Qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır

Bu gün şagirdləri təhsildən yayındırma halları ilə olduqca çox rastlaşırıq. Xüsusilə də qızlar hələ məktəbli yaşlarından erkən nikaha sövq edilir. Təhsildə ciddi problemlərdən biri olan məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini aldıq:

-İlk növbədə qeyd edim ki, təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir. Həmin məktəblərdə yüksək səviyyədə təhsil əldə edilməsi məqsədilə hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır. Özü də bunlar subyektiv səbəblərdən yaranan problemlər olduğundan onları aradan qadırmaq elə də çətinlik yaratmır. Sadəcə, bunun üçün yaranmış mühiti aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun. 

Söhbət region məktəblərində qızların təhsildən yayınmasından gedir ki, artıq bu problem kütləvi hal almaqdadır. Məlumat üçün qeyd edim ki, xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. 
Apardığımız araşdırmalardan məlum olur ki,  kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Qeyd edim ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideyinlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir. 
Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar. Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər.  

Hər il DİM-in cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda biz bu mənzərəni açıq şəkildə görürük. Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır.
Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir. 
Qızların təhsildən yayınması ilə bağlı apadığım tədqiqatlar göstərir ki, Azərbaycanda qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır. Çünki təhsildən yayınan qızlar erkən ailə qururlar. Qanunvericilikdə erkən nikaha təhrik etmə ilə bağlı azadlıqdan məhrum etmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. Amma təəssüf ki, hələ belə hallar qalmaqdadır. Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2013-2021- ci  illərdə nikahdan kənar doğulan uşaqların sayı 32 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxardır.
Təəsüf ki, rəqəmlər vəziyyətin ürək açan olmadığını göstərir. Halbu ki, qanunvericilikdə, cinayət məcəlləsinddə konket olaraq buna görə ciddi məsulliyyət, cəza nəzərdə tutulsa da, hələ indiyə qədər bu həyata keçrilməyib. 
Bu valideyinlər ilk növbədə vətəndaşın konsitutsiuon hüququnu pozurlar. Belə ki, Konstitusiyanın 42 - ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Onlar qızlarının bu hüququnu əlindən alırlar. 
İnzibati xətalar, cinayət məcəlləsində hətta valideynlərin valideynlik hüququndan məhrum edilməsi, hətta azadlıqdan məhrum edilməsi nəzərdə tutulsa da, aidiyyəti qurumlar bu məsələdə susurlar.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31