Bayraq – millətimizin qibləgahı, sığınacaq yeri - ÖZƏL
16:32 Siyasət"Bayraq - bir millətin qibləgahı, sığınacaq yeridir. İnsan özünü onun altında ən rahat və ən güvənli hiss edir. Dünyada elə millətlər var ki, onların bayraqları yoxdur, çünki üzərində dalğalandıra biləcəkləri bir dövlətləri mövcud deyil. Lakin biz xoşbəxt millətik - çünki həm müstəqil dövlətimiz, həm də onun üzərində qürurla dalğalanan üçrəngli bayrağımız var."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Bu bayraq bizim qürur mənbəyimizdir. 1918-ci ildən bu günə qədər 107 il keçib. Bu illərin təxminən 70-i sovet əsarəti altında keçdiyinə görə biz uzun müddət öz bayrağımızı görə, onu tanıya bilməmişik. Amma 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunduqdan sonra üçrəngli bayrağımız yenidən dövlətimizin simvoluna çevrildi, xalqımızın başı üzərində dalğalanmağa başladı.
Bu gün ən qürurverici məqam odur ki, bayrağımız artıq rahat şəkildə azad edilmiş torpaqlarımızda - Şuşada, Xankəndidə, Xocalıda, Ağdamda, Laçında, Kəlbəcərdə və digər bölgələrimizdə dalğalanır. Bu bayraq xalqımızın mübarizliyinin, birliyinin və dövlətçiliyinin rəmzidir.
Biz xoşbəxt millətik - çünki öz bayrağımız altında, müstəqil dövlətimizin vətəndaşları kimi yaşayırıq, yaradırıq və səsimizi bütün dünyaya çatdırırıq."
İbrahim Məmmədli