Gündəlik həyatımızın gözəgörünməz problemi: manipulyasıyadan necə qorunaq?
17 Noyabr 2023 12:40 SosialEmosional manipulyasiya, bir insanın öz istəklərini həyata keçirmək və digərindən üstünlük əldə etmək üçün birbaşa və ya dolayı şəkildə nümayiş etdirdiyi münasibət kimi müəyyən edilə bilər. Manipulyasiya edən şəxsin, yəni manipulyatorun məqsədi imtiyaz, güc əldə etmək və nəzarəti ələ keçirməkdir.
Emosional manipulyasiya, mənfəət üçün kimisə emosional olaraq istismar etmək, idarə etmək və ya təsir etmək niyyəti ilə edilən davranışdır. Emosional manipulyasiya edən insan bir çox üsullardan istifadə edir və burada əsas məqsəd münasibətdə öz gücündən istifadə edərək qarşı tərəfi idarə etməkdir. Münasibətlərdə manipulyasiya yalnız emosional olaraq baş verə bilsə də, bəzi münasibətlərdə psixoloji, mənəvi və ya fiziki zorakılıq da daxil olmaqla digər sui-istifadə növləri ilə yanaşı baş verə bilər.
Emosional manipulyasiya bəzən açıq və birbaşa, bəzən də dolayı və gizli ola bilər. Bəs emosional manipulyasiya harada və hansı münasibətlərdə baş verə bilər?
Emosional manipulyasiya iş həyatında, sevgi münasibətlərində və ya digər istənilən münasibətdə, o cümlədən dostluq əlaqələrində baş verə bilər ki, münasibətlərin hansı növündən asılı olmayaraq, emosional manipulyasiya əlaqənin tarazlığına və əlaqədən alınan məmnuniyyətə mənfi təsir göstərir.
Qeyd etdiyimiz kimi, şəxslərarası münasibətlərdə yaşanan ən çətin problemlərdən biri olan emosional manipulyasiya bəzən açıq və birbaşa, bəzən də örtük və dolayı yolla həyata keçirilə bilər. İstər işdə, istər sevgi münasibətlərində, istər həmyaşıd qruplarında və ya digər növ münasibətlərdə, emosional manipulyasiya münasibətlərin sabitliyi və məmnunluğuna mənfi təsir göstərir. Bu mənfi təsir isə manipulyatora deyil, manipulyasiya edilən şəxsə aiddir. Hər zaman asan olmasa da, mənfi təsirlərə məruz qalmamaq və özümüzü qorumaq üçün məruz qaldığımız manipulyasiyanı və bu prosesin mənfi təsirlərini erkən mərhələdə tanımaq çox vacibdir. Hər bir əlaqənin dinamikası fərqli olsa da, emosional manipulyasiya haqqında bizə fikir verə biləcək bəzi münasibətləri ümumiləşdirmək olar.
Emosional manipulyasiyanın bir sıra simptomları vardır:
- kimisə emosional olaraq manipulyasiya edən şəxs israrla öz istəkləri haqqında danışır. Bunu edərkən, qarşısındakı şəxsin ehtiyaclarını nəzərə almır. Şəxs öz istəklərini ifadə etməyə çalışdıqda, onları rədd edərək, əhəmiyyətsiz hesab edərək, istehza edərək və ya günahlandıraraq onlara məhəl qoymur.
- manipulyatorlar çox vaxt istədiklərini əldə etmək üçün reallığı təhrif edirlər. Yalan danışmaqla, rasionallaşdırmaqla, şişirtməklə, həqiqəti başqa cür şərh etməklə və ya gizlətməklə buna nail ola bilirlər.
- emosional manipulyasiya edən şəxs çox vaxt qarşı tərəfə düşünmək və fikirlərini dəyərləndirmək üçün lazım olan vaxtı vermir və tələsik hərəkət edir. Bununla da, istədiyini əldə etmək şansını artırır.
- problem yarandıqda daim özünü doğrultmaq, qurban rolunu oynamaq, başqalarını pis hiss etdirmək kimi davranışlar emosional manipulyatorlarda kifayət qədər yaygındır.
- qurban rolunu oynamaqla yanaşı, bəzən həddən artıq simpatik rəftarlarla məqsədlərinə çatmağa çalışırlar. Davamlı olaraq hədiyyələr almaq, tərif yağdırmaq, üzr istəmək və minnətdarlıq etmək onların hərəkətlərində gördüyümüz davranışlardandır.
Emosional manipulyasiya münasibətlərə böyük təsir göstərə bilir. Münasibətlərin etibarına xələl gətirə, inciklik yarada və psixi sağlamlığa, rifaha təsir göstərə bilir. Emosional manipulyasiya, münasibətlərdə münaqişə və mübahisə anlarında güzəştə və ya həll yoluna müraciət etməkdənsə, əlaqədə olan iki tərəfin bir-biri üzərində güc sahibi olmağa çalışdığı rəqabət mühitinə gətirib çıxara bilir.
Emosional manipulyasiya emosional sui-istifadənin bir forması olduğundan, hətta xroniki vəziyyətlərə gətirib çıxara bilir ki, buna, məsələn, özünə inamsızlıq, depressiya, anksiyete və narahatlıq pozğunluqları, maddə istifadəsi və müxtəlif asılılıqlar, travma sonrası stress pozğunluğu və s. aiddir.
Manipulyatorun narsisistik ehtiyacları digər insanın hisslərindən, düşüncələrindən və hətta özünə dəyər verməsindən daha əhəmiyyətlidir. Narsisistik şəxsiyyət xüsusiyyətləri ilə yanaşı, antisosyal davranış pozğunluğu da göstərir. Qurbanın ağlı ilə reallıq arasında problem yaradaraq idrakın pozulmasına səbəb olur. Emosional təzyiqə məruz qalan insana müxtəlif məhdudiyyətlər yaradır. Bir müddət sonra manipulyasiyaya uğrayan şəxs öz emosiyalarını idarə etməkdə çətinlik çəkir, məntiqindən istifadə etməkdə çətinlik çəkir və ən əsası bu prosesi həyata keçirmək çox vaxt aparır. Manipulyatorun münasibətdəki bu passiv-aqressiv münasibəti digər fərddə ciddi psixoloji problemlər yaşamasına səbəb olur və insan çox vaxt bunun problem olduğunu dərk etmir və nəticədə bu insanda bir müddət sonra narahatlıq, depressiya və əsəb pozğunluqları yaranır.
Manipulyasiya çox vaxt sevgi münasibətlərində meydana çıxsa da, iş həyatında və ya ailə mühitlərində də baş verə bilir. Adətən, emosional manipulyasiyaya məruz qalan fərd terapiyada bu vəziyyəti təyin etməkdə çətinlik çəkir və münasibətlərində bir şeyin düzgün olmadığını və nəyin baş verdiyini tam olaraq anlaya bilmədiyini bildirir. Bu manipulyasiya davranışını, xüsusən də yaxın ətrafdan gələndə fərq etmək çox çətindir. İnsanı içindən çıxaran bu vəziyyət qarşısında belə, problemin mənbəyinin özünün olduğuna inandırılır, münasibətlərdəki bütün problemləri öz üzərinə götürür və özünü günahlandırmağa davam edir. Münasibətlərdə manipulyator dominant, qurban isə təslim olan, özünə inamını itirən, ağlına şübhə edən və eyni zamanda münasibətdə manipulyatordan asılı vəziyyətə düşən şəxsdir. Manipulyasiyaya məruz qalan fərd, ətrafdakı insanlardan razılığa ehtiyac duyma, yox deməkdə çətinlik çəkmə, özünə inamsızlıq yaşama, mənfi duyğulardan qaçma kimi xüsusiyyətlərə malikdir. Münasibətlərdə nəzarət gücü zəiflədikcə, hətta yoxa çıxdıqca, bu manipulyasiyaya məruz qalan insan zamanla öz dəyərini itirir və onda mənlik hissi yox olur.
Manipulyatorların münasibətlərində ən çox istifadə etdiyi üsulların başında yalan danışmaq, alçaltmaq, emosiyalardan istifadə etmək, günahkarlıq hissi yaratmaq, hərəkətləri ilə sözləri arasında uyğunsuzluq tapmaq, qurban rolunu oynamaq dayanır. Bu davranışların əsas məqsədi əlaqədə əldə edilən nəzarət və güclə qurbanı ondan asılı vəziyyətə salmaq və yanında saxlamaqdır. Manipulyator bu hərəkətləri qurbana istənilən effekt verənə qədər davam etdirə bilir. Bu vəziyyətin necə və hansı şəkildə həyata keçiriləcəyi məqsədlərinə uyğun olaraq formalaşır.
Bəs emosional manipulyasiyanın qarşısını necə almaq lazımdır?
Manipulyatorun münasibətdə dediyi ən çox görülən sözlər "sən bunu beynində düşünürsən, həddindən artıq reaksiya verirsən, həddən artıq həssassan, hadisələri həmişə şişirdirsən" və s. bu kimi sözləridir.
Qısacası, həyatınızda etmədiyiniz şeylərə görə özünüzü davamlı müdafiə vəziyyətində görürsünüzsə, əlaqənizdə daim üzr istəyən şəxsə çevrilmisinizsə və çaşqınlıq yaşayırsınızsa, emosional vəziyyətə məruz qalıb-qalmadığınızı sorğulaya bilərsiniz. Burada vacib olan məqam münasibətinizi, təcrübələrinizi, özünüzü, öz dəyərinizi və özünə inamınızı araşdırmaq və həyata keçirməkdir. Ən əhəmiyyətli addım bu dəyərsizlik hissinə son deməyi bacarmaq və münasibətlərinizdə məhdudiyyətlər qoymaqdır.
Özünüzü emosional manipulyasiyadan qorumağın ilk yolu bunu dərk etdikdən sonra çox vaxt itirmədən özünüzü qorumaqdır. Arzularınızı və ehtiyaclarınızı davamlı olaraq boğaraq, manipulyatoru yaxşı hiss etdirməyə çalışaraq və qarşıdakı insanın bütün məsuliyyətlərini üzərinə götürməklə, prosesi yalnız xroniki hala gətirəcəksiniz. Bunların heç biri problemi həll etmək və özünüzü yaxşı hiss etmək üçün uzunmüddətli perspektivdə işlək deyil. Balansı bərpa etmək üçün bu disfunksional münasibətlərdən uzaqlaşmaq lazımdır. Bunun üçün qərarlı olmaq, şəxsi sərhədlərinizi müəyyənləşdirmək və onları müdafiə etmək, münasibət seçimlərinizi nəzərdən keçirmək və mütəxəssis köməyi almaq olduqca məqsədəuyğundur.
Emosional manipulyasiyaya məruz qalan şəxs ilk olaraq bərpa prosesində psixoloji dəstək almalıdır. Ailənin və yaxın çevrənin güclü dəstəyi, psixoterapiya ilə birlikdə insanlara bu prosesin öhdəsindən gəlməyə və sağalmağa doğru irəliləməyə kömək edəcək.
Röyalə Xəyal