Metrodu...metro... "tıxacları" və problemləri ilə...

Bakı kimi böyük və dinamik şəhərdə nəqliyyat sistemi hər kəsin gündəlik həyatının ayrılmaz hissəsidir. İnsanların işə, məktəbə, universitetə və ya digər təyinat nöqtələrinə vaxtında çatması, şəhərin ümumi ritminin qorunmasında nəqliyyat mühüm rol oynayır. Xüsusilə səhər və axşam saatlarında, yəni pik vaxtlarda nəqliyyatın fasiləsiz və effektiv işləməsi, həm fərdi səviyyədə, həm də şəhər miqyasında zamanın və resursların səmərəli istifadəsini təmin edir. Şəhər nəqliyyatının əsas sütunlarından biri də məhz metrodur. Bakı Metropoliteni uzun illərdir sərnişinlərin sürətli, təhlükəsiz və nisbətən sərfəli şəkildə mənzil başına çatmasını təmin edir. Metro tıxaclardan təsirlənmədiyi üçün, xüsusilə pik saatlarda əvəzsiz nəqliyyat vasitəsi olaraq seçilir. Lakin bu sistemin davamlılığı və sərnişin məmnuniyyəti baxımından bəzi çətinliklər də mövcuddur.

Son dövrlərdə sərnişinlərin ən çox üzləşdiyi problemlərdən biri, metronun bəzi xətlərində baş verən gecikmələrdir. Təmir işlərinin vacibliyi hamı üçün aydındır, lakin bu işlərin planlaşdırılması və sərnişinlərə vaxtında məlumat verilməməsi ciddi narazılığa səbəb olur. Xüsusilə "Həzi Aslanov" və "Əhmədli" stansiyalarında gecikmələr və qatarların intervalında uzanmalar sərnişinləri çətin vəziyyətdə qoyur. Bəziləri işə və ya dərsə gecikməmək üçün metroya daha erkən gəlmək məcburiyyətində qalır, bəziləri isə alternativ marşrutlar axtarmağa çalışır. Lakin yerüstü nəqliyyatda mövcud tıxaclar səbəbindən bu da hər zaman effektiv həll olmur. Sərnişinlər təmir və texniki işlərin qaçılmaz olduğunu başa düşsələr də, daha şəffaf məlumatlandırma və interval gecikmələrinin minimuma endirilməsini tələb edirlər.

Sıxlıq da sərnişinlərin əsas narazılıqlarından biridir. Pik saatlarında qatarların içərisi dolub daşır, platformalarda isə izdiham yaranır. Xüsusilə bəzi xətlərdə daha çox qatarın hərəkətə buraxılması və ya qrafikdə dəyişikliklərin edilməsi tələb olunur. Məsələn, səhər saatlarında işə gedən sərnişinlər arasında ən çox səslənən şikayətlərdən biri qatarların qapılarının bağlanmasında yaranan problemlər və bu səbəbdən platformalarda vaxt itkisi ilə bağlıdır. Bəzən bir stansiyada gözləmə müddəti bir neçə dəqiqə artır ki, bu da ümumi marşrutun ləngiməsinə gətirib çıxarır. Sərnişinlər deyirlər ki, belə vəziyyətlərdə əlavə qatarların buraxılması sıxlığın azaldılmasına kömək edə bilər.

Bakı Metropoliteninin infrastrukturunun yenilənməyə ehtiyacı var. 57 illik tarixə malik olan metroda bəzi xətlər artıq köhnəlib və müasir tələblərə tam cavab vermir. Bu da həm təhlükəsizlik, həm də rahatlıq baxımından narahatlıq doğurur. Sərnişinlər xüsusilə yeni xətlərin açılmasını səbirsizliklə gözləyirlər. Şəhərin kənar qəsəbələrinə yeni xətlərin tikilməsi həm nəqliyyat yükünü azaldacaq, həm də insanlara daha rahat seçimlər təqdim edəcək. Mövcud xətlərin genişləndirilməsi də vacibdir. 

Sərnişinlərin ümumi rəyi ondan ibarətdir ki, Bakı Metropoliteni onların gündəlik həyatında əvəzsiz rol oynayır, lakin mövcud problemlərin həlli üçün daha çox investisiya və düzgün planlaşdırma lazımdır. Xüsusilə təmir işləri aparılarkən, sərnişinlərə əvvəlcədən dəqiq məlumat verilməli və alternativ marşrutlar təklif olunmalıdır. Sıxlıq və gecikmələrin minimuma endirilməsi üçün yeni qatarların istifadəyə verilməsi, mövcud infrastrukturun yenilənməsi və yeni xətlərin tikintisinin sürətləndirilməsi vacib addımlardır. Sərnişinlər ümid edirlər ki, bu problemlər tezliklə həll olunacaq və Bakı Metropoliteni onların həyatını daha da asanlaşdıracaq.

Metronun təmir işləri və gecikmələrlə bağlı sərnişin şikayətlərinin azaldılması üçün hansı tədbirlər görülə bilər? Mövcud problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

Suallarımızı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevə ünvanladıq:

- Məlumatla bağlı metropoliten də rəsmi məlumat səsləndirmişdi. Hansı ki, həm təmir işlərinin, həm də qatarın qapılarının saxlanılmasının buna təsiri olur. Müəyyən intervalın saxlanma şərti ilə qatarların stansiyaya girişin nizamlanması ilə əlaqəli olan məsələlər də var. Bunları nəzərə alaraq metronun şəhər nəqliyyatındakı vacibliyini bir daha qabartmaq istəyirəm. Metroya təmir-tikinti ilə bağlı investisiyaların artırılmasına ehtiyac var ki, çətin durumlarda olan mobilliyimizin daha effektiv işləməsi təmin olunsun. Yəni, metronun müəyyən xətləri var ki, onlar tikilməlidir, uzun illərdir istismar olunursa, təmir olunmalı, çatışmayan elementlər əlavə olunmalıdır. Xətlərin tikintisi vacibdir və ilkin memorandum imzalanıb. Düşünürəm ki, bunun da ardı gəlməlidir. Həm "Xətai", "Həzi Aslanov" arasındakı xəttin, həm "Dərnəgül" deposunun, "İçəriçəhər"dən sonra əlavə stansiyaların tikilməsi "Badamdar" qəsəbəsi istiqamətində "Dərnəgül", "Koroğlu" arasındakı əlaqə və bənövşəyi xəttin şəhərin mərkəzinə kimi əlaqələndirilməsi-bunlar birbaşa sərnişin axınına da təsir edəcək. Sərnişinlər üçün bir yox, bir neçə marşrut kimi təkliflər yaradacaq. Bununla yanaşı, 57 yaşlı metronun mövcud ifrastrukturunda təmiri hər zaman diqqət mərkəzində saxlanılmalı və bu istiqamətdə maliyyənin ayrılması təmin olunmalıdır. Çünki metronun daşıdığı sərnişin və intervalla heç bir yerüstü nəqliyyat rəqabət apara bilməz. 1600-2000 sərnişini 1 kilometrlik məsafəyə 2-3 dəqiqəyə daşımaq imkanına sahibdir. Nəzərə alaq ki, bənövşəyi xəttə ümumiyyətlə, platformalar uzundur. Mövcud yaşıl və qırmızı xəttdə əgər 5 vaqonlu platformadırsa, yeni bənövşəyi xətdə bu yeddi vaqonluq platformadır və daha çox sərnişini daşımaq imkanı yaradır. Bu da metronun şəhər nəqliyyatındakı önəmini qabartmaqla yanaşı qeyd olunan işlər görüldüyü təqdirdə həmçinin yerin üstünə birbaşa təsir edəcəyini göstərir.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31