Payız mövsümündə xəstəliklərdən necə qorunaq?

Məlum olduğu kimi havanın dəyişməsi, mövsumi xarakter daşıyan günəş işığının azalması, nəmlik indikatorlarının artması insanlarda bir sıra fəsadlarla müşahidə olunur. Mövsüm dəyişikliyində yarana biləcək bu cür halların qarşısını necə almaq olar? Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova bildirib ki, payızda insan bədənində bir neçə dəyişiklik müşahidə edilir. Adətən, yuxusuzluq, baş ağrıları, həzm problemləri və sair kimi hallara daha çox rast gəlinir: "Bütün bu simptomlar arasında bəziləri yay və payız arasında keçid nəticəsində yaranır. Bu da orqanizmin yorğunluğuna gətirib çıxarır, bizim təbii qəbul etdiyimiz, lakin ümumi tarazlığımız üçün təsəvvür etdiyimizdən çox təsir edən dəyişikliklərə uyğunlaşmağa məcbur olur. Payızın gəlişi özü ilə daha qısa günlər, temperaturun aşağı düşməsi və yağış gətirir. Bədənimizin vəziyyətinə bəlkə də ən çox təsir edən amil işıq saatlarının getdikcə azalmasıdır. Bu dəyişiklik əhvalımıza təsir edir və bizi yüngül narahatlıq və melanxoliya vəziyyətlərinə məruz qoyur. Mövsümi affektiv pozğunluq insanların payız və qış aylarında günəş işığına daha az məruz qalması səbəbindən depressiyaya düşdüyü bir vəziyyətdir. Yorğunluq, konsentrasiyanın zəifləməsi, ürəkbulanma, psixomotor yavaşlama, mövsümi dəyişikliklərlə əlaqədar olaraq çox yayılmış bir sindromdur. Açıq havada vaxt keçirmək, meditasiya etmək mövsüm dəyişikliyi ilə mübarizə aparmağın ən yaxşı yollarından biridir. Ümumi olaraq insanlarda yorğunluq, səbəbsiz olaraq narahatlıq bu aylarda müşahidə edilən haldır. Təbii ki, bu göstəricilən tibbi açıqlaması mövcuddur. Məhz bu hallar orqanizmdə mövcud olan vitaminlər və mikroelementlərin çatızmazlığı ilə əlaqələndirilir". Onun sözlərinə görə, insanlara təsi edə biləcək mənfi halların qarşısını almaq üçün həkim məsləhəti ilə orqanizmlərin virusa qarşı immunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini də dəstəkləyən vitamin D qəbulu məsləhət görülür: "Bundan başqa, soyuq aylarda immunitetitimizin güclənməsində mühüm rol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malikdir. B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etmək gücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırır. Məlum olduğu kimi payız aylarında mikroelementlərin qəbulu orqanizmə müsbət təsir göstərir. Əhval-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin yaxşı işləməsi üçün 2 mikroelement vacibdir. Bunlardan biri sink, digəri isə maqneziumdur. Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində immun sistemi hüceyrələri öz fəalliyətini dayandıra bilər. Belə halda bədənimizinin viruslara qarşı müqaviməti nəzərəçarpacaq dərəcədə azalır. Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış edir. Xüsusilə, vitamin D-nin sorulmasında, neyromediatorların (neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından iştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insanda yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir".

Onu da qeyd edək ki, payız mövsümündə insanlarda allergiya özünü daha qabarıq şəkildə büruzə verir. Mütəxəssis bildirib ki, payız mövsümü allergiyası olan şəxslər üçün narahatlıq yarada bilər. Çünki müxtəlif bitkilərin polenləri allergik reaksiyalara səbəb olduğu məlumdur. Bu, asqırma, gözlərdə qaşınma və tıxanıqlıq kimi simptomlara səbəb ola bilər: "Belə hallardan yayınmaq və ya təsirlərini minimuma endirmək üçün hava proqnozlarında polen miqdarını daim müşahidə etmək və havada normadan artıq polen olduğu halda açıq havada fəalliyətlərdən yayınmaq lazımdır. Eyni zamanda, otaqda hava saflaşdırıcılardan istifadə, həkim məsləhəti ilə allergiya əleyhinə dərmanlar qəbul və təmizliyə riayət etmək vacibdir". Payız aylarında qidalanmaya da xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edən N.Qasımova bildirib ki, payız fəsli xüsusilə vitamin C və digər faydalı elementlərin bol olduğu meyvələrin mövsümü sayılır: "Bu mövsümdə qida rasionunda insanların əsasən mövsümi meyvə və tərəvəzlərdən (balqabaq, alma, şirin kartof, göbələk, paxlalılar, qoz və s.) istifadəsi tövsiyə edilir. Adıçəkilən qidalarda vitamin A, vitamin C, beta-karotin, karbohidratlar və faydalı yağlar mövcuddur. Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərə üstünlük vermək bizi mövsumi qriplərdən qoruyur, ən əsası isə immunitet sistemimizi gücləndirir. Havaların kəskin soyuması və temperatur dəyişiklikləri insanların açıq havada keçirdiyi vaxtı nəzərəçarpacaq dərəcədə azaldır. İqlim şəraitinin getdikcə sərtləşməsinə baxmayaraq, açıq hava fəaliyyətindən imtina etmək yanlış fikirdir. Təbiətdə gəzintilər, velosiped sürmək əhval-ruhiyyəni gücləndirir. Eyni zamanda, mövsumi idman növlərindən (buz meydançasında idman, evdə yoqa, qapalı idman zallarından və hovuzlarından yararlanmaq və s.) şansını dəyərləndirmək vacibdir. Belə hallar həm psixoloji-mental vəziyyəti yaxşılaşdırır, həm də aktivliyi artıraraq motivasiyanı yüksəldir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31