Dəyərlərin süqutu

Mənəviyyat insanın daxili dünyasının, ruhunun, mənəvi dəyərlərinin və əxlaqının bir parçasıdır. Hər bir insanın mənəviyyatı, onun həyatında atdığı addımlarda, gördüyü işlərdə və qarşılaşdığı çətinliklərdə əks olunur. Mənəviyyat bir növ insanın ruhunun güzgüsüdür, onun kim olduğunu və necə yaşadığını göstərən bir ölçüdür.

İlk baxışda, mənəviyyat sözünün mənası çox sadə görünə bilər. Lakin dərinliyə getdikdə, bu anlayışın çox mürəkkəb və çoxqatlı olduğunu görürük. Mənəviyyatın təməli insanın içindəki yaxşılıq, dürüstlük və ədalət anlayışlarına dayanır. Bu dəyərlər insanı cəmiyyətdə hörmətli bir şəxsiyyətə çevirir, onun başqaları ilə münasibətlərini daha səmimi və sağlam edir.

Bəzən həyat bizi ağır sınaqlarla üz-üzə qoyur. Bu zaman məhz mənəviyyatımızın nə qədər güclü olduğunu anlamaq üçün sınaqlardan keçirik. Güclü mənəviyyata sahib olan insanlar çətinliklərə qarşı sınmaz, əksinə, daha da möhkəmlənərlər.

Bir düşünək: Mənəviyyatın təməlində nə dayanır? İlk növbədə, bu, insanın öz vicdanı ilə barışıqda olmasıdır. İnsan öz vicdanı ilə barışıqda olduqda, onun mənəviyyatı güclü və möhkəm olur. Vicdan insanın içindəki səsi, onun doğru yolu seçməsinə yardım edən məsləhətçisidir. Vicdanı təmiz olan insan başqalarına qarşı həssas və anlayışlı olar, onlarla münasibətlərini dürüst və səmimi qurmağa çalışar.

Bədii əsərlərdə tez-tez mənəviyyat məsələsi ön plana çəkilir. Məsələn, məşhur əsərlərdə qəhrəmanların mənəviyyat sınaqlarından keçməsi, onların həyatında mühüm bir dönüş nöqtəsi olur. Bu əsərlərdə insanın mənəvi inkişafı, onun daxili mübarizəsi, doğru ilə yanlış arasında etdiyi seçimlər təsvir edilir. Belə nümunələr insanı düşündürməyə vadar edir, onun mənəviyyatını daha da inkişaf etdirməsinə təkan verir.

Əslində, mənəviyyat insanın cəmiyyətə, ailəsinə və özünə olan məsuliyyətinin göstəricisidir. Mənəviyyatlı insan heç vaxt başqalarının hüquqlarını tapdalamaz, ədalətsizliyə göz yummaz. Belə insan həyatını şərəflə və ləyaqətlə yaşayar, öz izzəti-nəfsini qoruyar.

Mənəviyyatın ölməsi isə ruhu olan bir bəşəriyyətin ruhunu yavaş-yavaş itirməsidir. İnsan qəlbinin incəlikləri, vicdanın səsi, bir zamanlar işıqlı olan insanlıq məfkurəsi, indi sanki bir kölgə kimi solub gedir. İnsanlar artıq bir-birinə sevgi ilə deyil, soyuq bir məntiqlə, mənafeyə əsaslanan münasibətlə baxmağa başlayır. 

Cəmiyyətin ürəyindəki xeyirxahlıq yerini sərtliyə, mərhəmət isə etinasızlığa verir. Bəşəriyyətə sevgi, anlayış və empati yerinə qorxu, şübhə və rəqabət hakim olur. Mənəviyyatın ölməsi, bir ağacın köklərindən qoparılıb torpaqsız bir məkana atılması kimidir; o, artıq qida tapmaz, tədricən quruyar və nəticədə tamamilə məhv olar.

Bəlkə də ən acı olanı budur ki, bu narahatlığın səbəbini anlamaq və onu doldurmaq qabiliyyəti belə zamanla itir. Sanki hər şey bir sükutla, bir susqunluqla əvəz olunur; insanların ürəkləri, artıq özünü eşitməyən bir qulaq kimi, hər şeyə qapalı olur.

Belə bir dünyada insanlıq nəhayət, öz mənliyini tapmaq, itirilmiş dəyərləri yenidən kəşf etmək üçün tək bir ümidi saxlamağa çalışır. Bu, bəşəriyyətin yeganə qurtuluş yolu - mənəviyyatını yenidən dirçəltmək, onun ölməsinə icazə verməməkdir.

Lakin mənəviyyatın dirçəlişi, asanlıqla başa gəlmir. Bunun üçün, ilk növbədə, hər bir fərd öz qəlbinin dərinliklərinə enməli, orada yatmış olan saf duyğuları, unudulmuş dəyərləri oyatmalıdır. Bizlər cəmiyyətin unudulmuş, amma hər zaman mövcud olan dəyərlərinə sarılmalıyıq. İnsanlar bir-birlərinə yalnız mənafe üçün deyil, dərin bir hörmət və anlayışla yanaşmağa başlasalar, sevgi və şəfqət, qəlblərdə çiçəklənər və bu, cəmiyyətin yaralarını sarmaq üçün güclü bir məlhəm olar.

Mənəviyyatın dirçəlişi, yalnız fərdi səylərlə deyil, həm də cəmiyyətin ümumi bir qərarı ilə mümkündür. Təhsil, sənət, mədəniyyət və dini dəyərlər yenidən canlanmalı, insanlar arasındakı bağlar gücləndirilməlidir. İnsanlığın bir-birinə olan inamı və ehtiramı yenidən bərpa olunarsa, mənəviyyat öz yerini tapacaq və bu qaranlıq dövrdən çıxış yolu açılacaq.

Bu çətin və uzun yolda hər bir insanın qəlbində bir arzu, bir ümid yaşamalıdır: mənəviyyatın qayıdışı ilə birlikdə bəşəriyyət də özünü yenidən tanıyacaq, ruhunu tapacaq və bir daha itirməyəcək. O zaman cəmiyyət, keçmişin qaranlığını arxada qoyaraq, işıqlı və mənalı bir gələcəyə doğru inamla irəliləyəcək.

Mənəviyyatın itirilməsi və dirçəlişi ilə bağlı cəmiyyətin müxtəlif sahələrində (təhsil, mədəniyyət, ailə, din, sosial ədalət) hansı konkret addımlar atılmalıdır? Gənclik mənəvi dəyərləri geri qaytarmaq üçün 180 dərəcə dəyişməlidir deyə bilərikmi? Və ya bu yalnız gəncliyin əlində olan məsələdir, yoxsa mənəvi dəyərlərin aşılanması da azalıb? Bu sualları sosioloq Lalə Mehralıya ünvanladıq:

-Biz bütün problemlərin səbəbini gənclərin üzərinə atırıq. Amma bir şeyi unuduruq: gənclər bizim əsərimizdir. Onları tərbiyə edib valideyn olaraq cəmiyyətə biz ötürmüşük. Onları cəmiyyətə, həyata hazırlayanda, tərbiyə edəndə hamısını ölçüb biçmək lazımdır. Bu məsələdə məktəb valideynlə təmas  halında işləməlidir. Valideynin öyrətdiyini  məktəb təsdiqləməli, məktəbin öyrətdiyini valideyn davam etdirməlidir. Burada bu birlik, bərabərlik, təmas  qorunmalıdır. Biz uşağımıza ən yaxşı təhsili verməyə, onu ən savadlı insan eləməyə çalışırıq, amma insan kimi insani keyfiyyətləri yükləmir, insani keyfiyyətləri öyrətmirik. Nəticədə nə olur? Övladlarımız savadlı adam olur, savadlı insan ola bilmirlər. Sözün həqiqi mənasında insan olmurlar. Çünki adam olmaqla insan olmaq arasında böyük fərq var. Eləcə də ailə məsələlərində, eləcə də dini, sosial məsələlərdə, milli-mənəvi dəyər məsələlərində bütün sahələrdə dediyim keçərlidir. Təəssüf ki, hazırda gənclərimiz savadlı, amma bu dəyərləri olmayan adamlardır. Bir çox halda bəzən adi məsələləri müzakirə edəndə gənclər etiraz edirlər. Mən niyə avtobusda qalxıb başqasına yer verməliyəm? Etiraz edir, üsyan edir, mən də biletimi almışam, o da biletini alıb məntiq baxımından doğru deyir. Əgər məntiqə əsaslansaq, gənc dərsdən çıxıb yorulub, yaşlı da işdən çıxıb yorulub. Hər ikisi biletini, öz pulu ilə alıb ictimai nəqliyyata minib. Amma burda artıq məntiq ikinci plana, insani keyfiyyətlər önə keçir. Əgər sənin başının üstündə sənin yaşının iki qatı, üç qatı qədər yaşı olan bir insan ayaq üstə dayanıbsa, insani keyfiyyətlərimizə, mənəvi keyfiyyətlərimizə görə biz ona yer verməyə özümüzü borclu hesab edirik. Əgər bizə aşılanıbsa, o keyfiyyətdir. Əgər aşılanmayıbsa, biz onu gərəksiz hesab edirik. Necə ki, indi bir çox gənc bunu gərəksiz hesab edir. Bunların aşılanmağının tərəfdarıyam. Təbii ki, bizim özümüzün xalqımıza,  genetikamıza uyğun dəyərlərimiz ki var, onlar yavaş-yavaş itirilir. Robotlara, texno-kölələrə çevrilirik. Hərəmizin əlimizdə bir texnoloji alət, telefon, smartfon, planşet, başımızı qaldırmadan ictimai nəqliyyatda otururuq. Başımızın üstündə uşaqlı var, hamilə var, yaşlı var, nəzərə almırıq. Mən ictimai nəqliyyatı misal olaraq çəkdim. Yəni bütün sahələrdə belə ola bilər. Əgər başımızı qaldırsaq, ətrafı müşahidə eləsək, əslində çox özəlliklər bizə geri yüklənəcək. Çünki bizim genetikamızda var o. Sadəcə gənclər etinasız olub. Bunun da səbəbi, günahı onlarda deyil, onların böyümə prosesində onlara aşılanmalı olan dəyərləri onlara öyrətməyən valideynlərdədir. Ehtiyac var ki, valideynlər özləri necə böyüyübsə, özlərinə necə aşılanıbsa, onlar da övladlarına eyni mənəviyyatı aşılasınlar. Yaxşılıq da, pislik də, hörmət də, dəyər də, dəyərsizlik də, etina da, etinasızlıq da-hər şey bumeranqdır. Biz nə eləyiriksə, sonra çevrilir, dönür, dolaşır, o özümüzə tuş gəlir. Tutaq ki, bir valideyn öz övladına adi etiket qaydalarına hörmət qaydalarını öyrətməyib. Onun övladı başqasına o hörmətsizliyi eləyəndə başqa öyrətməyən bir valideynin övladı da  bu valideynə edəcək. Çünki bu cür vəziyyət getdikcə yayğınlaşır, arealı böyüyür, valideynlərin etmədiyi, öyrətmədiyi, aşılamadığı hər şey bir gün dönüb dolaşıb özünə də təsir edəcək.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31