Qəlblərimizin ağır yükü: Artan əsəbin altında nə gizlənir?
2 Avqust 2024 14:50 SosialSon vaxtlar hamı qəbul edər ki, insanların əsəbi artıb. O, küçələrdə, evlərdə, insanların ürəklərində bir vulkan kimi qaynamaqdadır. Artıq hamının üzündəki gülümsəmə daha az, gözlərdəki yorgunluq isə daha çoxdur.
Bir tərəfdən qadın əlində çörək torbası ilə evinə doğru addımlayır. Onun simasında illərin yorğunluğu və bu günün ağırlığı birləşir. Onun hər addımı, hər nəfəsi sanki bir yük daşıyır. Elə hey düşünür, öz-özünə kiməsə əsəbiləşir. Digər tərəfdən gələn cavan oğlan isə telefonuna baxaraq gərginlik içindədir. İşdən gələn mesajlar, bitməyən tələblər, yetməyən maaşlar, dolandırmalı olduğu ailəsi, aylıq xərcləri - hər şey bir anda onun üzərinə çökür. Onun gözlərindəki parıltı sönüb, yerini qorxu və ümidsizlik alıb. Artıq parkın bir küncündə oynayan uşaqlar belə sönük görünür. Gözlərindəki təmiz və saf işıq azalıb. Valideynlərinin qayğıları, evlərdəki narahatlıq və cəmiyyətdəki təzyiqlər onların üzərinə də kölgə salır. Uşaqlar arasında hər kiçik anlaşılmazlıq bir mübahisəyə çevrilir, kiçik əsəblər böyüyür, qırılmalar baş verir. Yolda iki nəfər toqquşur, axırda biri bıçaqlayır, biri bıçaqlanır. Bir mübahisə düşür, biri balta atır, o biri döyülür. Ər yoldaşını doğrayıb insanların gözü önünə atır. Evin oğlu bütün ailə üzvlərini bir göz qırpımında öldürə bilir. Əsəb, şəhərin hər bir küncündə gizlənib. Hər addımda, hər nəfəsdə hiss edilir. Bir zamanlar sükunət və rahatlıqla dolu olan küçələrdə indi əsəbin kölgəsi dolaşır. İnsanların hərəkətlərində, danışıq tərzlərində, baxışlarında əsəbli bir gərginlik hakimdir.
Niyə bu qədər əsəb, niyə bu qədər gərginlik? Bəlkə də, bir çoxlarının beynində hər gün eyni sual var.

Psixoloq Minarə Səbzəliyeva qeyd edir ki, əsəbin arxasında mütləq ki, başqa bir emosiya vardır:
-Əslində bizim əsəb deyə bir emosiyamız yoxdur. O anda hansı emosiyaların olduğunu düşünün. Nümunə üçün, biri özünü məyus hiss etdiyində, digəri qorxduğunda, başqa biri isə rədd edildiyində əsəbləşə bilər. Əsəb əsasən şəxsin müdafiəsiz hiss etdiyi zaman bir mübarizə mexanizmidir. Nümunə üçün, şəxslərin biri psixoterapiyada terapevtin köməyi ilə bunu aşkara çıxarır ki, əslində partnyoruna qəzəblənmək rəddedilmə qorxusu ilə üzləşməkdən daha asandır. Əsəb əslində bizim ikincil emosiyamızdır, yəni əsəb deyə bir emosiyamız yoxdur, qəzəb vardır. Lakin "əsəbləşdim" dedikdə mütləq ki, bunun altında yatan bir emosiya olacaqdır.
Əsəbə səbəb ola biləcək emosiyalardan biri təşvişdir. Övladını məktəbdən götürməyə gecikən valideynin övladına qarşı aqressiv davranışı hiss etdiyi təşvişin nəticəsidir. Burada ana hiss etdiyi təşviş hissini qəzəb hissi şəklində ifadə edir. Başqa bir nümunədə isə qəzəbə səbəb olan və təkan yaradan emosiya isə üzüntüdür. İnsanlar uzun müddət üzüntü yaşadıqlarında, hər hansısa bir problemin öhdəsindən gələ bilmədikdə daha aqressiv ola və qəzəbli hala gələ bilərlər. Bir digər nümunədə isə qəzəbi yaradan hiss qorxudur. Övladını yol keçərkən avtomobilin vurmasından xilas edən valideyn, bu qəzadan xilas olan övladını ilk olaraq qucaqlamaq və öpmək yerinə ona qəzəblənər və böyük bir aqressiya ilə vura bilər. Burada övladını itirmək qorxusu anada qəzəb hissini yaradır.
Psixoterapiya prosessində də qəzəb kontrolu ilə çalışdığımız zaman, qəzəbin altında yatan, qəzəbə səbəb olan, qəzəbi hərəkətə keçirən başqa bir emosiyanın varlığını bilmək qəzəb kontrolu üçün önəmlidir.
Bəs, tam ifadəsi ilə əsəb/qəzəb nədir?
-Əsasən qəzəb doyurulmamış istəklərə, istənilməyən nəticələrə və qarşılanmamış gözləntilərə verilən emosional reaksiyadır. Əslində qəzəb digər emosiyalar kimi son dərəcə təbiidir və deyə bilərəm ki, sağlıqlı olaraq ifadə edildiyində şəxslərarası münasibətdə, hətta müsbət nəticələr doğura bilən bir emosiyadır. Lakin əgər qəzəb nəzarət edilə bilməyən və dağıdıcı bir şəkildə davranışlara yansıyırsa, bu davranışlar da öz növbəsində mənfi potensiallı olub, aqressiyalara və mənfi nəticələrə səbəb ola bilir. Bu günün ən aktual problemlərindən biri isə məhz insanların qəzəblə bağlı nə qədər sıxıntıları olsa da, bunu qəbul edib, bu narahatlıqla bağlı dəstək almaq yerinə, qəzəb və ona bənzəyən hissləri daha çox inkar etməyə, yox saymağa və daha çox basdırmağa başlamalarıdır.
Dünya ədəbiyyatına istinad etdiyimiz zaman görərik ki, qəzəb nəinki şəxslərarası münasibətlərə, dağıcı davranışlara, ünsiyyət problemləri və digər psixoloji narahatlıqlara, eyni zamanda basdırılmış və sağlıqlı bir şəkildə ifadə edilməyən qəzəb, xroniki ürək-damar xəstəliklərinə, baş ağrısı, hipertoniya, mədə xəstəlikləri və bu kimi bir sıra bioloji problemlərə səbəb olmaqdadır.
Evliliklər və qəzəb
-Qəzəb sağlam bir şəkildə ifadə edilmədikdə zərərli ola biləcək güclü bir duyğudur. Xüsusilə münasibətlərdə idarə olunmayan qəzəb dağıdıcı ola bilər. Sağlam münasibətlər sağlam ünsiyyət, sərhədlər, razılaşmalar, hörmət və qarşılıqlı dəstək üzərində qurulur. Qəzəb nəzarətsiz və zərərli bir şəkildə ifadə edildikdə, bu nüanslar problemlər yaradır. Bu, partnyorlarınızın güvəndə hiss etməməsinə və uzunmüddətli emosional narahatlıqlara səbəb ola bilər. Eyni zamanda ailə üçün ən önəmli faktorlardan biri-ünsiyyətin pozulmasına səbəb ola bilər. Qəzəb problemi olan insanlar münasibətlərdə qəzəblənmənin səbəbləri haqqında məlumat sahibi olmalıdırlar. Münasibətlərin sağlamlığı üçün əsas səbəbi müəyyən etmək və lazımi həll yoluna cəhd etmək lazımdır. Evliliklərdə hər hansısa bir konfliktin baş verməsi zamanı bir çox emosiyalar ortaya çıxa bilir. Ümumilikdə isə emosiyalar partnyorların evlilikdə davranışlarını müəyyən edən önəmli faktorlardan biridir. Hansı ki, emosiyalar qarşılıqlı olaraq partnyorların düşüncələrinə, davranışlarına, necə ünsiyyət qurduqlarına, münasibətin uyğunluğuna və davamlılığına təsir edir.
Evlilikdə də fərdlərin yaşadığı bəzi təməl emosiyalar var. Hansı ki, qəzəb, qayğı, təşviş, qorxu, xoşbəxtlik, üzüntü, çaşqınlıq, məyusluq və bunun kimi başqaları. Burada qəzəb cütlüklərin yaşadığı təməl və təbii emosiyalardan biridir. Burada şəxslərin yaşadıqları qəzəbi ifadə etmək üçün etdikləri dağıdıcı davranışlar və bu davranışların sıxlığı, davam etmə müddətləri fərqlilik göstərməkdədir. Təbii ki, nə qədər dağıdıcı davranışlar daha çox olarsa, daha uzun müddət davam edərsə, münasibətdə problemlər də bir o qədər çox olacaqdır. Burada bayaq da qeyd etdiyim kimi, bəzi şəxslər qəzəbini o an göstərdiyi halda, bəziləri qəzəbi yaşamağa gətirib çıxaran hadisəni və ya situatsiyanı analiz edərək yaşadığı təməl hissin fərqinə varır və yaşadığı bu hissi basdırmır. Burada duyğu və düşüncələri bir-birinə ifadə edən cütlüklərin evliliklərinin daha yaxşı uyğunluq əldə etdikləri bildirilmişdi. Partnyorların yaşadıqları qəzəb hissini ifadə etməyərək öz daxilində inkar etməsi və görməzdən gəlməsi münasibətdə dərin problemlərə gətirib çıxardığı nəticəsinə gəlinmişdir.
Psixoloq qeyd edir ki, cütlüklər arasında aqressiv münaqişələr varsa və bu konfliklərin sıxlığı artırsa, bu, cütlüyün bu problemi özlərinin həll edə bilməyəcəyinə işarədir:
-Bu münaqişələr, onların münasibətləri üçün təhlükə yaratmağa başladığını da onlara göstərir. Bu zaman həmin cütlüklər bir mütəxəssisdən dəstək almalıdır. Uyğun mübarizə mexanizmi tapmaları onların evliklikləri üçün çox yaxşı nəticələr doğura bilər. Cütlük terapiyasında həmin partnyorların qəzəbinin altında yatan səbəb və mənaları ilə bağlı müxtəlif cavablar axtarılır. Misal üçün:
"Qəzəb cütlüyün hər biri üçün nə deməkdir?"
"Həyat yoldaşına qəzəblənmək nə deməkdir?"
"Partnorun sizə qəzəblənməsi sizin üçün nə deməkdir?"
"Həyat yoldaşınızın qəzəbinə necə cavab vermək olar?"
"Həyat yoldaşınız qəzəbli olduğunuzu necə başa düşür?"
"Qəzəbi müşayiət edən başqa hansı hisslər var?"
M.Səbzəliyevanın sözlərinə görə, ən əsası qəzəbi tanımaq və səbəblərini araşdırmaq çox önəmlidir:
-Stress faktorlarının çoxluğu, ünsiyyət problemləri, gözləntilərin qarşılanmaması, keçmişdən gələn travmaların və ailə keçmişi kimi faktorlar qəzəbi yaradan səbəb ola bilər. İlk növbədə mütəxəssis dəstəyi ilə qəzəbin kökünü tapmaq önəmlidir. Doğru ünsiyyət qurmaq evlilikdə qəzəb probleminin öhdəsindən gəlməkdə ən önəmli mexanizmlərdən biridir. Partnyorların bir-biri ilə açıq və dürüst bir şəkildə ünsiyyət qurması, hisslərini ifadə etməsi qəzəbi azaltmağda təsirli ola bilər. Burada ünsiyyətdə hörmət və empatik bir nitqdən istifadə etmək çox önəmlidir. Empatiya ilə bir şəxs digərinin hisslərini anlamağa çalışır ki, bu çox vacib nüansdır. Onun baxış bucağından baxmaq, onun nə hiss etdiyini anlamaq qarşınızdakı insan və sizin üçün çox faydalıdır.
Qiymət Mahir