Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə forması təsdiqlənib - ÖZƏL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə forması", "Himayədar valideynlərə verilən vəsiqənin nümunəsi" və "Himayədar valideyn olmaq istəyən şəxslərin ərizə forması"nın layihələri təsdiq edilib. "Olaylar" xəbər verir ki, "Himayədar ailə" qayğı modeli üzrə müraciət və xidmətlərin idarəedilməsi övladlığa götürmədə olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi üzərindən həyata keçiriləcək.

Qeyd edək ki,  "Himayədar ailə" qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. "Himayədar ailə" qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır  və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.

Övladlığa götürmədən fərqli olaraq "himayədar ailə" qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır, uşaq ailənin varisi sayılmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31