Asılılıq problemi olan insanlara necə kömək etməliyik?
24 May 2024 16:40 SosialAsılılıq gündəlik həyatımızda qarşılaşdığımlz əksər psixoloji problemlərin əsas səbəblərindən biridir ki, bu problemin demək olar ki, hər növü təhlükəlidir.
Asılılıq insanın öz hisslərini idarə edə bilmədikdən sonra hansısa obyekt və ya hadisədən hədsiz dərəcədə asılı olmasıdır. İnsan bu əşyalar olmadan yaşaya bilməyəcəyini, məhsuldar və faydalı ola bilməyəcəyini düşünürlər.
Asılılığa çevrilən maraq davranış asılılığı, alkoqol və ya siqaret asılılığında daha çox rast gəlinir. Maddə istifadəsində proses maraq davamlılığı əldə etməkdən çox qaçış nəticəsində asılılığa itələnmə şəklində baş verir.
Müasir dünyada dinindən, dilindən, irqindən asılı olmayaraq, dünyanın bütün ölkələrində alkoqol, maddə və digər asılılıqlar sürətlə yayılmaqdadır. Asılılıq indi həm fərdi, həm də cəmiyyət səviyyəsində böyük məhvə səbəb olan bəşəri bir problemdir. İnsan ünsiyyət qurduğu hər bir obyektə aludə ola bilər. Valideyn, sevgili, həyat yoldaşı və ya uşaq kimi bir şəxsə, cib telefonu, kompüter, avtomobil və ya internet kimi texnoloji cihazlara, spirt, narkotik və ya kimyəvi maddələrə aludə ola bilər. Nəticə etibarı ilə, hansı növ asılılıqdan asılı olmayaraq, fərd xarici elementə çox ehtiyac duyur və onsuz edə bilməyəcəyinə inanır. Asılı olduğu obyekt və ya hadisənin daxili aləmində bir boşluq hissi ilə qarşılaşacağını, qeyri-adekvatlıq və ya sıxıntını aradan qaldıracağını düşünür. Bundan əlavə, real həyatda öhdəsindən gələ bilməyəcəyini düşündüyü problemlərdən qaçmağa və yaxa qurtarmağa çalışır.
Bəs hər hansı bir asılılığı olan şəxsə necə kömək etmək lazımdır?
Psixoloq Ülkər Məmmədli bildirir ki, asılılıq tibbi terminlə desək, bioloji, psixoloji, sosial, psixi və davranış ölçüləri olan bir xəstəlikdir:
"Asılılıq müalicəsi mümkün olan bir xəstəlikdir, lakin asılılığa səbəb olan boşluq doldurulmayınca və səbəblər aradan qaldırılmadıqca təkrarlanır. Asılılığın inkişafı maddənin istifadə müddətinə, istifadəçinin şəxsiyyət xüsusiyyətlərinə, əhval-ruhiyyəsinə, beyin gücünə və qəbul edilən maddənin növünə görə dəyişir. Hər bir maddənin fərqli asılılıq potensialı var.
Alkoqol və maddə istifadəsi asılılıqları, bəzən həkimin belə çarə tapa bilməməsinə səbəb olan və psixiatriya dünyasında məhdud imkanlara malik olan xəstəliklərdir. Bu kateqoriyadakı insanlar ümumiyyətlə sağalmaz şəxsiyyət pozğunluğu olan fərdlər kimi qəbul edilir. Hətta bəzən cəmiyyət arasında belə insanlara qarşı gizli damğalama var. Əksər fərdlərdə "Filankəs onsuz da düzələn deyil, amma biz yenə də əlimizdən gələni edirik" kimi bir fikir formalaşıb və bu fikirlər çoxlarının beynindən keçir. Ancaq sağalmaz kimi təsvir edilən şəxsiyyət pozğunluqları maddə istifadəçilərinin yalnız 30 faizini təşkil edir. Qalan 70 faiz müalicə potensialı olan insanlardır. Bu məlumatların diqqətdən kənarda qaldığı bu yanaşma müalicənin müvəffəqiyyətinə də mənfi təsir edir, xəstə ilk başda ümidsizliyə düçar olur və bu maddə istifadə asılılığının müalicəsində ən mühüm faktor olan cəsarəti sarsıdır. Dərman müalicəsinin birinci qaydası odur ki, həkim xəstəsini sağaldacağına, xəstəsinə, xəstənin də öz həkiminə inanması və sağalacağına inanmasıdır.
Alkoqol və maddə asılılığı özü ilə bir çox psixoloji problemləri də gətirir. Depressiya, intihar riski, anksiyete, panik atak, yuxu problemləri, psixoloji travma, diqqət əskikliyi, hiperaktivlik, düşünmədən hərəkət etmək, qəzəbi idarə etmə problemləri, özünə zərər verən davranışlar və s. alkoqol və maddə istifadəsini müşayiət edən ən çox rast gəlinən problemlərdir.
Asılı insanlar tez-tez problemlərinin öhdəsindən gəlmək üçün spirt və ya narkotik vasitələrdən istifadə etməyə başlayırlar. İnsanın asılılığı və yaşadığı psixoloji problemlər qapalı bir dairəyə girir. İnsan spirt və maddə istifadə etdiyi üçün problem yaşamağa başlayır, eyni zamanda bu problemləri yaşadığı üçün istifadə etməyə də davam edir.
Müalicədə bu qapalı dairəni haradasa qırmaq lazımdır. Bu zaman insanın yaşadığı və ya yaşaya biləcəyi problemlər barədə ona məlumat verilir və onlar arasındakı dövr izah edilir. Məsələn, insanın özünü daha yaxşı hiss etməsi üçün içdiyi və ya depressiyaya düşdüyü üçün özünü idarə etmək çətinləşdiyi və istifadəsinə nəzarət edə bilmədiyi üçün depressiya insanda spirt və maddə istifadəsini artırır.
Digər tərəfdən də, spirt və maddə istifadəsi depressiyanı artırır, çünki alkoqol və maddələr insanı əvvəlcə yaxşı hiss etdirsə də, zamanla depressiyaya səbəb olur və antidepresan dərmanların təsirini azaldır və bu iki psixoloji pozuntu bir-birini əvəz edərək insan həyatının hər sahəsinə əsir edir.
Bunu insana çatdırmaq və onun problemləri ilə məşğul olmaq üçün spirt və maddə istifadəsinin düzgün həll yolu olmadığını görməsini təmin etmək vacibdir. İnsana düzgün mübarizə üsullarını öyrətmək də müalicənin bir hissəsidir. Ona görə də aludəçiliyin müalicəsində psixoloji dəstək böyük əhəmiyyət kəsb edir.
İnsanlar hər hansı bir asılılıqlarından qurtulduqdan sonra uzaqlaşmaq üçün həyatlarında bəzi dəyişikliklər etməli ola bilərlər. Dostlarından uzaqlaşmaq, ətrafını dəyişmək kimi içki və ya digər hər hansı bir asılılıq növünü xatırladan vəziyyətlərdən qaçmalıdırlar. Məslən, necə ki, adi bir şəkər xəstəsi şokolad dükanına girəndə özünü idarə etməkdə çətinlik çəkir, asılılığından qurtulmuş insanlara da bu asılılığı onlara qazandıran və ya xatırladan insanların yanında olmaq və eyni mühitlərə girmək çətin olacaq.
Çox vaxt insan üçün vərdişlərdən qurtulmaq və onları yeniləri ilə əvəz etmək çətindir. Müalicədə psixoloji dəstək də insanın həyatının yenidən qurulması prosesində əhəmiyyətli olacaq.
Bundan əlavə, alkoqol və ya maddələrdən imtina etdikdən sonra residivin qarşısının alınması prosesində psixoloji dəstəyin əhəmiyyəti də lazımdır.
Əlbəttə ki, bütün aslılıqlar zamanla müalicə üsulları ilə azalır, ama tamamilə bitmir.
İnsan içmədiyi müddətcə yaxşıdır, amma yenidən içərsə, yenə eyni asılılıq prosesinə girər. Buna görə təkrar istifadənin qarşısını almaq və bunun uzun müddət baş verməsini təmin etmək müalicənin vacib mərhələləridir. Bayaq da qeyd etdiyim kimi, diabeti misal göstərək. Bu xroniki xəstəlikdir və insan şirin qidalar qəbul etmədikdə daha yaxşıdır. Ancaq bir gün pəhrizini pozub şirniyyat qəbul edərsə, şəkəri qalxar və sağlamlığı risk altında olar. Alkoqol və maddə asılılığı da oxşar xroniki xəstəliklərdir. İnsan bu maddələrdən daim uzaqlaşmağı öyrənməlidir.
Bütün bunların ümumiliyində deyə bilərəm ki, insanları həm fiziki, həm mənəvi, həm də sosial cəhətdən iflasa sürükləyən və insan övladını ən çox təhdid edən düşmənlər arasında birinci yeri tutan spirt, maddə asılılığı və ya digər asılılıq problemləridir. Hər hansı səbəbdən asılılığa çevrilən insan həyat keyfiyyətini itirir, hisssizləşir, paylaşma, həmrəylik kimi keyfiyyətləri itirir. Unudulmamalıdır ki, aludəçiliyə baxmayaraq heç bir asılılıq müalicəsi müvəffəqiyyətli deyil. Ona görə də belə bir həssas məsələdə həkimdən ailəsinə, məktəbdən terapevtə qədər bütün cəmiyyətin həssaslığı və bütövlüyü lazımdır. Asılılığın ən etibarlı həlli qətiyyən bağlanmamaq və bağlılığın qarşısını almaq üçün tədbirlər görməkdir.
Unutmamalıyıq ki, xüsusən də küçə uşaqları hər gün narkotika aludəçiliyinin pəncəsinə düşür və biz də gələcəyimizi təhdid edən bu problemlə hamımız birlikdə mübarizə aparmalıyıq. Çünki bütün yeniyetmələr və xüsusən də küçə uşaqları həyat şəraiti və nəzarətsizliyi səbəbindən asılılıq riski altındadır. Hələ uşaqlıq və ya yeniyetməlik çağlarında olduqları üçün həmyaşıdları kimi başqalarının təsiri altına düşməyə çox açıqdırlar. Bu səbəbdən, onlar pis niyyətli insanların müxtəlif strategiyalarının qurbanı ola biləcək potensial hədəflərdir. Maddə asılılığından əziyyət çəkən insanların reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası istiqamətində qeyri-hökumət təşkilatlarının, dövlətin, polis qüvvələrinin və digər aidiyyəti qurumların təqdirəlayiq işləri davam etdirilməlidir və etdirilir də. Lakin müəyyən səbəblərə görə problemin hələ də tam həllini tapmadığı görünür. Biz istər-istəməz bu məsələdə bütün səylərə və bu səy üçün hərtərəfli maarifləndirməyə ehtiyac duyuruq.
Röyalə Xəyal