"Bəzən valideyn qız övladını tək başına xaricə oxumağa buraxmır" - Ekspert rəyi

Günümüzdə xaricdə təhsil almaq istəyən tələbələr bəzən düşünmədən ani qərarlar verirlər. Bu da sonda onların təhsilinə zərər göstərir. Bu mövzu ilə bağlı suallarımızı xaricdə təhsil üzrə ekspert Aisa Aslanova cavablandırıb.

- Xaricdə təhsil üzrə psixoloji hazırlıq necə olunmalıdır?
 
Xaricdə təhsil almaq istəyən tələbələr üçün psixoloji hazırlıq, təhsil və mədəni mühitdə qarşılaşacaqları dəyişikliklərə uyğunlaşmaq üçün əhəmiyyətlidir. Çünki xaricdə görə biləcəkləri bir çox şey onları ilkin mərhələdə təəcübləndirə bilər. Tələbələr yeni bir ölkədə təkbaşına yaşamağa, müxtəlif sosial və akademik mühitlərdə olmağa, fərqli mədəniyyətlərə uyğunluq göstərməyə hazır olmalıdır. Bu hazırlıq ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və stresslə başa çıxma yollarının öyrədilməsi ilə başlaya bilər. 
 
-  Hansı halda valideynlər övladlarını xaricdə təhsilə yönləndirmək istəmir?
 
Valideynlər övladlarını xaricdə təhsilə yönləndirməmək qərarını müxtəlif səbəblərə görə verə bilərlər. Bəzi hallarda bu, maliyyə imkanları ilə bağlı ola bilər. Digər hallarda isə valideynlər övladlarının tək yaşamaq üçün kifayət qədər məsuliyyətli və yetkin olmadığını düşünə bilərlər. Onlar, həmçinin, övladlarının emosional vəziyyətindən narahat ola və mühitlərlərarası fərqlərin onları stresə sala biləcəyini düşünə bilərlər. Başqa bir səbəb genderlə bağlı ola bilər. Valideynlər qız övladlarını tək başına xaricə buraxmaqdan qorxur, bunun üçün mən həmişə ayrıca onlarla da konsultasiya keçirirəm.
 
- Psixoloji konsultasiyalara bakalavr yoxsa magistr dərəcəsi üzrə daha çox ehtiyac olur?
 
Bakalavr səviyyəsində təhsil alan tələbələr adətən gənc yaşda olduqları və ilk dəfə ailələrindən uzaqda yaşamağa başladığı üçün psixoloji konsultasiyalara daha çox ehtiyac duya bilərlər. Magistr dərəcəsi üzrə təhsil alan tələbələr isə adətən daha yetkin olsalar da, onların da akademik təzyiqlər və gələcək karyera planları ilə bağlı psixoloji dəstəyə ehtiyacları ola bilər. Mən həmişə bu prosesə "akademik şok" deyirəm.
 
- Bildiyimiz kimi bir çox tələbə xaricdə yaşam üzrə adaptasiya dövründən çətinliklə keçir. Bu barədə tələbələrə tövsiyyəniz nədir?
 
Xaricdə yaşam adaptasiyası üçün tələbələrə tövsiyə edilən əsas addımlar arasında yeni mühitə açıq olmaq, fərqli mədəniyyətləri və insanları öyrənməyə maraq göstərməkdir. Dil baryerləri ilə üzləşən tələbələr üçün isə dil öyrənmə prosesini tez bir zamanda başlamaq mühümdür (həm ingilis dili, həm köçəcəyiniz ölkənin dili). Sosial fəaliyyətlərə qoşulmaq, yerli və beynəlxalq tələbələrlə dostluq qurmaq da adaptasiyanı asanlaşdırır. 
 
- Cəmiyyət içində 17 yaşında tələbənin xaricdə tək yaşaması yaxşı qarşılanmır. Bu mövzu ilə bağlı valideynlər nə etməlidir?

Valideynlər övladlarının 17 yaşında xaricdə tək yaşaması ilə bağlı narahatlıq hiss edirlərsə, onların yetkinlik səviyyəsini dəyərləndirməli və övladlarının müstəqil yaşamaq qabiliyyətlərinə güvənməlidirlər! Tələbənin xaricdə yaşamağa psixoloji və emosional cəhətdən hazır olub olmadığını anlamaq üçün əvvəlcədən müzakirələr aparmaq və onları mümkün çətinliklərə hazırlamaq vacibdir. Valideynlər, həmçinin, övladlarının təhsil aldığı şəhərdə təhlükəsizlik və dəstək sistemlərinin mövcudluğuna diqqət yetirə bilər və onlara hər hansı çətin vəziyyətlərdə kimə müraciət edəcəyini öyrətməkdə yardım edə bilərlər.  

Elmin İbadov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31