumaqdır. Bu imperatorluğa üç əsas təhlükə mövcuddur:
Birinci təhlükə: Rusiya - hərbi gücünə görə;
İkinci təhlükə: Çin - iqtisadi gücünə görə;
Üçüncü təhlükə: Avropa - pul vahidi olan avronun maliyyə gücünə görə.
Bu səbəbdən ABŞ dünyada hərbi və siyasi xaoslar yaradaraq öz maraqlarını təmin etməyə çalışır. Bu hərbi xaos eyni zamanda dünya iqtisadiyyatında da dərin böhranlar yaradır. Bu, zəncirvari prosesə çevrilib: ABŞ hərbi xaos yaratmaqla iqtisadi xaosa səbəb olur. Bu da ABŞ üçün təhlükə mənbəyi olan Çinə qarşı yönəlmiş bir həmlədir. Rusiya-Ukrayna münaqişəsi nəticəsində Rusiya ilə Avropa arasındakı əlaqələr demək olar ki, kəsildi. İndi isə Rusiyanın cənub cinahını bağlamaq məqsədilə İran hədəfə çevrilib. ABŞ, İranın uranı zənginləşdirməsini bəhanə edərək bu ölkənin atom silahı əldə etməsinin qarşısını almaq adı ilə, Yaxın Şərqdə İsrailin vasitəsilə, Avropada Ukraynanın əli ilə, Uzaq Şərqdə isə Tayvanın əli ilə xaos yaratmağa çalışır. Bu, ABŞ-nin qurduğu strateji planın tərkib hissəsidir. İsrailin əli ilə İranda dövlət çevrilişi etməklə məqsəd Rusiyanın cənub cinahını bağlamaqdır. Bu isə Şimal-Cənub nəqliyyat dəhlizini kəsmək deməkdir. Məqsəd, Rusiyanın Azərbaycan üzərindən İrana, oradan da Hind okeanına çıxışının qarşısını almaqdır".

Azad Məsiyev vurğulayıb ki, qlobal münaqişələr Şimal-Cənub dəhlizini təhlükə altına atsa da, Azərbaycanın Orta Dəhliz kimi alternativ marşrutları regional ticarətin davamlılığını təmin edir.

"Dünya iqtisadiyyatında nəqliyyat infrastrukturu əsas rol oynayır. İqtisadiyyatın "şah damarı" dəmir yoludur. Əgər Şimal dəmir yolu xətti bağlanarsa, bu o deməkdir ki, Ukrayna münaqişəsi ilə bərabər, Çindən, Orta Asiyadan və Uzaq Şərqdən gələn yüklərin Avropaya daşınması da iflic olacaq. İndi isə Şimal-Cənub dəhlizi də təhlükə altındadır. Çünki İranda da münaqişələr gedir və bu strateji istiqamətə iqtisadi zərbələr vurulur. Bu baxımdan, Şimal-Cənub dəmir yolu xəttinin işə düşməsi artıq real görünmür. Bu dəhliz də təhlükəli zonaya çevrilib. Əlbəttə, Azərbaycanın alternativ marşrutları mövcuddur - məsələn, Orta Dəhliz. Çindən gələn yüklər Azərbaycan üzərindən Gürcüstana, oradan isə Avropaya daşına bilər. Hazırda bu xətt işlək vəziyyətdədir".

Siyasi şərhçi əlavə edib ki, ABŞ dünya nəqliyyatını və iqtisadiyyatını nəzarət altına alaraq Çin, Rusiya və Türk dünyasına qarşı üstünlük qazanmağa və qlobal nizamı öz imperiya maraqlarına uyğun formalaşdırmağa çalışır.

"ABŞ-nin məqsədi dünyada nəqliyyat infrastrukturunu nəzarətə götürmək, bununla da Çinin yüksələn iqtisadi nüfuzuna zərbə vurmaq və paralel olaraq Rusiyanın dünya ticarət yollarını bloklamaqdır. Digər tərəfdən, ABŞ üçün Avropanın pul vahidi - avro da təhlükə mənbəyidir. Çünki bu valyuta ABŞ dollarına dünya bazarında alternativdir və onunla rəqabət aparır. Bu səbəbdən ABŞ nəqliyyat infrastrukturunu ələ keçirməklə, Avropanın iqtisadi sistemini də öz təsiri altına almaq niyyətindədir. Ümumilikdə, ABŞ-nin məqsədi dünyada birqütblü sistem yaratmaq və bu sistemi Amerikan nəzarətində saxlamaq, yəni "Amerika imperatorluğu"nu qorumaqdır. İranda baş verən hərbi əməliyyatlar da bu strategiyanın bir parçasıdır. 
Təbii ki, hərbi münaqişələr iqtisadi xaos yaradır və bu da dünyada inflyasiyanın artmasına səbəb olur. ABŞ İsrailin əli ilə İranda hakimiyyəti dəyişmək və bu vəziyyətdən üç istiqamətdə istifadə etmək istəyir:
1.    İranın neftinin 70%-i Çinə gedir - bu yolla Çin iqtisadiyyatına zərbə vurmaq;
2. Rusiyanın Cənub cinahını - Şimal-Cənub dəhlizini - bağlamaq;
3. Türkiyənin regional gücdən qlobal gücə çevrilməsinin qarşısını almaq - bu da Türk Dövlətləri Təşkilatı fonunda Turan İttifaqının yaranmasının qarşısını almaq deməkdir. Bu məqsədlərə nail olmaq üçün İran hədəf seçilib. Əgər İranda ABŞ-yə yaxın bir hakimiyyət qurularsa, o zaman İran - coğrafi mövqeyinə görə - Türk dövlətlərinin mərkəzində yer aldığından, Turan İttifaqının formalaşmasının da qarşısı alınmış olacaq. Nəticə etibarilə, ABŞ-nin məqsədi dünyada hərbi xaos yaratmaqla öz maraqlarını həyata keçirmək və qlobal nizamı öz nəzarətinə almaqdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31