Yeni nazir təyin edilən Rahid Ələkbərli kimdir? - DOSYE
8 Sentyabr 2023 11:44 SosialXəbər verdiyimiz kimi, Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib.
Olaylar.az metbuat.az-a istinadən bildirir ki, Rahid Ələkbərlinin 1994-1998-ci illərdə Azərbaycan Texniki Universitetində Radioelektron vasitələrinin konstruksiyası və texnologiyası ixtisası üzrə bakalavr ali təhsili alıb.
1998-2000-ci illərdə isə həmin ixtisas üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Milli Elmlər Akademiyasının 2000-2002-ci illərdə Fotoelektronika İnstitutunda, 2002-2003-cü illərdə isə Fizika İnstitutunda elmi tədqiqat mühəndisi kimi "Fiziki proseslərin avtomatlaşdırılması" ixtisası üzrə aspirantura təhsili alıb.
Bundan başqa, 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif mövzularda elmi araşdırmalarını davam etdirir.
2017-2020-ci illərdə Liverpul Universitetində "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2020-ci ildə bu universitetdə "Developing A Data-Driven Radio Frequency Administration for Spectrum-Sharing, Strategic Utilization and Sharing-Readiness in Azerbaijan as a Case Example" adlı elmi iş müdafiə edərək informasiya texnologiyaları üzrə magistr pilləsini yüksək nəticələrlə bitirib.
Hazırda Volden Universitetində Big Data və kibertəhlükəsizlik idarəçiliyi üzrə çərçivə prinsiplərinin hazırlanması istiqamətində elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur. İnformasiya Sistemləri İdarəçiliyi üzrə fəlsəfə doktoru dərəcəsinə namizəddir.
Əmək fəaliyyətinə gəlincə, nazir təyin olunandan əvvəl Rahid Əkbərli "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş informasiya direktoru olub.
O həmçinin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin keçmiş sədri (2022), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021-2022), ARNRYTN-in Dövlət Radiotezliklər İdarəsinin rəisi (2018-2021) olub.
2009-cu ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev idi.