İDDO Psixi Sağlamlıq Proqramının komandası Beynəlxalq Aykido Federasiyasının sədri ilə görüşüb

Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədovanın direktor olduğu İDDO Psixi Sağlamlıq Proqramının komandası Beynəlxalq Aykido Federasiyasının sədri, məşhur aykido ustası Cerard Vilko Vriesmanla görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili bildirib ki, görüş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) baş tutub:
"Görüşdə İDDO Proqramının baş psixoloqu Rövşən Nəzərli, ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov, Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin sədri İlham Quliyev, İDDO PSP nümayəndələri və digər şəxslər iştirak ediblər. Görüş zamanı İDDO Psixi Sağlamlıq Proqramı çərçivəsində peşəkar mütəxəssislərin yetişdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, xüsusi  tədris proqramının qurulması, autizm spektrli pozuntuları olan uşaqların sağalmasında bədən psixologiyasının inkişafının təmin edilməsi, ölkələrarası praktik təcrübənin paylaşılması məsələləri müzakirə olunub.
ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov görüşün əhəmiyyətini vurğulayaraq Aykidonun dərin fəlsəfəyə malik olmasını və bədən psixologiyasının inkişafının vacibliyini qeyd edib. ASAPES olaraq beynəlxalq əlaqələrin qurulması və təcrübələrin mənimsənilməsinə maraqlı olduqlarını bildirib.
BAF-ın sədri 7-ci dan sahibi Vilko Vreisman bədən psixologiyasının Avropada geniş yayıldığına diqqət çəkərək Yaponiya və Nederlandda bu istiqamətdə apardığı araşdırmalardan danışıb. Beyin və bədənin bir-biri ilə necə əlaqəli olmasından, insanın daxili enerjisinin bədən psixologiyasına təsirindən ətraflı şəkildə bəhs edib. 
İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli xüsusi  qayğıya ehtiyacı olan uşaqların sağlamlığı və onların ictimai mühitə adaptasiya olması üçün xüsusi proqramın olmasının vacibliyini vurğulayaraq bu istiqamətdə yeni proqram üzərində işlərin aparıldığını bildirib. Qeyd edib ki, hazırda İDDO PSP çərçivəsində autizmli uşaqların sağlamlığına nail olmaq üçün yeni proqram hazırlanır. "Uşaqların inkişafı, psixi və fiziki sağlamlığını təmin etmək üçün dövlətlərarası dostluq əlaqələri qurulmalı və elmi müzakirələr aparılmalıdır. Bu sahədə vahid sistemin olmaması səbəbindən işlər gecikir, tədqiqat işləri aparmaqda çətinlik çəkirik. Amma son iki ildə beynəlxalq əlaqələrin qurulması nəticəsində böyük işlərə imza ata bilmişik" , - deyə R.Nəzərli vurğulayıb. Proqramın baş psixoloqu, bu günlərdə İDDO Psixi Sağlamlıq Proqramı ilə Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmiş tədbir haqqında da danışıb. Millət vəkilləri, bir çox dövlət qurumlarının nümayəndələri, 40-dan çox reabilitasiya mərkəzi və autizm spektrli pozuntuları olan uşaqların valideynlərinin iştirakı ilə baş tutan tədbirin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib və autizm sahəsində mövcud olan boşluqların aradan qaldırılması üçün hazırlanmış İDDO Psixi Sağlamlıq Proqramının ölkəmizdə bir ilk olduğunu bildirib. İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri olaraq bütün heyətimizə uğurlarımızın davamlı olmasını arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31