Medianı sağlamlaşdıran MEDİA
17 Noyabr 2023 10:58 SosialArtıq bir neçə ildir ki, Azərbaycan mediasının həyatında yeni bir mərhələ başlayıb. Bu mərhələ hər nə qədər çətin keçsə də, bir o qədər də uğurlu olub. Çətinliyi ondan ibarət idi ki, istənilən sahədə həyata keçirilən islahatlar, ümumi işin xeyrinə atılan addımlar müəyyən qrup, təbəqə tərəfindən qəbul edilmir, islahatlar birmənalı olaraq bu və ya digər sahənin inkişafına xidmət etdiyi halda, o süngü ilə qarşılanır, əsassız iddia və ittihamlarla gözdən salınmağa çalışılır. Necə ki, media sahəsində son bir neçə ildə həyata keçirilən islahatlar kimi. Üç ilə yaxın müddətdə media sahəsində inqilabi yeniliklərə, müsbət mənada dəyişikliklərə nail olan Medianın İnkişafı Agentliyinin (MEDİA) həyata keçirmiş olduğu islahatların məqsədi nə idi və nəyə xidmət edirdi?
İslahatların məqsəd və məramı
Birincisi, media sahəsində mövcud olan özbaşınalıq, xaosu aradan qaldırmağa. Etiraf etmək lazımdır ki, əvvəlki illərdə də media sahəsində mövcud olan özbaşınalıq, xaosdan hər kəs giley edir, bu mənfi tendensiyanı aradan qaldırmaq üçün ortaya təşəbbüslər qoyulur, müəyyən mənada addımlar atılırdı. Lakin nəticə dəyişmirdi. Çünki birincisi, o zamankı durumu aradan qaldırmaq üçün ortada səmimi fəaliyyət yox idi, ikincisi, həmin xaos, anarxiyanı yaradan "media nümayəndələri", "baş redaktorlar", "jurnalistlər" elə bu sahədə özbaşınalığı aradan qaldırmaq istəyənlərin "məhsulu" idi. "Dövşana qaç, tazıya tut" prinsipi ilə mediada xaos, anarxiyanı aradan qaldırmaq, bu sahədə sağlamlaşdırmaq mümkün olası məsələ deyildi. Bu sahəyə bələd olanlar üçün üfüqdə də medianın sağlamlaşdırılması mümkün görünmürdü. Lakin əksər sahələrdə olduğu kimi, media sahəsində də mümkünsüz kimi görünənlər reallığa çevrildi. Ortaya qoyulan siyasi iradə, bu sahə ilə bilavasitə işləyən şəxslər və qurumların sağlamlaşdırılması öz növbəsində medianın sağlamlaşdırılmasına yol açdı.
Reyestr tətbiqi və reket jurnalistikaya vurulan zərbə
Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi islahatlardan biri media qurumlarının reyestrə alınması ilə bağlı oldu. Yuxarıda qeyd etdiyimiz kimi irəliyı doğru atılan hər bir addım kimi media subyektlərinin reyestrə alınması da bəzi "mətbu qurumlar" tərəfindən süngü ilə qarşılandı. Hansı ki, buna etiraz edənlər ölkədə jurnalist adına ləkə salan və reketçiliklə məşğul olan "media subyektləri" idi. KİV-lərin reyestrə salınmasını söz və mətbuat azadlığına basqı kimi qiymətləndirənlər də oldu, KİV-ə təzyiq kimi qərəzli formada dəyərləndirənlər də tapıldı. Ancaq zaman göstərdi ki, media subyektlərinin reyestri, əslində bu sahədə sağlamlaşdırılma aparılmasına xidmət edir. Bu gün yüzlərlə reyestrdən keçmiş media subyekti var ki, onların nə yazdığı, kimdən yazdığı barədə heç bir irad bildirilmir. Demokratik cəmiyyətlərə xas olan azad söz və azad mətbuat əvvəlki kimi Azərbaycanda mövcudluğunu qoruyub saxlayır. Hətta, hər ötən gün daha da inkişaf edir, təkmilləşir. İndi dünənə qədər media subyektlərinin reyestrini süngü ilə qarşılayanlar da məhz reyestrə düşmək istəyirlər. Çünki sağlam, sözün həqiqi mənasında dördüncü hakimiyyət rolunu oynayan KİV-lərin reyestrdən keçdikdən sonra daha səmərəli və keyfiyyətli fəaliyyət göstərdiyi göz önündədir.
Vahid jurnalist vəsiqəsi-reket mətbuata daha bir zərbə
Vahid jurnalist vəsiqəsinin verilməsi də MEDİA-nın mediaya gətirmiş olduğu yenilik və bu mühitin sağlamlaşdırılmasına xidmət edən addım idi. Vahid jurnalist vəsiqəsi illərlə mübarizə aparılan, lakin ciddi bir nəticəsi olmayan reket jurnalistikasının belə demək mümkünsə ölüm kağızı idi. Çünki məhz bundan sonra jurnalistikaya qazanc mənbəyi kimi baxanlar, bu öz əməlləri ilə bu peşəyə xələl gətirənlərin işi keçmirdi. İndi 15-20 manat üçün getdikləri idarə və müəssisələrdə, bələdiyyələrdə, hətta bağçalarda belə onlardan MEDİA-nın vəsiqəsi tələb olunur ki, fəaliyyətini reketçilik üzərində quran "jurnalistlər" isə bu vəsisqlərdən haqlı olaraq məhrum edilib. Bir sözlə bu addım reket jurnalistikaya vurulmuş sarsıdıcı zərbə idi.
MEDİA-nın medianın sağlamlaşdırılması istiqamətində atdığı məqsədyönlü addımları saymaqla qurtarmaq olmaz. Sevindirici hal ondan ibarətdir ki, atılan hər bir addım, həyata keçirilən hər bir islahat Azərbaycanda media sahəsinin, daha doğrusu sağlam medianın daha da inkişafı və tərəqqisinə xidmət edir.
Süleyman İsmayılbəyli