"Ətraf mühit duyarlılığı ədəb və kültürə çevrilməlidir"- MÜSAHİBƏ
10 Mart 2023 10:53 SosialHazırda dünyada üzərində danışılacaq, hər birimizin yaşamağı üçün önəmli olan ən vacib problem iqlim dəyişikliyidir. İqlim dəyişikliyi bildiklərimizdən qat-qat çox problemlər ortaya çıxarır. İnsan həyatı üçün ən vacib şey elə yaşamaqdır. İqlim dəyişikliyi yaşamağımız üçün bütün imkanları əlimizdən alır. Ən pisi də budur ki, proses əsrlərlə yavaş şəkildə inkişaf edir. Elm və texnika baxımından inkişaf edən dünya susuz qalmaqla üz-üzədir. Havaların anormal keçməsi, gün içərisində müxtəlif fəsilləri yaşamağımız buna bariz nümunədir. Təəssüf ki, biz və bizdən sonraki nəsillər ən çətinini yaşayacaq. Çünki, iqlim dəyişikliyinin yaratdığı problemlərin şahidi olmağa başlamışıq. Bu barədə müxtəlif maarifləndirmə işləri aparılsa da,hələ də küçədəyə, dənizə plastik tullantı atan vətəndaşları görmək mümkündür.
Problemlə bağlı suallarımıza aydınlıq gətirmək üçün "Biosfer" ictimai birliyinin sədri, ətraf mühit üzrə ekspert Qorxmaz İbrahimli ilə həmsöhbət olduq:
-Qorxmaz bəy, ilk öncə iqlim dəyişikliyindən danışaq. Hansı səbəblərdən yaranır?
Sizi və dəyərli oxucularınızı salamlayıram. Əslində dünyanın özünün yaranması da iqlim dəyişikliklərinin nəticəsidir, deyə bilərik. Milyon illər əvvəl yaranan Yer kürəsi İqlim dəyişiklikləri ilə birlikdə müxtəlif dəyişikliklərə məruz qalıb və qalmaqdadır. Tanrı insanı yaratması ilə bu ali varlığa Yer kürəsini tam dolu bir şəkildə verdi. İnsan oğlu isə odu kəşf etməkdən başlayaraq, bu təbiəti süni şəkildə dəyişdirməyə başladı.
Gedən proseslərin izlənməsinin yaşı çox da qədim deyil. Yəni, temperatur dəyişikliklərinin izlənməsinə 129-cu yüzilin ortalarından başlanıb. Ona qədərki dövr isə arxeoloji qazıntılar, müxtəlif geoloji, bitki, insan və digər qalıqların araşdırılması ilə mütəxəssislərin sayəsində aydınlaşıb. 1850-ci ildən başlayaraq ardıcıl temperatur amplitudasının nəzarətə götürülməsi, xüsusən, karbon qazının atmosferdə artması nəticəsində isinmənin yüksəlməsi qənaətinə gəlinib. Ancaq, bu da iqlim dəyişikliyinin sürətlə getməsinin əsas səbəbkarı sayıla bilməz. Əlbəttə, iqlim dəyişikliyinin tək səbəbkarı insan oğludur. Xüsusən, dəmirin kəşfi ilə başlayan sənayeləşmə dövründən sonra karbon dioksidin artımı ilə dünyamızda dəyişikliklərin,- yəni, temperaturun tədricən artması ilə müşayiət olunan dəyişikliklər qeydə alınır. Kömür, neft,qaz, heyvanların peyininin yanacaq kimi istifadəsi, meşə yanğınları daxil yüzlərlə səbəb saya bilərik. Meşələrin qırılması, müharibələr və s. səbəblər içərisində önəmli faktorlardır. Xüsusilə, ikinci dünya müharibəsi və sonrakı dövrlərdə istifadə olunan nüvə silahı, sürətlə sənayeləşmə 20-21-ci yüzilliklərdə havanın hərarətinin yüksəlməsinin ciddi səbəbkarlarıdır.
-Hazırda olan iqlim dəyişikliyinin yaratdığı ümumi iqlim problemləri?

-Ötən əsrin 60-70-ci illərində kosmik tədqiqatların artması ilə gedən iqlim dəyişiklikləri də alimlər və tədqiqatçılar tərəfindən nəzarətə götürüldü. Bu yöndə NASA-nın araşdırmaları ciddi şəkildə nəticələr verməyə başladı. 19-cu əsərdən başlayan ardıcıl temperatur dəyişikliklərinin analizi hərarətin 2 dərəcə daha yüksəlməsinin ciddi və önüalınmaz problemlər yaradacağını göstərdi. Dünya okeanının isinməsi nəticəsində havada buxarın artımı, Antarktida və Arktika, Qrenlandiya buzlaqlarının, eləcə də cənub qütbündə dənizlərdə buzların əriməsi ciddi fəsadlar yaratmağa başladı. Arktikada günəş şüalarını əks etdirən buz örtüyünün tədricən çəkilməsi nəticəsində ortaya çıxan masterik sahədə isinmə öz təsirini göstərməyə başladı.
Bundan sonra temperaturun. Yüksəlməsinin önünü almaq üçün xüsusilə inkişaf etmiş ölkələrdə sənayenin inkişafına nəzarət, atmosferdə karbon dioksidin çəkisinin yüksəlməsinə əngəl olmaq üçün müxtəlif tədbirlər görülməyə çalışıldı. Təəssüflə qeyd etməliyəm ki, kömürdən daha çox istifadə edən Çin, Rusiya, Hindistan və ABŞ kimi ölkələr bu məsələlərdə biganəliklərini bu gün də davam etdirməkdədirlər. Ortaya çıxan istixana qazları sayəsində Yerin Litosfer və üst təbəqə olan Strotosfer qatlarında isinmə nəticəsində ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Bu, quraqlığın, səhralaşmanın, daşqınların gözlə görünəcək səviyyədə yüksəlməsinə gətirib çıxarmaqdadır. Kioto iqlim protokolu, Paris İqlim anlaşması vasitəsilə Beynəlxalq təşkilatlar havanın temperaturunun yüksəlməsinin 1,5 dərəcəni aşmaması üçün çaba sərf etməkdədirlər. Eyni zamanda müxtəlif dövlətlərdə tək sənaye deyil, kənd təsərrüfatının da kontrolsuz inkişafı nəticəsində qlobal iqlim dəyişikliyinə səbəbiyət verilməkdədir. Yağntıların qeyri-bərabər paylanması, quraqlığın yüksəlməsi fonunda bir də suyun düzgün istifadə olunmaması hazırda gözümüzün önündə ciddi dəyişiklikləri sərgiləməkdədir.
-Polietilen torbaların satılmasını bir çox vətəndaş birmənalı qarşılamadı. Bu kimi tədbirlərin nəticə verməsi üçün nə qədər müddət həyata keçirilməlidir? Vətəndaşlara məsləhətiniz?

- Ölkəmizdə qəbul edilmiş polietilen torbaların satılması qərarı gerçəkdən də birmənalı qarşılanmadı və effektliyinə bir çevrəçi olaraq məndə də şübhə var. İllər əvvəl bu tədbir Rusiyada da görülməyə başlanılıb və bu günə qədər çevrə kirliliyinin qarşısının alınmasında əhəmiyətli rol oynamayıb. İlkin olaraq bu torbalar satışa çıxarılmaqla istehlakçılara maddi baxımdan ikinci zərər verir. Çünki,məhsul vitrinə çıxarılmadan öncə satıcı marketlər tərəfindən torba qiymətləri də maya dəyərinə oturdularaq, məhsulun qiymətinə yansıdılmışdır. Bu qərar sonrası heç bir dövlət qurumu o qiymətlərin aşağı çəkilməsinə nəzarət etmədi və ya ictimaiyəti bilgiləndirən olmadı. Eyni zamanda poletilen torbaların alıcıya təklif olunan qiyməti o qədər ucuzdur ki, bununla israf və çevrə kirlənməsinin önünü almaq imkansızdır.
Bunun üçün ilkin olaraq orqanik, tez çürüyən, dəniz canlıları və torpağa zərər verməyən torbaların istehsalı təşviq və təmin olunmalı idi. Bunun üçün iş adamlarına hətta faizsiz kreditlər vermə, vergidən azad etmə kimi vasitələrdən istifadə olunmalı idi. Əsas olan isə çevrə duyarlılığı bir ədəb və kültürə çevrilməlidir. Birinci növbədə bağça və ibtidai sinif dərsiliklərində təmin olunmalıdır. Ali məktəblərin xüsusən pedoqoji fakültələrində yetişdirilən kadrların dərs vəsaitlərinə daxil edilməlidir. Milli İbtidai Təhsil Haqqında Konsepsiya hazırlanmalı və bu kimi məsələlər də orada əks olunmalıdır.
-Yaxın gələcək üçün ölkəmizi ən çox hansı iqlim problemləri təhdid edir? Və dövlət səviyyəsində hansı tədbirlər görülməlidir?

-Bizim ölkəmiz də dünyanın bir parçası olduğundan qlobal istənilən dəyişikliyi tez-gec hiss etməli, yaşamalıyıq. Hazırda ölkəmiz qış aylarında qar yağışının azlığı səbəbindən az da olsa olan buzlaqlarımızın sahəsinin kiçilməsini yaşanmaqdadır. Qışda qarın az yağması isə torpağın alt qatlarında su akkumlyasiyasının azalmasına və ya yox olmasına səbəb olur. Bundan başqa yaz və payız aylarına xas mövsümi yağıntıların azalması və ya olmaması quraqlığın artması, nəticədə isə qida təhlükəsinin yaranmasına səbəbiyət verəcəyini göstərməkdədir. Bundan başqa yuxarıda dediyimiz kimi kənd təsərrüfatının anormal və ya nəzarətsiz inkişafı nəticəsində irəlidə hiss edəcəyimiz böyük problemlərin xəbərini verməkdədir. Bu, ilkin olaraq heyvandarlığın düzgün inkişaf etməməsi, otlaqların, yaylaq və qışlaqların düzgün istifadə olunmaması və ya başqa məqsədlərlə istifadəyə başlanılması ilə ciddi problemlərin yaranacağını göstərir. Suvarmanın üsullarının yanlışlığı, torpaqların dincə qoyulmadan istifadəsi, yaylaq və qışlaqların əkin sahələrinə çevrilməsi köçəri həyat yaşamalı olan fermerlərimizin, ailələrimizin əl-qolunu bağlamaqdadır. Beləliklə, tək səhralaşma, su qıtlığı, flora, faunanın məhv olması deyil, eyni zamanda köçəri mədəniyyətimiz olan tərəkəməliyin də itməsinə səbəb olur.
Bilirsiniz ki, ölkəmiz Cənubi Qafqazın su qıtlığı olan birinci ölkəsidir. Su ehtiyatlarımızın 70 faizini trans çaylar sayəsində alırıq. Bu isə istənilən zaman təhdiddir. Deməli daxili qaynaqlarımız, su ehtiyatı yaradan təbiətimiz qorunmalı, sudan qənaətlə istifadə ədəbi yaratmalıyıq.
Dövlətimizin özəlliklə son illər su portalının yaradılması, yeni suvarma sistemlərinin qurulması, külək və Günəş enerjisindən istifadənin təşviqi ilə ciddi işlər görməyə başladığını göstərməkdədir. Bu anlamda biz çevrəçilər daxil hər kəs dövlətə dəstək olmalı, lazımi köməklikləri göstərməliyik. Yenə də dövlətin üzərinə düşən əsas məsələ maarifləndirmə və dərsliklərin bu sahəni keyfiyətli şəkildə kapsamasına imperativ qaydada təsir göstərməlidir.
Əfsanə Kamal