8 Noyabr – Azərbaycanın suverenlik, bütövlük və qürur tarixidir - ÖZƏL
17:58 Siyasət"Hər bir ölkənin dövlətçilik tarixində əsrlərlə yaşayan, simvolik məna daşıyan günlər mövcuddur. Azərbaycanın da tarixi belə unudulmaz günlərlə zəngindir. Onların sırasında 8 Noyabr - Zəfər Günü xüsusi yer tutur. Bu günün çəkisi, mənası və təsiri xalqımız üçün əvəzsizdir."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"8 Noyabr tariximiz üçün 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün və 18 Oktyabr - dövlət müstəqilliyimizin bərpa olunduğu tarix qədər əziz və məzmunludur. Çünki hər iki halda dövlətimizin müstəqilliyi elan edilmişdi. Lakin 1918-ci ildə elan olunan müstəqilliyin ömrü cəmi 22 ay çəkdi. 1991-ci ildə müstəqilliyimiz bərpa edildikdə isə ölkəmizin ərazi bütövlüyü təmin olunmamışdı.
Müstəqil Azərbaycan dövləti tarixinin yeni mərhələsinə faktiki olaraq suverenliyi məhdud şəraitdə başladı. Çünki torpaqlarımızın bir hissəsi işğal altında olduğuna görə nə dövlətimizin ərazi bütövlüyü təmin olunmuşdu, nə də suverenlik anlayışı tam məzmun kəsb edirdi.
Bu mənada 8 Noyabr, dövlətimizin müstəqilliyinin bərpası qədər önəmli və müqəddəs gündür. Çünki məhz 8 Noyabr Zəfəri sayəsində müstəqilliyimizin yarımçıq qalmış ərazi bütövlüyü və suverenliyi bərpa olundu, Azərbaycan dövləti öz tam statusunu qazandı.
8 Noyabr həm də xalqımızın və dövlətimizin böyük sınaq və böyük qələbə anı idi. Bu tarix bütün dünyaya Azərbaycanın nə qədər qüdrətli və iradəli bir dövlət olduğunu göstərdi.
Bu Zəfər təkcə bugünkü nəslin deyil, bütün gələcək nəsillərin mənəvi sərvətidir. 8 Noyabr bu mənada nəsilləri birləşdirən, milli yaddaşımızda qüdrətli və unudulmaz bir körpü rolunu oynayır.
Gələcəkdə ərazi bütövlüyümüz və suverenliyimiz üçün hər hansı bir təhlükə yaranarsa, xalqımız bir nəfər kimi səfərbər olarkən, bu birliyin başlanğıc nöqtəsi məhz 8 Noyabr Zəfəri olacaq.
8 Noyabr - Azərbaycanın suverenlik, bütövlük, mərdlik və mübarizlik tarixidir."
İbrahim Məmmədli