Qadınların özünüməşğulluq proqramında iştirakı - FOTO
23 Oktyabr 2023 23:12 SosialBazar iqtisadiyyatının mühüm məsələlərindən olan məşğulluq siyasəti iqtisadi inkişaf siyasətinin ən mühüm tərkib hissələrindən biridir. Azərbaycanda məşğulluqla bağlı olan problemlərin təhlili göstərir ki, bu problemi həll etmədən effektiv iqtisadi fəaliyyəti nizamlamaq mümkün deyildir. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, özünüməşğulluq - şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına əsasən Özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir.
Məşğulluq strategiyasının həyata keçirilməsində mühüm istiqamətlərdən biri də qadınlar üçün yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılmasıdır. Xüsusilə sırf qadınların məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran institusional şərait yaradılması prioritet məsələlərdən biridir. Statistik məlumatların araşdırılması göstərir ki, qadınlar adətən aşağı statuslu və az əmək ödənişi olan işlərdə üstünlük təşkil edirlər. Qadınlar üçün iş yerləri çatışmazlığı bu gün daha çox qadının cəmiyyətdə və ailədəki roluna müvafiq olan çevik iş yerlərinin (natamam iş günü və iş həftəsi, dəyişkən iş qrafiki, evdə iş və s.) azlığında öz əksini tapır. Bu amillər nəzərə alınarsa, qadınların özünüməşğulluq proqramına qoşulması ən optimal variantlardan biri hesab oluna bilər. Çünki proqrama qatılmış qadın kiçik şəxsi biznesini qurmaqla, həm də evinə və ailəsinə diqqət ayıra bilir. Qadınların bu proqramın imkanlarından daha çox yararlanmaq istəklərini nəzərə alaraq, "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qadınlar özünüməşğulluq proqramında-öyrənək və öyrədək" adlı tədbirlərin təşkili layihəsini icra edir. Təşkilatın sədri Xanım Əhmədzadə keçirilən tədbirlər haqqında məlumat verərək bildirmişdir ki, icra müddəti 3 ay olan layihəmiz 01.08.2023 -cü il tarixindən start götürüb. Maarifləndirmə tədbirləri Bakı və Bakıətrafı kəndlərdə yaşayan benefisiarlar üçün nəzərdə tutulub. Layihənin əsas ideyası həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunmasına yardım göstərmək məqsədi ilə maarifləndirmə tədbirlərinin keçirilməsidir. Bu məqsədlə təşkil olunmuş tədbirlərə cəlb olunanlara həm proqramın hüquqi bazası barədə geniş məlumat verilir, həm də proqrama qoşulmaqla bağlı bütün mərhələləri ətraflı izah edilir, sahibkarlıq proqramını tərtib etmək, kiçik biznesin təşkili və idarə olunması üzrə məlumatlar verilir. Özünüməşğulluğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən bu kimi çevik proqramlar çərçivəsində işsiz, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən qadınların problemlərinə dəstək oluruq.
