"Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzinə çevrilir" – ŞƏRH – ÖZƏL

"Şərqlə əməkdaşlıq Azərbaycanın, ilk növbədə, Asiya ölkələri ilə geniş əməkdaşlıq etməsini nəzərdə tutur. Yəni Asiya ölkələrinin aparıcı dövlətləri ilə bütün istiqamətlərdə yaxın əməkdaşlıq qurulmalıdır. Bu, həm energetika, həm logistika, həm siyasi, həm də iqtisadi baxımdan müxtəlif əməkdaşlıq imkanlarının genişləndirilməsini tələb edir. Çünki Azərbaycan bu gün Asiya ilə Avropanın arasında yerləşən bir hub-a çevrilir. Azərbaycanın üzərindən keçən logistika xətləri hər iki qitəni bir-birinə bağlayır. Təbii ki, Azərbaycan bu məsələdə Şərq ölkələri ilə daha yaxın münasibətlər qurmağı və onlarla iqtisadi-siyasi əlaqələrini daha da genişləndirməyi nəzərdə tutur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, ikinci məsələ, təbii ki, geosiyasi gücün birləşməsi və Azərbaycanın digər ölkələrlə münasibətlərini genişləndirərək geosiyasi baxımdan öz gücünü artırmasıdır. Yəni Azərbaycan digər dövlətlərlə iqtisadi, siyasi, logistika və enerji sahələrində münasibətlərini genişləndirməklə öz geosiyasi mövqeyini gücləndirməyə çalışır. Bu, həm Türkiyə, həm Avropa, həm də digər ölkələrlə münasibətlər çərçivəsində həyata keçirilir. Digər tərəfdən, Azərbaycan Çinlə olan münasibətlərini də daha da genişləndirir. Çünki bilirsiniz ki, 2025-ci ildə Çinlə tərəfdaşlıq müqaviləsi imzalandı. Orta Dəhliz üzərindən həyata keçirilən logistika və nəqliyyat əlaqələrinin inkişafı, Azərbaycanın bu prosesdə bir mərkəz, yəni hub kimi mövqeyinin daha da genişləndirilməsi baxımından Çin və digər Asiya ölkələri ilə əməkdaşlıq müsbət əhəmiyyət daşıyır. Azərbaycanın Avropa ilə Asiya arasındakı nəqliyyat və enerji-logistika bağlantısında rolu çox böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan tədricən mühüm tranzit ölkəyə çevrilir. Bu baxımdan Bakı-Ələt istiqamətində həyata keçirilən layihələr də xüsusi əhəmiyyət daşıyır. İkinci mühüm məsələ isə Orta Dəhliz üzərindən həyata keçirilən daşımalarla bağlıdır. Asiyadan Azərbaycan və Türkiyə üzərindən Avropaya, eyni zamanda Avropadan Asiyaya uzanan mühüm bir xətt formalaşır. Bu, böyük bir logistika dəhlizidir. Bu gün bütün dünyanın maraq göstərdiyi, gələcək logistika baxımından investisiya qoymaq və iştirak etmək istədiyi layihələrdən biridir. Azərbaycan da bu məsələdə çox böyük yer tutur. Azərbaycan bu baxımdan, ilk növbədə, iqtisadi cəhətdən güclənmək üçün yeni imkanlar əldə edir. Çünki yeni imkanlar Azərbaycanda iş yerlərinin yaranmasına, yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına, investisiya qoyuluşlarının artmasına və təbii ki, tranzit keçidlərindən gəlirlərin əldə olunmasına şərait yaradır. Eyni zamanda, dəhliz üzərindən həyata keçirilən daşımalar və keçidlərdən də müəyyən vəsaitlər əldə olunur. Bir sözlə, Azərbaycan böyük bir tranzit yoluna çevrilir. Bu da ölkənin geosiyasi baxımdan gücünü artırır və Azərbaycanın geosiyasi əhəmiyyətini daha da yüksəldir. Ona görə də Azərbaycan bu gün bir çox ölkələrin dostluq və əməkdaşlıq etmək istədiyi ölkəyə çevrilir.

Ekspert qeyd edib ki, Azərbaycan-Avropa, Asiya və Türkiyə üzərindən keçən xətlər bugünkü gündə çox vacib logistika istiqamətləridir. Bu xətlər üzərindən də böyük işlər görülür. Təbii ki, Azərbaycanın bu işləri həyata keçirməsi və Orta Dəhliz üzərində bir logistika hub-ının formalaşması Azərbaycan üçün çox önəmlidir. Bu baxımdan Şərq ölkələri ilə əməkdaşlıq da Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31