Tək valideynli ailələrdə böyüyən uşaqlar-Alınan travmalar

Tək valideynli ailələrin artmasının bir neçə səbəbi var və bu səbəblər həm fərdi, həm də sosial faktorlarla bağlıdır. Bu fenomenin artmasına təsir edən əsas amillər boşanmaların artması, nikahların gecikməsi və evli olmayan valideynlər, övladlığa götürmə və süni mayalanma, valideyn ölümüdür. Boşanma halları son illərdə artmaqdadır və bu da tək valideynli ailələrin sayının artmasına səbəb olur. Cütlüklər arasında anlaşılmazlıqlar, maliyyə çətinlikləri və digər faktorlar boşanmaların artmasına gətirib çıxarır. Gənclər arasında evlənmə yaşı artmaqda və evlənmədən birlikdə yaşamaq daha çox qəbul edilməkdədir. Bu cür münasibətlərdən dünyaya gələn uşaqlar bəzən tək valideynli ailələrdə böyüyürlər, çünki bu cütlüklər evlilik qədər stabil olmaya bilər. Bəzi insanlar özləri tək valideyn olmağı seçirlər. Övladlığa götürmə və süni mayalanma kimi metodlarla valideyn olmağı seçənlər  təkbaşına uşaq böyüdürlər. Qədim sosial inanclar urbanizasiya, sənayeləşmə və modernləşmə ilə mübahisə edilir və daim dəyişir ki, bu da tipik ailə gender rollarını və strukturunu bulandırır. 2-3 onillik əvvəl aparılan tədqiqatlar göstərdi ki, ailə qeyri-sabitliyi uşaqların inkişafına mənfi təsir göstərə bilər. Valideynlərdən birinin olmaması və ya itkisi, ayrılmış və boşanmış valideynlər arasında münaqişələr təkcə uşağın psixi sağlamlığına deyil, həm də uşağın fiziki sağlamlığına, ümumi böyüməsinə və gələcək münasibətlərinə təsir göstərir. Tək valideynlər çox vaxt 2 valideyn məsuliyyəti ilə həddən artıq yüklənir. Sosial stiqma ilə üzləşir və sosial dəstəkdən məhrum olurlar, nəticədə uşaqları ilə vaxt keçirməkdə çətinlik çəkirlər. Beləliklə, tək valideynlərin uşaqlarında zəif akademik performans, azalmış sosial qarşılıqlı əlaqə, emosional və davranış problemləri meydana çıxır. 
Ənənəvi olaraq, valideynlik ikitərəfli genderlə əlaqəli rolları əhatə edirdi: ana uşağı tərbiyə etmək və ona emosional dəstək verməklə, ata isə uşağın müdafiəsi və intizamının təmin edilməsində iştirak edirdi. Daha yaxşı təhsil, ikili qazanc əldə edən valideynlər, yüksək gəlir və gender bərabərliyi ilə ailənin paradiqmasında dəyişiklik və valideynlikdə gender-neytral rolların meydana çıxması baş verdi. Bu, sənayeləşmə və qloballaşma ilə birlikdə tək valideynli ailələrin sayının artmasına səbəb oldu.
İnsan tək ana və ya tək ata, boşanmış və ya dul, partnyorundan ayrılmış və planlaşdırılmamış hamiləlik yaşadığı halda və ya seçim əsasında tək valideyn ola bilər. Qadınlar valideynlik məsuliyyətini bölüşən yetkin partnyorun iştirakı və dəstəyi olmadan övladlığa götürmə yolu ilə də tək valideyn olmağı seçə bilir. 
Qlobal miqyasda tək valideynli ailələrdə ən çox uşaq yaşayan ABŞ (23%) və Böyük Britaniyadır (21%). Orta hesabla, dünyada uşaqların təxminən 6,8%-i tək valideynli ailələrdə yaşayır. Hindistanda tək valideynli ev təsərrüfatlarının 5%-nin olduğu qeyd edilir. Tək valideynli ailələrin cinsinə görə statistikası göstərir ki, tək valideyn olan qadınların sayı kişilərdən daha çoxdur. Dünyadakı tək valideynlər arasında tənha analar 84,3%-nin böyük əksəriyyətini, tək ata ailələri isə 15,7%-ni təşkil edir ki. Bu, qadınların uşaqların tərbiyəsi üçün əsas məsuliyyət daşıdığını göstərir. Tək ataların sayı azdır, çünki kişilər daha çox yenidən ailə quraraq öz övladlarını analarının və ya digər qadın qohumlarının himayəsində buraxırlar. Bir neçə onilliklər əvvəl həyat yoldaşının ölümü tək valideynli ailələrin sayının artmasının ən çox yayılmış səbəbi idisə, indi biz, valideynlərin boşanması, ayrılması, planlaşdırılmamış hamiləlik və seçim kimi tək valideynliyin digər səbəblərinin artdığını görürük. Digər səbəblər deyəndə, övladlığa götürmə və ya donor mayalanma yolu ilə tək valideyn olmaq nəzərdə tutulur. Araşdırmalar göstərir ki, valideynin ayrılıq və ya ölüm nəticəsində itirilməsi psixiatrik pozğunluqlar, xüsusilə depressiya ilə əlaqələndirilir. Bu araşdırmalar həmçinin göstərir ki, depressiya nisbətinin artması atadan daha çox ana itkisi zamanı baş verir. Bu artıq Bowlby (1969, 1973), Rutter və Madge (1976) tərəfindən qeyd edilmişdir, onlar uşaqlıqda valideyn bağlarının pozulmasının yetkinlik dövründə psixopatologiyaya səbəb ola biləcəyini irəli sürüblər.
 Valideynlərin ayrılması və ya boşanması tək bir hadisə deyil, bir prosesdir və uşağın yeni normalara uyğunlaşması mərhələlərlə baş verir. Valideynləri tək olan uşaqlarda psixi sağlamlıq problemlərinin başlanğıcı valideynləri arasında münaqişələr səbəbindən faktiki ayrılıq hadisəsindən çox əvvəl baş verir. Onlar əvvəlcə kədər, çaşqınlıq, tərk edilmə qorxusu, qəzəb, günahkarlıq, kədər və sədaqətlə bağlı münaqişələr, onlara nə olacağı ilə bağlı narahatlıqlar və yanlış təsəvvürlər daxil olmaqla ağrılı emosiyalar yaşayırlar. Valideynlərdən biri ailəni tərk etdikdə uşaqların əksəriyyəti itki hissləri yaşayır. Tədqiqatlar müxtəlif ölkələrdə boşanmış valideynlərin uşaqları ilə davamlı nikahda olan valideynlərin uşaqları arasındakı uçurumu müəyyən edib. Əksər tədqiqatlar göstərib ki, tək valideynli ailələr uşaqlara müsbət təsirlə müqayisədə mənfi təsir göstərir.
Tək valideynli ailələrdə böyüyən uşaqlar bir çox unikal vəziyyətlərlə üzləşirlər ki, bu da onların inkişafına müxtəlif cəhətdən təsir edə bilər. Tədqiqatlar tək valideynliyin uşaqların fiziki sağlamlığına və inkişafına necə təsir etdiyinə dair qarışıq nəticələr göstərir. Bəzi tədqiqatlar göstərir ki, bunlar sosial-iqtisadi statusun bir-biri ilə dəyişən fərqləri ilə əlaqədardır, digərləri isə tək valideynliyin uşaq ölümü, qətllər və uşaqlıqda böyümə geriliyi kimi amillərə mənfi təsir göstərdiyini bildirir. Körpələr və 3 yaşından kiçik uşaqlarda da bu, öz əksini tapa bilər. Əsəbilik, zəif yuxu-oyanma ritmləri, ayrılıq narahatlığı, qidalanma pozğunluğu və ya hətta inkişaf geriləməsi kimi təzahür edən proses onun sıxıntı və kədərini əks etdirir. Tək anadan doğulan uşaqlarda az çəki, vaxtından əvvəl doğuş, hamiləlik dövrünə görə kiçik, neonatal reanimasiya şöbəsinə qəbul kimi mənfi neonatal nəticələrə daha çox rast gəlinir.
 2 yaşdan 6 yaşa qədər olan kiçik uşaqlar valideynlərin ayrılması zamanı qorxu, çaşqınlıq və tərk edilmişlik hiss edirlər. Bu yaş qrupundakı uşaqlar tez uyğunlaşırlar, çünki onlar çox vaxt valideynlərini parlaq şəkildə xatırlaya bilmək üçün çox gənc olurlar. 7-12 yaş qrupu emosiyaları ifadə edə bilir, valideyn ayrılığını daha yaxşı qəbul edir. Onlar valideynlərinə etibar etmirlər, kənar dəstək axtarırlar və ona arxalanırlar. Bununla belə sosial və emosional problemlər göstərə bilərlər. Yeniyetmələr valideynlərinin boşanmasından ən çox təsirlənirlər, çünki onlar dəyişikliyi qəbul etməkdə çətinlik çəkirlər. Onlar hətta evlərini tərk edə və emosiyalarını ifadə etməkdə çətinlik çəkə bilərlər. Valideynlərini günahlandıra, onlara nifrət edə bilər. Ən pisi odur ki, bu günahlandırma və nifrətin ən çox zərəri özlərinə dəyir. Belə uşaqlar həmişə ana-atalarına bənzəməkdən qorxaraq yaşayırlar. Bu səbəbdən də özlərini bir çox şeydən dala çəkirlər. Bəzən də ana-ata boşluğunu doldurmaq üçün həyatlarına yanlış insanları qəbul edirlər. Yanlış insanla münasibət də travma üstünə daha bir travma yaradır və bu döngü halına gəlir. Üstəlik, belə insanlar həyatları boyu kiməsə bağlanmaq istəyirlər. Çünki onlara tənhalıq hissi aşılanıb. Digər valideynin yoxluğu, onları tərk edilmiş hiss etdirə bilər, bu da onların özünə inamını zəiflədir. Bununla yanaşı tək valideynin təkbaşına ailəni təmin etmə çətinliyi uşaqlarda qorxu və anksiyete yarada bilər. Onlar, gələcəyin nə gətirəcəyindən narahat ola bilər və valideynlərinin sağlığı, maliyyə vəziyyəti ilə bağlı daimi bir gərginlik hiss edə bilərlər. 
Tək valideynli ailələrdə böyüyən uşaqlar bəzən sosial dairələrində fərqli hiss edə bilərlər. Dostlarının tam ailə ilə böyüdüklərini görmək, onları tək və ya qeyri-adekvat hiss etdirə bilər. Həmçinin cəmiyyətin bəzi seqmentlərində tək valideynli ailələrə qarşı mənfi düşüncələr ola bilər. Bu da uşaqların özlərini damğalanmış və ya fərqli hiss etməsinə səbəb ola bilər. Tək valideynin yoxluğunu kompensasiya etmək üçün uşaqlar bəzən erkən yaşda yetkinlik məsuliyyətlərini qəbul etmək məcburiyyətində qalırlar. Bu, onların uşaqlıq dövründən tam zövq almalarını maneə törədə və erkən yaşda stressə səbəb ola bilər. Valideynin daimi mövcudluğunun olmaması uşaqlarda özünə dəyər problemləri yarada bilər. Onlar, kifayət qədər sevilmədiklərini və ya əhəmiyyətli olmadıqlarını hiss edə bilərlər. Bütün bu sadaladıqlarım tək valideynli ailələrdə böyüyən uşaqların ala biləcəyi travmalardır. Bəs, bu travmaların qarşısını necə ala bilərik?
Ən əsası emosinal dəstəkdir. Uşaqların duyğularını ifadə etmələrinə imkan vermək və onları dinləmək çox önəmlidir. Terapiya və məsləhət xidmətləri də onların emosional sağlamlığını dəstəkləyə bilər. Uşaqların sosial dairələrini genişləndirmək və onlara dəstək olan dost və qohumlarla vaxt keçirmələrini təmin etmək vacibdir. Bu, onların sosial izolyasiyasını azaltmağa kömək edər. Uşaqlara tək valideynli ailələrin də normal və sevgi dolu olduğunu izah etmək, onların mənfi düşüncələrini azaltmağa kömək edə bilər. Uşaqların maraqlarına uyğun idman və yaradıcılıq fəaliyyətlərində iştirak etmələri onların özünə inamını və bacarıqlarını inkişaf etdirə bilər.
Tək valideynli ailələrdə böyüyən uşaqların travmalarını anlamaq və onları dəstəkləmək, bu uşaqların sağlam və xoşbəxt bir həyat sürmələrinə kömək edə bilər. Bu, həm valideynlər, həm də cəmiyyət üçün vacib bir məsuliyyətdir.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31