"Ortaq əlifbanın qəbulu ortaq lüğətlərin, ortaq ünsiyyət dilinin formalaşmasında mühüm rol oynayacaq"

Uzun müddətdir müzakirə edilən Türk Dünyası üçün Ortaq Əlifba bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələrinin daxil olduğu əlifba komissiyası üzvlərinin iştirakı ilə yaradıldı. 34 hərfdən ibarət və bütün türk dillərinin fonemlərini əks etdirən ortaq türk əlifbası layihəsi razılaşdırıldı. Artıq türk xalqlarının ortaq əlifbası var. Türk dövlətləri bu gün bir təşkilat altında birləşib. Ortaq türk əlifbası da bu birliyin nəticəsidir.

Mövzu ilə bağlı,Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Elçin İbrahimov ilə həmsöhbət olduq.

- Bilirsiniz ki, bu yaxınlarda Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəldi. Sizcə, bu əlifbanın yaradılmasının türk dünyası üçün üstünlükləri nələrdən ibarətdir?
- Bildiyimiz kimi, türk dünyasında ortaq əlifba, ortaq dil, ortaq ünsiyyət məsələsi, böyük türkcü mütəfəkkir İsmayıl bəy Qaspıralının zamanında hələ Çar Rusiyasının tərkibində yaşayan türklərin mücadiləsi  dövründən başlayır. Böyük mütəfəkkirin "Dildə, fikirdə, əməldə birlik" ideyasının da əsasını türk dünyasının birliyi təşkil edirdi. Türk dünyasının dildə, fikirdə, əməldə birliyi bu günə qədər hər kəs tərəfindən arzuolunan bir istəkdir. Təbii ki, dildə ünsiyyəti qurmaq üçün ilk əvvəl bir-birimizi oxumalıyıq, bir-birimizi başa düşməliyik. Bunun üçün də ortaq əlifba mütləq şərtdir. Əlbəttə ki, bu dövr ərzində türklərin Sovet hökümətinin təsiri altına düşməsi və ondan sonra müstəqilliyin olmaması və s. kimi hadisələr oldu. Xüsusilə, 1991-ci ildə SSRİ-nin süqutu və İttifaqın tərkibində olan türk dövlətləri öz müstəqilliklərini elan etdilər (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan). Məhz müstəqilliyin elan olunduğu illərdən bu günə də türk dünyasının ortaq dili, əlifbası qızğın müzakirələrin mövzusu oldu. Təəssüf ki, bu zaman-zaman ciddi şəkildə müzakirə olunsa da, icra olunmadı. Ortaq əlifba ilə bağlı ilk təşəbbüs noyabr ayının 18-i 1991-ci ildə Türkiyədə Mərmərə Universitetində Millətlərarası Çağdaş Türk əlifbaları simpoziumunda qəbul olunmuşdu. Orada 34 hərfdən ibarət ortaq əlifba layihəsi irəli sürülmüşdü. Onu da qeyd edim ki, həmin tədbirdə türk dünyasının tanınmış, görkəmli türkoloq alimləri iştirak etmişdilər. Həmin simpoziumda irəli sürülə ortaq əlifba layihəsi, türk dünyasında yenicə müstəqillik qazanan türk dövlətlərinin istifadəsinə təklif edildi. 34 hərfdən ibarət əlifbadan "dabl v" və "sağur nunu - ñ- inq" çıxmaqla, 32 hərfini Azərbaycan qəbul elədi. Qalan heç bir türk dövləti bu əlifbanı əfsuslar olsun ki, qəbul etmədi. Bəlkə də, həmin dövrdə digər müstəqil olan türk respublikaları ortaq əlifbanı qəbul etmiş olsaydılar, indi biz əlifbadan yox, ortaq lüğətdən və ortaq dildən danışırdıq. Nəhayət ortaq əlifba ilə bağlı ikinci böyük simpozium, hansı ki, ilki 1991-ci ildə keçirilmişdi, onun davamı olaraq,  2018-ci ildə yenə Mərmərə Universitetində keçirildi və həmin konfransda biz də iştirak etdik. Simpozimun yekunu olaraq, 1991-ci ildə irəli sürülən 34 hərfdən ibarət ortaq əlifbanın türk dövlətlərinin istifadəsinə təqdim edilməsi üçün aidiyyatı təşkilatları, iştirakçıların imzası ilə   göndərildi.
Amma ondan sonra Türk Dövlətləri Təşkilatı və Türk Akademiyası bu işi sürətləndirdi və praktik addımlar atılmağa başlandı. Türk Dövlətləri Təşkilatı və Qazaxıstanda yerləşən Türk Akademiyası bu işi daha intensiv şəkildə yürütməyə başladı və sevindirici haldır ki, bu gün artıq dövlət təşkilatlarının birgə fəaliyyəti, səyi nəticəsində türk dünyası üçün ortaq əlifbanın belə desək, müəyyən tənqidlərlə, müəyyən çatışmazlıqlarla yekun forması artıq hazırlandı və müzakirəyə verildi. Əfsuslar olsun ki, türk dünyası üçün son dərəcə mütərəqqi və bir o qədər də strateji olan məsələyə sevinmək əvəzinə yersiz tənqidləri görürük.
Əvvəla, burada Türk Dövlətləri Təşkilatına və Türk Akademiyasına, xüsusi təşəkkür düşür ki, uzunmüddətli konfranslarda, simpoziumlarda tezis və ya bir fikir olaraq irəli sürülən ortaq əlifba layihəsi artıq yekunlaşmaq mərhələsindədir. Təbii ki, yenə də müzakirə olunur və bu, son dərəcə mütərəqqi, son dərəcə yüksək səviyyəli bir qərar və addımdır. Ona görə də, adı çəkilən təşkilatların Türk Dövlətləri Təşkilatının, xüsusi olaraq Türk Akademiyasının bugünkü rəhbərliyinin fəaliyyətini alqışlamaq lazımdır ki, hamımızın illərdir tezis şəklində konfranslarda irəli sürdüyü fikirləri artıq yekunlaşdırıblar. Təbii ki, əlifbada müəyyən qüsurlar var, müəyyən çatışmazlıqlar var, ümid edirəm sahənin mütəxəssiləri tərəfindən təklif olunan qüsurlar aradan qaldırılacaq. Çünki bununla bağlı qazaxıstanlı, türkiyəli və Azərbaycanın bir çox alimlərinin də yeni fikirləri var ki, orada müəyyən qüsurlar aradan qaldırsın. İş olan yerdə qüsur olacaq, qüsurun olması normaldır. Amma mən bunu istənilən halda yüksək səviyyədə qiymətləndirirəm və bir mütəxəssis olaraq, bu sahənin mütəxəssisi olaraq sevinirəm ki, artıq bizim arzu etdiyimiz türk dünyasının ortaq əlifbası yaxın illərdə yəqin ki, 2026-cı ildə yekunlaşacaq. 2026-cı ildə yekunlaşmasının bir xüsusi əlamətdar tərəfi də var ki, həmin il Birinci Bakı Türkoloji Qurultayının 100 iliyinə təsadüf edir. Bilirsiniz ki, Birinci Türkoloji Qurultayda ən qızğın şəkildə müzakirə olunan məsələlərdən biri də türklər üçün ortaq əlifba məsələsi idi. 100 il sonar bu məsələnin köklü şəkildə öz həllini tapması həm böyük Qaspıralının ideyasının gerçəkləşməsi, həm də o Qurultayda iştirak edən türk dünyasının görkəmli aydınlarının ortaq əlifba ilə bağlı arzularının reallaşması kimi yadda qalar.

- Bəs, bu əlifbadan harada, necə istifadə olunacaq? Ümumilikdə, bütün türk dövlətlərinin əlifbası dəyişəcəkmi?

- Qəti şəkildə Azərbaycan və Türkiyənin əlfbası dəyişməyəcək. Burda bir məsələ cəmiyyətdə çaşqınlıq yaradır ki, ortaq əlifba qəbul olunsa, bütün dövlətlərin əlifbası dəyişəcək. Yox, burda üstünlük odur ki, hazırda Qazaxıstanda, Özbəkistanda və Qırğızıstanda yeni əlifbaya keçməklə bağlı müzakirələr gedir və bu qərarın tezləşməsi o dövlətlərin artıq o əlifbanı qəbul etməsinə aparıb çıxaracaq. O dövlətlər ki, artıq kiril əlfbasından paralel istifadə edirlər, 34 hərfdən ibarət ortaq əlifbanı qəbul etsələr, Azərbaycanla, Türkiyə ilə əlifbamız artıq ortaq olacaq. Çünki Azərbaycanla Türkiyənin əlifbasının dəyişmə məsələsi çox ciddi problemlərə gətirib çıxara bilər. Bilirsiniz ki, biz bir əsrdə üç əlifba dəyişmişik, onun hansı fəsadların olduğunu bilirik. Ona görə də, bu əlifbanın dəyişməsi bizim bu günkü mövcud əlifbamızdan imtina etmək demək deyil. Həmçinin də Türkiyənin. Sadəcə ortaq əlifbaya keçmə mərhələsində olan Özbəkistan, Qırğızıstan, Qazaxıstan əlifbanı qəbul etsələr, onlar üçün faydalı olacaq. Təbii ki, türkmən əlifbasını qeyd etmirik. Çünki Türkmənistanda fərqli bir latın əlifbası istifadə olunur. Bəlkə bu hərəkatdan, bu fikirdən sonra onlar da bu əlifbaya keçərlər.

- Sizcə, bu əlifba türk dünyasının inteqrasiyasında əsas rol oynayacaqmı?

- Təbii ki, bu, türk dünyasının birmənalı şəkildə inteqrasiyasını qulluq edəcək. Ona görə ki, təsəvvür edin, bu gün Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda nəşr olunan kitabları biz oxuya bilmirik. Yəni oxuyub anlamaq məsələsi ikinci bir problemdir, biz əlifbanı oxuya bilmirik. Özbəkistan, Qırğızıstan, Qazaxıstan ortaq əlifbanı qəbul etsələr və bundan sonra onların yazıçılarının, ümumiyyətlə dil kitablarının, digər əsərlərinin ortaq əlifba ilə çap olunması artıq onları rahatlıqla oxumaq deməkdir. İndi oxuyub anlamaq məsələsi ikinci planda gəlir. Bu nəyə səbəb olacaq? Bu, türk dünyasının artıq ortaq düvlətlərinin hazırlanmasına, ortaq dərsliklərin hazırlanmasına, artıq ortaq ünsiyyət dilinin sürətlənməsinə səbəb olacaq. Çünki təsəvvür edin ki, bu ortaq əlifba qəbul olunsa, biz ortaq lüğət hazırlayacağıq. Ortaq lüğət də nədən ibarət olacaq? Türk dünyasının ümumişlək ortaq sözlərindən ibarət ortaq lüğətlər hazırlanacaq. Ortaq lüğətlər əsasında artıq türk dünyasının illərdir arzusunda olduğu ortaq dil ərsəyə gələcək. Ona görə də, bu əlifba layihəsinin qəbulu məsələsini yüksək qiymətləndirirəm.
Bu iş üçün çalışan Türk Dövlətləri Təşkilatının, Türk Akademiyasının, Türk Dil Qurumunun fəaliyyətini həm təqdir edirəm, həm də bir mütəxəssis olaraq onlara təşəkkür edirəm ki, illərdir bizim arzusunda olduğumuz, gerçəkləşməsini istədiyimiz bir işi artıq yekunlaşdırma mərhələsindədirlər.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31