Bakıda “Qadın fəallığı və ictimai vəkilliyi” adlı görüş keçirilib

Qadınların potensialının gücləndirilməsi, qızların təhsilə çıxış imkanlarını artırmaq, erkən nikahlara qarşı mübarizədə mexanizmlərlərin tətbiqi  və s. məsələlər  "Qadın fəallığı və ictimai vəkilliyi" adlı görüşdə müzakirə olunub. "Olaylar" xəbər verir ki, Bakıda keçirilən görüşdə Azərbaycanın müxtəlif  rayon və bölqələrindən olan 30  nəfərə yaxın qizlar və gənc qadınlar iştirak edib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld, Niderlandın Azərbaycandakı səfiri Paulina Eizema, Belçika Krallığının ölkəmizdəki missiya rəhbərinin müavini və konsulu xanım Tinneke Everaert, BMT nümayəndələrinin də qatıldığı görüşdə yuxarıda qeyd olunan problemlərlə bağlı beynəlxalq təcrübənin və mübarizə yollarının, eyni zamanda, ölkədəki hazırkı vəziyyət müzakirə edilib. Müzakirələr zamanı Azərbaycanda məişət zorakılığı problemi və gənc qızların təhsildən yayınması məsələləri önə çəkilib.

Görüşdə çıxış edən İngiltərənin Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Fergus Auld bildirib: "Mən İnanıram ki, sizin fəaliyyətiniz icmada müsbət dəyişiklikləri qətirəcək və hər biriniz digər qadınlar üçün işıq saçan ulduz olacaqsınız". Qeyd edək ki, görüş  FemACT Qadınlar Fondu tərəfindən icra edilən "Gənc Qadınların Sülh Akademiyası: Gənc Qadınların Fəallığı və Vəkilliyi" layihəsi çərçivəsində reallaşıb. Layihənin icra müddətində  parlament üzvləri və dövlət qurumları ilə görüşlərin təşkili də nəzərdə tutulub.

Xatırladaq ki, layihə çərçivəsində iki ay müddətində Bakı şəhərində mentorluq və təlim proqramı keçirilib. Proqram aşağıdakı mövzuları əhatə edib: "gender, sülh, münaqişələrin transformasiyası, liderlik bacarıqlarının artırılması, tənqidi və analitik düşüncənin formalaşması, ünsiyyət və təbliğat bacarıqlarınin inkişaf etdirilməsi, transformasiya dəyişikliyi sahəsində bacarıqların artırılması və s."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31