Cinayət videosunun yayılması başqasını bir qətlin qurbanına çevirə bilər...

Ətrafında baş verənləri öyrənmək istəyi insanların ən gözdə xüsusiyyətlərindən biridir. Məlumatlı olmaq, məlumat əldə etmək bu istəyin nümunəsidir. Cəmiyyəti məlumatlandırmaqda güclü vasitə olan mətbuat bizi məlumatlandırmaqdan əlavə, bir dünya və bu dünyaya aid obrazlar təqdim edir. O, müəyyən mənada dünyanı necə qavramağımızı izah etməklə bizə yol göstərir, müəyyən münasibət və davranış nümunələrinin qurulmasında mühüm rol oynayır və bəzən öz-özünə həlledici ola bilir. Son vaxtlar cəmiyyətdə zorakılığın artması ilə cəmiyyətin müxtəlif təbəqələri zorakılıq fenomeninin yönləndirilməsində medianın təsirinin olub-olmamasını müzakirə edirlər.
İnkişaf etməkdə olan dünya şəraitində medianın cəmiyyətə təsirini inkar etmək mümkün deyil və o da məlumdur ki, medianın insan davranışının formalaşmasında mühüm rolu var. Bununla belə, təsirin hansı istiqamətdə olması müzakirə edilməlidir.
Media cəmiyyətdə mövcud olanı əks etdirir və xarici reallıqları çatdırır. Üstəlik, cəmiyyəti məlumatlandırarkən mətbuatın verdiyi mesajlarda da zorakılığın dozasının tənzimləndiyi bildirilir. Hazırda mediada şiddət bir vasitə kimi istifadə olunur və biz elə vəziyyətlərə gəlmişik ki, şiddətsiz xəbərlər xəbər sayılmır. Bu, dünyada baş verənlərin həmişə bu cür mənfi, pessimist baxış olub-olmadığı suallarına yol açıb və medianın cəmiyyətdə müşahidə olunan zorakılığı artırdığı müzakirələrə başlayıb. Bu müzakirələr davam edərkən, medianın özü də son günlər zorakı davranışların hədəfinə çevrilib.
Hansı hadisələrin baş verdiyi, hansı problemlərin olduğu barədə mətbuat ictimaiyyətə məlumat çatdırır. İnsanlar media qurumlarını izləməsələr də, media mesajlarını izləyən insanlarla ünsiyyət quraraq hansısa yolla medianın nəyi ötürdüyündən xəbərdar olurlar. Gündəmin qurulması nəzəriyyəsi deyir ki, ictimaiyyət idrak olaraq mediadan təsirlənir. Lakin bu gün o, bundan daha çox iddia edir və mediadakı xəbərlərin mövzu şəbəkələrinin ictimai şüurda eyni şəbəkə yaratdığını iddia edir. Üçüncü mərhələ gündəminin qurulması adlanan bu tədqiqatlar ənənəvi gündəm təyini tədqiqatlarından fərqli üsul və proqramlardan istifadə edir.
Bu şiddət xəbərlərinin arasında ən çox rastlaşdığımız isə qadına şiddət, qadın cinayətləri xəbərləridir. Çünki qadına qarşı zorakılıq sosial problemdir. Qadınlara qarşı zorakılıq xəbərləri sosial həyatın bir parçası olaraq mediada daim rastlaşdığımız xəbərlərdir. Bu vəziyyət geniş dairələr, xüsusilə də qadın hüquqları müdafiəçiləri tərəfindən tez-tez tənqid olunan səviyyəyə çatıb.
Bir neçə gün öncə yoldaşı tərəfindən döyülüb, pencərədən atılan Ayşənin yayılan videoları da buna misaldır. Hansı ki, həmin vidoları paylaşan şəxs bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanıldı. Əslinə qalanda, bu videoların ictimaiyyətə hər hansı bir yolla çatdırılması yaxşı haldır ki, insanlar bunun sayəsində kimin günahkar olduğunu daha yaxşı başa düşürlər. Amma mediada məzmunundan asılı istənilən məlumatın kiçikdən böyüyə hər kəsə açıq olmasını nəzərə alsaq, azyaşlı uşaqların və ya həssas insanların da bu videoları izləməsi heç də ürək açan deyil. Çünki əks olunan mənzərə istər-istəməz insanlarda psixoloji sarsıntı yaradır.
Psixoloq Ülkər Məmmədli bildirir ki, yazılı, görüntülü və səsli mediada təqdim olunan xəbərlərdə şifahi, fiziki, cinsi, psixoloji və iqtisadi kimi bir çox şiddətə rast gəlinir ki, mediada bu cür zorakılıq xəbərləri insanlara müxtəlif psixoloji və fiziki təsirlər göstərə bilər:
"Davamlı olaraq mənfi xəbərləri izləyən və ya oxuyan insanda dünyaya bədbin baxış formalaşır. Bu cür xəbərlərin təkrarlanması xüsusilə həssas insanlarda bütün dünyanın bu vəziyyətə olduğu, bütün insanların şiddət göstərəcək xasiyyətdə olduğu və bu vəziyyətlə mübarizə aparmağın çətin olduğu, onların edə biləcəkləri heç bir şeyin olmadığı düşüncəsi yaradır.
Ən təsirli kütləvi informasiya vasitələrindən biri olan televiziya xəbər, proqram və serial kimi müxtəlif verilişləri ilə geniş auditoriyaya müraciət edir. Bu nöqtədə televiziyada zorakılıq əks etdirən görüntülər müxtəlif yaş qruplarından olan insanlara müxtəlif şəkildə təsir edə bilir.
Müxtəlif formalarda baş verən şiddət hadisələri demək olar ki, hər gün xəbər saytlarında yayılır və insanlar cari gündəmi izləməyə çalışarkən belə xəbərlərlə tez-tez qarşılaşırlar. Xüsusən də bəzi zorakı xəbərlər günlərlə xəbər saytlarında yayımlanaraq böyük təsir yaradır. Məsələn, elə Ayşənin yoldaşı tərəfindən döyülüb, pencərədən atılması, Əhmədin öz ailə üzvlərini necə qətlə yetirməsi və s.
Radio, televiziya və qəzet kimi effektiv kütləvi informasiya vasitələri ilə yanaşı, internet də həyatımızda informasiya əldə etməkdə mühüm yer tutur. Araşdırmalar da göstərir ki, insanlar internetdən daha çox xəbər oxumaq, sosial mediada vaxt keçirmək üçün istiadə edirlər. Elə bu araşdırmalar da xəbərlərin qəbulunda internetin mühüm yer tutduğunu göstərir.
Medianın fərdlərə 5 növ təsiri var: davranış, münasibət, koqnitiv, emosional və fizioloji.
Davranış təsirləri mediadan ötürülən mesajlar və insanın müəyyən davranışları ilə meydana gəldiyi halda, insanın fikir, inanc və dəyərlərində formalaşma olduqda münasibət təsirləri meydana gəlir. Emosional təsir media öz istifadəçilərində narahatlıq, qorxu və stress kimi hisslər oyatdıqda baş verir. Bu o deməkdir ki, media istifadəçisi göndərilən mesajlar tərəfindən stimullaşdırılarsa və ya onların fiziki reaksiyalarında dəyişikliklər olarsa, fizioloji təsirlər meydana gəlir.
Sosial medianın üzərimizdəki müsbət və mənfi təsirləri ilə bağlı müxtəlif aspektlərdən çoxlu araşdırmalar var, bu haqda kifayət qədər məlumatlıyıq. İnkar edə bilməyəcəyimiz fakt odur ki, sosial media artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Nəzərə alsaq ki, istifadəni dayandırmaq insan əhalisinin əksəriyyəti üçün bir seçim deyil, qalan yeganə seçim ondan necə istifadə edəcəyini öyrənməkdir.
Bu nöqtədə ən çox razılaşdırılmış məsələlərdən biri isə qətl, zorakılıq və intihar kimi məzmunun paylaşılmasının yolu və təsirləridir. İctimai sağlamlıq üçün böyük təhlükə olan bu maddələr hər birimizə təsəvvür etdiyimizdən daha çox və daha pis təsir edir.
Qısaca belə deyim ki, zorakılıq, intihar və qətl görüntüləri və onların nəzarətsiz şəkildə yayılan xəbərləri əsasən bu anlayışları normallaşdırır, onları "yoluxucu" edir və bir çox hallarda tətikçiyə çevrilir.
Şiddət görüntülərinə baxmaq aqressiyanın artması, zorakılığa həssaslıq və cinayət qorxusu ilə birbaşa bağlıdır. Zorakı məzmun yeganə səbəb olmasa da, zorakılıq cinayətlərinə meylə təsir göstərir. Bəzi insanlar şiddət videolarında gördüklərini təqlid etməyə meyllidirlər. Zorakılıq görüntüləri onsuz da aqressiv olan insanların davranışlarını gücləndirə bilər. Bu görüntülərə baxmaq və zorakı davranış arasında ikitərəfli əlaqə var. Zorakılığa meyilli insanlar daha çox görüntülərə baxır, bu görüntülərə baxanlar isə daha çox aqressiv davranış nümayiş etdirirlər.
Xüsusilə uşaqlarda şiddət təsvirləri onların şəxsiyyətsizləşmə hisslərinə, zorakılığa meylinə və xarici dünya qorxusuna daha çox təsir edir. Bütün bu mənfi təsirlərə əlavə olaraq, bütün digər sosial, mədəni və ətraf mühit amillərinin zorakı davranışa təsiri təbii olaraq zorakı məzmundan daha qabarıqdır. Bununla belə, məzmunun təsiri əhəmiyyətlidir.
Bir sözlə, hər gün gördüyümüz və demək olar ki, normallaşdığımız, baxıb paylaşmaqda heç bir zərər görmədiyimiz bu görüntülər şiddəti tətikləyir. Buna görə də biz paylaşma və yayma zəncirinin bir hissəsi olmağı dayandırmalıyıq. Əlbəttə, bir tərəfdən, məsələn, siz dediyiniz kimi, bu görüntülər kiminsə günahkar və ya günahsız olduğunu sübuta yetirə bilər. Amma bunun bütün cəmiyyətə, istənilən təbəqəyə əlçatan olması heç də doğru bir şey deyil.
Məsələnin etik tərəfi də var. Məsələn, zorakılığa məruz qalan şəxsin görüntülərini paylaşdıqca və yaydıqca, həmin görüntülərin həmişə mövcud olmasını təmin edirik. Bu, zorakılığa məruz qalan şəxsin ailəsinin, yaxınlarının ömrünün sonuna qədər həmin görüntülərlə qarşılaşması və aldığı travmanı təkrar-təkrar xatırlaması ehtimalını artırır.
Qətl videoları sosial mediada hər yerdə rastlaşa biləcəyiniz məzmunlardır. Hətta insan görmək istəməsə belə, bu görüntülər o qədər sürətlə yayılır ki, istər-istəməz hər həsin qarşısına çıxa bilir.
İntihar, zorakılıq və ya bir cinayətin videosuna, görüntülərinə dəfələrlə baxan bir insan "bunlara baxmaq mənə elə də təsir eləmir" düşüncəsində ola bilər. Amma insan psixologiyası bu düşüncələrə baxmır. Bu sizə təsir etməsə belə, o videonun yayılması başqasını intihara və ya bir qətlin qurbanına çevirmiş ola bilər.
Unutmamaq lazımdır ki, biz sosial mediada mövcud olan bütün məzmunun həm istehsalçısı, həm də istehlakçısıyıq və bu şüurla hərəkət etməli, həm özümüzü, həm də ətrafımızdakı hər kəsi qorumaq üçün diqqətli olmalıyıq".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31