İmtahandan kəsilmək və həyatın "sonu"

Ali məktəblərə qəbul imtahanı verən   abituriyentlər üçün olduqca önəmli bir dövrdəyik. Əslində təkcə imtahan verən uşağın narahatlığı yox, valideynlərin də sanki eyni imtahanı verirmiş kimi narahatlıq yaşadığını hər il olduğu kimi hiss edirik. Təəssüf ki, demək olar ki, hər il qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra zəif nəticə göstərən, ali məktəbə qəbul ola bilməyən uşaqların intihar xəbərlərini eşidirik. Bunların əksəriyyəti də övladından yüksək nəticə gözləyən valideynlərin "filankəs nə deyər?" düşüncəsi ucbatından baş verir.
Mütəxəssislər hər il bu dövrlərdə uşaqların psixologiyası ilə bağlı xəbərdarlıq edərək, imtahan verən uşağa necə davranılması lazım olduğu barədə xəbərdarlıq edirlər. Bəs imtahandan pis keçən uşaqla necə davranmaq lazımdır? İmtahana hazırlaşan uşağa öncədən necə davranmaq lazımdır ki, imtahan nəticəsindən sonra mənfi situasiyalara düşməsin?
Əslində, valideynlər övladları ilə birlikdə sevinir, onlarla birlikdə də kədərlənirlər. Valideynlər övladlarına imtahanda yaxşı oxumaq və ən yaxşı yerlərə çatmaq üçün dəstək olmaq istəyirlər. İmtahan stressinin çox olduğu bu dövrlərdə ailələrin də uşaqları qədər stresli vaxt keçirməsi əlbəttə ki, normaldır. Əgər uşaq imtahandan yaxşı keçmirsə, onunla eyni səyi göstərən, davamlı olaraq əlindən gələni edən valideyn də təbii olaraq, əsəbiləşir. 

Bəs mütəxəssislər bu dövrdə valideynlərə nə məsləhət görürlər?

Psixoloq Ülkər Məmmədli bildirir ki, hər şeydən öncə unutmamaq lazımdır ki, imtahana hazırlaşan şagird yeniyetməlik çağlarındadır:

"Bu dövrü gərgin və fırtınalı bir dövr kimi də xarakterizə etmək olar. Hansı ki, bu, insan həyatının ən mürəkkəb dövrlərindən biridir və bu proses hər bir fərd üçün fərqli çətinliklər gətirir. Yeniyetmə ilə birlikdə ailələr də bu çətinlikləri yaşayırlar. Fiziki cəhətdən yetkin görünməsinə baxmayaraq, bəzi uşaqca davranışları hələ də davam edir və yeniyetmə onun kifayət qədər başa düşülməməsindən şikayətlənir. Bu dövrdə maraq mərkəzləri dəyişməyə başlayır, dostlara və əks cinsə maraq artır, ailəyə qarşı aqressiv münasibət müşahidə olunur ki, yeniyetmədə bu davranışların olması yeniyetməlik dövrünə xas xüsusiyyətdir. Bu dövrün yalnız uşağınıza aid olduğunu düşünməmək lazımdır. Çünki hər bir yetkin insan yeniyetməlik dövrü keçir. Xüsusilə imtahan dövrlərində valideynlər övladlarına qarşı daha həssas davranmalıdırlar ki, qeyd etdiyiniz mənfi situasiyalar ilə qarşılaşmayaq. 
Ailələrə məsləhətim budur ki, imtahan nəticəsinin necə olduğundan asılı olmayaraq, bunun son olmadığını, bu imtahanı hər il verməyin mümkün olduğunu övladlarına izah etdinlər və uşaqlarının uğurunu bir imtahanla ölçməsinlər.
İlk növbədə, mən buna bir psixoloq prizmasından baxıram. Hər bir valideyn düşünür ki, övladının uğuru, biliyi imtahanda öz əksini tapmalıdır. Bunun ən böyük maneələrindən biri isə imtahan stressidir. Həmin narahatlığı artırmamaq, hətta qarşısını almaq üçün uşağa ailənin dəstəyi mütləq lazımdır. Ona görə də öncədən bildirmək lazımdır ki, əgər nəticə mənfi olarsa, gələn il yenidən çalışıb, uğur qazana bilərlər.
Valideynlər tez-tez imtahanla bağlı narahatlıq və həyəcanlarını uşağa əks etdirirlər. Ona davamlı olaraq imtahandan keçsə nə olacağını söyləməkdənsə, uşağın hazırda nə etdiyinə diqqət yetirmək daha yaxşı olar. "Qəbul olmaqdan başqa çarən yoxdur" və ya "bu sənin son şansındır" kimi təhdidedici ifadələr işlətmək əvəzinə "qəbul ola bilərsən", "uğur qazanacağına inanıram" kimi dəstəkləyici və həvəsləndirici ifadələrdən istifadə etmək, imtahanı ölüm-dirim məsələsinə çevirməmək lazımdır.
Abituriyentlərin imtahana hazırlıq dövründə bütün həyatını dayandırması düzgün yanaşma deyil. İmtahana hazırlaşmaqla yanaşı, düzgün şəkildə istirahət etmək də uşaqlar üçün həm psixoloji, həm də fiziki cəhətdən olduqca lazımlıdır. Valideynlər də bilməlidir ki, uşaqların imtahana hazırlaşarkən bütün vaxtını oxumağa sərf etməsini gözləmək düzgün yanaşma deyil. Uşağın yeniyetməlik dövrünü nəzərə alaraq, onun sosial inkişafını dəstəkləyən fəaliyyətlərlə məşğul olmasına icazə vermək lazımdır. Qoy dostları ilə çölə çıxsınlar, ictimai fəaliyyətlərdə iştirak etsinlər. Bütün günü evdə oxumaq bir müddət sonra cansıxıcı ola və dərsə marağı azalda bilər. 
Bu dönəmdə valideynlər övladlarından yüksək nəticələr gözləməməlidirlər. Uşaq əvvəlcə ailənin əhatəsində olur. Ona görə də, uşaqdan belə böyük gözləntilər olmamalıdır. Çox böyük gözləntilər olsa belə, bunu aşkar etmək olmaz. Uşağın müəyyən bir uğuru var ki, özü çalışdıqca, bu artacaq. Çünki bunun artmaması üçün heç bir səbəb yoxdur. Adətən, belə hallarda tez-tez eşidirk ki, uşaq dərslərində hər nə qədər bacarıqlı, uğurlu olsa da, imtahanda mənfi nəticələr göstərir. Bu hal da imtahan zamanı abituriyentdə stress, narahatlıq yaradır. Davamlı olraq ağlında "birdən qəbul ola bilməsəm?" kimi fikirlər yaranır ki, bunlar da uşağı geri çəkir, ona mane olur. 
Adətən valideyn uşağına imtahan ərəfəsində çox çalışmasını deyir ki, məsuliyyət hiss edib, daha çox çalışsın. Amma çox çalışdığını göstərə bilməmək həm uşaq üçün pisdir, həm də uşağın uğuruna çox mənfi təsir edir. Stressi mümkün qədər azaltmaq lazımdır. İmtahanlarla isə stressi azaltmaq qətiyyən mümkün deyil. Artıq klassik düşüncəyə çevrilib ki, şagirdlər, abituriyentlər ağlında düşünür ki, hazırlaşmaq üçün bir il ayırım, heç yerə getməyim, gəzməyim, əylənməyim, imtahan keçsin, ali məktəbə qəbul olum, ondan sonra nə istəsəm edərəm. Bu zaman da bu proses o imtahanı onun beynində o qədər böyük edirik ki, uşaq artıq düşünür ki, heç bir başqa alternativ yoxdur. Belə hallarla çox qarşılaşırıq ki, tutaq ki, uşağa deyirlər, "gələn il hazırlaşıb, qəbul olarsan, dünyanın sonu deyil", o isə deyir ki, "yox, bu il mütləq qəbul olmalıyam, çünki mənim başqa yolum yoxdur". Bu da onun uğuruna təsir edir və nəticədə qəbul nəticələri açıqlandıqdan sonra hər hansı bir abituriyentin intihar xəbərini eşitmiş oluruq.
Valideynlər bu ərəfələrdə uşaqların özlərinə inamını azaldacaq davranışlardan çəkinməlidirlər. Bunlar nələrdir? 
Onları çox tənqid etmək və ya uğursuzluqlarını şişirtmək, üzünə vurmaq kimi və s. hallar. Zəif nəticə göstərən uşağın özü də uğursuz olduğunu yaxşı bilir. Uşaq deyirik, amma onlar da əslində yetkinlik dövründə olan nomal adamlardır. Universitetə gedəcəklər, çoxu ailəsini tərk edəcək, 4-5 il öz ayaqları üzərində dayanacaqlar, çox şeylə qarşılaşacaqlar. Onlar bütün bunlardan xəbərdar olmalıdırlar. Onlar indi fərdləşmə prosesindədirlər. Universitet imtahanları nəticəsində ixtisas seçirlər. Buna şüurlu yanaşmaq lazımdır. Təkidlə izah etmək lazımdır ki, bu, hər şeyin sonu deyil, ailələr buna uyğun hərəkət etməlidirlər. Adətən, belə hallarda təhdidlər eşidirik ki, tutaq ki, valideyen deyir ki, bu il qəbul olmasan, səni bir də imtahana göndərməyəcəm, hazırlaşmağa icazə verməyəcəm. Təbii ki, bunu deyən ailənin imkanı olmaya bilər, bu halı hardasa başa düşmək olar. Ancaq bir çox ailələr bunu sırf bu il öz əziyyətlərinin nəticəsini görmək istədikləri üçün deyirlər. Bu da uşağın üzərinə əlavə yük qoyur. Bu vəziyyətdə, uşaq uğur qazanacaq olsa belə, geri çəkilə bilir. Ailələr daha anlayışlı olmalı və onlara dəstək göstərəcək şəkildə davranmalıdırlar. 
Bəzi valideynlər övladlarının imtahandan əvvəl fikirlərini soruşmadan istədikləri peşə və ya ixtisası seçmələrində israr edirlər. Valideynlər tutaq ki, uşağa "tibb oxuyacaqsan" deyərək "mən mühəndislik oxumaq istəyirəm" deməsində israr etməməlidir. Bu münasibət abituriyentin oxumaq istəmədiyi bölməni oxuyacağını düşünməsinə və imtahana hazırlıq prosesində motivasiyasını itirməsinə səbəb olur. Yəni, uşağınız sizin istədiyinizdən fərqli bir peşə, həyat və ya iş seçə bilər. Uşağınızın uğuru və xoşbəxtliyi üçün öz arzularınızı bir kənara qoyub, uşağınızın arzularını həyata keçirməsinə kömək etmək lazımdır.
Bir çox uşaq düşünür ki, qəbul ola bilməsələr, ailə sevgisi azalacaq. Bu çox mənfi haldır. Valideyn anlamalıdır ki, birinin uğuru insan yaratmır, o, artıq bir fərd olduğu üçün dəyərlidir, çünki o, sənin övladındır. Uğurlu olsa da dəyərlidir, olmasa da dəyərlidir, əslində bu ona qarşı sevgini artıracaq, azaldacaq bir vəziyyət deyil. Ailələr bunu ayırd etməlidir. Uşaq bilməlidir ki, o əlindən gələni edəcək və ailəsi də arxasında olacaq, qəbul olsa da sevinəcəklər, qəbul olmasa da yanında olacaqlar və onu dəstəkləməyə davam edəcəklər. Bu, həyatın sonu deyil, uşaq bunu mütləq bilməlidir ki, qəbul ola bilmədikdə, zəif nəticə gördükdə, çıxış yolunu intiharda görməsin".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31