İranın dövlət mediası - İslam Respublikası Radio və Televiziyası (İRİB) bu gün səhər saatlarında yayımladığı bəyanatda İranla İsrail arasında əldə olunan atəşkəsi Tehranın "tam hərbi qələbəsi" kimi təqdim edib.
Rəsmi açıqlamada bildirilir ki, Sepah Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın Qətərdəki Əl-Udeyd hərbi bazasına endirdiyi raket zərbəsi "uğurlu olub" və bu əməliyyatın nəticəsi olaraq ABŞ tərəfinin atəşkəsə çağırdığı iddia olunub.
Musavat.com xəbər verir ki, İRİB-ə bağlı Yayım Korporasiyası (IBRC) yayımladığı xəbərdə qeyd edib:
"Sepah-ın dəqiq və sarsıdıcı cavabından sonra düşmənin geri çəkilməkdən başqa çarəsi qalmadı. Atəşkəs İran xalqının tarixi müqavimətinin və hərbi zəfərin nəticəsidir."
Obyektivlik naminə deməliyik ki, bunlar rəvayətdir. İran bu savaşı böyük hesab və böyük itkilərlə uduzdu.
Onun "qisas" adlanan son raket hücumları isə tam fiasko idi. 14 raketdən 13-ü vuruldu, biri isə yanlış yerə düşdü...
Hərbi ekspertlərin fikrincə, İran bu qarşıdurmada ciddi texnoloji və kəşfiyyat zərbələri də alıb, həmçinin hərbi elitası ciddi itkilərə uğrayıb. HHM sisteminin isə biabırçı durumda olduğu, ya da ümumiyyətlə, heç olmadığı hər kəsə bəlli olub. İran bir açıq qapıdır və hər kəs oraya fəzadan daxil olub, istədiyini edə bilərmiş...
Bu baxımdan, İRİB-in qələbə elanları daha çox daxili ictimaiyyəti sakitləşdirməyə hesablanmış təbliğat mövqeyi kimi qiymətləndirilir.
Qeyd: Rəsmi Tehran hələlik İsrail və ABŞ tərəfindən verilmiş konkret cavab açıqlamalarına geniş reaksiya verməyib. Amma mövcud balansda İranın bu mərhələdə daha çox güzəştə getdiyi aydın görünür.