Əlil Qadınlar Cəmiyyəti əlillərə əl uzadır
Məhluqə Rəhimova: “Əlil insanların potensiallarının üzə çıxarılması, ailənin və cəmiyyətin yararlı təbəqəsinə çevrilmələri üçün bütöv cəmiyətin dəstəyinə ehtiyac var”
24 Aprel 2012 14:45 SosialAzərbaycan Əlil Qadınlar Cəmiyyəti (ƏQC) İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Əlil insanların mədəni həyata inteqrasiyasının təşkili " layihəsini həyata keçirir. Layihədə nəzərdə tutulan məqsədlər əlilliyi olan insanların mədəni həyata inteqrasyasının təşkili ilə bağlıdır. Əlil Qadınlar Cəmiyyəti əlil qız və qadınların məşğulluğunun təşkili məqsədi ilə bu istiqamətdə yeni proqramlar üzərində çalışır.
Bu barədə məlumat verən Əlil Qadınlar Cəmiyyətinin sədri, layihənin koordinatoru Məhluqə Rəhimova bildirdi ki, əlil insanların potensiallarının üzə çıxarılması, ailənin və cəmiyyətin yararlı təbəqəsinə çevrilmələri üçün bütöv cəmiyyətin dəstəyinə ehtiyac var. Məhluqə xanım qeyd etdi ki, Azərbaycanda 45588 nəfər əlil var, onun 168 min nəfəri qadındır. Bu insanların cəmiyyətdən təcrid olunma risqləri davam edir. Əlil arabasında gəzən insanların özünə iş tapmaq ehtimalı çox azdır. Əlillər sahibkarlar tərəfindən problemlərlə üzləşirlər. Məhluqə xanım qeyd etdi ki, iş yerləri əlillərin vəziyyətinə uyğunlaşdırılmır. Bununla yanaşı, baxmayaraq ki, nəqliyyat sistemində 200 ədəd liftli avtobuslar var, hələ də onun istifadəçiləri üçün lazımı şərait yoxdur. Şəhər nəqliyyatının əlillərin vəziyyətinə görə uyğunlaşdırılmaması isə əlilləri cəmiyyətdən tamamilə təcrid edir. Onlar ölkədə gedən demokratik dəyişikliklərlə uyğunlaşa bilmirlər. Digər tərəfdən, maddi problemlərin aradan qaldırılması üçün əlillərin ixtisasartırma kurslarına cəlb olunmaları problem olaraq qalır. Bütün bunları nəzərə alaraq, Əlil Qadınlar Cəmiyyəti əlillərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədi ilə beynəlxalq QHT-lər tərəfindən təqdim olunan layihə və proqramların həyata keçirilməsində iştirak edir, dövlət qurumları ilə əməkdaşlıq əlaqələri yaradaraq onların potensial imkanlarının üzə çıxarlması istiqamətində işlər aparır.
Tahirə Q.