Şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsi anılıb - FOTO
19 Oktyabr 2023 15:15 SosialOlaylar.az xəbər verir ki, oktyabrın 19-da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin anım günü münasibətilə İkinci Şəhidlər xiyabanı ziyarət edilib.
Gömrükçülər Ülvi Hacıyevin məzarına gül dəstələri qoyub, ruhuna dualar oxuyub, şəhidin ailəsinə başsağlığı veriblər.
Həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra gömrük əməkdaşları Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin inzibati binasında Ülvi Hacıyevin büstünün qarşısına gələrək əklil qoyub, onun həyat yolundan söhbət açıb, şəhidin xatirəsinin daim yaşadılacağını diqqətə çatdırıblar.
Xatırladaq ki, Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Ülvi Hacıyev oktyabrın 19-da Şuşa şəhəri yaxınlığındakı döyüşlər zamanı şəhid olub.
Ülvi Hacıyev "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.







