Məktəb, yoxsa ər evi?

Bir neçə ay bundan öncə təsadüfən  bir xanımla tanış oldum. Xeyli söhbətləşdik. Taleyinin ən məyus  məqamlarından danışarkən, məlum oldu ki, xanım sadəcə 4 sinif bitirib və 17 yaşında ailəsinin israrı ilə öz doğma əmisioğlu ilə ailə qurmasına məcbur edilib...və ağrılısı, bu  səhnəni digər iki bacısı da yaşayıb. Ən dəhşətlisi isə həmin ailədə, hətta nəsildə qızlar yalnız 4-cü sinfə qədər oxutdurulur və açmaq istəyən daha bir qönçənin  başı qəddar və qatılaşmış feodal təfəkkürün təəssüf ki, tapdağı altında qalmağa məhkum olur. Bu hekayəyə bir qədər sonra qayıdacam...
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, dünyada ibtidai təhsili  bitirə bilməyən 116 milyon qız var. Hələ ötən il 15 milyon qız 15 yaşına çatmamış ərə verilib. Dünyada hələ də yaşayan 250 milyon qadın 15 yaşından aşağı evlidir. Apardığım müşahidələrə əsasən qız uşaqlarının təhsil problemi ilə üz-üzə qalan ölkələr arasında İran, İraq, Əfqanıstan, Pakistan, Hindistan, Türkiyə, qismən İspaniya, bəzi Afrika  və Latın Amerikası  dövlətlərinin adını bu siyahıya daxil etmək olar.
  Fikir verin, dünyada qız uşaqlarının təhsil problemi daha çox müsəlmanların sıx yaşadığı ölkələrdə mövcuddur. Hindistanda bu problem əhalinin bir çox hissəsi kasıb yaşadığı, Latin Amerikasında insan alveri və narkotik tüğyan etdiyi üçün,  Afrika ölkələrində aclıq, səfalət və hələ də qəbilə təfəkkürü  hökm sürdüyü  üçün  öz həllini tapa bilmir. Əfqanıstanı desəm, sizcə burda ümumiyyətlə hansı təhsildən söhbət gedə bilər ki,  qadınlar küçəyə çıxdığı üçün, dikdaban geyindiyi üçün, habelə evdə televizorun, radionun səsi gəldiyi üçün  talibanlar tərəfindən vəhşicəsinə döyülür? İrana gəldikdə isə, molla rejiminin hakimiyyətə gəlməsindən öncə, yəni Məhəmməd Rza Pəhləvinin dövründə ölkə Avropa ilə ayaqlaşmağa çalışdığı bir zamanda, qızların təhsili məsələsi sözün əsl mənasında çiçəklənmə dövrünü yaşayıb. Həmin illər ərzində yüzlərlə iranlı qız yüksək təhsil ala bilmək üçün dövlət hesabına  Avropanın bir çox öndəgedən universitetlərində qərarlaşıblar. Artıq dövlət indi istəsə belə, qızların təhsilində həmin o intibah dövrünü yaşaya bilməyəcək. Bəlkə nə zamansa illəri qurban verərək buna nail ola bilər.
    Yenə çox uzağa getməyək. Xatirlayıram ki, illər öncə kimyaçı-alim Aziz Sancar Nobel mükafatını aldığı zaman çıxışında işlətdiyi ilk cümlə bu idi: "Qızlarınıza təhsil verin". Bu sözləri alim əbəs yerə deməmişdi, çünki qardaş ölkə Türkiyə dünyaya siyasi-iqtisadi cəhətdən meydan oxumağına baxmayaraq qızların təhsili ilə bağlı dərin problemlərdən illərdir tam qurtula bilmir. Burada qadınların 26 faizi yetkinlik yaşına çatmadan evlənir. 18 yaşından əvvəl ailə quran qadınların 48 faizi zorakılığa məruz qalır. Zorakılığa məruz qalma nisbəti orta məktəb məzunları üçün 27 faizə, universitet məzunları üçün isə 20 faizə enir. Ölkə daxilində qadınların yüzdə 31-i təhsillərini davam etdirmələrinə maneə törədildiyini söyləyir, kəndlərdə isə  bu rəqəm yüzdə 40-a yüksəlir.
Türkiyə, Kanada və Peru tərəfindən irəli sürülən təşəbbüslər nəticəsində qızlara qarşı ayrı-seçkiliyin qarşısının alınması və onların insan hüquqlarından tam və səmərəli şəkildə istifadə edilməsinin təmin edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 11 oktyabr tarixi "Beynəlxalq Qız Uşaqları Günü" kimi elan edilmişdir.
Dünyada   son 10 ildə qızların təhsilə cəlb edilməsində əhəmiyyətli irəliləyişlər əldə edilib. Bununla belə, görülən işlər kifayət deyil. Mütəxəssislər qızların məktəbə getmə nisbətində artım olduğunu vurğulasa da, məktəbdən yayınma hallarına gəlincə, mühüm problemlərin olduğunu deyir və xəbərdarlıq edərək, bu istiqamətdə ən önəmlisi qızları məktəbdə saxlamağı bacarmaq olduğunu  bildirir.
    UNİCEFin hesabatlarına əsasən 2021-ci il etibarilə orta təhsili erkən tərk edən şagirdlərin nisbəti Şərq ölkələrində 38 faiz, AB ölkələrində isə 11 faiz təşkil edib.Həmçinin, orta təhsili tamamlamadan təhsil sistemini tərk edən qadınların nisbəti kişilərdən daha yüksəkdir. 2021-ci ilə olan məlumata görə, gənc qadınların 41 faizi və gənc kişilərin 35 faizi orta təhsilini başa vurmamış təhsilini tərk etməli olub.
  Azərbaycana gəlincə, nəzərə alsaq ki, Türkiyə bu problem istiqamətində Avropada ilk sıralardadı, ölkəmizdə bu məsələdə problemlər olsa da, vəziyyət daha qənaətbəxşdir. Lakin və təəssüf hiss ilə bildirmək istəyirəm ki, ölkəmizdə də hələ də qızların dərsdən yayındırılması, zorakılıq, erkən nikaha məcbur edilmə kimi hallar  öz aktuallığını qoruyub saxlayır. Təhsil strukturlarının  və digər təşkilatların diqqət etməli olduğu məsələ daha çox qızın məktəbdə iştirakını təmin etməkdir. Deyə bilərik ki, qızların təhsil almasının ən çətin tərəfi orta təhsildir. Bəzi qızlar, xüsusən də kənd yerlərində dərs saatlarında daha az iştirak edirlər. Kiminsə məktəbə başlaması bizlər üçün kifayət etməməlidir. Qız şagirdlərin burada məktəbə başlaması üçün verdiyimiz təhsil də yüksək keyfiyyətli olmalıdır. Uşağın məktəbə aid duyğusu inkişaf edərsə, onsuz da məktəbi tərk etmək  istəməyəcək. Qızlara verilən imkanlar oğlanlara verilən imkanlarla eyni olmalıdır. Təkcə imkanlar təklif etmək kifayət deyil. Onların bu imkanlardan yararlanmasını təmin etmək lazımdır. Qızların təhsildə, xüsusən də ibtidai siniflərdə iştirakında nəzərəçarpacaq irəliləyiş var. Bununla belə, yeni təhsil sisteminin tətbiqi ilə bir çox qızların təhsildən uzaqlaşdırıldığı barədə də məlumatlar var. Statistikaya əsasən ölkə üzrə qız şagirdlərin dərsdən yayınma və erkən nikah halları daha çox cənub zonası, daha dəqiq desək, Masallı və Cəlilabad rayonlarının payına düşür. Bu istiqamətdə təhsilə marağın azlığı cənub zonasından sonra bəzi Aran rayonlarının  və  şimal zonasında yerləşən bir neçə  rayonun  payına düşür. Ölkə üzrə qız uşaqlarının təhsilə marağının yüksək olmasında  İsmayıllı, Ağsu, Naxçıvan kimi bölgələr üstünlük təşkil edir. 
    Əsasən ibtidai təhsil alan qızlar sonrakı mərhələdə valideynlərinin təhriki ilə təhsildən yayınır. Təhsildən yayınmalar nəticəsində son illərdə, konkret olaraq son 4-5 il ərzində ali məktəblərə sənəd verən qız abituriyentlərin sayı dəfələrlə, böyük faiz aşağı düşüb. Düzdür, subyektiv səbəblərlə yanaşı, yəni milli mentalitetin oynadığı rolla yanaşı, maddi vəziyyətin də oynadığı rol kifayət qədərdir. İndi XX əsrin əvvəlləri deyil ki...İndi Azərbaycan dünyanın ən müasir, mədəni səviyyəsi kifayət qədər yüksək olan bir dövlətə çevrilmişdir. Bu gün regionlarımızda hələ də köhnə fikirli valideynlər qızların təhsil almasına maneə olurlar. Onların  buna bəhanələri Bakıdakı mühitə olan inamsızlıqlarıdır. Çünki indi paytaxtdakı mühit təhlükəlidir. Həmçinin qızın 16 yaşdan sonra yük olduğunu düşünürlər. Qız yaşlandıqca, adına pis sözlər yayılmasından da qorxub tez ərə verirlər. Məndə maraq doğuran yaxın günlərdə Milli Məclisin qohum evliliyi ilə bağlı qəbul olunmuş qərarın, cəmiyyətdə bir çoxları tərəfindən etirazla qarşılanmasıdır. Düşünürəm ki, dövlət tərəfindən atılan bu təqdirəlayiq addım, qızların təhsil almalarında xeyli rol oynayacaq.
   Apardığım müşahidələr və müqayisələrə əsasən deyə bilərəm ki, İkinci Dünya müharibəsində aclığın və səfalətin hökm sürdüyü bir vaxtda təhsilə daha çox önəm verilib, qızların məcbur və yetkinlik yaşına çatmamış ərə verilməsi halları faizcə daha az təşkil edirdi. Lakin diqqətimi çəkən bir nüans var. XIX  əsrdə, Çar  Rusiyasının dərc etdiyi statistikaya əsasən, Azərbaycanın bəzi kəndlərində yetkinlik yaşına çatmamış qızların kütləvi halda intihar faktına rast gəlmək olar. Səbəb açıqlanmasa da, burada qadın zorakılığı faktorları və erkən yaşda ailə qurulması ehtimalları insana daha inandırıcı gəlir.
Qızların təhsilə çıxışı, təhsil səviyyələrinin artırılması və təhsildə fəal iştirakının sosial sahədə mövqelərinin möhkəmlənməsi və bərabər hüquqlardan yararlanması baxımından kritik əhəmiyyət kəsb edir. "Təhsil qızlara və qadınlara öz maraqlarını və istedadlarını həyata keçirməyə və inkişaf etdirməyə, onları evlə məhdudlaşdıran münasibətlərdən çıxmağa, eyni zamanda onların hərəkət və təşəbbüs azadlığını artırmağa imkan verir. Təəssüf ki, bəzi ölkələr İslami qaydalarla ənənəvi qadın rollarını qanuniləşdirməyə çalışır, təhsilin ən mühüm elementi olan dərsliklər vasitəsilə ailə həyatını müqəddəsləşdirən, qadınları görməməzlikdən gələn siyasəti davam etdirir. Təhsil kurikulumu tənqidi təfəkkürə mane olmaqla sual verməyən fərdlər yetişdirmək məqsədi daşıyır,qızlara və qadınlara tətbiq edilən ənənəvi həyat tərzi təhsil kurikulumu vasitəsilə təkrarlanır. Bəzi ölkələrdə, daha dəqiq desək, islamın üstün tutulan dövlətlərində cinsiyyətçi tədris proqramı ilə ayrı-seçkilik dərinləşir və cinsi oriyentasiya fərqləri də nəzərə alınmır. "Birgə təhsilə müdaxilələr, təhsilin diniləşdirilməsi və uşaqların ənənəvi rol modelləri ilə yetişdirilməsinə yönəlmiş kurikulumlar zorakılıq və cinsi istismara yol açır.
    Qayıdaq, həmin o gənc yaşda zorla ərə verilən qızın hekayəsinə. Xanım illərdi ailəsilə təhsilini başa vurması üçün vuruşub, çabalasa da ailə buna razı olmur. Bəzən yaşı bəhanə edilir, bəzən də uşaqları...İllər keçsə də bu ailədə ənənələr dəyişməyib, sadəcə dəyişən odur ki, artıq qızlar min bir əziyyət və təkidlərdən sonra heç olmasa orta təhsil ala bilir. Hələ də qız uşaqları ailələri tərəfindən erkən və qohum evliliyinə sövq edilir, hələ də qızların ali təhsil ocaqlarında təhsil almaq arzusu elə arzu olaraq da ürəklərində qalır.

Aysel Oğuz

P.S. Sözügedən ailədə, nəsildə dəhşətli dərəcədə gender diskriminasiyası var. Oğlan uşaqları ölkənin ən bahalı elm ocaqlarında təhsil alır, düşünün...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31